Paytaxt sakinləri seçkilərdə yüksək fəallıq göstərdilər

 

SƏBAİL

 

 

Səbail rayonunda iki seçki dairəsi - 23 saylı Nəsimi-Səbail və 29 saylı Səbail seçki dairəsi var.

 

Müşahidə apardığımız 29 saylı seçki dairəsinin 2, 4 və 5 saylı seçki məntəqələri həm seçici fəallığı ilə seçilən, həm də beynəlxalq və yerli müşahidəçilərin baş çəkdikləri məntəqələr idi.

Öncə 29 saylı DSK-nın 2 saylı seçki məntəqəsinin önündə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi "exit-poll" keçirirdi. Məntəqə seçki komissiyasının sədri Fikrət Əzizov bildirdi ki, demokratik və ədalətli seçkilərin keçirilməsi üçün lazımi şərait yaradılıb və seçicilər fəal şəkildə öz hüquqlarından yararlanırlar. 1269 seçicisi olan məntəqədə həm yerli, həm də beynəlxalq müşahidəçilər var idi. Seçkiləri müşahidə edən Yeni Azərbaycan Partiyasının nümayəndəsi Çingizxan Qasımovun dediyinə görə, şəffaf şəkildə keçən seçkidə xeyli fəallıq müşahidə olunur. Müəyyən qüvvələrin nümayəndələrinin bəzi təxribat xarakterli hərəkətlərinin qarşısı alınmışdır. Ümumilikdə heç bir pozuntu baş verməmişdir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının nümayəndəsi Lalə Əhmədova da seçki prosesinin gedişatından məmnundur: "Hər şey normaldır. İndiyədək prezident, parlament seçkilərində, referendumlarda müşahidəçi kimi iştirak etmişəm. Lakin budəfəki fəallıqla ilk dəfədir rastlaşıram".

"Milli Şura"nın nümayəndəsi Vasif Alışlı da seçkilərin gedişatından razıdır. O da seçkilərdə heç bir ciddi pozuntu ilə rastlaşmamışdır.

Avropa çempionu, dünya kubokunun ikiqat qalibi, məşhur veteran-güləşçi Rafiq Hacıyev səsverməyə həyat yoldaşı Rasimə Hacıyeva ilə gəlmişdir. R.Hacıyev səs verdikdən sonra bunları dedi: "Mən və həyat yoldaşım əmin-amanlığa və inkişafa səs verdik. Dövlət başçısının idmana göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınmışdır. Yeni nəsil də uğurlarımızı davam etdirərək beynəlxalq arenalarda bayrağımızı zirvəyə qaldırır".

4 saylı seçki məntəqəsinin önündə "Tərəqqiyə Elmi Dəstək" İctimai Birliyi və "Proqnoz" Müstəqil Sosioloji Tədqiqat Mərkəzi tərəfindən "exit-poll" keçirilirdi. Səs verib məntəqədən çıxan seçicilər etiraz etmədən hər iki "exit-poll"un suallarını cavablandırırdılar. Məntəqənin içərisində tibb məntəqəsi də fəaliyyət göstərirdi. Məntəqə seçki komissiyasının sədri Lalə Əliyeva bildirdi ki, 982 nəfər seçicisi olan məntəqədə seçkilərin demokratik, ədalətli şəkildə keçirilməsi və prezidentliyə namizədlərin nümayəndələrinin prosesi izləməsi üçün bütün lazımi şərait yaradılıb. Təxminən bir saat ərzində məntəqədə apardığımız müşahidələrə əsaslanaraq deyə bilərik ki, seçicilər fəal şəkildə məntəqəyə gəlir və sərbəst şəkildə hüquqlarından yararlanırdılar. Məntəqədə müşahidə aparan beynəlxalq qurumların müşahidəçiləri də seçki prosesindən məmnun qaldıqlarını bildirirdilər. Onu da qeyd edək ki, məntəqəyə səhər saatlarında 27 beynəlxalq və 29 yerli müşahidəçi daxil olmuşdu. Beynəlxalq müşahidəçi kimi seçki prosesini izləyən Türkiyə Böyük Millət Məclisinin deputatı Alpaslan Kavaklıoğlu bizimlə söhbətində bildirdi ki, 30-a yaxın həmkarı ilə Azərbaycanın müxtəlif şəhər və rayonlarında keçirilən seçki prosesində müşahidə aparırlar: "Seçkilər çox şəffaf və demokratik keçirilir. Vətəndaşlar sərbəst şəkildə məntəqəyə daxil olub səs verirlər. Yaradılan şərait də göstərir ki, burada hansısa bir qanun pozuntusunun olması qeyri mümkündür".

5 saylı seçki məntəqəsində seçicilər fəal şəkildə məntəqəyə gəlib səs verirdilər. Məntəqə seçki komissiyasının sədri Solmaz Həsənova bildirdi ki, 1014 nəfər seçicisi olan məntəqədə Seçki Məcəlləsinin tələblərinə uyğun formada seçki prosesi gedir. Səhər saatları olmasına baxmayaraq, məntəqədə seçici fəallığı müşahidə olunur. Məntəqəyə səhər saatlarında 28 beynəlxalq müşahidəçi baş çəkib. Biz də onlardan biri ilə söhbətləşdik. Mərkəzi Avropa Siyasi Monitorinq Qrupunun üzvü, avstriyalı deputat Volfqanq Spadiut bildirdi ki, seçkilər tam şəffat keçirilir: "Baş çəkdiyimiz bütün məntəqələrdə bunun şahidi olduq. Ümid edirəm ki, bundan sonra da baş çəkəcəyimiz məntəqələrdə şəffaflığın şahidi olacağıq. Seçki prosesinə nəzər yetirdikdə hiss olunur ki, Azərbaycan bu işə çox ciddi hazırlaşıb. Hər şey yüksək səviyyədə təşkil olunub. Bununla yanaşı, seçki prosesini izləyən müşahidəçilər arasında müxtəlif siyasi partiyaları təmsil edən nümayəndələrin olması ölkənizin öz güvənini daha da artırmış olur".

