Səsvermə qaydası, seçkilərin nəticələrinin

 müəyyənləşdirilməsi və ictimailəşdirilməsi

 

Demokratiyanın bərqərar edilməsinin ən mühüm amili cəmiyyətdə azad, demokratik və şəffaf seçki proseslərinin təmin olunmasıdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinə əsasən seçki prosesi bir neçə mərhələdən ibarətdir. Vətəndaşların öz iradəsini sərbəst, şəxsi və gizli şəkildə ifadə etmələri üçün seçki prosesinin mühüm və həlledici mərhələlərindən olan səsvermə və onun təşkili olduqca mühüm əhəmiyyət kəsb edən məsələləri özündə ehtiva edir. Aktivpassiv seçki hüququ subyektləri məhz bu mərhələdə seçmək və seçilmək hüquqlarını realizə etmək imkanlarına malik olurlar.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin III bölməsi və on beşinci fəsli bütövlükdə seçkilərin keçirilməsi və səsvermənin təşkili normalarını əhatə edir. Səsvermə prosesi Seçki Məcəlləsinin 98-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti tərəfindən məntəqə seçki komissiyasına ayrılan səsvermə otağında baş verir. Səsvermə otağı mütləq qanunvericiliyin tələbinə uyğun təşkil edilməlidir.

Seçkilər günü səsvermə saat 8-dən başlayır və 19-dək davam edir. Lakin qanunvericilikdə də əks olunduğu kimi, məntəqə seçki komissiyalarının üzvləri daha erkən, yəni səhər saat 7-də seçki məntəqəsinə gəlməli, vəziyyətlə tanış olmalı, daha sonra Seçki Məcəlləsinin 104.5-ci maddəsinə əsasən saat 07:50-də məntəseçki komissiyasının sədri seçki məntəqəsini açıq elan etməli, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib möhürləməli, saat 08:00-da səsvermənin başlandığını elan etməlidir. Məntəqə seçki komissiyasının sədri komissiya üzvləri arasında bölgüsü apararkən qanunvericiliyin tələblərini gözləməlidir. Əks təqdirdə Seçki Məcəlləsinə müvafiq olaraq komissiya üzvlərinə münasibətdə müəyyən edilmiş  vəzifə bölgüsü prinsipi pozulmuş olar. Belə ki, Seçki Məcəlləsinin 104.6 -cı maddəsində deyilir ki, məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri, onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsinin əvvəlcə xüsusi maye ilə işarələndiyini müəyyən etmək üçün ulturabənövşəyi lampadan istifadə etməklə yoxlayır və içəri daxil olmağa icazə verir. Bu cür işarələnmə müəyyən edilərsə, seçiciyə seçki bülleteni verilmir. Göründüyü kimi, bu cür işarələnmənin aşkar edilməsi seçicinin artıq səsvermədə iştirak etdiyi kimi başa düşülüronun ikinci dəfə səs verməsinin qarşısını alır. Məlumdur ki, seçici yalnız bir dəfə səsvermə hüququna malikdironun ikinci dəfə səs verməsinə qanunvericilik qadağa qoyur. Bəzən göstərilən texnologiyanın tətbiqi birmənalı qarşılanmır. Amma nəzərə almaq lazımdır ki, bu müasir, mütərəqqi texnologiya olub, bir çox ölkələr tərəfindən də seçki prosesində tətbiq edilməkdədir.

Məntəqə seçki komissiyasının digər üzvü seçicinin adının seçici siyahısında olduğunu yoxlayır və ona seçki bülleteni verir. Əgər seçici barmağının işarələnməsindən imtina edərsə ona seçki bülleteni verilməyəcəyi  həmin komissiya üzvü tərəfindən izah olunmalıdır. Seçici razılaşmadığı təqdirdə ondan seçki məntəqəsini tərk etmək tələb olunmalıdır. Göstərilən hala dair Seçki Məcəlləsinin 104.6-cı maddəsində qeyd olunur ki, belə halda bu barədə seçici siyahısında  "işarələnmədən imtina etdi" qeydi aparılır.

