Bu gün
Azərbaycanda prezident
seçkiləri keçirilir
Prezident seçkiləri kampaniyası,
nəhayət, ən mühüm mərhələsinə
qədəm qoydu. Bu gün
seçici hüququna
malik Azərbaycan vətəndaşları növbəti
5 il üçün
ölkəni idarə
edə biləcək ən layiqli namizədə səs verəcəklər. Artıq dünən
səhər saat
8.00-dan prezidentliyə namizədlərin
təbliğat-təşviqat kampaniyası başa çatıb. Təbliğat-təşviqat kampaniyası dövründə
ciddi qanun pozuntusu qeydə alınmayıb. Kampaniya Seçki
Məcəlləsinin tələblərinə
uyğun keçib.
Ölkədə 125 seçki dairəsi
üzrə 5492 seçki
məntəqəsi seçkiyə
tam hazırdır.
Budəfəki seçki marafonunda 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasının namizədi
İlham Əliyev, Ümid Partiyasının namizədi İqbal Ağazadə, Azərbaycan
Sosial-Demokrat Partiyasının
namizədi Araz Əlizadə, Müasir Müsavat Partiyasının
namizədi Hafiz Nacıyev,
Bütöv Azərbaycan
Xalq Cəbhəsi Partiyasının namizədi
Qüdrət Həsənquliyev,
öz təşəbbüsü
ilə namizədliyini
irəli sürmüş
Zahid Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının
namizədi Fərəc
Quliyev, Ədalət Partiyasının namizədi
İlyas İsmayılov,
"Milli Şura"nın
namizədi Cəmil Həsənli və Azərbaycan Demokrat Partiyasının namizədi
Sərdar Məmmədovdur.
Seçki Məcəlləsinin tələblərinə uyğun
olaraq ildə bir dəfə - yanvarın 1-dən mayın
31-dək Mərkəzi Seçki
Komissiyası dairə
və məntəqə
seçki komissiyaları,
eləcə də Seçkilər İnformasiya
Mərkəzi ilə birlikdə ölkə üzrə seçici siyahılarını dəqiqləşdirir.
Bu seçki ilində
də ənənəvi
olaraq mayın 31-dək
siyahılar dəqiqləşdirilmiş,
səsvermə gününə
25 gün qalmış
bu siyahılar bir daha nəzərdən
keçirilmişdir. Bundan sonra
seçici siyahıları
dəqiqləşdirilmiş formada çap olunmuş və məntəqələrə göndərilmişdir.
Beləliklə, sentyabrın
14-dək dəqiqləşdirilmiş siyahı üzrə ölkədə aktiv seçici hüququ olan 5 milyon 145 minə yaxın seçici var. Seçicilərin
50,8 faizini qadınlar,
49,2 faizini isə kişilər təşkil
edir.
Bu seçkidə 500 minə
yaxın seçici
ilk dəfə səs
verəcək. 150 nəfər
seçicinin ad günü
isə məhz oktyabrın 9-na təsadüf
edir. Seçicilərin 814 nəfərinin yaşı 100 və 100-dən
yuxarıdır. Ən yaşlı
seçici isə 89 saylı Göyçay-Ağdaş
seçki dairəsində
olan Ağdaş rayon sakini, 124 yaşlı Dadaşova Gözəl Alı qızıdır.
MSK ölkədə seçki
sisteminin daha da təkmilləşdirilməsi,
seçkilərin demokratik,
şəffaf, azad və ədalətli keçirilməsini təmin
etmək üçün
vacib addımlar atır, informasiya-kommunikasiya
texnologiyaları sahəsindəki
yeniliklərdən maksimum
istifadə edir. Bunlardan biri
də seçki məntəqələrinə veb
kameraların quraşdırılması
və seçki günü səsvermənin
gedişinin internetdən
birbaşa izlənilməsidir.
Veb kameraların tətbiqi ilə bağlı ilk dəfə olaraq 2008-ci ildə Azərbaycanda siyasi iradə ortalığa qoyulmuş və müvafiq qərar qəbul edilmişdir. Azərbaycanda səsvermənin gedişini
birbaşa internetdən
izləmək üçün
tətbiq olunan bu metod - məntəqələrdə
veb kameraların quraşdırılması xarici
ölkə ekspertləri
tərəfindən çox
yüksək qiymətləndirilmişdir.
Artıq
bəzi ölkələr
Azərbaycanın bu təcrübəsindən istifadə
edirlər.