 

 

NƏRİMANOV

 

Oktyabrın 9-da Nərimanov rayonunda da qələbəlik hiss olunurdu. İnsanlar seçki məntəqələrinə gəlir, sərbəst şəkildə istədikləri namizədə səs verirdilər. Əhalisinin sayı 171 min nəfərdən çox olan rayonda 108 min 937 nəfər seçici qeydə alınıb. Bunun 1488 nəfəri 18 yaşlı gənclərdir. Rayonda 3 seçki dairəsi üzrə 79 seçki məntəqəsi fəaliyyət göstərir. 4 saylı seçki məntəqəsi rayonun Aşıq Qərib, Zeynal Xəlil və Məmməd Arif küçələrini əhatə edir. Məntəqənin qarşısında səsvermədən sonra təəssüratını ətrafdakılarla bölüşən seçici, Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Samir Xasıyevin atası Zirəddin Xasıyevlə tanış olduq. O dedi:

- Mən və qonşularım böyük məmnuniyyətlə səsvermədə iştirak etdik. Məntəqədə yaradılan demokratik mühit və şəffaflıq bizdə xoş ovqat yaratdı. Heç bir müdaxilə və narahatlıq olmadan istədiyimiz namizədə səs verdik... Mən şəhid atası kimi Qarabağ müharibəsinin ağrı-acılarını yaşamış insanam. Ölkəmizdə Qarabağ müharibəsi şəhidlərinə, iştirakçılarına, əlil və məcburi köçkünlərə, qaçqınlara dövlət qayğısı, el-oba ehtiramı var. Qaçqın və məcburi köçkünlər üçün müasir tipli qəsəbələr salınıb. Əzizlərini, yaxınlarını, doğma yurd-yuvasını itirmiş insanlara son illər normal şərait yaradılıb. Mən və mənimlə gələn bir neçə qapıqonşum indicə bu səsvermədə Azərbaycanı bu bəladən qurtarmaq istəyən şəxsə səs verdik. Səs verdik ki, qoy Azərbaycanda abadlıq, quruculuq və iqtisadi tərəqqi bundan sonra da davam etsin.

Məntəqə seçki komissiyasının sədri Rafail Bayramov bildirdi ki, 1418 nəfər səsvermə hüququ olan seçicidən saat 11.00-dək 396 nəfəri səsvermədə iştirak edib. Bir nəfər seçici qapıbir qonşusunun özünü yaxşı hiss eləmədiyinə görə şəxsiyyət vəsiqəsini gətirərək onun əvəzinə də səs vermək istədiyini bildirsə də, o vətəndaşa izah edildi ki, bu, mümkün deyil. Seçici yaxında yaşadığından az sonra gəlib həmin qonşusu ilə birlikdə səsvermədə iştirak etdi. Hazırda məntəqəyə gələnlərin say artımı müşahidə olunur. Müxalifyönlü partiyaların müşahidəçiləri  ilə söhbətdə onlar məntəqədə qanun pozuntusu ilə rastlaşmadıqlarını söylədilər.

Məntəqədə olduğumuz müddətdə  tərcüməçi ilə birlikdə gəlib-gedən bir neçə xarici müşahidəçi ilə də söhbət etdik. Onlar da 4 saylı məntəqədəki şəraitdən və şəffaflıqdan, rayonun ərazisində olan digər məntəqələrdə qanun pozuntusu ilə rastlaşmadıqlarını bildirdilər. Qeyd edək ki, beynəlxalq müşahidəçilər bu yaxınlarda 19 saylı Nərimanov birinci seçki dairəsində, həmin dairənin 18 saylı seçki məntəqəsində və 20 saylı Nərimanov ikinci seçki dairəsində olmuşlar, yaradılan şəraitdən razı qalmışlar. Məntəqədə olarkən ATƏT-in Demokratik Təşkilatlar və İnsan Hüquqları Bürosunun İsveç və Fransanı təmsil edən müşahidəçiləri də səsvermənin gedişində elə bir neqativ halla rastlaşmadıqlarını  dedilər.

19 saylı Nərimanov  seçki dairəsinin 15 saylı məntəqəsində də seçici çoxluğu müşahidə olunurdu. Səs verən gənclərlə görüşüb məntəqədə yaradılan şəraitlə bağlı fikirlərini öyrəndik. Səyavuş Əliyev, Razim və Namiq Ağazadələr, Salman Həsənov, Azər və Fuad Mustafayevlər, Səbinə Hacıyeva seçki məntəqəsinə qonşu  binada yaşayırlar. Fuad və Səbinə ilk dəfə seçkilərdə iştirak edirlər. Səbinə Hacıyeva bildirdi ki, bu seçki mənim üçün ikiqat bayramdır. Çünki bu il orta məktəbi bitirib texnikuma daxil olmuşam, ikinci də prezident seçkilərində iştirak edirəm. Bu, gəncliyimin ən unudulmaz və yaddaqalan anlarıdır. Biz gənclər, valideynlərimizlə birlikdə, gənclərin  hamisi və yaxın dostu, Azərbaycanın müstəqilliyinin ildən-ilə möhkəmlənməsi və ölkəmizin ərazi bütövlüyü naminə uğurlu siyasət aparan namizədə səs vermişik. Biz inanırıq ki, seçimimizdə yanılmamışıq.

Bu arzuyla, bu ümidlə istədikləri namizədə səs verməyə gələnlərin sayı  anbaan çoxalırdı. İctimai fəallıq rayonun digər seçki məntəqələrində də özünü göstərirdi.  Seçki məntəqələrini üzlərində təbəssüm və xoş ovqatla tərk edən seçicilər Azərbaycanın dinamik inkişafına, ordusunun güclü, əhalisinin xoşbəxt gələcəyinə, üçrəngli Bayrağının daha yüksəklərdə dalğalanmasına səs verirdilər.

 

 

 

YASAMAL

 

 

Yasamal paytaxtın yaşı səksəni ötən rayonudur. Bu rayonun simasını ötən əsrin 30-40-cı illərində birmərtəbəli binalar, dar küçələr təyin edirdi. Sovet illərində müəyyən dəyişikliklər oldu, rayon inkişaf etdi. Lakin müstəqillik illərində Yasamal  geniş prospektləri, müasir göydələnləri, gözəl parkları ilə paytaxtın ən müasir və cazibədar  rayonlarından birinə çevrildi.

9 ali, 4 orta ixtisas təhsili müəssisəsi bu rayonda gənclərin xüsusi çəkiyə malik olduğunu, onların seçkilərdə xüsusi fəallığını önə çəkməyə əsas verir.  Həmçinin Ermənistan respublikasından - öz doğma yurdlarından didərgin düşmüş qaçqın və Azərbaycanın işğal olunmuş ərazilərindən gələn 25715 nəfər məcburi köçkün də bu rayonda məskunlaşıb.

Bütün ictimai-siyasi hadisələrdə fəallıq göstərən rayon sakinləri prezident seçkilərinə də yaxşı hazırlaşmışdılar.

Rayon ərazisində 15 saylı Yasamal I, 16 saylı Yasamal II, 17 saylı Yasamal III seçki dairəsi və bir müştərək - 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi formalaşdırılmışdır.

