İlham Əliyev Azərbaycan seçicilərinin

 mütləq əksəriyyətinin səsini qazanmışdır

 

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir

Pənahov mətbuat konfransı keçirmişdir

 

 

Oktyabrın 9-da Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin yekun nəticələri ilə bağlı mətbuat konfransı keçirmişdir.

 

AzərTAc xəbər verir ki, MSK sədri M.Pənahov jurnalistlərə müraciətlə dedi:

- Hörmətli həmkarlar!

Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri!

Hörmətli televiziya tamaşaçıları!

 

Bu gün biz çox tarixi bir gün yaşadıq. Azərbaycanda prezident  seçkiləri çox yüksək səviyyədə keçirildi. Səhər saat 08:00-da məntəqələr açıldıqdan sonra seçicilərin çox böyük fəallığının şahidi olduqbu fəallıq gün ərzində - seçkilər başa çatana qədər, yəni saat 19.00-da məntəqələr bağlananadək müşahidə edildi.

5 milyon 145 min 643 Azərbaycan seçicisindən yekunda 3 milyon 720 min 643 nəfəri, yəni 72,31 faizi səsvermədə iştirak etmişdir. Kütləvi mütəşəkkilliklə keçən bu seçkilər geniş ictimaiyyətin - həm Azərbaycan ictimaiyyətinin, həm də beynəlxalq strukturların və müxtəlif səviyyədə çox nüfuzlu qurumların müşahidəçilərinin nəzarəti altında baş tutdu. Məntəqələrin 1000-də, təxminən 20 faizində veb-kameralar quraşdırılmışdır və bu məntəqələrdəki səsvermə prosesi gün ərzində online rejimdə bütün dünya ictimaiyyətinə çatdırılmışdır.

Səsvermə prosesi ilə bağlı informasiyalar davamlı şəkildə sizə çatdırıldığı üçün mən çox təfərrüata varmaq istəmirəm. Çünki bilirəm ki, gecədən keçsə də, Azərbaycan ictimaiyyəti daha çox yekun nəticələrlə maraqlanır.

Mən çox sevindirici bir halı qeyd etmək istərdim ki, gün ərzində MSK-ya bir dənə də olsun rəsmi şikayət daxil olmamışdır. Ancaq telefonla bəzi narazılıqlar, bəzi hallar barədə məlumatlar verilmişdir. Biz onlara da operativ surətdə reaksiya verərək prosesin çox şəffaf, müasir tələblərə cavab verən səviyyədə həyata keçirilməsinə nail olduq. Mən hesab edirəm ki, bütün bu proseslərdə çox fəal iştirakına görə həm Azərbaycan vətəndaşlarına, həm də seçkiləri müşahidə missiyasını həyata keçirən beynəlxalq qurumların nümayəndələrinə öz minnətdarlığımızı bildirməliyik. Eyni zamanda, seçki qurumlarının, aşağı seçki komissiyalarının MSK rəhbərliyi altında fəaliyyət göstərən üzvlərinin də peşəkar işlərinin öhdəsindən gəlməsini vurğulamalıyıq.

Hazırda bizim əlimizdə olan məlumatlar, - təbii ki, siz monitora baxarkən rəqəmlər dəyişə bilər, - 5 min 492 məntəqənin

3 min 947-dən daxil olmuş protokollardakı məlumatlara əsasən hesablanan nəticələrdir. Bu, təxminən ümumi məntəqələrin 72 faizinə yaxındır və ilkin nəticələr aşağıdakı kimidir:

 

Əliyev İlham Heydər oğlu - lehinə 2 milyon 282 min 936 səs verilmiş və 84,73 faizlə birinci yerdədir.

Həsənli Cəmil Poladxan oğlu - lehinə 140 min 34 səs verilmiş və 5,2 faizlə ikinci yerdədir.

Ağazadə İqbal Fehruz oğlu - lehinə 62 min 186 səs verilmiş və 2,31 faizlə üçüncü yerdədir.

Həsənquliyev Qüdrət Müzəffər oğlu - lehinə 56 min 708 səs verilmiş və 2,1 faizlə dördüncü yerdədir.

Oruc Zahid Məhərrəm oğlu - lehinə 40 min 255 səs verilmiş və 1,49 faizlə beşinci yerdədir.

İsmayılov İlyas Abbas oğlu - lehinə 30 min 40 səs verilmiş və 1,11 faizlə altıncı yerdədir.

Əlizadə Araz Məmməd-Mübariz oğlu - lehinə 23 min 731 səs verilmiş və 0,88 faizlə yeddinci yerdədir.

Quliyev Fərəc İbrahim oğlu - lehinə 23 min 451 səs verilmiş və 0,87 faizlə səkkizinci yerdədir.

Hacıyev Hafiz Ələmdar oğlu - lehinə 17 min 810 səs verilmiş və 0,66 faizlə doqquzuncu yerdədir.

Məmmədov Sərdar Calal oğlu - lehinə 17 min 8 səs verilmiş və 0,63 faizlə onuncu yerdədir.