Səsvermə otağına daxil olan seçici ilkin olaraq seçici siyahısına məsul olan komissiya üzvünə yaxınlaşır, şəxsiyyət vəsiqəsini və ya onu əvəz edən sənədi təqdim edir. Bundan sonra seçicinin adı seçicilər siyahısında tapılır  öz adı, soyadı və atasının adı qarşısında imza edərək seçki bülleteni alır. Məntəqə seçki komissiyasının üzvü Seçki Məcəlləsinin 104.7-ci maddəsinin tələbinə uyğun olaraq  mütləq qaydada təqdim olunmuş şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədlərin seriyası və nömrəsini seçicilər siyahısına qeyd etməlidir. Seçici isə öz növbəsində bülleteni alarkən və imza edərkən bu yazıların düzgünlüyünü yoxlaya bilər.

Bəzən elə hallar olur ki, seçici seçki bülletenini sərbəst almaq imkanına malik olmur. Buna səbəb hər hansı fiziki qüsurya digər fiziki məhdudiyyətlər ola bilər. Belə halda seçici Seçki Məcəlləsinin 104.7-ci maddəsində deyildiyi kimi, məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər istisna olmaqla, başqa şəxslərin köməyindən istifadə edə bilər. Lakin bu vaxt seçiciyə kömək edən  şəxs öz soyadını və inisialını göstərməklə seçici siyahısında "seçicinin seçki bülletenini alması haqqında imza" qrafasında imza etməlidir. Seçki bülleteni almış seçici şəxsən və təklikdə səs verməlidir. Seçici səsvermə kabinetinə daxil olaraq öz səsvermə hüququnu reallaşdırmalıdır. Səsvermə kabinetinə digər şəxsin daxil olmasına yol verilmir. Lakin burada da bir istisna mövcuddur. Seçki məcəlləsinin 104.9-cu maddəsində göstərilir ki, seçki bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan əlil seçici, məntəqə seçki komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa, istədiyi şəxsi  (burada yalnız həmin seçki məntəqəsi üzrə səsvermədə iştirak edən seçicilərdən biri nəzərdə tutulur) kömək üçün kabinetə cağıra bilər. Belə hal baş verdikdə bu şəxsin soyadı və inisialı seçicilər siyahısında seçki bülleteni alması barədə seçicinin imzası ilə birlikdə göstərilir.

Seçici yalnız bir namizədə səs verə  bilər. Bunun üçün o, səs verdiyi namizədin adı qarşısındakı qrafada şərti olaraq müəyyən edilmiş x işarəsi qoymalıdır. Əgər seçici birdən artıq namizədin və ya heç bir namizədin adı qarşısında işarə qoymazsa, bu halda onun səsi etibarsız hesab ediləcəkdir. Ona görə də seçici bu məqamda xüsusilə diqqətli olmalıdır. Seçki bülleteni mühüm seçki sənədidir. Onun üzərində göstərilən qaydada işarə qoyulmasından başqa, digər işarələr qoymaqya hər hansı yazı yazmaq qanunvericiliklə qadağan olunur.

Seçici səsvermə kabinetində öz səsvermə hüququnu ifadə etdikdən sonra seçki bülletenini yarıdan qatlamaqla seçki qutusuna yaxınlaşıb bülleteni ora atmalıdır.

Səsvermə günü səsvermə yerində qayda-qanuna nəzarət məntəqə seçki komissiyasının sədri tərəfindən həyata keçirilir. Bu hüquq Seçki Məcəlləsinin 104.1.2-ci maddəsində öz əksini tapmışdır. Ona görə də səsvermə otağında olan seçki prosesinin iştirakçıları MnSK sədrinin göstərişlərinə əməl etməlidirlər. Əgər müşahidəçilər tərəfindən hər hansı bir seçki hüququnun pozulması müşahidə edilərsə bu barədə dərhal MnSK sədrinə məlumat verilməlidir. Əks təqdirdə müşahidə gizli aparılmış olurbu da Seçki Məcəlləsinin 41.1.3-cü maddəsinin tələbinin pozulması deməkdir. Həmin maddədə də göstərilir ki, müşahidə açıq aparılmalıdır.

Səsvermə günü mühüm məsələlərdən biri də mühafizənin təşkilidir. Seçki günü ictimai asayişin qorunması üçün formada olan polis əməkdaşları seçki məntəqəsinə yalnız MnSK sədrinin dəvəti ilə daxil ola bilərlər. İctimai asayiş bərpa edildikdən sonra polis işçiləri seçki məntəqəsini tərk etməli və azı 100 metr aralıda olmalıdırlar. Amma onların seçici qismində bir dəfə seçki məntəqəsinə daxil olmaq hüquqları var.