16 saylı dairə seçki komissiyasının 53 nömrəli orta məktəbdə yerləşən 8 saylı seçki məntəqəsinin həyətində ilk eşitdiyimiz musiqi sədaları oldu. Şəmistan "İgid əsgər möhkəm dayan"  mahnısını oxuyurdu. Ətrafda insan ruhuna həzinlik gətirən və ucalıq bəxş edən bir əhvali- ruhiyyə hökm sürürdü. Günortadan xeyli ötsə də, seçki məntəqəsinin həyətində gələnlərin uzun növbəsi yaranmışdı. Seçki məntəqəsinin sədri Münəvvər  Yusubova 30 ildən artıqdır ki, seçkilərdə iştirak etsə də, bugünkü seçkilərin fərqləndiyini belə ifadə etdi:

- Yüksək ruh, fərqli fəallıq və dəqiq seçim hiss olunur. Elə parlament seçkiləri olub ki, bəzən namizədlərin çoxluğu seçiciləri çaşdırıb, seçim etməkdə çətinlik çəkiblər. İndi seçicilərimiz kimə, nə üçün səs verdiklərini yaxşı bilirlər.

Seçicilərdən Təranə Mustafayeva ilə söhbət edirik. Orta məktəbdə psixologiya fənnindən dərs deyir, onun seçkilərə yanaşması da elə tədris etdiyi fənnin prizmasından keçir:

-  Dövlətin inkişafı, iqtisadi qüdrəti, beynəlxalq nüfuzu insanların şüuruna təsir edir, onlar da bu dövlətin bir parçası kimi özlərini güclü və əzmli görürlər. Şəhəri, ölkəsi Vətəni ilə fəxr edən vətəndaş yenilməz və qəti olur, quruculuq, yüksəliş dinamikasına üstünlük verir.

Məntəqədə danışdığımız iqtidar və müxalifət partiyalarından olan namizədlərin müşahidəçilərinin demək olar ki, hamısı seçkilərin şəffaf və qanun çərçivəsində keçirildiyini, onlar tərəfindən heç bir pozuntunun qeydə alınmadığını bildirdilər.

Ağdamlı məcburi köçkün Səbuhi Mehdiyev dövlətin qayğısından, son illərdə bütün qaçqın və məcburi köçkünlərin evlə təmin olunmasından danışdı:

- Evimizdən-eşiyimizdən didərgin düşəndə kiminsə bizə sahib duracağını ağlımıza belə gətirmirdik. Beynəlxalq qurumlar Ermənistanı qınamadı, geri qayıtmağımızı təmin etmədi. Bizə yalnız dövlətimiz arxa durdu. Dövlətimiz 20 ildən artıqdır ki, qayğımızı çəkir, problemlərimizi həll edir. Biz, əlbəttə, bu gün bu uğurların təməlini qoyan, bizi həyatın ümidinə buraxmayan namizədə səs veririk.

 

 XƏZƏR

 

 

Xəzər rayonunda ümumilikdə 2 seçki dairəsi üzrə 63 seçki məntəqəsi fəaliyyət göstərirdi. Bütün məntəqələr daxil olmaqla, rayonda 84 914 nəfər seçici qeydiyyata alınmışdı. Onlardan 42 856 nəfəri 13 saylı Xəzər-Pirallahı seçki dairəsinin, 42 058 nəfəri isə 14 saylı Xəzər seçki dairəsinin payına düşür.

Seçki prosesini izləmək üçün 14 saylı Xəzər Seçki Dairəsinin bir neçə məntəqəsində olduq. Səhər saatlarında hər bir seçki məntəqəsində seçicilərin fəallığı hiss olunurdu. Saat 11.00-a olan nəticəyə görə, 1 və 2 saylı seçki məntəqələrinin hərəsində artıq 500 nəfərə yaxın seçici öz namizədinə səs vermişdi. Məntəqələr lazımi avadanlıqlarla tam təchiz olunmuşdu. Hər partiyanın nümayəndəsinə isə sərbəst şəkildə seçki prosesini müşahidə etmək üçün sərbəstlik verilmişdi.

Orada olarkən həm beynəlxalq, həm də yerli müşahidəçilərin fikirlərini öyrəndik. Bildirdilər ki, seçkilər demokratik və azad formada davam edir. Heç bir neqativ hal qeydə alınmayıb. Pakistanlı müşahidəçi jurnalist Mahmud Tariq isə qeyd etdi ki, dünyanın bir çox ölkələrində prezident seçkilərinə bu cür şərait yaradılmır, hər hansı bir hadisəyə görə qabaqlayıcı tədbir görülmür. "Burada hər şey yüksək səviyyədədir", - deyə o əlavə etdi. Qeyd edək ki, seçki məntəqələrinin hər biri əlavə olaraq generator və "Bakıelektrikşəbəkə" ASC-nin işçiləri ilə təmin olunmuşdu ki, qeyri-müəyyən səbəblərdən elektrik enerjisi kəsilsə, problemin qarşısı dərhal alınsın. Həmçinin rabitə ilə bağlı bütün məsələlər öncədən gözə alınmışdır.

1 saylı məntəqə seçki komissiyasının sədri Elmira Cabbarovanın sözlərinə görə, səhər saatlarında məntəqədə Meksika, Yaponiya və bir neçə beynəlxalq təşkilatdan müşahidəçilər olublar. Onlar da seçkilərin təşkilindən və səsvermə prosesindən çox məmnun gediblər.

Seçicilər isə onlara heç bir müdaxilənin olmadığını dedilər. 61 yaşlı Məmməd İsmayılov seçkilərdə iştirak etməyi vətəndaşlıq borcu adlandırdı. Bildirdi ki, ölkədə keçirilən bütün seçkilərdə iştirak edib: "Bu günə qədər heç bir müdaxilə ilə rastlaşmamışam. Bu dəfə də sərbəst şəkildə qeydiyyatdan keçdim, bülletenimi alıb bağlı kabinədə səsimi verdim".

Xəzər Seçki Dairəsinin 3 və 4 saylı məntəqələrinin siyahısında isə müvafiq olaraq 1239 və 1178 nəfər seçici qeydə alınıb. Bu göstərici 19 saylı məntəqədə 1062, 20 saylı seçki məntəqəsində 1294, 21 saylı məntəqədə isə 1164 nəfər təşkil edib.

