ABŞ-ın «Arthur J.Finkelstein and Associates» şirkəti

Azərbaycanda keçirdiyi exit-pollun nəticələrini elan etmişdir

 

ABŞ-ın "Arthur J.Finkelstein and Associates" şirkəti oktyabrın 9-da Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirdikləri exit-pollun nəticələrini elan etmişdir.

AzərTAc xəbər verir ki, şirkət 100 dairə üzrə 835 məntəqədə exit-poll keçirmişdir. Səs vermiş 60 mindən çox seçici exit-polla cəlb olunmuşdur. Exit pollda iştirak edən seçicilərin anonimliyi təmin edilmişdir.

Seçki günü hər məntəqənin çıxışında 2 sorğu aparan müsahibəçilər qutu, anketlər və tələb olunan ləvazimatla dayanmış və hər bir məntəqə üçün əvvəldən müəyyən edilmiş addıma əsasən səs verib seçki məntəqəsindən çıxan seçicilərin seçimini apararaq onlara yaxınlaşıb sorğu anketini doldurmağı təklif etmişlər.

Toplanmış anketlər gün ərzində 3 dəfə - saat 11:00, 14:00, 17:00 -da qutudan çıxarılmış, cavablar hesablanmış və Bakıda yerləşən qərargaha ötürülmüşdür.

Şirkətin apardığı exit-pollun nəticələrinə əsasən prezidentliyə namizədlərin topladığı səslər belə olmuşdur: İqbal Ağazadə - 1,6 faiz, İlham Əliyev - 82,7 faiz, Araz Əlizadə - 1,2 faiz, Hafiz Hacıyev - 0,7 faiz, Qüdrət Həsənquliyev - 1,7 faiz, Cəmil Həsənli - 8,8 faiz, İlyas İsmayılov - 0,9 faiz, Fərəc Quliyev - 0,9 faiz, Sərdar Məmmədov - 0,6 faiz, Zahid Oruc - 0,9 faiz.

 

Azərbaycan.-2013.- 10 oktyabr.- S.4.