Bölgələrdə seçkilərin azad, ədalətli və şəffaf

 keçirilməsi üçün hər cür şərait yaradılmışdır

 

Tovuz

 

 

Doxsanıncı illərin faciələrini yaşamış Qazax-Ağstafa bölgəsinin qədirbilən insanları seçkilərə əmək qələbələri və ruh yüksəkliyi ilə gəliblər. Onlar müstəqilliyin qədrini çox yaxşı bilirlər. Ölkəmizin qərb qapısı sayılan  Ağstafa- Tovuz-Qazax bölgəsində üç dairə seçki komissiyası fəaliyyət göstərir. 106 saylı Tovuz-Qazax-Ağstafa, 105 saylı Tovuz və 104 saylı Gədəbəy-Tovuz dairə komissiyalarının bütün məntəqələri bu mühüm kampaniyaya Seçki Məcəlləsinin tələblərinə uyğun tam hazırlıqla gəlmişdilər. Bu dəfə texniki avadanlığa daha  çox üstünlük verilmiş, seçkilərin demokratik qaydada, şəffaf keçməsi üçün hər şərait yaradılmışdı.

Oktyabrın 9-da bütün məntəqələrdə seçkilər mütəşəkkil başlamışdır. Elə ilk baxışdan görünürdü ki, adamlar ölkənin taleyi ilə ürəkdən maraqlanır, seçkilərə xüsusi həvəslə gəlirdilər.

Təkcə Tovuz rayonunda 98 məntəqədə 98837 nəfərin sərbəst səs verə bilməsi üçün hər şərait yaradılmışdı. 18 məntəqədə seçki prosesi veb-kameralarla izlənilirdi. Qazaxdakı 107 saylı dairə komissiyasının 48 məntəqəsinin hər birində seçici fəallığı, ruh yüksəkliyi aydın görünürdü.        

106 saylı dairə seçki komissiyasının sədri Xəqani Vəliyev deyir ki, günortaya kimi məntəqələrdə seçicilərin yarıdan çoxu öz vətəndaşlıq borclarını yerinə yetirmişdilər. Azərbaycan Demokratik İslahatlar Partiyasının nümayəndəsi Tahir Muradov deyir ki, seçkilər beynəlxalq tələblərə uyğun azad, şəffaf keçir. Bu isə seçicilərin ictimai-siyasi yetkinliyini bir daha nümayiş etdirir.

 

 

 

Şəmkir

 

 

Şəmkir bölgənin ən böyük rayonudur. Əhalisi iki yüz min nəfərdən çoxdur. Ona görə də rayonda üç dairə seçki komissiyası fəaliyyət göstərir - 98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd və 100 saylı Şəmkir-Daşkəsən seçki dairələri. 98 saylı dairə şəhərin mərkəzində, 100 saylı dairə Kür qəsəbəsində, 99 saylı dairə isə Zəyəm qəsəbəsində yerləşir. Hər üç dairədə Seçki Məcəlləsinin tələblərinə uyğun nümunəvi hazırlıq görüldüyü üçün seçkilər mütəşəkkil başlandı.

99 saylı dairə seçki komissiyasının sədri Rafiq Məmmədov deyir ki, on ildən çoxdur seçkilərdə iştirak edirəm. Adamlarda builki qədər ruh yüksəkliyi, həvəs, maraq görməmişəm. Səhərdən bəri insanlar dəstə-dəstə axışıb gəlir. Yaşlılar, qadınlar, cavanlar növbəyə düzülüblər. Xüsusən gənclərin coşğunluğu daha çox diqqəti cəlb edir. Məntəqələrdə  hər şey aydınlıq, şəffaflıq şəraitində qurulub. Dairə üzrə ilk dəfə olaraq beş yerdə veb kameraları quraşdırılıb. Müşahidəçilər üçün müvafiq yerlər ayrılıb. Exit-poll tətbiq olunur. Hər kəsin sərbəst surətdə  demokratk qaydada səs verə bilməsi üçün müvafiq şərait yaradılıb. Düyərli, Irmaşlı və Şiştəpə kəndlərindəki seçki məntəqələrində səhərdən bəri axın daha çoxdur.