Qeyd edək ki, Xəzər rayonunda təşkil edilən seçki məntəqələrinin bir neçəsi veb-kameralarla təchiz olunmuşdu. Bunun sayəsində dünyanın istənilən yerindən prezident seçkilərini onlayn şəkildə izləmək mümkün idi. Beləcə, xalqımız sayca yeddinci prezident seçkilərini keçirdi. Bu ölkə əhəmiyyətli tədbirdə Xəzər rayonu əhalisinin də nümayiş etdirdiyi fəallıq, münasibət çox müsbət qiymətləndirilir.

 

 

 

NƏSİMİ

 

 

Ölkənin bütün vətəndaşları kimi, paytaxtın Nəsimi rayonunun sakinləri də dünən keçirilmiş növbəti prezident seçkilərində səs verdilər. Onlar növbəti beş ildə dövlətin taleyini etibar etdikləri namizədi dəstəkləmək üçün seçki məntəqələrinə üz tutmuşdular.

21 saylı Nəsimi birinci seçki dairəsinin 8 və 9 saylı seçki məntəqələri 240 nömrəli tam orta məktəbin binasında yerləşir. Məktəb əsaslı təmir və yenidənqurmadan sonra yenicə istifadəyə verilmişdir. Burada hər şey gözoxşayır. Həyətdə, dəhlizlərdə səliqə-sahman dərhal nəzərə çarpır.

Seçki məntəqələrində vətəndaşların seçmək hüququndan istifadə etməsi üçün hər cür şərait yaradılmışdır. 8 saylı seçki məntəqəsində seçicilərin, xüsusilə gənclərin fəallığı diqqəti cəlb edirdi. Saat 14.00 radələrində məntəqə üzrə qeydə alınmış 1220 seçicinin yarıdan çoxu artıq səs vermişdi.

9 saylı seçki məntəqəsində səsvermə normal məcrada davam edirdi. Müxtəlif siyasi qüvvələri və qeyri-hökumət təşkilatlarını təmsil edən müşahidəçilər səsvermənin gedişində hansısa qanun pozuntusu ilə rastlaşmadıqlarını bildirdilər. Azərbaycan Sosial-Demokrat Partiyasından müşahidəçi Sahibə Məmmədova səsvermənin şəffaf keçdiyini qeyd etdi.

22 saylı Nəsimi ikinci seçki dairəsinin baş çəkdiyimiz seçki məntəqələri izdihamlı idi. 5, 6 və 7 saylı məntəqələrdə seçicilərin uzun növbələrinin şahidi olduq. 6 saylı seçki məntəqəsində söhbət etdiyimiz seçicilər səs vermək üçün yaradılmış şəraitdən razılıq etdilər. Məntəqə seçki komissiyasının sədri Xatirə Əhmədova seçicilərdən hər hansı şikayət daxil olmadığını bildirdi. Məntəqədə 22 yerli və 13 xarici müşahidəçi səsvermənin gedişini izləyirdi. Belçika Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin təmsilçisi Rakimori Uilyams da onların arasında idi. Avropalı müşahidəçidən seçkilərlə bağlı təəssüratlarını bölüşməyi xahiş etdik. O, səsvermənin şəffaf keçdiyini vurğuladı, müşahidə zamanı qanun pozuntusuna rast gəlmədiyini bildirdi.

7 saylı seçki məntəqəsində də səsvermə prosesi normal gedirdi. Burada qarşılaşdığımız seçicilər prezident seçkilərinin ölkənin və xalqın gələcəyi üçün müstəsna əhəmiyyət daşıdığına görə bu kampaniyada fəal iştirak etməyin vacib olduğunu bildirdilər. Bitərəf müşahidəçi Sevinc Əhmədova səsvermənin normal keçdiyini, seçkilərin gedişi ilə bağlı iradının olmadığını dedi.

 

 

QARADAĞ

 

 

Qaradağ rayonunda seçicilər səs vermək üçün seçki məntəqələrinə böyük həvəs və sevgiylə gəlirdilər. 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin seçki məntəqələrində olarkən bunun canlı şahidi olduq.

Qaradağ rayonu iki seçki dairəsini əhatə edir. 11 saylı Qaradağ və 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairələri. 11 saylı Qaradağ seçki dairəsi üzrə seçicilərin sayı 41858 nəfərdir. 34 seçki məntəqəsi var. Bunlardan 10-da veb-kamera quraşdırılıb. Əlil vətəndaşların rahat səsverməsi üçün bir neçə seçki məntəqəsi panduslarla təmin olunub.

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə isə seçicilərin sayı 41387 nəfərdir. 31 daimi seçki məntəqəsi mövcuddur. Bunlardan 4 seçki məntəqəsi Binəqədi, 8 seçki məntəqəsi Yasamal, 19-u isə Qaradağ rayonunun  ərazisindədir. Seçicilərin 4899 nəfəri Binəqədi, 11532 nəfəri Yasamal, 24956 nəfəri isə Qaradağ rayonu üzrə qeydiyyata alınıb.

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 26 saylı seçki məntəqəsində olduqca qələbəlik idi. Hər kəs bayram əhvali-ruhiyyəsində idi. Üzlərdəki təbəssüm, gözlərdəki sevinc bunu deməyə əsas verirdi. Məntəqə seçki komissiyasının sədri Mübariz Vəliyev deyilənləri təsdiqlədi: "Məntəqə üzrə 1386 seçici qeydiyyata alınıb. Özünüz də görürsünüz ki, gələnlərin ardı-arası kəsilmir. Hər kəs böyük sevinclə və məsuliyyətlə öz namizədinə səs verməyə tələsir". Qeyd edək ki, məntəqədə "RƏY" monitorinq mərkəzinin "exit poll" səsvermə qutusu da qoyulmuşdu.

Eyni mənzərə ilə həmin dairənin 27 saylı məntəqəsində də qarşılaşdıq. Məntəqə seçki komissiyasının sədri Ətir Muradova hər kəsdə yüksək əhval-ruhiyyə olduğunu söylədi və sesvermənin normal getdiyini bildirdi. 1381 nəfər seçicisi olan məntəqədə veb-kamera da quraşdırılıb.

1482 nəfər seçicisi olan 29 saylı məntəqədə də qələbəlik idi. Məntəqə seçki komissiyasının sədri Aybəniz Qurbanova bildirdi ki, səhərdən səsverməyə gələnlərin ardı-arası kəsilmir. Hər seçici sərbəst şəkildə öz namizədinə səs verir.

