Seçici-məhbuslar səsvermədə
mütəşəkkil iştirak
etmişlər
Dünən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin aidiyyatı idarə və cəzaçəkmə müəssisələrində də prezident seçkiləri fəallıqla keçirilmişdir. Qeyd edək ki, MDB məkanında ilk dəfə olaraq 2000-ci ildə Azərbaycan Prezidentinin sərəncamına əsasən ölkə miqyaslı seçkilərdə - referendum, parlament və prezident seçkilərində məhbuslar da səsvermə hüququndan istifadə edirlər.
Paytaxtın Böyük Şor qəsəbəsindəki 24 saylı Nizamı seçki dairəsinin 29 saylı seçki məntəqəsində olduq. Məntəqəyə daxil olarkən səsvermədə iştirak edəcək məhbuslara yaradılan şərait diqqətimizi çəkdi. Seçki məntəqəsinə yaxınlaşıb nizamla növbəyə duran məhbusların nəzakətinə heyran qalmaya bilmirsən. Mehribanlıqla qarşılanan seçicilər məntəqəyə daxil olaraq ilk əvvəl səsvermə siyahısında öz ad və soyadını müəyyənləşdirir, xüsusi işarə ilə imza edir, məntəqə sədrindən bülleten alıb, yaxınlıqdakı lövhədə prezidentliyə namizədlərlə təkrarən tanışlıqdan sonra səsvermə kabinəsinə daxil olur və öz seçimini edir. Səsvermədə iştirak edib məntəqədən uzaqlaşmaq istəyən seçici Azad Əsgərov, Mais Səmədov və Adil Mahmudovla tanış oluruq. Məlum olur ki, nəinki Azərbaycanda, MDB idman aləmində tanınan, mötəbər yarışlarda möhtəşəm qələbələri ilə dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldıran Azad Əsgərov qaydasız döyüş üzrə dünya çempionu olub. Amma 5 ildir ki, məhbusluq həyatı yaşayır. Söbət zamanı Azad Əsgərov dedi:
- Mən və digər məhbus yoldaşlarım ilk səsverənlərdənik. Azərbaycanın gündən-günə inkişafı, tərəqqisi bizi çox sevindirir. Azərbaycan idmançılarının dünya çempionatlarında və yarışlarda əldə etdiyi uğurlardan qürur duyuruq. Böyük məmnuniyyətlə səsvermədə iştirak etdik. Normal və şəffaf şəraitdə istədiyimiz namizədə səs verdik.
Səvermədə iştirak edənlərdən biri - təqsirləndirilən şəxs Coşqun İsmayılov jurnalistlərə özü yaxınlaşıb ürək sözlərini ifadə etdi: - Buradakı insanlara bayırda, azadlıqda olanlar kimi konstitusion hüququndan istifadə etmələrinə hər cür şərait yaradılıb. Məhbuslar onların ailələrinə, övladlarına yaxşı olan, yaşadıqları ölkəni inkişaf etmiş dünya dövlətləri sırasına çıxaran, işğal altında olan Azərbaycan torpaqlarının azadlığı uğrunda mübarizə aparan, qaçqın və məcburi köçkünlərimizin hər an qayğısına qalan, bir sözlə, hər bir azərbaycanlının prezidenti olmaq istəyən şəxsə səs verdilər.
Məntəqə seçki komissiyasının sədri Anar Hüseynovdan aldığımız məlumata görə saat 11-ədək müəssisədəki 366 nəfər seçicidən 98 nəfəri səsvermədə iştirak etmişdi. AXCP-dən olan müşahidəçilər isə bildirdilər ki, səsvermədə heç bir qanun pozuntusuna yol verilməyib.