 

4 saylı məntəqənin sədri Ülviyyə Cəlilova deyir ki, burada 1224 nəfərin sərbəst səs verə bilməsi üçün hər şərait yaradılıb. Biz məntəqədə olarkən  günortaya kimi seçicilərin yarıdan çoxu öz vətəndaşlıq borcunu yerinə yetirmişdi. 98  saylı Şəmkir şəhər və 100 saylı Şəmkir-Daşkəsən seçki dairələrinin məntəqələrində də heç bir narahatlıq qeydə alınmayıb.

 

 

 

Biləsuvar

 

 

66 saylı Biləsuvar dairə seçki komissiyasına 43 məntəqə daxildir. Bunlardan 10-da veb-kamera  qurulmuşdur. Həmin məntəqələr üzrə 45 min 813 nəfər seçici var. Onlardan 763 nəfəri ilk dəfə səs verənlərdir. O cümlədən səs verən vətəndaşlardan 710 nəfəri 80-100 yaş arasında, 8 nəfəri isə 100 yaşdan yuxarıdır.

Rayonun 1, 3, 4,7, 9 saylı seçki məntəqələrində olarkən səsvermə normal şəkildə gedirdi. Əhali axın-axın məntəqələrə gəlir, onlar öz qəlblərinin hökmü ilə ən layiqli namizədə səs verirdilər.

Müstəqil respublikamızın parlaq gələcəyi üçün müstəsna əhəmiyyət kəsb edən 9 oktyabr 2013-cü il tarixdə ölkəmizdə prezident seçkilərinin necə şəffaf, beynəlxalq  hüquq normalarına və demokratik qaydalara uyğun keçirildiyinin hər birimiz canlı şahidi olduq. Bəşər tarixində ən böyük tərəqqilər həmişə yaşlı nəslin müdrik fəaliyyəti ilə gəncliyin tükənməz enerjisinin birləşməsi nəticəsində əldə edilib.

Azərbaycan xalqının taleyüklü məsələlərinin həlli üçün çox vacib olan bu seçkilərdə biləsuvarlılar da böyük ruh yüksəkliyi ilə iştirak etdilər. Onlar dahi şəxsiyyət, Azərbaycanın müstəqilliyinin qarantı, çevik diplomatiyası ilə böyük dövlətlərin diqqətini ölkəmizə cəlb edən, dünya siyasətinə yeni ab-hava gətirən ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı İlham Əliyevə səs vermişlər. YAP sədri cənab İlham Əliyevin rayonda əksər səs çoxluğu ilə dəstəklənərək namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyası yüksək siyasi əhval-ruhiyyədə aparılmışdır. Müdrik dövlət xadiminin siyasi məktəbini keçmiş və öz fəaliyyəti ilə xalqın rəğbətini qazanmış İlham Əliyev bu siyasi xətti davam etdirəcəyinə hələ ötən seçkiqabağı platformasında bəyan etmişdir. Onun xalqımız, dövlətçiliyimiz qarşısında xidmətlərini hamımız görürük və yüksək qiymətləndiririk. Verdiyi vədlər, imzaladığı fərman və sərəncamlar, Dövlət proqramları layiqincə həyata keçirilərək, xalqımızın xoş və firavan gələcəyi naminə mütəşəkkil tədbirlər görülməkdədir. Məhz elə buna görə də seçicilərin böyük əksəriyyəti ona səs vermişdir. Bu da təbiidir. Çünki hələ seçkilərdən əvvəl keçirilmiş sorğuların nəticələrindən bəlli idi ki, prezidentliyə namizədlər arasında xalq- seçicilər ən çox ona səs verəcəkdir. Həyat bir daha Heydər Əliyev siyasi xəttinin düzgünlüyünün xalq tərəfindən təqdir olunduğunu sübuta yetirdi.