 

 BİNƏQƏDİ

 

 

 

Binəqədi həm əhalisinin sayına, həm də sənaye potensialına görə paytaxtın böyük rayonlarından sayılır. Hələ sovetlər zamanında Bakının iqtisadi inkişafında bu rayonun sanballı payı var idi. Müstəqillik illərində, xüsusən son dövrlər Binəqədi rayonu da sosial-iqtisadi cəhətdən xeyli inkişaf etmişdir. Aparılan abadlıq işləri, istifadəyə verilən yeni müəssisələr, sosial obyektlər, yenidən qurulan infrastruktur bugünkü Binəqədi rayonunun yeni simasıdır. Rayon əhalisi də dünənki prezident seçkilərinə məhz bu yeniliklərin fonunda yüksək əhval-ruhiyyə ilə gəlmişdilər.

Rayonun 139 mindən çox seçicisi 3 dairə üzrə 132 məntəqədə səs verirdi. 8 saylı Binəqədi 1-ci Seçki Dairəsi üzrə 45,2 minə yaxın seçici 36, 9 saylı Binəqədi 2-ci Seçki Dairəsi üzrə 48 mindən çox seçici 32, 10 saylı Binəqədi 3-cü Seçki Dairəsi üzrə 45,3 min seçici 34 məntəqədə qeydə alınmışdı. Məntəqələrin əksəriyyəti veb-kameralarla təchiz olunmuşdu. Bütün məntəqələrdə istər səs verənlər, istərsə də müşahidəçilər üçün hər cür şərait yaradılmışdı. Müşahidəçilərə səsverməni sərbəst izləmələri üçün heç bir məhdudiyyət qoyulmamışdı.

8 saylı Binəqədi 1-ci Seçki Dairəsinin 26 saylı məntəqəsində olarkən bunun bir daha şahidi olduq. 33 saylı məktəb liseyində yerləşən məntəqədə 1002 seçici qeydə alınmışdı. Veb-kameraların quraşdırıldığı məntəqədə səliqə-sahman var idi. Hətta səs verməyə gələnlərin sayının çox olmasına baxmayaraq, bu səliqə-sahman pozulmur, qarışıqlıq yaranmırdı. Yeri gəlmişkən onu da qeyd edək ki, səsverməyə gələnlər bülleten götürməmişdən əvvəl seçki qanunvericiliyinə uyğun olaraq ciddi yoxlamadan keçirdilər. İlk növbədə, seçicilərin şəxsiyyət vəsiqələri və ultrabənövşəyi şüa ilə onların başqa məntəqələrdə səs verib-verməmələri ciddi yoxlanılırdı. Həmin məntəqədə səs verməli olan, amma müxtəlif texniki səbəblərdən adları seçici siyahısına düşməyən vətəndaşlara da heç bir bürokratik əngəl törədilmirdi. Sadəcə, şəxsiyyət vəsiqəsini göstərmək kifayət idi ki, vətəndaşın səsvermək hüququ bərpa olunsun.

Təbii ki, bütün bunlar seçkilərin keçirilməsinə nəzarət etmək üçün akkreditə edilmiş çoxsaylı müşahidəçilərin və müvəkkillərin şahidliyi ilə baş verirdi və bu səbəbdən onların heç biri seçkilərin keçirilməsi prosesinə ciddi iradlar bildirmirdilər. Baxmayaraq ki, aralarında müxalifət partiyalarının nümayəndələri az deyildi. Elə biz orada olarkən məntəqəyə gələn pakistanlı beynəlxalq müşahidəçilər də kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdikləri qısa müsahibələrdə burada seçkilərin normal keçdiyini söylədilər. Bu isə məntəqə seçki komissiyasının sədri Yaqut Sadıqovanın sözləridir: "Məntəqədə seçkilərin demokratik, şəffaf keçməsi üçün hər cür şərait yaradılıb. Biz də əlimizdən gələni edirik ki, sonradan əsassız söz-söhbət yaranmasın, komissiya üzvlərinə irad tutulmasın. Odur ki, istər seçicilərin, istərsə də müşahidəçilərin, namizədlərin nümayəndələrinin bütün sorğularına operativ cavab veririk. Əgər müəyyən anlaşılmazlıqlar olursa, onu da qanun çərçivəsində həll edirik".

Ailəsi ilə birlikdə səsverməyə gələn İlqar Məmmədov 8-ci mikrorayonda yaşayır. Deyir ki, hələ keçmiş SSRİ vaxtı təyinatla Rusiyaya getmiş və uzun müddət orada yaşamışdır. Vətənə SSRİ-nin dağılması ərəfəsində qayıdıb: "Düzü, qayıtmağıma əvvəl peşman olmuşdum. Hər yerdə dərəbəylik, qanunsuzluq hökm sürürdü, çörək, benzin tapılmırdı. İş yeri də yox idi ki, ailəmi dolandırım. Amma səbr etdim və buna görə indi peşman deyiləm. Hazırda kiçik bizneslə məşğulam, oğlum da işləyir, şükr Allaha, rahat dolanırıq. Yaşadığımız bu ərazi isə şəhərin mərkəzi parklarından geri qalmır, musiqili fantanacan varımızdır. Belə bir güzərandan, şəraitdən kim imtina edər ki...  Xüsusən də o illəri görəndən sonra. İndi özünüz nəticə çıxarın ki, ailəlikcə kimə səs vermişik".

 

 NİZAMİ

 

 Nizami rayonu üzrə 105 min 189 nəfər səsvermə hüququ olan seçici prezident seçkilərinə fəallıqla qoşulub. 76 açıq, 5 qapalı məntəqədə səs verən seçicilər üçün hər cür şərait yaradılıb. Səsvermə otaqları qanunvericiliyin tələblərinə uyğun təşkil olunub, yeni informasiya texnologiyasının üstünlüklərinə geniş yer ayrılıb. Bunun nəticəsidir ki, hər kəs öz səsvermə hüququndan demokratik prinsiplərə uyğun istifadə edə bilib. Seçicilərin təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılmış seçki sistemindən faydalanması şəffaflığın təminatına real zəmin yaradıb. Nizami rayonunun 24, 25 saylı seçki dairələrində 20 veb-kamera quraşdırılıb, seçki prosesi mütəşəkkilliklə izlənilib. Ən mütərəqqi metod isə prosesin internetlə daha geniş şəbəkədə izlənilməsi olub. Bu təcrübə xarici ekspertlər tərəfindən yüksək dəyərləndirilməklə geniş yayılması tövsiyə edilib. Mübahisəli məqamlar, azacıq şübhə doğuran hallar dərhal qanunvericiliyin tələblərinə uyğun yerindəcə həll edilib. Ayrı-ayrı məntəqə seçki komissiyalarında iş bölgüsünün düzgün aparılması da seçki prosesinin gedişində mühüm rol oynayıb.