Penitensiar Xidmətin bu müəssisəsindən çox da uzaq olmayan Qapalı Mühafizə Alayında yerləşən 24 saylı Nizami birinci seçki dairəsinin 30 saylı məntəqəsində də hərbi geyimli seçici bolluğu müşahidə olunurdu. Burada səsvermə hüququna malik 475 nəfərin əksəriyyəti 18 yaşı tamam olmuş gənclərdir. Onların 245 nəfəri ilk dəfə olaraq seçkilərdə iştirak edirdi. Səsvermə qutusuna bülleteni atıb məntəqədən aralanmaq istəyən sıravi əsgər Azad Bağırzadə dedi:
- Böyük sevinc içindəyəm, bu tarixi kampaniyada iştirak edirəm. Azərbaycan ordusunun gündən-günə artan hərbi gücü, potensialı, ordu və hərbi sənaye quruculuğundakı irəliləyişlər, yeniliklər ölkəmizi daha qüdrətli etməkdədir. Mən ölkəmizdə sabitlik və əmin-amanlıq yaradan, ordu quruculuğuna böyük diqqət göstərən şəxsə səs verdim.
Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində yerləşən 24 saylı Nizami seçki dairəsinin 31 saylı seçki məntəqəsində 1280 nəfər seçki hüququna malik məhkumun səsvermədə iştirakı gözlənilirdi. Səhər saat 8-dən başlanan səsvermədə günorta saatlarına kimi 459 nəfər məhbus iştirak etmişdi. Suallarımızı cavablandıran seçki komissiyasının üzvü Şərif Cəfərov dedi:
- Məhkumlar səsvermə hüquqlarından qürur duyurlar. Özləri könüllü olaraq məntəqəyə gələrək adlarını secici siyahısında müəyyənləşdirib imza edirlər, seçki bülletenini götürüb istəsələr xüsusi stentdə yerləşdirilmiş lövhədə prezidentliyə namizədlərin tərcümeyi-halı və platforması ilə təkrarən tanış olurlar, nəhayət kabinetə keçib sərbəst olaraq istədikləri namizədə səs verirlər. Məntəqədə qanun pozuntusuna rast gəlinməyib.
Səsvermədən sonra məntəqəni tərk edən məhbus Ədalət Qasımov, Zeyniş Hüseynov, Hikmət Zeynalov və Nəriman Kakayevlə söhətləşirik. Ədalət Qasəmov məbus yoldaşlarının da fikrini ifadə edərək dedi:
- Məntəqədə normal şərait yaradılıb. Hər birimiz ayrı-ayrılıqda heç bir təzyiq və müdaxilə olmada istədiyimiz namizədə səs verdik.
15 saylı cəzaçəkmə müəssisəsinin seçici-məhbusları burada yaradılan 24 saylı Nizami seçki dairəsinin 32 saylı seçki məntəqəsində səs verirdilər. Məntəqə seçki komissiyasının sədri Məzahir Əhmədov bildirdi ki, saat 12-yə kimi səsvermə hüququna malik 635 məhbusdan 351-i səs verib.
Müstəqil müşahidəçilər Orxan Kərimovla Mahir Məmmədov dedi ki, səsvermə prosesində qanun pozuntusu müşahidə olunmayıb. Səsvermə üçün normal şərait yaradıldığından məhbuslar məmnunluqla səsvermədə iştirak edirlər.
Səsvermədən sonra söhbətləşdiyimiz məhbus-seçicilərdən Vaqif Rzayev, Sahib Rüstəmov, Taleh Rəsulov, Əli Səfərov, Elçin Mahmudov səsvermənin nörmal və şəffaf keçirildiyini bildirdilər.
***
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən günün ikinci yarısında aldığımız məlumata görə Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Ryazan şəhərində yerləşən Hüquq və İdarəetmə Akademiyasına təhsil almağa göndərilmiş 49 nəfər azərbaycanlı müdavim Azərbaycan Respublikası prezidentinin seçkilərində mütəşəkkiliklə iştirak etmişlər. Müdavimlər Moskva şəhərində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində öz seçki hüquqlarından istifadə etmişlər.
Rəhman
SALMANLI,
Azərbaycan.-2013.- 10 oktyabr.- S.7.