"Təminatdan istifadə etməklə gömrük borcunun

 ödənilməsinin təmin edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 286             Bakı şəhəri, 3 oktyabr 2013-cü il

 

 

 "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.2.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

 Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2013-cü il 3oktyabr

tarixli 286 nömrəli qərarı ilə təsdiq edilmişdir

 Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi QAYDALARI

 

 1. Ümumi müddəalar

 

 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 258.3-cü maddəsinə əsasən hazırlanmışdır və təminat üsullarından (təminatdan) istifadə etməklə, gömrük borcunun ödənilməsinin təmin edilməsi məsələlərini tənzimləyir.

 

1.2. Gömrük Məcəlləsinin 258.1-ci maddəsinə əsasən gömrük orqanları mövcud və ya gələcəkdə yarana biləcək gömrük borclarının ödənilməsini təmin etmək məqsədi ilə borclu və ya gələcəkdə borclu olacaq şəxslərdən girov, veksel zaminliyi (aval), bank qarantiyası, ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi, sığorta müqavilələri, üçüncü şəxsin zaminliyi və avans ödəmələri kimi təminatın verilməsini tələb etmək hüququna malikdirlər. Təminatın məbləğini gömrük orqanları müəyyən edirlər.

1.3. Gömrük ərazisinə malların idxalı və ya ixracı zamanı gömrük borcu Gömrük Məcəlləsinin 238-241-ci maddələri ilə müəyyən edilmiş hallarda yaranır.

 

 

2. Gömrük borcunun yarandığı yerin müəyyənləşdirilməsinin son müddəti

 

 

2.1. Gömrük orqanı tərəfindən müvafiq gömrük proseduru altında yerləşdirilmiş mallar üzrə Gömrük Məcəlləsinin 237.1-ci maddəsinin ikinci cümləsində və 237.2-ci maddəsində göstərilən gömrük borcunun yarandığı yer 2 (iki) aydan gec olmayaraq, mümkün qədər qısa müddətdə müəyyənləşdirilməlidir.

2.2. Bu Qaydaların 2.1-ci bəndində göstərilən müddətdə gömrük borcunun yarandığı yeri müəyyənləşdirmək mümkün olmadıqda, gömrük borcu malların aidiyyəti gömrük proseduru altında yerləşdirildiyi yerdə, yaxud həmin prosedur daxilində gömrük ərazisinə gətirildiyi yerdə yaranmış hesab edilir.

 

 3. Gömrük borcunun ödənilməsinə möhlətin verildiyi hallar və bunun qaydası

 

 3.1. Şəxs tərəfindən bu Qaydaların 1.2-ci bəndində nəzərdə tutulmuş təminatlardan istifadə edilməklə gömrük borcunun ödənilməsinə təminat verildikdə, gömrük orqanları yaranmış gömrük borcunun ödənilməsinə aşağıdakı hallarda 14 (on dörd) gündən 60 (altmış) günədək möhlət verirlər:

3.1.1. fors-major hallar nəticəsində borclu şəxsə zərər dəydikdə;

3.1.2. gömrük borcunu birdəfəyə ödədiyi təqdirdə, borclu şəxsin iflasa uğramaq təhlükəsi olduqda.

3.2.Gömrük borcunun ödənilməsi üçün möhlət verilməsi barədə qərarı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı qəbul edir.

3.3. Şəxs gömrük ödənişləri üzrə yaranmış borc üzrə möhlət verilməsi üçün aşağıdakı sənədlər əlavə edilməklə, gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına yazılı formada ərizə ilə müraciət etməlidir:

3.3.1. gömrük borcunun yaranmasını müəyyən edən sənədlər (bəyannamə,  malın qiymətini təsdiq edən sənəd, müşayiət sənədləri, müqavilə və s.);

3.3.2. müvafiq gömrük təminatını təsdiq edən sənəd;

3.3.3. fors-major hallarda hadisənin baş verməsi və hadisə nəticəsində dəymiş zərərin məbləği barədə müvafiq dövlət orqanlarının arayışları;

3.3.4. iflasa uğramaq təhlükəsi olduqda, müraciət edilmə tarixinə borclu şəxsin kassasında, milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsaitlərin qalığı, debitorların və kreditorların adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (bundan sonra - VÖEN) göstərilməklə, debitor və kreditor borcları barədə arayışlar.