 

 

 

Goranboy

 

 

 

Goranboy rayonunda iki - 96 saylı Goranboy-Naftalan, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi fəaliyyət göstərir. 96 saylı Goranboy-Naftalan seçki dairə komissiyası rayonun mərkəzində yerləşir. Burada fəaliyyət göstərən 43 məntəqənin hamısında seçkilər mütəşəkkil başlandı və yüksək səviyyədə başa çatdırıldı.

 

97 saylı dairə seçki komissiyasının əhatəsi genişdir. Məntəqələrin 27-si Goranboyda, 3-ü Tərtərdə, 25-i isə Ağdamda yerləşir. Hələ seçkilərə hazırlıq ərəfəsində biz bu məntəqələrin çoxunda olmuşuq və burada həyata  keçirilən  genişmiqyaslı işləri görmüşük. Elə ilk baxışdan hiss olunurdu ki, Goranboy bu şərəfli imtahanda öz sözünü deyəcək.

 

Seçki günü Tapqaraqoyunlu kəndindəki 16 saylı məntəqədə seçkilərin gedişini müşahidə etdik. Hər iş qabaqcadan yüksək səviyyədə qurulduğu üçün seçkilər tam şəffaflıq şəraitində keçirdi. Səsverməyə gələnlər öz ürək sözlərini açıq aydın deyirdilər. Dövlətimizin daha da tərəqqisi naminə səs verilən ən layiqli namizədin adını hörmətlə çəkirdilər.

 

Tapqaraqoyunlu kəndi müstəqil ölkəmizin qüdrətini çox gözəl bilir, onun qayğısını və köməyini həmişə hiss edir. Seçkidəki fəallıq məhz bu qarşılıqlı inamın nəticəsidir.

 

Günün ikinci yarısında 97 saylı DSK-nın sədri Faiq Məhərrəmov sevinclə, fərəhlə dedi ki, goranboylular öz ürək sözlərini sərbəst surətdə ifadə edə bildilər.

 

96 saylı Goranboy-Naftalan dairə seçki komissiyasının məntəqələrində də səsvermə mütəşəkkil başa çatmışdır.

 

 

 

Salyan

 

 

 

59 saylı Salyan seçki dairəsi, əsasən, rayonun mərkəzini və Kür çayının sağ sahilini, Muğan tayı hissəsini əhatə edir. Dairə üzrə 38 seçki məntəqəsi var. Onların bir neçəsinə baş çəkib seçkinin gedişi ilə maraqlanırıq. 5 saylı məntəqə Salyan şəhər 2 saylı tam orta məktəbin birinci mərtəbəsində yerləşir. Seçkilərin şəffaf, demokratik, sərbəst keçirilməsinə burada hər bir şərait yaradılmışdır. Belə ki, seçkinin gedişini izləməkdən ötrü müşahidəçilər üçün münasib yer ayrılmış, veb-kamera quraşdırılmışdır. Öyrəndik ki, məntəqə üzrə müxtəlif siyasi partiyalardan, habelə öz təşəbbüsü ilə qeydə alınmış 18 nəfər müşahidəçi var.

 

Məntəqədən çıxan seçicilərdən bir neçəsi ilə görüşüb təəssüratlarını öyrənirik. Seçici Nizami Ağayev öz fikrini belə izah edir:

 

- Məntəqədə hər kəsin öz namizədinə səs verməsi üçün bütün şərait yaradılıb. Hamı sərbəst şəkildə, maneəsiz, təzyiqsiz öz seçimini edir. Bundan artıq demokratik seçki təsəvvür etmirəm. Mən isə ulu öndər Heydər Əliyev ideyalarının təntənəsinə, quruculuğa, sosial rifaha, inkişafa səs verdim. Ölkəmizin necə böyük sürətlə inkişaf etməsi göz qabağındadır. Ümid edirik ki, Azərbaycan bundan sonra daha böyük uğurlara imza atacaq, insanlar xoşbəxt yaşayacaqlar.

