Seçkilərdə dünya üzrə ilk səsləri ASAİF üzvləri verdilər

 

Azərbaycanlı gəncləri bir araya toplayaraq onları dövlətimizin və xalqımızın maraqları naminə səfərbər edən təşkilatlardan biri də Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Forumudur (ASAİF). Forumun məqsədi xaricdə təhsil alan, məzun adını qazanmış gəncləri şəbəkələşdirmək və bunun vasitəsilə Azərbaycanı dünyada layiqincə təmsil etməkdir.

Başa çatan prezident seçkilərində ASAİF-də fəal iştirak edərək Prezident İlham Əliyevin seçki platformasının təbliği, gənclərin seçki fəallığının artırılması, maarifləndirilməsi işində yaxından iştirak etdi. O cümlədən seçki günü ASAİF üzvləri səsvermədə iştirak etdikdən sonra seçkilərlə bağlı layihələrini günün sonuna kimi davam etdirdilər. Bu məsələlərlə bağlı seçki gününün sonunda ASAİF-in sədri Ramin Həkimovla söhbətləşdik. Onun sözlərinə görə, gənclər təşkilatları arasında ilk dəfə olaraq ASAİF bu ilin mart ayında İtaliyanın paytaxtı Roma şəhərində keçirilən forumda qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan etdi: "Dünyanın dörd bir yanından, ümumilikdə 45 ölkədən gələn 450-dən çox gəncin iştirak etdiyi forumda Prezident İlham Əliyevin vətənimiz naminə yürütdüyü məqsədyönlü siyasət alqışlanaraq bu siyasətin davam etdirilməsi üçün Azərbaycan gəncliyinin qarşısında duran vəzifələr müəyyənləşdirildi. Təşkilat bu niyyətini avqustun sonunda keçirilən XI Yay Forumunda bir daha bəyan etdi. Forum üçün seçilən "Bizim forum, bizim seçim, bizim Azərbaycan" devizibu amala xidmət edirdi".

Ramin Həkimov bildirdi ki, həyata keçirdikləri əsas işlərdən biri xaricdə təhsil alan tələbələrin səsvermələrinə yardım etməkdir. ASAİF rəhbərliyi mütəmadi olaraq həmin insanlarla təmasda olub. Onların hər birinin elektron ünvanlarına göndərilən maarifləndirici məlumatlarda prezident seçkilərində iştirak etmələrinin hüquqi tərəfləri izah olunub. ASAİF bu məqsədlə sosial şəbəkələrin - "Facebook", "Twitter" və "İnstagram"ın imkanlarından yararlanaraq müəyyən layihələr həyata keçirib.

ASAİF "10 il", "Mənim Prezidentim" və "Səs Ver" kampaniyalarına da aktiv şəkildə qoşulub, mütəmadi olaraq gənclərlə görüşlər təşkil edib. "10 il" kampaniyası çərçivəsində reallaşdırılan "Azərbaycanımın inkişafı-10 il" layihəsi "İrəli" İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ilə yanaşı həm də ASAİF-in ortaq təşəbbüsü əsasında həyata keçirilib. Bu layihə təşkilatın 53 ölkədə olan 253 nümayəndəliyində təbliğ edilib.

ASAİF-in seçki kampaniyası dövründə cənab İlham Əliyevin seçki təbliğatı ilə bağlı həyata keçirdiyi layihələrdən biri də hazırlanan videoçarxdır. Prezident İlham Əliyevə dəstəyin nümayiş etdirildiyi bu videoçarxa ilk iki gün ərzində 15 mindən artıq baxış olub. Seçki gününə qədər isə baxışların sayı 20 mini keçib.

Oktyabrın 9-da isə ilkson səs verənlər ASAİF üzvləri oldular. Belə ki, Çində təhsil alan azərbaycanlı tələbələr hələ ölkəmizdə səsvermə başlamamış öz seçimlərini etmiş, cənab İlham Əliyevə səs vermişdilər. ABŞ-da təhsil alan ASAİF üzvləri isə öz seçimlərini saat fərqinə görə ən sonda ediblər.

Axşam saatlarında isə ASAİF üzvləri digər gənclər təşkilatlarının üzvləri ilə birlikdə avtoyürüşdə iştirak edərək Prezident İlham Əliyevin qələbəsini böyük coşqu ilə qeyd etdilər.

Ramin Həkimov bildirdi ki, bu gün sürətlə inkişaf edən Azərbaycanda yaradılan bünövrə bir neçə ildən sonra elmli, təhsilli, müasir dünyagörüşü ilə seçilən gənclər tərəfindən daha da möhkəmləndiriləcək. Prezident İlham Əliyevin "qara qızılı insan kapitalına çevirək" təşəbbüsü də məhz buna hesablanıb. Son 10 ildə bu istiqamətdə vacib addımlar atılmaqla mühüm uğurlar əldə edildiyi göz önündədir. Artıq bəlli olan gələcək isə ondan xəbər verir ki, cənab İlham Əliyevin növbəti prezidentliyi dövründə ölkəmiz daha böyük uğurlar qazanacaq. Gələcək uğurların əldə edilməsində isə cəmiyyət həyatının hər bir sahəsində fəallığı ilə seçilən bugünkü Azərbaycan gənclərinin mühüm töhfələri olacaq. Gənclərimiz seçkidə cənab İlham Əliyevi yekdilliklə dəstəkləməklə bu niyyətlərini ortaya qoydular.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2013.- 10 oktyabr.- S.6.