3.4. Ərizədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məlumatlarla yanaşı borclu şəxsin bank rekvizitləri, gömrük borcunun yarandığı yer, onun məbləği, yaranma tarixi və səbəbləri, VÖEN-i, istifadə olunması nəzərdə tutulan təminat barədə məlumat, habelə bu Qaydaların 3.1-ci bəndinə müvafiq olaraq gömrük ödənişləri üzrə yaranmış borc üzrə gömrük orqanından möhlət verilməsinin istənilməsinin üzrlü səbəbi göstərilməlidir.

3.5. Gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı tərəfindən müraciətə daxil olduğu tarixdən 3 (üç) iş günü müddətində baxılır və qəbul edilmiş qərara əsasən müvafiq inzibati akt tərtib edilərək şəxsə təqdim edilir.

3.6.Qərarın qəbulu ilə əlaqədar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati icraat aparılır.

3.7. Bu Qaydaların 3.3-cü bəndində göstərilən tələblər yerinə yetirilmədiyi halda, gömrük orqanları şəxsə gömrük borcunun ödənilməsinə möhlət verməkdən imtina edirlər.

3.8. Gömrük borcunun ödənilməsinə verilən möhlətin müddəti növbəti maliyyə ilinə keçdikdə, gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı bu barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə (bundan sonra - Komitə), Komitə isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verməlidir.

3.9. Gömrük borcunun ödənilməsinə verilən möhlət müddətində borcun məbləğinə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsi ilə dövlət büdcəsinə ödənilən faizlər hesablanır.

 

 4. Əhatəli təminatın təqdim olunmasına gömrük orqanları tərəfindən icazə verildiyi hallar və bunun qaydası

 

 

  4.1.Gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı gömrük və vergi qanunvericiliyinə əməl edən,  gömrük prosedurlarından mütəmadi istifadə edən və bu prosedurlarla əlaqədar öhdəlikləri vaxtında və tam yerinə yetirmək imkanı olan rezidentlərin yazılı ərizə ilə müraciəti əsasında bu Qaydaların 4.2-ci bəndi ilə müəyyən edilən hallarla bağlı ödəniləcək gömrük ödənişlərini əhatə edən əhatəli təminat qəbul edir.

4.2. Gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı aşağıdakı hallarda şəxs tərəfindən əhatəli təminatın təqdim edilməsinə icazə verir:

4.2.1. iki və daha çox bəyannamə, gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük borcu yarandıqda, yaxud yarana biləcəyi təqdirdə;

4.2.2. gömrük borcunun məbləği müəyyən müddətdə dəyişə biləcəyi təqdirdə.

4.3. Ərizədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məlumatlarla yanaşı borclu və ya borclu ola biləcək şəxsin bank rekvizitləri, VÖEN-i, veriləcək əhatəli təminat və bu Qaydaların 4.2-ci bəndinə müvafiq olaraq əhatəli təminatın verildiyi hal barədə məlumat göstərilməlidir.

4.4. Gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı tərəfindən müraciətə daxil olduğu tarixdən 3 (üç) iş günü müddətində baxılır və qəbul olunmuş qərara əsasən verilmiş icazə şəxsə təqdim edilir.

4.5. İcazənin verilməsi ilə əlaqədar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati icraat aparılır.

 

 5.  Təminatın verilməsinin məcburi və fakültativ (məcburi olmayan) halları

 

 

5.1. Təminatın verilməsinin məcburi halları aşağıdakılardır:

 

5.1.1.gömrük borcunun ödənilməsinə möhlət verilməsi;

5.1.2. qüsurlu malların ixrac edilməsindən əvvəl əvəzləyici məhsulların idxal olunması;

5.1.3.malların pirat və ya kontrafakt olmadığı müəyyən edildiyi halda, buraxılışın dayandırılması nəticəsində bəyannaməçiyə, mal sahibinə və ya digər maraqlı şəxslərə vurulan zərərin, habelə gömrük orqanlarının xərclərinin ödənilməsinə dair ərizəçinin öhdəliyinin təmin edilməsi;

5.1.4.xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin fiziki şəxslər tərəfindən gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsi;

5.1.5. malların emal və ya xüsusi istifadə xüsusi gömrük prosedurları altında yerləşdirilməsi üçün gömrük orqanı tərəfindən icazənin verilməsi;

5.1.6. müvəqqəti saxlanc və gömrük anbarlarının təsis edilməsi üçün gömrük orqanı tərəfindən lisenziyaların verilməsi;

5.1.7. gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barədə sərəncam verilməsi.