Əvvəlki seçkilərdə 500 seçki
məntəqəsində veb
kamera quraşdırılmışdı. Bu seçkidə isə 1000
seçki məntəqəsində
kamera quraşdırılıb.
Beləliklə, hər kəs
MSK-nın (cec.gov.az), Seçkilər
İnformasiya Mərkəzinin
(infocenter.gov.az) saytlarına və elektron hökumət portalında
(e-gov.az) MSK-nın müvafiq
elektron xidmətinə
daxil olmaqla səsvermənin gedişini
canlı izləyə
biləcəkdir. 1000 seçki
məntəqəsi, Azərbaycanın
işğal altındakı
ərazilərini əhatə
edən 6 seçki dairəsi istisna olmaqla, qalan 119 seçki dairəsini əhatə edir. Əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə smartfon tipli mobil qurğular vasitəsilə də səsvermənin gedişini
izləmək mümkün
olacaq.
Qeyd edək
ki, bu seçkilər
həcc ziyarəti dövrünə təsadüf
edir. Bunu nəzərə
alan Azərbaycan
hökuməti ziyarətdə
olan vətəndaşlarımızın
da öz seçki hüquqlarından
istifadə etməsinə
şərait yaradıb.
Bunun üçün Məkkə
şəhərində müvəqqəti
seçki məntəqəsi
yaradılıb. Həmin məntəqədə
təkcə zəvvarlar
deyil, xidməti ezamiyyətdə, səyahətdə
olan Azərbaycan vətəndaşları da
səs verə biləcəklər. Ümumiyyətlə isə, prezident seçkiləri ilə əlaqədar Azərbaycanın
xarici ölkələrdəki
səfirlik və konsulluqlarında 38 müvəqqəti
seçki məntəqəsi
yaradılıb. Bu məntəqələrdə 12 minə yaxın Azərbaycan Respublikası
vətəndaşı səs
verə biləcək.
Onların səsvermədə iştirakını təmin
etmək üçün
hər cür şərait yaradılıb.
Seçkiləri yerli və beynəlxalq
müşahidəçilər izləyəcək. MSK-da
40 mindən çox müşahidəçi, o cümlədən
1400-ə yaxın beynəlxalq
müşahidəçi qeydə
alınıb. Beynəlxalq müşahidəçilərdən
ATƏT Parlament Assambleyasını
təmsil edən müşahidə missiyasına
25 nümayəndə daxildir.
Onlardan
16 nəfəri 14 ölkəni
təmsil edən deputatlardır. Müşahidə missiyasının rəhbəri
ATƏT PA-da Almaniya nümayəndə heyətinin
rəhbəri xanım
Doris Barnetdir.
Seçkini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qısamüddətli müşahidəçiləri
də izləyəcəklər. Onların sayı
280 nəfərdir. Bundan başqa,
AŞ PA da seçkini
müşahidə edəcək.
AŞ PA seçki missiyasına 32 nəfər
nümayəndə daxildir.
Avropa Parlamentinin italiyalı Pino Arlaççinin başçılıq etdiyi
7 nəfərlik missiyası
da bu gün
səsverməni müşahidə
edəcək.
Müstəqil Dövlətlər Birliyinin müşahidəçiləri isə Azərbaycan hökumətinin dəvəti ilə artıq sentyabrın 10-dan ölkəmizdə keçiriləcək prezident seçkilərinin monitorinqinə başlamışlar. Tam formalaşmış missiyanın tərkibində 276 nəfər müşahidəçi çalışır. Bu da vəziyyəti qiymətləndirmək üçün ölkənin bütün rayon və şəhərlərini tamamilə əhatə etməyə imkan verir.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin Qeyri-Hökumət Təşkilatları Forumu da prezident seçkilərini izləmək üçün Azərbaycana müşahidəçi missiyası göndərib. Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin Qeyri-Hökumət Təşkilatları Forumu 2012-ci ildə yaradılıb və quruma 11 ölkədən olan çox sayda qeyri-hökumət təşkilatı daxildir.
Prezident seçkilərini izləmək üçün 20-dən çox xarici kütləvi informasiya vasitəsinin 70-ə yaxın nümayəndəsi MSK-da akkreditə olunub. Onların sırasında Türkiyənin TRT, Almaniyanın ARD, Rusiyanın "Russian Today" telekanallarının, "Bloomberg News", "Reuters", İTAR-TASS, "Sinxua", "Avropa Pressfoto", "Cihan" xəbər agentliklərinin, "Vesti Seqodnya", "Exo Planetı", "New-York Times" kimi qəzetlərin əməkdaşları var.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2013.- 9 oktyabr.- S. 1.