YAP-ın mərkəzi seçki qərargahı gücləndirilmiş rejimində fəaliyyət göstərdi

 

Prezident seçkiləri kampaniyasının bütün mərhələlərini uğurla başa vuran Yeni Azərbaycan Partiyasının mərkəzi seçki qərargahı oktyabrın 9-da gün ərzində gücləndirilmiş rejimində fəaliyyət göstərdi. Səsvermənin başa çatdığı saatlarda qərargahda müşahidələrimiz bunu təsdiq etdi.

YAP-ın sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirdi ki, mərkəzi seçki qərargahına partiya fəallarının əhəmiyyətli bir hissəsi, o cümlədən gənclər cəlb olunmuşdular. Qərargah fəaliyyətə başladığı ilk gündən onlar seçki kampaniyasının idarə edilməsində, təbliğat və təşviqatın aparılması, monitorinqlərin, informasiya təminatının həyata keçirilməsi üçün kifayət qədər fədakarlıq göstərdilər. O cümlədən, YAP-ın rayon təşkilatlarında yaradılan seçki qərargahları da seçki kampaniyasının bütün mərhələlərində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər.

Səsvermə günü səhər saat 8:00-dan bütün seçki qərargahları kifayət qədər gücləndirilmiş iş rejimində fəaliyyətə başladı. Mərkəzi qərargah bölgələrlə, seçki məntəqələrində müşahidə aparan YAP üzvləri ilə daimi əlaqə saxladı və bu yolla biz seçki prosesini fəal şəkildə izlədik, seçkilərin gedişi ilə bağlı lazımı informasiyaları əldə etdik. Hər bir saat ərzində qərargaha məlumatlar daxil oldu. Bu məlumatlarda bir yandan seçici fəallığı öz əksini tapdı, digər yandan pozuntular barədə informasiyalar əldə etdik. Təəssüflə qeyd etməliyəm ki, bu seçkidə də aqressiv müxalifət təmsilçiləri bir neçə məntəqədə səsvermənin gedişini pozmağa cəhd göstərib, insanların sərbəst şəkildə səs verməsinə əngəl törətmək istəyiblər. Onlar həmçinin səsvermə məntəqəsi içərisində,  yaxud ətrafında ayrı-ayrı namizədlərin xeyrinə təşviqat aparmağa çalışıblar. Bütün bunların hamısı operativ şəkildə qərargah tərəfindən əldə edildi və hazırlanan bülletenlərdə öz əksini tapacaq.

Bütövlükdə biz həyata keçirdiyimiz seçki fəaliyyətini qərargahdan səmərəli şəkildə idarə olunmasını təmin etdik. Qərargahın əldə etdiyi bütün məlumatlar göstərdi ki, YAP-ın seçki kampaniyası və bütövlükdə səsvermə uğurla həyata keçirildi.

Qeyd edək ki, YAP-ın mərkəzi seçki qərargahının rejimi səsvermə gününün sonunadək davam etdi. Qərargahda çalışan partiya fəalları gün ərzində müşahidəçilərdən lazımi informasiyaları aldılar, mətbuatı, "exit-poll" açıqlamalarını izlədilər, qanun pozuntularını qeydə aldılar.

Mərkəzi qərargahda YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlıdan

YAP-ın seçki kampaniyası ilə bağlı fikirlərini öyrəndik. O dedi:

- Yeni Azərbaycan Partiyası seçki kampaniyasını uğurla həyata keçirdi. Səsvermənin nəticələri bunu əyani şəkildə təsdiq etdi. Fəxrlə deyə bilərik ki, Prezident İlham Əliyevin respublikamızın sosial-iqtisadi inkişafı üçün gördüyü işlərin miqyası kifayət qədər böyükdür. Bu gün hər bir şəhər, kənd, qəsəbə abadlaşdırılıb, yeni yerləri açılıb. Azərbaycanın sosial-iqtisadi həyatında ciddi əhəmiyyətli dəyişikliklər baş verib. Bütün bunlarla bağlı çoxlu faktların olduğu bir zamanda seçki kampaniyasını və seçki təşviqatını aparmaq da rahatdır. Bu baxımdan YAP seçki kampaniyasının bütün mərhələlərini uğurla, bütövlükdə isə seçkini qələbə ilə başa vurdu.

