İtaliya Senatının 9 oktyabr prezident seçkilərini
izləyəcək
müşahidə missiyasının
üzvləri Milli Məclisdə olmuşlar
Oktyabrın 8-də Milli Məclisin Sədri Oqtay Əsədov oktyabrın 9-da keçiriləcək prezident seçkilərini müşahidə edəcək İtaliya Senatının üzvləri ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, İtaliya parlamentinin üzvlərini Bakıda görməkdən məmnunluğunu ifadə edən O.Əsədov indiyədək Azərbaycanda 6 dəfə prezident, 4 dəfə parlament seçkiləri keçirildiyini demişdir. Bu seçkilərdə Azərbaycan böyük təcrübə qazanmışdır. Əldə olunan təcrübə onu deməyə əsas verir ki, oktyabrın 9-da keçiriləcək 7-ci prezident seçkiləri də demokratik qaydada və şəffaflıq şəraitində reallaşacaqdır.
Azərbaycan
ilə İtaliya arasındakı əlaqələrə
toxunan Milli Məclisin Sədri bildirmişdir ki, rəsmi
Bakı ilə Roma arasındakı əlaqələr yüksək
səviyyədədir. İki ölkə arasındakı ticarət
dövriyyəsinin həcmi 3 milyard dollardan çoxdur.
Azərbaycanın "Şahdəniz" yatağından hasil ediləcək qaz Trans-Adriatik qaz kəməri vasitəsi ilə İtaliya ərazisindən keçərək Avropaya ixrac olunacaqdır. Bu kəmər Azərbaycan ilə İtaliyanın enerji sahəsində də əməkdaşlığına geniş imkanlar yaradacaqdır.
İtaliya Senatının üzvü Sergio Di Vina səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək demişdir ki, iki il əvvəl Bakıda olmuşdur. Budəfəki səfəri zamanı isə xeyli dəyişikliyin baş verdiyini görmüşdür.
Bildirilmişdir ki, Azərbaycan inkişafın yüksək mərhələsinə qədəm qoymuşdur ki, bu da İtaliya sərmayədarlarının marağına səbəb olmuşdur.
Senator seçki məntəqələrindəki seçkilərə hazırlığın yüksək səviyyədə olmasını müşahidə etdiyini və buna görə də prezident seçkilərinin şəffaf qaydada keçəcəyinə şübhə etmədiyini diqqətə çatdırmışdır.
Görüşdə
Azərbaycan ilə İtaliyanın qarşılıqlı əməkdaşlığının
perspektivləri haqqında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2013.- 9 oktyabr.- S. 4.