Mərkəzi Seçki
Komissiyasının sədri Məzahir Pənahov prezident
seçkilərinə
hazırlıqla bağlı sonuncu mətbuat konfransını
keçirmişdir
Mərkəzi
Seçki Komissiyasının sədri Məzahir Pənahov
oktyabrın 8-də Müstəqil Mətbuat Mərkəzində
prezident seçkilərinə hazırlıqla bağlı
sonuncu mətbuat konfransını keçirmişdir.
AzərTAc
xəbər verir ki, Məzahir Pənahov budəfəki
seçkilərdə 10 namizədin mübarizə
aparacağını bildirmişdir. O demişdir ki, Seçki
Məcəlləsində nəzərdə tutulduğu kimi,
prezidentliyə namizədlərə təbliğat-təşviqat
kampaniyası üçün bütün lazımi şərait
yaradılmış, kampaniya tam demokratik və qanunauyğun
keçmişdir.
Seçkilərdə 5 milyon 145 minə yaxın seçici 5 min 492 məntəqədə səs verəcəkdir. Onlardan 5 min 273-ü daimi, qalan 219-u isə səsverməyə 5 gün qalmış yaradılmış müvəqqəti məntəqələrdir. Müvəqqəti məntəqələr Azərbaycanın xarici dövlətlərdəki diplomatik nümayəndəliklərində, neft platformalarında, sanatoriyalarda, hərbi hissələrdə, islah əmək müəssisələrində, eləcə də Azərbaycan bayrağı altında üzən gəmilərdə yaradılmışdır.
M.Pənahov qeyd etmişdir ki, seçicilərin hüquqları pozulmazdır və adlarını seçici siyahısında tapmayan şəxslərin yaşadıqları ərazidəki məntəqəyə daxil olarkən şəxsiyyət vəsiqəsini təqdim etmələri kifayətdir. Onların adları əlavə seçici siyahısına daxil ediləcək və səsvermə hüququndan istifadə edə biləcəklər .
MSK sədrinin sözlərinə görə, seçkiləri 1400-ə yaxın beynəlxalq müşahidəçi izləyəcəkdir. Onların 100-ə qədəri xarici ölkələrin KİV nümayəndələridir. Eyni zamanda, seçki prosesini 52 minə yaxın yerli müşahidəçi izləyəcəkdir ki, onların da 6 mindən çoxu MSK-da, qalan 42 mini dairə seçki komissiyalarında akkreditasiyadan keçmişdir.
Mətbuat konfransında vurğulanmışdır ki, seçkilərlə əlaqədar 125 dairədə 5492 məntəqə yaradılmışdır. Bu məntəqələrin minində veb-kameralar quraşdırılmışdır ki, bu da ümumi sayın 20 faizini təşkil edir.
Seçki subyektlərinin maarifləndirilməsi məsələsinə toxunan MSK sədri bildirmişdir ki, bu istiqamətdə də mühüm işlər görülmüşdür. Belə ki, MSK bütün seçki subyektləri üçün müxtəlif formalı maarifləndirmə tədbirləri həyata keçirmişdir. Polislər, müşahidəçilər üçün yaddaş kitabçaları paylanmışdır.
Eyni zamanda, görmə qabiliyyəti zəif olan seçicilər üçün məntəqələrdə rahat şərait yaradılmışdır. Həmçinin hərəkət imkanları məhdud seçicilər üçün məntəqələrdə ilk dəfə panduslar qurulmuşdur. Bu qrupa aid olan insanlar təxminən 1200-ə yaxın məntəqəni əhatə edir.
Hazırda Həcc ziyarətində olan zəvvarlar üçün də məntəqə yaradılmışdır. Həcc ziyarətində, xidməti ezamiyyətdə və digər səbəblərdən Məkkədə olan 3700-ə qədər azərbaycanlı öz seçki hüququndan istifadə edə biləcəkdir.
MSK sədri
bildirmişdir ki, səsvermə oktyabrın 9-da saat 8.00-da
başlayacaq, 19.00-da başa çatacaqdır. Səsvermənin
gedişi ilə bağlı gün ərzində 5 dəfə
ictimaiyyətə məlumat veriləcək, səsvermənin
ilkin nəticələri isə elə həmin gün
axşam saatlarında açıqlanacaqdır.
Azərbaycan.-2013.- 9 oktyabr.- S. 4.