Təşviqat kampaniyası dövründə biz KİV-in imkanlarından və seçicilərlə keçirilən görüşlərdən maksimum yararlana bildik. Teledebatlarda, radiodakı çıxışlarda nümayəndələrimiz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti seçicilərə ətraflı şəkildə izah edə bildilər. Seçki təşviqat kampaniyası dövründə YAP-ın təşkil etdiyi tədbirlər və keçirdiyi görüşlər sayına və keyfiyyətinə görə digər namizədlərin keçirdiyi görüşlərdən qat-qat çox oldubiz seçicilərin ən azından 65 faizini əhatə edə bildik. Əslində, seçki kampaniyası dövründə seçicilərin hamısı əhatə olunmuşdu. Onlar radio, televiziya və mətbuat vasitəsilə Prezident İlham Əliyevin fəaliyyəti, seçki proqramı ilə bağlı məlumatlar əldə etdilər. Bu da olduqca əhəmiyyətli bir məsələdir. Çünki seçki kampaniyası dövründə seçicilərlə canlı təmas təbliğat və təşviqat baxımından əvəzedilməz variantdır.

"Azərbaycan seçicilərinin böyük əksəryyəti Prezident İlham Əliyevin seçki platformasını müdafiə etdiona səs verdi. Seçki qutuları açıldıqda biz cənab İlham Əliyevin yüksək faizlə qələbəsini gördük" - deyə Mübariz Qurbanlı bildirdi.

Qeyd edək ki, dağıdıcı müxalifət nümayəndələri səvermə günü seçki məntəqələrində qanun pozuntularına cəhd göstəriblər. Həmçinin seçkilərin guya saxtalaşdırıldığını nümayiş etdirən videoçarx hazırlayaraq internetə yerləşdiriblər. Elə bu videoçarxla da özlərini gülüş hədəfinə çeviriblər. YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovla söhbətimiz bu mövzuda oldu. Onun sözlərinə görə, dağıdıcı müxalifət seçkinin bütün mərhələlərində ciddi qanun pozuntularına yol verdi: "İlk növbədə təbliğat-təşviqat başlamazdan əvvəl "Milli Şura"nın namizədi Cəmil Həsənlinin açıq şəkildə təbliğatı mətbuat orqanlarında getdi. Lakin bildiyiniz ki, qanunvericiliyə əsasən təbliğat-təşviqat kampaniyasının başlamasından əvvəl təbliğatın həyata keçirilməsi yolverilməzdir. Biz bununla bağlı bir neçə dəfə Mərkəzi Seçki Komissiyasına faktlarla müraciət etmişik. Təbliğat kampaniyası dövründə də Azərbaycan Konstitusiyanın və Seçki Məcəlləsinin müvafiq maddələri Cəmil Həsənli tərəfindən pozuldu. Həm keçirdiyi mitinqlərdə, görüşlərdə, həm də televiziya debatlarında YAP-ın namizədinə və səlahiyyətli nümayəndələrinə qarşı qanunvericiliyə zidd olan fikirlər səsləndirdi, təhqirlərə yol verdi. Yalan  böhtana əl atdı, əhalini çaşdırmağa çalışdı. Bu da qanunvericiliklə ziddiyyət təşkil edir. Buna görə də biz Mərkəzi Seçki Komissiyasına müraciət etmişik. Bundan sonra digər orqanlara da bu məsələlərin araşdırılması ilə bağlı müraciətlər edəcəyik".

Siyavuş Novruzov bildirdi ki, seçki günündə də müxalifətçilər tərəfindən qanun pozuntularına yol verilməsi ilə bağlı məlumatlar daxil oldu. Müxalifət seçki günü digər təxribat əməllərinə də yol verib, bülletenlərin seçki qutusuna kütləvi şəkildə salınmasını göstərən videoçarx hazırlayaraq internetə yerləşdirib. Həmin videçarxdan belə çıxır ki, guya Şəmkirin Əliyaqublu kəndində seçki saxtakarlığına yol verilib. Lakin videoçarxdakı şərhlər oktyabrın 8-i tarixində yazılıb. Bu da göstərdi ki, videoçarx təxribat məqsədilə məqsədyönlü şəkildə hazırlanıb və orada yer alan faktlar saxtadır. Araşdırmalar onu da göstərdi ki, Əliyaqublu kəndində həmin videoçarxda göstərilən formada seçki məntəqəsi yoxdur. Müxalifətçilər bu kimi saxtakarlıqla beynəlxalq müşahidəçiləri aldatmaq istəyir, seçkinin nəticəsinə kölgə salmağa cəhd göstərirlər.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2013.- 10 oktyabr.- S.4.