Azərbaycanda keçirilən prezident seçkiləri dünyanın nüfuzlu

 kütləvi informasiya vasitələrinin də diqqət mərkəzindədir

 

Azərbaycanda keçirilən prezident seçkiləri dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin də diqqət mərkəzindədir.

AzərTAc xəbər verir ki, "Euronews" telekanalı və "Reuters" agentliyi, eləcə də ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiyabir sıra digər ölkələrin kütləvi informasiya vasitələri ölkəmizdə keçirilən seçkilərə xəbər bülletenlərində geniş yer ayırmışlar.

Türkiyənin "TRT haber" telekanalında yayımlanan süjetdə səsvermənin səhər saat 8:00-da başlandığı xəbər verilmiş,  müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda sayca yeddinci prezident seçkilərinin keçirildiyi bildirilmişdir. Qeyd edilmişdir ki, məntəqələrdə seçicilərin sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılmışdır. Süjetdə əsas diqqət seçkilərdə şəffaflığın təmin olunması üçün seçicilərin barmaqlarının mürəkkəblənməsinə yönəldilmişdir.

Rusiyanın "İTAR-TASS" agentliyinin Azərbaycandakı seçkilərlə bağlı diqqəti cəlb etdiyi əsas məqam 1000 məntəqədə veb-kameraların quraşdırılması və istənilən şəxsin səsvermə prosesini canlı izləməsi olmuşdur. Səsvermə günü ölkədə təhlükəsizliyin yüksək səviyyədə təmin olunması da rusiyalı jurnalistlərin diqqətindən kənarda qalmamışdır.

 "RİA-Novosti" agentliyinin xəbərində isə səsvermənin gedişinin 1400-ə yaxın beynəlxalq müşahidəçi tərəfindən izlənildiyi, müxtəlif təşkilatların "exit-poll" keçirdiyi vurğulanmışdır.

"Euronews" telekanalında yayımlanan reportajda Azərbaycanda əhalinin firavan həyat şəraitindən söhbət açılır. Ölkəmizdə çoxsaylı müasir hotellərin, göydələnlərin tikildiyi bildirilir. Bütün bunlar Azərbaycanın əldə etdiyi uğurlar kimi qiymətləndirilir. "Euronews"un reportajında son illərdə Azərbaycandakı iqtisadi inkişafa diqqət cəlb edilərək ölkəmizdə adambaşına düşən ümumi daxili məhsulun həcminin xeyli artdığı vurğulanmış, bunun bütün dünyada ən böyük göstərici hesab olunduğu bildirilmişdir.

"Reuters" agentliyi də Azərbaycanda keçirilən prezident seçkilərinə yer ayırmışdır. Agentlik əsas diqqəti seçkilərə son hazırlıq prosesi və səsvermənin gedişinə cəlb etmişdir.

 

Azərbaycan.-2013.- 10 oktyabr.- S.3.