 

AXCP-dən olan müşahidəçi Abdulrəhim Rəhimov seçkilərin gedişi vəziyyəti haqqında gördüklərini belə ifadə edir:

 

- Səhər tezdən, saat 8.00-dan buradayam. Seçicilər böyük həvəslə gəlib öz seçimlərini edirlər. Heç bir təzyiq yoxdur. Vətəndaşlar azad şəkildə istədikləri namizədə səs verib gedirlər. Heç bir qanun pozuntusu qeydə alınmayıb. Seçki ədalətli, şəffaf və demokratik şəraitdə keçir.

 

59 saylı dairənin 3, 4 saylı məntəqələrində də olduq. Seçicilər böyük ruh yüksəkliyi ilə istədikləri namizədə səs verirdilər. Həmin məntəqələrdə də qanun pozuntusu hallarının olmadığını söylədilər. Apardığımız müşahidələr, seçicilərlə keçirdiyimiz söhbətlər də bu fikri təsdiq etdi.

 

Bütövlükdə Salyan rayonu ərazisində yerləşən 59 və 60 saylı seçki dairələri üzrə 71 məntəqədə 69 min 693 nəfər seçici var ki, onun da 3 min 502 nəfəri ilk dəfə səs verənlərdir.

 

 

 

Gədəbəy

 

 

 

Neçə gün ara verməyən yağış, qar kəsildi. Səhərdən bəri günəş hər yana nur çiləyir. Elə bil ki, təbiət də insanların sevincinə, fərəhinə ruh verir.

 

Bu səhər Gədəbəy yuxudan erkən oyandı. Rayonda iki dairə seçki komissiyası fəaliyyət göstərir. Onlardan biri  - 104 saylı Gədəbəy-Tovuz seçki komissiyası bilavasitə sərhəd bölgəsində yerləşir. Rayon  mərkəzindən xeyli uzaqda fəaliyyət göstərir. Bakıdan 450 kilometr aralıda, dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Dairənin məntəqələri geniş sahəni əhatə edir. 61 məntəqənin 38-i Tovuz rayonunda yerləşir. Dairə komissiyasının sədri Elman Rüstəmov deyir ki, bu yerlərin adamları od-alovdan çıxıblar. Namərd qonşularla mübarizə apararaq torpaqlarımızı mərdliklə qoruyublar. Kiminlə söhbət edirsənsə o dəqiqə hiss edilir ki, müstəqilliyin qədrini bilir, vətənin tərəqqisi naminə əlindən gələni etməyə çalışır. Onlar seçkilərə əhval-ruhiyyə ilə gəlirlər. 8, 18, 59, 61 saylı məntəqələrdə məhz bu cür vətən məhəbbətinin, ruh yüksəkliyinin şahidi olduq. Kiminlə söhbət edirsənsə deyir ki, müstəqilliyin əbədi olması, xalqın güzəranının daha da yaxşılaşması, Azərbaycanın dünya miqyasında nüfuzunun getdikcə artması üçün tarixin bizə verdiyi bu fürsətə əsaslanaraq ən layiqli seçim edirik. Əminik ki, vətənin daha xoş gələcəyi bizim bugünkü doğru seçimimizdən asılı olacaq.

 

 

 

Daşkəsən

 

 

 

Bu gün ölkəmizin əsl bayramıdır. Hamı seçkilərə mütəşəkkil surətdə gəlir. 101 saylı Göy-göl-Daşkəsən dairə seçki komisssiyasının 28 məntəqəsi Daşkəsəndə yerləşir. Hamısı da işıqlı, yaraşıqlı binadadır. Quşçu və Əmirvar kəndlərindəki məktəb binalarında yerləşən məntəqələrdə bir daha bunun şahidi olduq.

