Məcburi köçkünlər
seçkilərdə fəallıq göstərdilər
9 oktyabr 2013-cü il tarixində respublikamızda keçirilən prezident seçkilərində iştirak edən seçicilərin arasında yurd-yuvası Ermənistanın təcavüzkar siyasəti nəticəsində işğala məruz qalaraq məcburi köçkün həyatı yaşayanlar da az deyil. Bu vacib siyasi kampaniyada - taleyüklü məsələdə məcburi köçkün soydaşlarımızın da fəal və mütəşəkkil şəkildə iştirakının şahidinə çevrildik.
Bəri başdan onu xatırladaq ki, ötən seçkilərdən builkini fərqləndirən bir sıra amillər var. Onlardan biri də məcbiri köçkünlər üçün yaşayış məntəqələrində yeni seçki məntəqələrinin fəaliyyət göstərməsidir. Belə yaşayış massivlərindən biri də Bakı şəhəri Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində ötən il istifadəyə verilib. Bütünlüklə zəruri infrastruktura malik yeni qəsəbədə fəaliyyət göstərən 1296 şagird yerlik, dördmərtəbəli orta məktəb binası 9 oktyabr 2013-cü il tarixində həm də seçicilərin ixtiyarında idi. 118 saylı Ağdam şəhər Seçki Dairəsinin 46 saylı seçki məntəqəsi də burada yerləşir. Adıçəkilən seçki məntəqəsində olarkən seçicilərin azad, sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradıldığını elə ilk anlardan hiss etdik.
Məntəqə seçki komissiyasının sədri Nəsibə Hüseynova söhbətə seçicilərin fəallığından başladı:
-Seçicilərimizin bugünkü fəallığının səbəbləri var ki, onlardan biri seçkilərin azad, demokratik və şəffaq şəkildə keçirilməsi üçün münbit şəraitin yaradılmasıdır. 118 saylı Ağdam şəhər Seçki Dairəsi üzrə 38995 seçicinin 1068 nəfəri məhz bizim - 46 saylı məntəqədə səs verir. Gəncliyimiz builki seçkilərdə sayca çox olduqları kimi, həm də fəaldırlar. Dairə üzrə seçicilərdən 2000 nəfəri bu il ilk dəfə səs verənlərdir. Məntəqəmizə gəlincə, fəallıq müşahidəçilər tərəfindən də qeyd edilir.
Öyrəndik ki, nəvəsi ilə səs verməyə gələn Sayat Hüseynovanın 78 yaşı var. O, səsverməyə yüksək əhval-ruhiyyə ilə gəlmişdi: "Mən ən yaxşı namizədə - Azərbaycanın bugününə və sabahına, dövlətimizi dünyada tanıdan, xalqımızın güzəranını ildən-ilə yaxşılaşdıran namizədə səs verdim".
Məntəqədəki yüksək əhval-ruhiyyəni yaradan səbəblərdən biri də seçicilərin ailə halında səsvermədə iştirakı idi. Fəxrəndə və Mirsəfər (beş nəfərlik ailəsi ilə), Bəhiyyə Behbudova, Zərifə Cəbrayılova, Gülüstan Tağıyeva, Ülviyyə Bağırova, Nabat Aslanova, Aygün Hüseynova ilə yanaşı, 76 yaşlı Dilbər Məmmədova (oğlu İlqar, gəlini Mehriban), Xumarə Əliyeva (ailə üzvləri Taryel, Orxan və Aynurla), haqq-ədalətə səs verməyə öz körpəsiynən gələn Ürfanə Cəfərova da onlar üçün yaradılan şəraitdən minnətdarlıqla söz açdılar. On səkkiz yaşlı Sənan Behbudov isə əminliklə bildirdi ki, biz növbəti prezident seçkilərində Qarabağda, daha dəqiq desək, işğaldan azad ediləcək yurdlarımızda səs verəcəyik. Seçki günü gəncliyin səsvermədə fəallığı da, təbii ki, ilk növbədə cəmiyyətin demokratikliyi, azad seçimə yaradılan şəraitdən irəli gəlir.
Səsverməyə qədər keçirilmiş seçki prosesi bir daha müsbət nəticəsini göstərdi. Arzu və istəklərini sərbəst ifadə etmək üçün seçki məntəqələrinə yollananlar arasında erməni vandalizminin qurbanlarına çevrilənlər az deyildir. Çünki ölkə əhalisinin bir milyondan yuxarısı qaçqın və məcburi köçkünlərdən ibarətdir. Seçicilərin 123 saylı Kəlbəcər Seçki Dairəsinin Abşeron, Bakı və Sumqayıt şəhərləri ərazilərindəki seçki məntəqələrinə həvəs və maraqla gəlmələrinin səbəbi bir idi: onlar öz layiqli namizədlərinə səs verməklə, dövlətimizin müstəqilliyinin daha da dönməzliyinin qarantına çevrilən şəxslə bir sırada olduqlarını ifadə etmək.
123 saylı Kəlbəcər Dairə Seçki komissiyasının sədri Adil Murtuzayevdən aldığımız məlumatlara əsasən, builki prezident seçkilərində 47430 nəfər kəlbəcərli 62 məntəqədə səs verir:
-Kəlbəcərlilər, ümumiyyətlə, ölkədə keçirilən seçki kampaniyalarında həmişə fəal olublar. Biz bunun bir daha builki prezident seçkilərinə hazırlıq dövründə şahidinə çevrildik. Respublikanın 700-dən yuxarı yaşayış məntəqəsində məskunlaşan kəlbəcərlilərin seçkilərdə fəal iştirak etmələri üçün lazımi şərait yaradılıb. Daha bir mühüm məqam da ondan ibarətdir ki, ölkə miqyasında məcburi köçkünlərimiz üçün yeni qəsəbələr salınıb və həmin yerlərdə seçki məntəqələri fəaliyyət göstərir.
Adıçəkilən dairə üzrə ilk dəfə builki seçkilərdə səs verənlərin sayı 3006 nəfərdir ki, onların da 849-u 18 yaşlı gənclərdən ibarətdir. Məntəqələrin əksəriyyətində seçkilərin gedişi beynəlxalq və yerli müşahidəçilər tərəfindən izlənilir. Dairə üzrə 320 nəfər müşahidəçi və "exit-poll" bu kampaniyada iştirak edir.
Dairənin Bakı şəhər Səbail rayonu Badamdar qəsəbəsindəki 236 saylı orta məktəb binasında fəaliyyət göstərən 4 saylı seçki məntəqəsində də seçicilərin azad şəkildə seçimlərini etmələri üçün zəruri şərait yaradıldığının şahidi olduq. Məntəqə seçki komissiyasının sədri Əkbər Sarıyev bildirdi ki, 757 seçicidən 9 nəfəri ilk dəfə səs verir. Məntəqənin ən yaşlı seçicisi isə 101 yaşlı Xeyrənsə Baxşəliyevadır. Ailəvi şəkildə bu il səs verənlərin də sayı ötən seçkilərdən xeyli çoxdur.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2013.- 10 oktyabr.- S.6.