Fransalı senatorlar məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşlar

 

Azərbaycanda səfərdə olan Fransa Senatının deputatı xanım Natali Qulenin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 8-də məcburi köçkünlərlə görüşmüşdür.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, nümayəndə heyəti əvvəlcə Bakı İdarəetmə və Texnologiya Kollecinin yataqxanasında olmuşdur.

Yataqxanadakı şəraitlə maraqlanan qonaqlar Füzuli rayonundan olan məcburi köçkün Abbas Əliyevin ailəsinin yaşadığı otağa baxmışlar.

Dövlət komitəsinin sədr müavini Gəray Fərhadov qonaqlara  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və nəticələri, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Qeyd edilmişdir ki, Ermənistanın təcavüzkar siyasəti BMT, ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə dəfələrlə pislənilmişdir. Həmçinin erməni silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxarılması, öz doğma yurd-yuvalarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpası tələb edilmişdir. Bununla belə, beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan və danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutan Ermənistan işğal altında saxladığı ərazilərimizdə qanunsuz fəaliyyətini davam etdirməkdədir. Nəzarətdən kənarda qalmış bu ərazilərdə narkotik vasitələr əkilib-becərilir, transmilli cinayətkarlığın digər təhlükəli növləri tüğyan edir. Həmin nəzarətsiz zona böyük həcmdə narkotiklərin MDB və Avropa ölkələrinə tranzit marşrutuna çevrilmişdir.

Nümayəndə heyətinə qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə görülmüş işlər barədə də məlumat verilmişdir. Bildirilmişdir ki, son illərdə qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə salınmışdır. Bu qəsəbələrdə 160 minə yaxın qaçqın və məcburi köçkün yerləşdirilmişdir. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir.

Görüşdə qonaqları maraqlandıran suallar cavablandırılmışdır.

Sonra Fransa Senatının nümayəndə heyəti Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraiti ilə də tanış olmuşdur.

Məhəllə ilə tanışlıq zamanı qonaqlara məlumat verilmişdir ki, buradakı 1440 mənzildən 211-i birotaqlı, 659-u ikiotaqlı, 429-u üçotaqlı, 141-i isə dördotaqlıdır. Ərazidə klub-icma mərkəzi, inzibati bina, təcili yardım stansiyası, poçt şöbəsi və ikiçıxışlı yanğınsöndürmə deposu da vardır. Hazırda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, yeni qəsəbə və məhəllələr salınır.

Qonaqlar Ağdam rayonundan məcburi köçkün Nazilə Tağıyevanın evində çay süfrəsinə qonaq olmuş, məhəllədə tikilən 1300 şagird yerlik orta məktəb binasına baxmışlar.

Senatorlar qaçqın və məcburi köçkünlərin tezliklə doğma torpaqlarına qayıdacaqlarına inandıqlarını vurğulamış, Fransa ictimaiyyətinə onların vəziyyəti haqqında məlumat verəcəklərini bildirmişlər. Qonaqlar Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirmişlər.

 

Azərbaycan.-2013.-  9 oktyabr.- S. 5.