 

Səhər tezdən hamı xoş əhvalla seçki məntəqələrinə gəlirdi. Dairə üzrə 39786 nəfərin sərbəst səs verə bilməsi üçün hər cür şərait yaradılmışdı. Bu il bütün işlər aşkarlıq şəraitində həyata keçirilir. Bu məqsədlə 9 məntəqədə veb-kameralar quraşdırlıb. "Exit-poll"dan istifadə olunur. Hər bir məntəqədə müşahidəçilər üçün müvafiq yerlər ayrılıb.

 

Bugünün xarakterik cəhətlərindən biri də budur ki, səs verməyə hamı ailəliklə, qohumları, tanışları ilə birgə gəlirlər. Göy-göl mədəniyyət evindəki 1 saylı məntəqədə  həkim Eyvaz Rüstəmov və müəllim Zərifə Ələkbərova ilə görüşdük. 46 saylı məntəqəyə isə Zülfiyyə Musayeva gəlini Səidə Əliyeva ilə birgə gəlmişdi. Söhbət etdiyimiz hər kəs müstəqil dövlətimizin daha xoş sabahı naminə keçirilən seçkilərdə iştirak etdikləri üçün qürur hissi keçirdiklərini bildirdilər.

 

Rayonda ATƏT və MDB-nin müşahidəçiləri ilə görüşdük. Onlar yerlərdə elə bir qanun pozuntularına rast gəlmədiklərinin söylədilər.

 

 

 

Neftçala

 

 

 

Prezident seçkilərinə hazırlıqla bağlı hər yerdə oldugu kimi, Neftçala rayonunda da geniş tədbirlər həyata kecirilmişdir. 38 məntəqədə səsvermənin ədalətli, şəffaf və demokratik şəraitdə həyata kecirilməsi üçün bütün işlər görülmüşdür.

 

Rayonda səs verəcək seçicilərin ümumi sayi 40526 nəfərdir. Onların 1064 nəfəri səsvermədə ilk dəfə iştirak edən gənclərdir. 80-100 yaş arası seçicilərin sayı 810, 100 yaşdan yuxarı isə 3 nəfərdir. 61 saylı dairəyə daxil olan 5 səsvermə məntəqəsində (3, 7, 8, 14, 37 saylı) veb-kameralar quraşdırılmışdır. Qeydiyyatdan keçmiş 457 nəfər yerli müşahidəçi səsvermənin gedişini izləyəcəkdir.

 

Oktyabrn 9-da rayonun hər yerində əsl bayram əhval-ruhiyyəsi yaşanırdı. Ölkənin bütün ictimai-siyasi tədbirlərində özlərinin yüksək fəallıqları, dövlətə, dövlətçiliyə sədaqətləri ilə seçilən neftçalalılar secki günündə də ənənələrinə sadiq qalaraq səsvermədə yüksək fəallıq göstərir, xoş ovqatla dəstə-dəstə seçki məntəqələrinə gələrək inandıqları, etibar etdikləri namizədə səs verirdilər.

 

Şəhər  Mədəniyyət və İncəsənət sarayında yerləşən 3 saylı məntəqədə canlanma xüsusilə böyük idi. Səsvermə salonunda çoxlu sayda adam vardı. Əksəriyyəti də gənclər idi. Hamısının çöhrəsində xoş təbəssüm, sevinc hiss olunurdu. Neftçala şəhər sakini Ülvi Fərzəliyev fikirlərini belə ifadə etdi:

 

- Müstəqil Azərbaycanın misli görünməmiş şəkildə inkişaf edərək, sözün əsl mənasında gözəllik diyarına çevrilməsi hər birimizi təkcə sevindirmir, həm   xoş sabaha, işıqlı gələcəyə ruhlandırır. O sabaha ki , biz orada daha xoş günlərimizi, xoşbəxt gələcəyimizi görürük. Müxtəlif beynəlxalq tədbirlərlə əlaqədar respublikamızın paytaxtına gələn əcnəbi qonaqların heyrətlərini gizlədə bilmədiklərini görmək necə də xoşdur. Öz möhtəşəm tikililəri, müasir görkəmi ilə heyranlıq doğuran Bakımız, doğrudan da gözəldir. Elə regionlarımız da əvvəlki deyil. Onlar da tanınmaz dərəcədə dəyişərək müasirləşib. Doğma Neftçalamızın sabahını gözümüzün önünə gətirəndə sevincimiz artır, böyük qürur hissi keçiririk. Bax, elə buna görə bu gün mən xoşbəxt sabahımıza, firavan gələcəyimizə səs verəcəyəm.