5.2. Gömrük orqanları yaranmış və ya yarana biləcək gömrük borcunun müəyyən edilmiş müddətdə ödənilməsinə əmin olmadıqda, təminat verilməsinin fakültativ (məcburi olmayan) hallarında da təminat verilməsini tələb etmək hüququna malikdirlər.

5.3. Təminatın verilməsinin fakültativ (məcburi olmayan)halları aşağıdakılardır:

5.3.1. bu Qaydaların 5.1-ci bəndində nəzərdə tutulmayan hallarda;

5.3.2.malların müvəqqəti saxlanc xüsusi gömrük  proseduru altında yerləşdirilməsi.

 

 

6. Malların pirat və ya kontrafakt olmadığı müəyyən edildiyi halda, buraxılışın dayandırılması nəticəsində bəyannaməçiyə, mal sahibinə,yaxud digər maraqlı şəxslərə vurulan zərərin, habelə gömrükorqanlarının xərclərinin ödənilməsinə dair öhdəliyin icrasınıntəmin edilməsi üçün təqdim olunan təminatın minimum və maksimum məbləğləri

 

 

6.1. Gömrük Məcəlləsinin 280-ci maddəsinə əsasən, hüquq sahibi və ya onun maraqlarını təmsil edən şəxs (ərizəçi) tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar gömrük sərhədindən keçirilərkən, onun əqli mülkiyyət hüquqlarının obyektinə olan hüquqlarının pozulduğu və ya pozula biləcəyi barədə kifayət qədər əsası olduqda, pirat və kontrafakt malların buraxılışının dayandırılması məqsədi ilə Komitəyə əqli mülkiyyət hüquqlarının qorunması və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsi barədə ərizə ilə müraciət etmək hüququna malikdir.

6.2. Malların pirat və ya kontrafakt olmadığı müəyyən edildiyi halda, buraxılışın dayandırılması nəticəsində bəyannaməçiyə, mal sahibinə və ya digər maraqlı şəxslərə vurulan zərərin, habelə gömrük orqanlarının xərclərinin ödənilməsinə dair ərizəçinin öhdəliyinin icrasının təmin edilməsi üçün ərizəçi bu Qaydaların 1.2-ci bəndində göstərilən təminatlardan birini gömrük orqanına təqdim etməlidir. Həmin təminatın məbləği 5000 (beş min) manatdan 5.000.000 (beş milyon) manatadək olmaqla, gömrük orqanları tərəfindən müəyyən olunur.

7. Gömrük borcunun ödənilməsinə təminat verilməsi üçün pul vəsaitlərinin gömrük orqanının depozit hesabına köçürülməsi

 

və depozit hesabında olan pul vəsaitinin sahibinə qaytarılması

 

 

7.1. Gömrük orqanının depozit hesabı gömrük orqanı tərəfindən gömrük borcunun ödənilməsinə təminat verilməsi üçün pul vəsaitlərinin qəbulu məqsədi ilə milli valyutada açılmış müvafiq bank hesabıdır.

7.2. Ödəyici tərəfindən pul vəsaitlərinin gömrük orqanının depozit hesabına köçürülməsi Azərbaycan Respublikasının milli valyutası ilə həyata keçirilir.

7.3. Gömrük təminatı başa çatanadək gömrük orqanının depozit hesabına köçürülmüş pul vəsaitləri digər məqsədlər üçün istifadə edilə bilməz.

7.4. Ödəyici gömrük orqanının depozit hesabına köçürülmüş pul vəsaitlərini və ya onun bir qismini müvafiq gömrük prosedurunun tələblərinə uyğun olaraq (ərizə ilə müraciət edərək) yaranmış gömrük borcunun ləğv edilməsinə yönəldə bilər. Yaranmış gömrük borcu gömrük orqanının depozit hesabına köçürülmüş pul vəsaitlərindən çox olduqda, həmin gömrük borcunun ləğv edilməsi üçün əlavə vəsait ödənilməlidir.