Rayon ərazisində seçki prosesini izləyən Avropa Parlamentinin müşahidəçiləri də Azərbaycanda seçki sisteminin daha da təkmilləşdirilmiş, beynəlxalq prinsiplərə uyğunlaşdırılmış qaydada təşkil olunduğunu qeyd ediblər. İsveçrənin müşahidə missiyasının təmsilçisi Lors Lagergin bildirdi ki, Azərbaycanda seçki prosesi ölkədə gedən inkişafa uyğun aparılır. Azad, ədalətli, demokratiyaya uyğun seçki keçirmək üçün şəffaflıq tam təmin olunub. Seçki məntəqələrində müşahidə etdiklərimiz deməyə əsas verir ki, həm seçkilərə hazırlıq işləri mütəşəkkil aparılıb, həm də xalqın öz iradəsini daha dolğun ifadə etməsinə demokratik şərait yaradılıb.

Öyrəndik ki, rayon üzrə ilk dəfə səsvermə hüququ olanların sayı 7878 nəfər təşkil edib. Onların hər biri böyük sevinclə öz səsvermə hüququndan istifadə edib, uğurlu gələcəyə. demokratik inkişafa tərəfdar çıxdıqlarını ifadə ediblər.

 

 XƏTAİ

 

 

Səhər saat 8.00-dır. Hamı böyük fərəh hissi ilə seçki məntəqələrinə doğru axışır. Xətai rayonunda yerləşən 33 saylı 1-ci seçki dairəsindəyik. Dairə seçki komissiyasının sədri Əlibaba Bayramov bildirir ki, dairədə 36 seçki məntəqəsi fəaliyyət göstərir. Burada 48 min 288 nəfərdən artıq seçicinin istədiyi  namizədə azad, sərbəst və demokratik şəraitdə səs vermələri üçün hər cür şərait yaradılıb. Məntəqələrin bir çoxunda müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından bacarıqla istifadə olunub.  Seçkilərdə rayon gənclərinin 2007 nəfəri ilk dəfə səs verəcək. Hələ seçkilərə bir neçə həftə qalmış onlar arasında maarifləndirmə işləri aparmışıq. Seçkilərin gedişini müşahidə etmək və lentə köçürmək ücün 10 məntəqədə veb-kameralar quraşdırılıb. Seçki zamanı çəkilən görüntülər növbəti seçkilərədək, yəni 5 il ərzində qorunub saxlanılacaq. Seçki dairəsi ilə MSK arasında dayanıqlı rabitə təmin edilib.

Dairə seçki komissiyası səhər saat 10.00-dan etibarən, hər iki saatdan bir seçkilərin gedişi ilə bağlı məntəqələrdən aldığı bütün məlumatları MSK-nın "Seçkilər informasiya mərkəzi"nə ötürür. Bu siyasi kampaniyanın yüksək səviyyədə başa çatması təkcə seçicilərin arzusu deyil. O, eyni zamanda dövlətimizin ali məqsədidir. Çünki hüquqi, demokratik dövlət quruculuğunda azad seçim əsas amillərdən biridir.

Məntəqələrdə seçki prosesini 396 nəfər yerli, həmçinin ATƏT-dən və Avropa Şurası Parlament Assambleyasından olan 6 nəfər beynəlxalq müşahidəçi izləyirdi. Yerli müşahidəçilərin 261 nəfəri siyasi partiyaların, 104 nəfəri qeyri-hökumət təşkilatlarının üzvləri idi. 31 nəfər isə seçkilərdə müşahidəçi qismində öz təşəbbüsləri ilə iştirak edirdi. Burada prezident seçkilərini dünya mətbuatında işıqlandırmaq üçün planetimizin onlarca ölkəsindən gəlib MSK-da akkreditə olunmuş xarici jurnalistlər də var idi. Seçki dairələrinin bəzilərində quraşdırılmış veb kameralar vasitəsilə səsvermə prosesinin gedişini dünyanın istənilən ölkəsində canlı izləmək mümkün idi. Qanuna uyğun olaraq, seçicilərin sol əlinin baş barmağı yoxlanılıb, ora şəffaf mürəkkəb vurulur, sonra isə azad və gizli şəraitdə səs vermələri təmin edilirdi.

Seçki dairəsinin 88 nömrəli tam orta məktəbdə yerləşən 33  saylı seçki məntəqəsində çoxsaylı seçicilərlə qarşılaşdıq. Prezident seçkilərinə mütəşəkkil surətdə, böyük həvəslə gələn rayon sakinləri müstəqilliyin xalqımıza bəxş etdiyi misilsiz nailiyyətlərdən, xüsusən son 10 ildə həyatın bütün sahələrində qazanılmış uğurlardan, respublikada gedən böyük abadlıq və quruculuq işlərindən, əhalinin sosial vəziyyətinin xeyli yaxşılaşmasından, dövlətimizin dünya miqyasında sürətlə artan nüfuzundan iftixarla danışırdılar. Səsverənlərdən birinə yaxınlaşıb adını və soyadını soruşduq.

- Qiyas Bayramov, - deyə cavab verdi. - Xatırladım ki, mən prezident seçkilərinə həm də müşahidəçi qismində öz təşəbbüsümlə qoşulmuşam. Bilirsiniz, prezident adi vətəndaş deyil. O, bir ailənin, bir nəslin yox, böyük bir ölkənin, bütövlükdə bir xalqın taleyinə cavabdeh olan, onun problemlərini həll etmək qüdrətinə malik müdrik bir şəxsiyyət olmalıdır. Elə bir şəxsiyyət ki, ölkənin iqtisadi qüdrətini daha yüksək zirvələrə qaldıra bilsin. Xalqın sosial vəziyyətini yaxşılaşdırmaq üçün əməli tədbirlər görmək iqtidarına malik olsun. Elmimizin, mədəniyyətimizin, təhsilimizin, səhiyyəmizin tərəqqisi üçün əlindən gələni əsirgəməsin. Ölkəni yad təsirlərdən qoruya bilsin. Onun beynəlxalq nüfuzunun artmasına yardımçı olsun. Hər şeydən öncə isə 25 ildən bəri erməni faşizminin işğalına məruz qalmış torpaqlarımızı azad edib, qaçqın və məcburi köçkünlərimizi öz doğma yurd-yuvalarına qaytarmaq üçün bütün çətinliklərə mərdliklə sinə gərməyi, xalqı vahid bir ideya bayrağı altında birləşdirməyi, güclü ordu yaratmağı bacarsın. Belə bir şəxsiyyət isə prezidentliyə namizədlər arasında yalnız bir nəfərdir. Bildiyiniz kimi, indi ölkəmiz iqtisadi inkişafına görə dünyada lider dövlətə çevrilib. İşsizlik aradan qaldırılıb. Minimum əməkhaqqı, pensiya və müavinətlər xeyli artıb. Bütün bu tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi xeyli aşağı salınıb. Ölkəmizdə, sözün əsl mənasında hüquqi, demokratik dövlət yaradılıb. Seçkilər də gördüyünüz kimi, azad, şəffaf və ədalətli keçirilir. Bunu təkcə biz yox, digər ölkələrdən gəlmiş beynəlxalq müşahidəçilər də təsdiq edirlər.