 

Beləliklə, Əliyev İlham Heydər oğlu çox böyük səs fərqi ilə növbəti beş ilə Azərbaycan Respublikasının Prezidenti seçilmək üçün hazırda liderlik edir. Dediyim kimi, bunlar ümumi məntəqələrin 72 faizindən daxil olmuş nəticələr əsasında olan rəqəmlərdir. Çox güman ki, yaxın yarım, bir saata bizim bütün məntəqələrimizdən, yəni 5 min 492 məntəqənin hamısından nəticələr daxil olacaqdır və vətəndaşlarımız internet səhifəmizə daxil olmaqla prosesin dinamikasını izləyə bilərlər. Hesab edirəm ki, MSK bu rəqəmləri təqdim etdikdən sonra artıq bizim sizin qarşınızda verəcəyimiz növbəti məlumatlar bütün məntəqələrdən, yəni 5 min 492 məntəqədən daxil olan məlumatlar əsasında hazırlanacaqdır. Bunlar yenə də ilkin rəqəmlər olacaqdır. Güman ki, biz bütün məntəqələrdən alınan nəticələrin yekununu KİV-lərə sabah təxminən saat 10-11 radələrində çatdıracağıq. MSK-nın üzvləri ilə müzakirə edildikdən sonra bununla bağlı mətbuata məlumat veriləcəkdir.

Dediyim kimi, bunlar hələ ilkin nəticələrdir və Seçki Məcəlləsinin tələbinə görə bütün 125 dairədən protokollar 2 gün müddətində, yəni sabahbirisi gün MSK-ya daxil olacaqdır. Protokolların MSK-ya daxil olması prosesi də şəffaf həyata keçirilir. Arzu edən bütün müşahidəçilər bu prosesdə iştirak edə bilərlər. Protokollar daxil olduqdan sonra MSK həmin nəticələri artıq protokol nəticələrinə görə bizim dərc edilmiş cədvəldə əks etdirəcək və ictimaiyyətə çatdıracaqdır. Sonra MSK bütün daxil olan müraciətlərə, - əgər belələri olacaqsa, dediyim kimi, bu gün bizə heç bir müraciət daxil olmamışdır, - baxıb və qısa müddətdə prosesə yekun vurub sənədlərin təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərəcəyik.

Ümumilikdə, proses çox mütəşəkkil, yüksək səviyyədə keçmişdir. 5 min 492 məntəqənin hamısında seçkilər baş tutmuşdur. Gün ərzində heç bir dairədə, hətta məntəqə səviyyəsində nəticələrə kölgə sala biləcək hansısa ciddi bir pozuntu halının baş verməsi ilə bağlı məlumatlar daxil olmamışdır.

Dediyim kimi, ancaq "qaynar xətt"ə telefon zəngləri olmuş, müəyyən narahatlıqlar bildirilmiş və MSK üzvlərinin məsələlərə operativ reaksiya verməsi nəticəsində bütün anlaşılmazlıqlar aradan qaldırılmışdır.

Sevindirici haldır ki, çoxsaylı müxtəlif beynəlxalq müşahidəçilərin, müxtəlif dövlətlərin yəni ABŞ, Şərqi Avropa dövlətləri daxil olmaqla seçki qurumlarının rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətlərinin hamısının yekdil rəyi belə olmuşdur ki, seçkilər yüksək səviyyədə keçmişdir. Seçki prosesində peşəkar ekspertlər olduğu üçün biz xüsusilə onların rəylərini ictimaiyyətə çatdırmalıyıq. Hətta beynəlxalq kütləvi informasiya vasitələri də müxtəlif səpkidə, müxtəlif bölgələrdə, müxtəlif məntəqələrdə təşkil olunmuş müsahibələr və reportajlar vasitəsilə öz fikirlərini ictimaiyyətə çatdırmışlar.

Mən bir daha, ilk növbədə, seçki prosesində iştirak edən qonaqlarımıza MSK adından öz minnətdarlığımı bildirmək istəyirəm. Müşahidəçiləri dəvət etmək hüququna malik olan strukturlar bilirsiniz ki, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasıdır. Bizim dəvətimizi qəbul edib Azərbaycana təşrif buyurduğu üçün beynəlxalq müşahidəçilərə və beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələrinə, - onların sayı 1400-ə yaxın idi, - xüsusi minnətdarlığımızı bildirmək istəyirəm.

Hesab edirəm ki, biz bu gün sizinlə çox ağır, amma çox şərəfli bir missiyanın öhdəsindən gələ bildik. Azərbaycan xalqının öz konstitusion hüququnu həyata keçirməsi üçün fəaliyyətimiz nəticəsində bütün şəraiti yaratdıq. Azərbaycan ictimaiyyəti isə növbəti beş il üçün öz mövqeyini ortaya qoydu. Bu mövqenin çox ədalətli və şəffaf şəkildə bildirilməsi üçün bütün seçki qurumları öz peşəkarlığını nümayiş etdirdi. Mən onlara da öz minnətdarlığımı bildirirəm. Çox sağ olun.

Sonda jurnalistlərin sualları cavablandırılmışdır.

 

 

AzərTAc

Azərbaycan.-2013.- 10 oktyabr.- S.2.