7.5. Gömrük orqanının depozit hesabına pul vəsaitləri köçürüldükdən sonra ödəyici tərəfindən müvafiq bank qəbzinin surəti gömrük orqanına təqdim edilir.

7.6. Gömrük təminatı başa çatdıqdan sonra ödəyicinin müraciəti əsasında gömrük orqanının depozit hesabına köçürülmüş pul vəsaitləri və ya onun artıq qalan hissəsi müvafiq bank qəbzinin əsli təqdim edilməklə, 1 (bir) iş günü müddətində depozit hesabına pul vəsaitləri köçürülmüş gömrük orqanı tərəfindən geri qaytarılır. Ödəyicinin arzusu ilə bu vəsaitlər şəxsin göstərdiyi bank hesabına köçürülür və ya nağd şəkildə qaytarılır.

7.7. Depozitdə saxlanıldığı müddətdə pul vəsaitlərinə faiz hesablanmır və bank köçürmələri ilə əlaqədar komisyon haqları köçürülən pul vəsaitləri hesabına həyata keçirilir.

7.8. Ödəyici ərizə ilə müraciət edərək, gömrük orqanının depozit hesabına köçürülmüş pul vəsaitlərini və ya onun bir hissəsini gələcək əməliyyatlar üzrə yarana biləcək gömrük borcunun təminatı kimi gömrük orqanının hesabına avans şəklində köçürə bilər.

 

 

8. Gömrük borcunun ödənilməsinə təminat verilməsi üçün malların girov qoyulması

 

 

8.1.Gömrük borcunun ödənilməsinə təminat kimi gömrük sərhədindən keçirilən və başqasına verilə bilən bütün daşınan əşyalar gömrük orqanları tərəfindən girov qismində qəbul edilir.

8.2. Bölünməz malın hissələri, tez xarab olan mallar, heyvanlar, sənaye tullantıları, qüsurlu mallar, radioaktiv materialların və partlayıcı maddələrin tullantıları,  “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının 2003-cü il 23 dekabr tarixli 564-IIQ nömrəli Qanunu ilə müəyyən edilmiş mallar, həmçinin gömrük orqanının daimi nəzarətini təmin edə bilmədiyi mallar girov qismində qəbul olunmur.

8.3. Baytarlıq, fitosanitar, gigiyenik, uyğunluq və digər sertifikatlarla (şəhadətnamələrlə) müşayiət olunmalı mallar, onlara müvafiq sertifikat (şəhadətnamə) verildikdən sonra girov predmeti ola bilər.

8.4.Girov Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq, gömrük orqanı ilə girovqoyan arasında tərəflərin adı və ünvanı, girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməklə, yazılı formada bağlanılmış müqavilə əsasında rəsmiləşdirilir.

8.5. Girovun rəsmiləşdirilməsi, girov qoyulmuş malların saxlanılması, ödənişin girov predmetinə yönəldilməsi və bununla bağlı digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

 

 

9. Veksel zaminliyindən (avaldan) istifadə etməklə, gömrük borcunun ödənilməsinə təminat verilməsi

 

 

9.1. Gömrük borcunun təminatı kimi veksellər yalnız bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan banklar və ya bank olmayan kredit təşkilatları avalçı qismində çıxış etdikdə qəbul olunur.

9.2. Gömrük orqanları veksel məbləğinin ödənilmə müddətinin gömrük borcunun ödənilmə müddətinə uyğun olub-olmadığını və təqdim edilmiş vekselin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən uçota alınması barədə ştampın vurulub-vurulmadığını yoxlayır.

9.3. Müəyyən edilmiş müddətdə gömrük borcu üzrə ödəniş həyata keçirilmədikdə, həmin borc üzrə ödənişlər dəbbə pulu da daxil olmaqla, təminatı verən avalçı banklar və ya bank olmayan kredit təşkilatları tərəfindən ödənilir.

