Rusiya televiziyasında «Müslüm Maqomayev.

 Qar üzərində ürək» sənədli filmi nümayiş olunub

 

Oktyabrın 6-da Rusiyanın Birinci Kanalı böyük müğənni, SSRİ xalq artisti Müslüm Maqomayevin 70 illik yubileyinə həsr olunmuş "Müslüm Maqomayev. Qar üzərində ürək" ("Muslim Maqomaev. Serdüe na snequ") sənədli filmini nümayiş etdirmişdir.

SSRİ-nin və Azərbaycanın xalq artisti, Müslüm Maqomayevin xanımı Tamara Sinyavskayanın ömür-gün yoldaşı haqqında söhbət açdığı filmdə Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın görkəmli müğənni barədə xatirələri səslənmişdir. Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Müslüm Maqomayevlə isti münasibətlərindən, milyonların sevimlisi olan müğənniyə atalıq qayğısından danışmışdır.

Filmdə Müslüm Maqomayevin Bakı ilə bağlı xatirələri səslənmiş, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə çəkilmiş fotoşəkilləri, Tamara Sinyavskayanın Bakı səfəri, Müslüm Maqomayevin məzarını ziyarət zamanı lentə alınmış kadrlar, "Nizami" kinofilmindən fraqmentlər yer almışdır. Həmçinin görkəmli sənətkarın ifasında Azərbaycanın rəmzi himninə çevrilmiş "Azərbaycan" mahnısı, M.Maqomayevin ömrünün sonlarına yaxın Sergey Yeseninin sözlərinə bəstələdiyi "Əlvida, Bakı" mahnısı səslənmişdir. Rusiya Prezidenti Vladimir Putinin "Müslüm Maqomayevlə kim daha çox fəxr edir - rus xalqı, yoxsa Azərbaycan xalqı?" sözlərinin filmdə əksini tapması əfsanəvi estrada kralının iki xalqın oğlu olduğunun daha bir sübutu kimi qəbul edilə bilər.

"Müslüm Maqomayev. Qar üzərində ürək" filminin ssenari müəllifi Oleq Kolin, rejissoru Mixail Roqovoydur.

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2013.- 8 oktyabr.- S.12.