Beynəlxalq müşahidəçilərdən birinə, Bolqarıstandan gəlmiş Yelena Slatinskayaya yaxınlaşıb seçkilərin gedişi ilə əlaqədar rəyini soruşduq. O, istər seçki məntəqələrində fəaliyyət göstərənlərin peşəkarlığından, istərsə də seçicilərin bu mühüm siyasi kampaniyada marağından məmnun qaldığını bildirdi. Qeyd etdi ki, mən seçki məntəqələrinin əksəriyyətində olmuşam. Gördüklərimi də obyektiv şəkildə bəyan edirəm. Azərbaycanda seçkilər beynəlxalq standartlara uyğun keçirilir. Fərəhlidir ki, bu cür rəqabət şəraitində pozuntulara zərrə qədər yol verilmir. Bütün prosedurlara düzgün və dəqiq riayət olunur. Xüsusən vətəndaşların öz iradələrini sərbəst şəkildə ifadə etmələrı məndə xoş təəssürat yaratdı".

ATƏT-dən və AŞ PA-dan dəvət olunmuş Elza Piqnol, Anton Domaded, Aynura Şerbakova da seçkilərin gedişi ilə əlaqədar öz təəssüratlarını açıqladılar. Qırğızıstandan gəlmiş Aynura Şerbakova dedi ki, hər yerdə demokratik ab-hava  və şəffaflıq hökm sürür. Bu seçkilər az bir vaxtda - cəmi 22 illik müstəqillik dövründə Azərbaycanın demokratik dövlət quruculuğu sahəsində qazandığı ən böyük nailiyyətlərdən biri kimi dəyərləndirilməlidir.

Artıq saat 17.00-dur. Seçki dairəsindən aldığımız məlumata görə, seçicilərin əksəriyyəti səsvermədə iştirak edib. Bu, prezident seçkilərinin uğurla keçirildiyinin, əhalinin dövlət əhəmiyyətli bu mühüm məsələyə diqqət və qayğı ilə yanaşdıqlarının əyani sübutudur. 

 

 

 

SABUNÇU

 

 

Sabunçu rayonunun 26, 27 və 28-ci dairə seçki komissiyalarında 140177 seçici qeydiyyata alınmışdır. Müşahidə apardığımız 26-cı DSK-nın 19 və 20 nömrəli seçki məntəqələrində xeyli fəallıq var idi. Seçicilər sərbəst şəkildə öz hüquqlarından istifadə edirdilər. Prosesin keçirilməsi üçün bütün lazımi şərait yaradılmışdır. Binada tibb məntəqə də fəaliyyət göstərirdi.

Məntəqədə müşahidə aparan beynəlxalq qurumların müşahidəçiləri də seçki prosesindən məmnun qaldıqlarını bildirirdilər.

Səsverməyə gələnlər bülleten almazdan əvvəl seçki qanunvericiliyinə uyğun olaraq ciddi yoxlamadan keçirdilər. İlk növbədə, seçicilərin şəxsiyyət vəsiqələri və ultrabənövşəyi şüa ilə onların başqa məntəqələrdə səs verib-verməmələri yoxlanılırdı. Həmin məntəqədə səs verməli olan, lakin müxtəlif texniki səbəblərdən adları seçici siyahısına düşməyən vətəndaşlar da heç bir maneə ilə rastlaşmırdı.

20 nömrəli seçki məntəqəsində müşahidəçilik edən Ana Vətən Partiyasının nümayəndəsi Malik Məmmədov bizimlə fikirlərini bölüşdü: "Seçkilər əla təşkil olunmuşdur. Şəffaf, ədalətli bir proses gedir. Gördüyünüz kimi, fəallıq da yüksək səviyyədədir. Hamı sərbəst şəkildə öz namizədinə səs vermək hüququnu həyata keçirir".

"Milli Şura"nın nümayəndəsi Rəna Həsənova da seçkilərin gedişindən raz idi. O da indiyədək iştirak etdiyi seçkilərdə bu cür yüksək fəallıqla ilk dəfə rastlaşdığını dedi: "Hər şey normaldır. Hələ ki seçki prosesi sakit və şəffaf aparılır. İndiyədək heç bir pozuntu qeydə alınmamışdır".

Yeni Azərbaycan Partiyasının nümayəndəsi Elmira Həsənqızı da seçki ilə bağlı təəssüratlarını bölüşdü: "Seçki prosesi çox yaxşı səviyyədə təşkil olunmuşdur. Hər şey ədalətli şəkildə, şəffaf, heç kəsə təzyiq olunmadan keçirilir. Ahılların və gənclərin fəallığını xüsusi qeyd etmək istərdim".

Təqaüdçülər Faiq Quliyev, Calal Kazımov və Hümbət Sadıqov səsvermə məntəqəsinə birlikdə gəlmişdilər. Onlar da əmin-amanlığa, firavanlığa, qüdrətli, çiçəklənən Azərbaycana səs verdiklərini bildirdilər. Ağsaqqalların dediyinə görə, belə bir inkişaf, işıqlı gələcək ancaq İlham Əliyevin rəhbərliyi ilə mümkündür. Vətəndaşlar çox sərbəst şəkildə məntəqəyə gələrək istədikləri namizədə səs verirlər. Yaradılan şərait də göstərir ki, burada hər hansısa bir qanun pozuntusunun olması mümkün deyil.

Seçki məntəqəsinin yaxınlığında ABŞ-ın "Artur J.Finkelsteinand Associates" (AJF) şirkəti "exit-poll" keçirirdi. AJF 40 ildir siyasi konsaltinq və təhqiqatlar sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətdir.

 

 SURAXANI

 

 

Suraxanı rayonunun səsvermə hüquqlu vətəndaşları 30, 31 və 32 saylı Suraxanı birinci, ikinci və üçüncü seçki dairələri üzrə fəaliyyət göstərən məntəqələrdə səs verirdilər.

