«Hidroböhran,
hidromünaqişələr və hidrostrategiya»
kitabının təqdimatı
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) "Hidroböhran, hidromünaqişələr və hidrostrategiya" adlı yeni nəşrinin təqdimat mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, kitabın təqdimat mərasimində SAM-ın, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri, politoloqlar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə diqqətə çatdırılmışdır ki, beynəlxalq təşkilatların hesabatlarına əsasən, 2025-ci ildən sonra qlobal içməli su qıtlığı problemi dünyanın bir sıra ölkələrinə əsas siyasi-iqtisadi təzyiq vasitəsinə çevriləcək, ekstremist və separatçı qruplaşmaların terror və təxribat aktlarının hədəfləri iri sənaye müəssisələri deyil, şirin su mənbələri olacaqdır.
Məlumat verilmişdir ki, SAM-ın elmi işçisi Araz Qurbanovun müəllifi olduğu kitab qlobal ekoloji və sosial-siyasi problemə - su çatışmazlığına, onun təhdid kimi istifadəsinə, dünyada şirin su zəminində baş verən və proqnozlaşdırılan münaqişələrə, bu qarşıdurmaların aradan qaldırılmasına yönəldilmiş səylərə həsr olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının təbii hidroloji vəziyyətindən, ölkəmizin üzləşdiyi problemlərdən və onların həlli istiqamətində aparılan hidrostrateji tədbirlərdən, su ehtiyatlarının qorunması və səmərəli istifadə olunması məqsədilə xarici ölkələrin qabaqcıl təcrübələrindən geniş bəhs olunmuş, müvafiq tövsiyələr verilmişdir. Kitabda Ermənistanın transsərhəd su ehtiyatlarından, işğal altında olan ərazilərdəki hidrotexniki qurğulardan ölkəmizə qarşı hidrosiyasi təzyiq vasitəsi kimi istifadə olunması imkanları da araşdırılmış, onlara beynəlxalq hüquq müstəvisindən qiymət verilmişdir.
Kitabda bəhs olunan mövzunun aktuallığından bəhs edən SAM-ın direktoru Fərhad Məmmədov bildirmişdir ki, su Azərbaycanın strateji maraqlarına və hədəflərinə təsir edən vacib amillərdən biridir. Ölkəmizin su ehtiyatları Cənubi Qafqazda ən aşağı səviyyədədir. Azərbaycanın gələcək inkişafını nəzərə alsaq, bu məsələyə strateji baxışın formalaşdırılması vacibdir. Bu istiqamətdə dünya təcrübəsinin öyrənilməsinin vacibliyinə toxunan F.Məmmədov qeyd etmişdir ki, Azərbaycanın su strategiyasının formalaşdırılmasına dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti də öz töhfəsini verməlidir.
Kitabın baş məsləhətçisi, AMEA-nın müxbir üzvü, Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov nəşrin əhəmiyyətindən söhbət açmışdır. Diqqətə çatdırmışdır ki, Azərbaycanın su ehtiyatları qonşu ölkələrə nisbətən az olsa da, vəziyyət o qədər də böhranlı deyil.
Suyun geosiyasi amil olduğunu vurğulayan Azərbaycan Respublikasının Prezidenti Administrasiyası xarici əlaqələr şöbəsinin sektor müdiri Ərəstü Həbibbəyli demişdir ki, kitabda Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi su təcavüzü ətraflı şəkildə əksini tapmışdır. Qeyd etmişdir ki, beynəlxalq təşkilatlara bununla bağlı faktların təqdim olunmasına baxmayaraq, təəssüf ki, hələ də adekvat reaksiya verilməmişdir.
Digər çıxış edənlər də təqdim olunan kitabın coğrafiyaşünaslar, hidroloqlar, melioratorlar, ekoloqlar və siyasətçilər üçün dəyərli və etibarlı mənbə olduğunu vurğulamışlar.
Çıxışlarda,
həmçinin bu məsələyə dair beynəlxalq
elmi-praktik konfransın
keçirilməsi ilə bağlı təkliflər verilmişdir.
Azərbaycan.-2013.- 8 oktyabr.- S.11.