 

 10. Bank qarantiyasından istifadə etməklə, gömrük borcunun ödənilməsinə təminat verilməsi

 

 

10.1. Gömrük borcunun ödənilməsinin təminatı kimi bank qarantiyası yalnız bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan və Komitənin apardığı reyestrə daxil edilmiş banklar və ya bank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 1 mart tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası” ilə müəyyən edilmiş hədlərdə verildiyi halda qəbul olunur.

10.2. Müəyyən edilmiş müddətdə gömrük borcu üzrə ödəniş həyata keçirilmədiyi halda, həmin borc üzrə ödənişlər dəbbə pulu da daxil olmaqla, təminatı verən banklar və ya bank olmayan kredit təşkilatları tərəfindən ödənilir.

 

 

11. Sığorta müqavilələrindən istifadə etməklə, gömrük borcunun ödənilməsinə təminat verilməsi

 

 

11.1. Gömrük borcunun ödənilməsinin təmin olunması məqsədi ilə sığorta müqavilələrindən istifadə olunması Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və sığorta fəaliyyəti haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

11.2. Gömrük borcunun ödənilməsinin təminatı kimi sığorta müqaviləsi yalnız sığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan sığorta təşkilatları tərəfindən verildiyi halda qəbul olunur.

11.3. Müəyyən edilmiş müddətdə gömrük borcu üzrə ödəniş həyata keçirilmədiyi halda həmin borc üzrə ödənişlər dəbbə pulu da daxil olmaqla, təminatı verən sığorta təşkilatları tərəfindən ödənilir.

 

 12. Üçüncü şəxsin zaminliyindən istifadə etməklə, gömrük borcunun ödənilməsinə təminat verilməsi

 

 12.1.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq, üçüncü şəxsin zaminliyi gömrük orqanı ilə zamin arasında yazılı formada bağlanılmış müqavilə əsasında rəsmiləşdirilir.

12.2. Bu Qaydaların 12.1-ci bəndində nəzərdə tutulan zamin şəxs gömrük ərazisi daxilində müəyyənləşdirilən üçüncü şəxs olmalıdır.  Zamin kimi gömrük brokerləri, müvəqqəti saxlanc və gömrük anbarlarının sahibləri, rüsumsuz ticarət mağazalarının sahibləri və gömrük borcunun ödənilməsi imkanını təsdiqləyən müvafiq arayışları təqdim edən digər şəxslər də çıxış edə bilərlər.

 

 13. Avans ödəmələri vasitəsilə gömrük borcunun ödənilməsinə təminat verilməsi

 

 13.1. Gələcək əməliyyatlar üzrə yarana biləcək gömrük borcunun ödənilməsinin təminatı kimi ödəyici gömrük orqanlarının hesabına avans şəklində pul vəsaitləri köçürə bilər. Belə ödəmələr avans ödəmələri hesab edilir. Ödəyici bu pul vəsaitlərindən gələcəkdə həyata keçirəcəyi istənilən əməliyyat üzrə gömrük ödənişlərini ödəmək üçün istifadə edə bilər.

 

 14. Yekun müddəalar

 

 

 

 14.1. Bu Qaydaların 14.4-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük orqanları müvafiq mallar və gömrük bəyannaməsi üçün yalnız bir təminat tələb edə bilərlər.

  14.2. Gömrük borcunun ödənilməsinə təminat verən şəxs bu Qaydaların 1.2-ci bəndində nəzərdə tutulmuş təminatlardan yalnız birini seçə bilər.

14.3. Seçilən təminat müvafiq gömrük prosedurunun lazımi qaydada tətbiqinə uyğun gəlmədikdə, gömrük orqanları həmin təminatın qəbulundan imtina edirlər.

14.4. Gömrük orqanları təqdim edilmiş təminatın müəyyən olunmuş müddətdə gömrük borcunun ödənilməsinə təminat vermədiyini, yaxud həmin təminatın gömrük borcunun ödənilməsi üçün etibarlı və ya kifayət olmadığını müəyyənləşdirərsə, borclu və ya borclu olacaq şəxsdən onun seçimi əsasında əlavətəminat və ya verilmiş təminatın yenisi ilə əvəz edilməsini tələb edirlər.

 

Azərbaycan.-2013.-  9 oktyabr.- S. 3.