Artan dövlət qayğısı
təhsilin inkişafını sürətləndirir
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında digər sahələrlə yanaşı, təhsil sektorunun inkişafına da böyük önəm verilir. Yeni məktəblərin tikintisi, əsaslı təmiri, bütövlükdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi dövlət siyasətində prioritet istiqamətə çevrilmişdir.
Təhsilin inkişafına ildən-ilə artan dövlət qayğısı bu sahədə Ağcabədi rayonunda da qazanılan nailiyyətlərdə böyük rol oynayır. Dövlət proqramları və digər mənbələr hesabına son illər rayonda 11 min şagirdlik 36 yeni məktəb binası tikilib istifadəyə verilmiş və hamısı zəruri avadanlıqlarla tam təmin olunmuşdur. 3300 şagirdlik 9 məktəb binası isə əsaslı təmir edilmişdir. Təhsilin inkişafına artan qayğıdan danışarkən Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüslərini xüsusi qeyd etmək lazımdır. Fondun təşəbbüsü ilə 2005-ci ildə rayonda 6 yeni məktəb binası inşa olunmuşdur. Təkcə son iki ildə Ağcabədidə tikilən məktəblərin sayı 12-yə çatır. Ötən dərs ilində M.Əsədov adına şəhər 5 nömrəli tam orta məktəbin 480 yerlik binası əsaslı təmir olunmuşdur. 320 şagirdlik 3 ümumi orta məktəb, 360 şagirdlik M.Füzuli adına Yeni Qaradolaq kənd tam orta məktəb binalarının tikintisində son tamamlama işləri görülür.
Məlumdur ki, təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə yönələn davamlı qayğı dövlətin və millətin gələcəyinə hesablanıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: "Təhsil millətin gələcəyidir". Buna rəğmən dövlət çox haqlı olaraq ümumtəhsil məktəblərində şagirdlərin intellektual səviyyəsini artırmağı, onların yaradıcılıq qabiliyyətini hər vasitə ilə artırmağı prioritet vəzifə kimi önə çəkir. Şagirdlərin intellektual səviyyəsinin inkişafına, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinin və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət və dövlət qarşısında öz hüquq və borclarını müəyyən etmələrinə nail olmaq bu gün məktəblərin qarşısında qoyulan şərəfli və eyni zamanda son dərəcə məsuliyyətli vəzifədir.
Ağcabədi rayon təhsil şöbəsi bu vəzifəni şərəflə reallaşdırmaq üçün pedaqoji kollektivlərin gücünü səfərbərliyə alıb zəruri istiqamətə yönəltməyə çalışır. Dövlətin yetərli qayğısından güc alan müəllimlərin çəkdikləri zəhmət, rayonda həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsiz qalmır. Respublika Prezidentinin sərəncamı ilə 2013-cü ilin "İnformasiya-Kommunikasiya Texnologiyaları ili" elan edilməsi Ağcabədi rayon təhsil şöbəsinin fəaliyyətinə yeni istiqamət vermişdir. Ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı proqramına uyğun olaraq, rayonun təhsil müəssisələri 761 ədəd kompyuterlə təmin edilmişdir. Hazırda I- XI siniflərdə təhsil alan 19061 şagirdin hər 25 nəfərinə və V-XI siniflər üzrə təhsil alan 11755 şagirdin hər 15 nəfərinə 1 kompyuter düşür. Rayonun 22 ümumtəhsil məktəbi və rayon təhsil şöbəsi internet şəbəkəsinə qoşulmuşdur. Qalan məktəblərin internet şəbəkəsinə qoşulması davam etdirilir. "Xalq kompyuteri" layihəsi çərçivəsində rayonun 300 müəllimi kompyuterlə təmin olunmuş, 2480 nəfər təhsil işçisi isə müvafiq treninqlərdən keçərək informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığına yiyələnmişdir.
İnkaredilməz həqiqətdir ki, təhsilin inkişafı kompleks yanaşma tələb edir. Bu məsələyə məsuliyyətli münasibətin nəticəsi özünü qazanılan nailiyyətlərdə aydın göstərir. Şagirdlərin məktəbə vahid formada gəlməsinin təmin edilməsi sosial bərabərliyin real nümunələrindən biri kimi ictimaiyyət tərəfindən razılıqla qarşılanır, məktəblilərin mənəvi tərbiyəsinə, bütövlükdə məktəbin nüfuzunun yüksəlməsinə müsbət təsir göstərir. Rayon təhsil şöbəsi aztəminatlı ailələrdən olan şagirdlərə xüsusi qayğı göstərir. Cari dərs ilində rayon təhsil şöbəsi tərəfindən 46 şagirdə pulsuz məktəbli geyimləri və məktəb ləvazimatları verilmişdir.
İstedadlı uşaqlarla iş aparmaq təhsil siyasətinin mühüm istiqamətlərindən biridir. Hər il rayonun istedadlı gəncləri ilə Ağcabədi Rayon İcra Hakimiyyəti nümayəndələrinin görüşlər keçirməsi ənənəyə çevrilmişdir. Belə görüşlərdə istedadlı gənclərin fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılması rayonda istedadların üzə çıxarılmasına əhəmiyyətli təsir göstərir. Respublikada keçirilən fənn olimpiadalarında, inşa yazı müsabiqələrində Ağcabədi məktəbliləri həmişə qaliblər sırasında yer alırlar.
Məzunların ali və orta ixtisas məktəblərinə qəbul faizinə də həmişə böyük önəm verilir. Cari ildə bu sahədə yaxşı nəticə qazanılmışdır. Respublikanın müxtəlif ali məktəblərinə 289 nəfər ağcabədili məzun daxil olmuşdur. Bu, əvvəlki illə müqayisədə 54 nəfər çoxdur. Rayonun məzunları arasında ən yüksək - 686 bal toplayan şəhər 4 nömrəli tam orta məktəbin yetirməsi Sevinc Kamil qızı Vəliyeva Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuşdur.
Bir
sözlə, son illər ölkədə həyata
keçirilən məqsədyönlü tədbirlər, məktəblilərin
hərbi vətənpərvərlik və fiziki tərbiyəsinə,
sağlamlığının mühafizəsinə, uşaq və
gənclərin asudə vaxtlarının səmərəli təşkilinə
davamlı qayğının artması Ağcabədi rayonunda
da öz səmərəsini verməkdədir.
Lazım
QULİYEV,
Azərbaycan.-2013.- 8 oktyabr.- S.10.