Səsvermə prosesindən danışarkən iki mühüm məsələni də qeyd etmək vacibdir. Bunlardan birincisi qeydiyyatdançıxma vəsiqələri, ikincisi isə daşınan seçki qutusu vasitəsilə səs vermək hüququdur. Səsvermə günü seçicilər siyahısında adı olan, lakin müxtəlif səbəblərdən seçki məntəqəsinə gələ bilməyən seçici dairə və məntəqə seçki komissiyalarına öz istəyinə uyğun olaraq, yalnız səsverməyə 3 gün qalıbsa, ancaq məntəqə seçki komissiyasına müraciət edərək səsvərmə vəsiqəsi ala və istədiyi yerdə bu hüquqdan istifadə edə bilər.

Səsvermə otağından kənarda seçicinin səs vermək arzusu olduqda seçici bu barədə müvafiq DSK-ya yazılı və şifahi, həmçinin yaxın adamları və qohumları vasitəsilə səsverməyə ən azı 12 saat qalmış müddətədək məlumat verməlidir.

Seçki prosesinin həlledici məqamlarından sayılan səslərin hesablanması mühüm mərhələdir. Səsvermə müddəti başa çatdıqda Seçki Məcəlləsinin 106.1-ci maddəsində qeyd edilir ki, məntəqə seçki komissiyasının sədri ucadan elan edir ki, "yalnız seçki bülleteni almış və səsvermə otağında olan seçicilər səs verə bilərlər".  Bu proses başa çatdıqdan sonra səslərin hesablanması başlanır. Hesablama prosesı bir neçə mərhələdən ibarətdir. MnSK üzvləri ilkin olaraq seçici siyahısındakı seçicilərin, qeydiyyatdançıxma vəsiqəsi ilə səs vermişbu vəsiqələri almış seçicilərin, məntəqə üzrə seçicilərin ümumi sayını, DSK tərəfindən verilmiş seçki bülletenlərinin, seçki bülleteni almış seçicilərin, səsvermə otağından kənarda səs vermiş seçicilərin ərizələrinin, səsvermə otağından kənarda səs vermiş seçicilərə verilən seçki bülletenlərinin, istifadə edilməmiş seçki bülletenlərinin, korlanmış seçki bülletenlərinin saylarını müəyyən etməli, bundan sonra isə seçki qutularını açmalıdırlar. Birinci olaraq daşınan, sonra isə daşınmaz seçki qutuları açılır. Qutular açıldıqdan sonra hər iki qutuda olan seçki bülletenlərinin, müəyyənləşdirilmiş formada olan seçki bülletenlərinin, hər bir namizədə verilmiş səslərin sayı müəyyən edilir. Nəticədə səslərin hesablanması və səsvermənin nəticəsi haqqında protokollar tərtib edilir.

MSK üzvləri protokolları tərtib edərkən, ilkin olaraq məlumatları qaralama nüsxədə qeyd etməli, məlumatların düzgünlüyünə əmin olduqdan sonra bu məlumatları əsas protokola yazmalıdırlar. Əsas nüsxənin korlanmasına qətiyyən yol vermək olmaz. Məntəqə seçki komissiyaları tərəfindən tərtib edilərək gostərilən protokollar Seçki Məcəlləsinin 106.7-ci maddəsinə əsasən, dərhal, lakin 24 saatdan gec olmayaraq DSK-lara çatdırılır. DSK-lar bu məlumatlara əsasən öz yekun protokollarını tərtib edərək onları müvafiq sənədlərlə birlikdə iki gündən gec olmayaraq MSK-ya təhvil verirlər. MSK Seçki Məcəlləsinin 203.1-ci maddəsinə müvafiq olaraq 10 gündən gec olmayaraq seçkilərə  yekun vurur və nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim edir.

Seçkilərdə şəffaflığın təmin olunmasının yekun göstəricisi seçkilərin yekunlarının ictimailəşdirilməsidir. Bu prosses  iki əsasda: ilkin nəticələrin və ümumi nəticələrin ictimailəşdirilməsi əsasında baş verir.

İlkin nəticələr MSK tərəfindən dərhal cədvəl şəklində dərc edilir və internet səhifəsində yerləşdirilir. Daha sonra Seçki Məcəlləsinin 109.2,109.4 və 109.5-ci maddələrində təsbit olunduğu qaydada MSK, DSK və MnSK-lar tərəfindən səsvermənin yekunları dərc olunaraq geniş ictimaiyyətin diqqətinə çatdırılır.

 

 Qabil ORUCOV,

MSK-nın üzvü

Azərbaycan.-2013.- 8 oktyabr.- S.7.