32 saylı Suraxanı III seçki dairəsinin Əmircan qəsəbəsindəki 1 saylı seçki məntəqəsində seçicilərin fəallığı müşahidə olunurdu.  Hər yaş və sosial qrupa aid vətəndaşlar səsvermədən sonra təəssüratlarını "exit-poll" nümayəndələri, eləcə də jurnalistlərlə həvəslə  bölüşürdülər. Konstitusiya hüququndan ilk dəfə istifadə edən gənc seçici Nəzrin İsmayılova: "Həyatımda ilk dəfə seçkidə iştirak etdiyim üçün bir az həyəcanlıyam. Amma "Səs ver" kampaniyası çərçivəsində kifayət qədər maarifləndirildiyimdən ilk səsvermə hissini fərəhlə yaşadım. Seçimimdə də tərəddüd etməmişəm - Azərbaycanda gənclərə xüsusi dövlət qayğısının, himayəsinin təzahürlərini real olaraq görür və bundan mən də faydalanıram. Azərbaycan Diplomatik Akademiyasının tələbəsiyəm. Bu siyasətə qarşı çıxmaq üçün heç bir əsas görmədiyimdən  qətiyyətlə mövcud Prezidentimizə səs verdim. Səsvermə də nizamlı, səliqəli təşkil olunub, maneə və müdaxiləsiz hüququmu icra etdim".

Məntəqə qarşısında  diqqətimizi ahıl  bir qadın cəlb etdi. Yaxınlaşıb seçkilər haqqında rəyini  soruşduq. 81 yaşı olduğunu bildirən Qalina Vladimirovna Melyaxina: "Mən həyatın hər üzünü görmüşəm - aclığı, müharibəni, repressiyaları... Şükür ki, Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin müstəsna xidmətləri nəticəsində Azərbaycan tolerantlığı ilə seçilən firavan dövlətə çevrilib.  Respublikamızın son illərdə əldə etdiyi nailiyyətlər, yeniliklər məni heyran edir. Təqaüdçülərə həssas münasibət isə xüsusi qeyd edilməlidir. Biz artıq tam əminik ki, ahılları, yaşlıları himayə edən dövlətimiz, hökumətimiz, prezidentimiz var. İlbəil də təqaüdlərin məbləği artırılır. Sizcə, mən belə ümidverici şəraitdə kimə səs verməliyəm? Qızım da yanımdadır, o da İlham Əliyevə səs verib". Tatyana Vasilenko anasının dediklərini təsdiqləyərək səsvermə prosesinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğuladı.

31 saylı Suraxanı II seçki dairəsinin 9 saylı seçki məntəqəsində günortaya yaxın olmasına baxmayaraq, qələbəlik idi. Bir yeniyetmə qızın müşayiəti ilə səs verməyə gəlmiş gözdən əlil Rafael İsmayılov səs verdikdən sonra Heydər Əliyev Fondu tərəfindən əlillərin problemlərinin öyrənilməsindən, onlara göstərilən dövlət qayğısından məmnunluqla danışdı, Prezident İlham Əliyevin uğurlu siyasətinin tərəfdarı olduğunu söylədi.

Yeni Günəşlidəki 19 saylı seçki məntəqəsində ailəvi səsverməyə gələn Yaşar İbrahimov həyat yoldaşı Zeynəb xanım və oğlu Sahillə məntəqədəki şəraitdən razı qaldıqlarını bildirdilər. Y.İbrahimov: "Qəsəbəmizdə insanlar bir-birini yaxşı tanıyır.  Bu səbəbdən çoxları ailə üzvləri, qonşuları ilə birlikdə səsverməyə gəlir. Biz də yığışıb ailəliklə vətəndaş mövqeyimizi bildirmək, real həyatımıza, ölkəmizin nailiyyətlərinə, gələcək perspektivinə qiymət vermək istədik. Azərbaycanlı ailəsində kişinin mövqeyi qanun olsa da, səsvermədə seçki qanununu rəhbər tutmuşuq. Ailədə kiməsə təzyiqə də ehtiyac yoxdur, Allaha şükür, şüurlu insanlardırlar - özləri yaxşını pisdən seçirlər. Bilirəm ki, ailə üzvlərim də mənim kimi ölkəmizin dinamik inkişafının qarantı İlham Əliyevə səs verib".

 

 

 

PİRALLAHI

Neft Daşları

 

 

13 saylı Xəzər-Pirallahı seçki dairəsinin 32 saylı seçki məntəqəsi əfsanəvi dəniz şəhərində - Neft Daşlarında yerləşir. Polad dirəklər üstündə salınmış  şəhərin sakinləri və oktyabrın 9-da burada əmək növbəsi çəkənlər prezident seçkilərində yekdilliklə iştirak etdirlər.

Məlumdur ki, Neft Daşlarının əməkçiləri ekstremal şəraitdə çalışırlar. Buna görə də onların seçkilərdə mütəşəkkil iştirak etməsi və məntəqəyə gələrkən əziyyət çəkməməsi üçün əvvəlcədən hər cür şərait yaradılmışdı. Səhər tezdən estakadalar boyu dəniz şəhərinin mərkəzinə tələsən neftçilər öz vətəndaşlıq borclarını yerinə yetirməyə tələsirdilər. Açıq dənizdə quraşdırılmış özüllərdə isə Seçki Məcəlləsinə uyğun olaraq səyyar məntəqələr yaradılmışdı ki, orada çalışanlar da səs verə bilsinlər.

32 saylı seçki məntəqəsinin sədri Famil Soltanəliyev bildirdi ki, Neft Daşlarındakı yataqxanalarda daimi qeydiyyatda olanlar da, həmin gün əmək növbəsi çəkənlər də seçkilərə sevinc və ruh yüksəkliyi ilə gəlirlər. İş başında olanlar yaşadıqları yerdəki seçki məntəqələrindən Seçki Məcəlləsinə uyğun qeydiyyatdan çıxma vəsiqəsi gətirərək səsvermədə fəal iştirak edirlər.

Günorta saatlarına qədər 1110 nəfər seçicinin xeyli hissəsi artıq səs vermişdi.

Seçim isə dəyişməzdir. Burada dəfələrlə Neft Daşlarında olmuş, neftçilərin qeydinə qalmış ulu öndər Heydər Əliyevin yolunu şərəflə davam etdirərək ölkəni, o cümlədən neft-qaz sənayesini yeni-yeni inkişaf pillələrinə çatdıran İlham Əliyevi dəstəkləyir və dövlət başçısı kimi yalnız İlham Əliyevi gördüklərini bildirirlər.

 

Azərbaycan.-2013.- 10 oktyabr.- S.8,9.