Naxçıvan-Sədərək yüksək təzyiqli magistral qaz kəməri istifadəyə verilmişdir

 

Oktyabrın 8-də yenidən tikilən Naxçıvan-Sədərək yüksək təzyiqli magistral qaz kəmərinin açılışı olmuşdur.

Bu barədə AzərTAc-a Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilmişdir. Kəmərin açılış mərasimində çıxış edən "Naxçıvanqaz" İstehsalat Birliyinin direktor müavini Ramin İsmayılov demişdir ki, muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikanın bütün yaşayış məntəqələri və istehsal müəssisələri fasiləsiz olaraq təbii qazla təmin edilmişdir. Bununla yanaşı, bu sahədə infrastrukturun təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzində saxlanılır, mövcud qaz xətlərində təmir işləri aparılır, istismar müddəti başa çatmış xətlər yeniləri ilə əvəz olunur. Naxçıvan-Sədərək yüksək təzyiqli qaz kəməri də yenidən çəkilmişdir. Tikinti işlərinə 37 milyon manata yaxın vəsait sərf olunmuşdur. Ramin İsmayılov muxtar respublikada istehlakçıları keyfiyyətli təbii qazla təmin etmək üçün bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərini bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan-Sədərək yüksək təzyiqli qaz xəttinin istifadəyə verilməsi münasibətilə istehlakçıları təbrik edərək demişdir: "Naxçıvan-Sədərək yüksək təzyiqli qaz xətti ötən əsrin 80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə çəkilmişdir. Qaz xətti 1990-cı ilə qədər istismar olunmuşdur. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası blokada vəziyyətinə düşmüş, nəticədə Naxçıvana təbii qazın verilməsi dayandırılmışdır. Bu xətt də 2005-ci ilədək istifadəsiz vəziyyətdə qalmışdır".

Ali Məclisin Sədri demişdir: "Korroziyaya qarşı lazımi qoruma sistemi olmayanuzun müddət istifadəsiz qalan Naxçıvan-Sədərək yüksək təzyiqli qaz xətti yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən də yeni qaz kəmərinin tikilməsi zərurəti yaranmışdı. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq uzunluğu 81 kilometr olan Naxçıvan-Sədərək yüksək təzyiqli qaz kəmərinin layihəsi hazırlanaraq tikinti işlərinə başlanılmış və bir il müddətində başa çatdırılmışdır. Qaz kəməri müasir tələblərə uyğun şəkildə çəkilmişdir. Xəttin üzərində 4 katod qoruma sistemi, 6 qazpaylayıcı stansiya quraşdırılmışdır ki, bu da təbii qazdan səmərəli və dayanıqlı şəkildə istifadəyə imkan verəcəkdir. Təbii qazdan itkisiz və səmərəli istifadə isə muxtar respublikanın qaz təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsinə şərait yaradacaqdır. 75 atmosfer təzyiqdə qaz xəttində 1 milyon 500 kubmetr təbii qaz ehtiyatı yaratmaq mümkün olacaqdır. Bu da hər hansı qəza baş verdikdə abonentlərin 8 gün müddətində təbii qazla tam təmin olunması deməkdir".

Ali Məclisin Sədri qaz təsərrüfatı işçilərinin qarşısında mühüm vəzifələrin durduğunu bildirərək demişdir: "Naxçıvan-Sədərək yüksək təzyiqli qaz boru xətti muxtar respublika iqtisadiyyatının inkişafında mühüm əhəmiyyətə malikdir. Qaz təsərrüfatı sahəsində çalışanlar bu boru xəttindən səmərəli istifadəni təmin etməli, istismar tələblərinə ciddi əməl olunmalıdır".

Ali Məclisin Sədri qaz xəttinin çəkilməsində əməyi olanlara təşəkkürünü bildirmiş, qaz kəmərinin istifadəyə verilməsini bildirən qurğunu işə salmışdır.

Qeyd olunmuşdur ki, Naxçıvan-Sədərək qaz kəməri 8 millimetr qalınlıqda 558,8 millimetr diametrli izolyasiyalı borularla 1 metr dərinlikdən çəkilmişdir. Qaz kəmərində katod qorumasına nəzarət etmək üçün 107 yerdə ölçmə dirəyi, qazpaylayıcı stansiya və qəza halları zamanı kəmərdən qazın tamamilə boşaldılmaması üçün 2 kran meydançası quraşdırılmışdır. Kəmərin çayyol keçidlərindən keçən hissələrində lazımi mühəndis-texniki qaydalara əməl edilmiş, kəmər boyu xidməti avtomobil yolu çəkilmişdir.

Tikinti işləri başa çatdırıldıqdan sonra qaz kəmərinə 102 atmosfer təzyiqdə su vurularaq sınaqdan çıxarılmışdır. 75 atmosfer işçi təzyiqə hesablanmış kəmər 20 atmosfer təzyiqlə istismar olunacaqdır. İstifadəyə verildikdən sonra xətdən Şərur rayonunda 17 min 772, Kəngərli rayonunda 5 min 355, Sədərək rayonunda isə 2 min 182 abonent olmaqla 25 mindən artıq abonent istifadə edəcəkdir.

 

Azərbaycan.-2013.-  9 oktyabr.- S. 6.