Valeri Çeçelaşvili: Azərbaycanda prezident seçkiləri beynəlxalq

öhdəliklərə və demokratik seçki standartlarına uyğun keçirilmişdir

 

Oktyabrın 9-da Azərbaycanda prezident seçkiləri beynəlxalq öhdəliklərə və demokratik seçki standartlarına uyğun keçirilmişdir.

Müstəqil Mətbuat Mərkəzindən AzərTAc-a bildirmişlər ki, belə bir bəyanatla GUAM-ın müşahidə missiyası adından qurumun baş katibi Valeri Çeçelaşvili çıxış etmişdir.

V.Çeçelaşvili demişdir ki, GUAM-ın müşahidəçiləri paytaxt Bakıda və Sumqayıtda 35 məntəqədə səsvermənin gedişini izləmişlər. Missiyanın üzvləri belə bir qənaətə gəlmişlər ki, seçkilər beynəlxalq öhdəliklərə, xüsusən də Avropa Şurasının standartlarına, eləcə də Azərbaycan qanunvericiliyinə uyğun təşkil olunmuşdur. Səsvermə demokratik seçki standartlarına cavab vermişdir.

Baş katib bildirmişdir ki, GUAM-ın müşahidə missiyasının seçkilərin nəticələrinə təsir edə biləcək heç bir iradı yoxdur. Seçkilər normal rəqabət mühitində, azad, şəffaf və ədalətli keçmişdir.

GUAM-ın müşahidə missiyasına Ukraynadan və Gürcüstandan deputatlar daxildir.

 

Azərbaycan.-2013.- 10 oktyabr.- S.4.