 

Belə xoş ovqat, yüksək əhval-ruhiyyə şəhər musiqi məktəbində yerləşən 4 saylı məntəqədə də var idi. Hamı yüksək fəallıq və mütəşəkkilliklə səsvermədə iştirak edirdi. Rayon veteranlar  şurasının sədri Əlixan Əliyev dedi:

 

- Yaşım doxsanı ötüb. Bu, böyük ömürdür. Mən bu illərdə çoxlu sayda rəhbər seçkiləri, əlamətdar günlər görmüşəm. Amma həmin günlərin ümumxalq bayramına, ümumxalq sevincinə çevrilməsinin son illərdə şahidiyəm.Yaşlı nəslin nümayəndəsi olsam da, əsl bayram əhval-ruhiyyəsi ilə keçən bu prezident seçkiləri məndə qurub-yaratmaq əzmini, yaşamaq həvəsini daha da artırır.

 

Həmin gün rayonun bütün secki məntəqələrində səsvermə beləcə yüksək mütəşəkkilliklə, xoş ovqat və əsl bayram əhval-ruhiyyəsi ilə davam etdi.

 

 

 

Xızı

 

 

 

50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsinin 37 saylı seçki məntəqəsi Sitalçay kəndindəki məktəbdə fəaliyyət göstərir. Məntəqənin sədri Xəyal Qocayev bizimlə söhbətində bildirdi ki, seçicilər məntəqəyə gəlir və istədikləri namizədə səs verirlər. Məntəqədə seçicilərin sayı 1412 nəfərdir. 37 saylı məntəqənin katibləri Ş.Hüseynova, G.Zeynalova, üzvləri M.Ələkbərov, S.Qafarova və X.Hətəmova seçicilərə adlarını seçici siyahılarında tapmaqda yol göstərir, sərbəst şəkildə səs vermələrini təmin edirlər. X.Qocayev bildirdi ki, məntəqəyə 23 nəfər xəstə müraciət edib və onların normal qaydada səs vermələri üçün tədbir görülüb. Ayrılmış maşın və daşınan qutu ilə onların hər birinin evinə gediləcəkdir.

 

 Biz məntəqədə olan zaman "N" saylı hərbi hissənin zabit və əsgərləri də səs verirdilər. Vətənin müdafiəçiləri gələcək inkişafa, sabitliyə səs verdiklərini bildirdilər.

 

 

 

Xaçmaz

 

 

 

Xaçmaz rayonunda iki seçki dairəsi fəaliyyət göstərir.  55 saylı Xaçmaz şəhər seçki dairəsi rayon mərkəzində yerləşir. DSK-nın sədri Bəhram Ömərov bildirdi ki, prezident seçkilərini normal keçirmək üçün hər şərait yaradılıb. Dairə üzrə 171 yerli müşahidəçinin izlədiyi səsvermə yüksək fəallıqla keçir.

 

Ümumiyyətlə, bu seçki dairəsində seçicilərin  sayı 43039 nəfərdir. Səhər məntəqələr açılandan seçicilər öz vətəndaşlıq borclarını yerinə yetirməyə gəlirdi. Əvvəlcə 8 saylı seçki məntəqəsinə baş çəkdik. Məntəqə seçki komissiyasının sədri Cəlil Mərdanov dedi ki, 1395 seçicinin səs verdiyi məntəqədə seçkini 7 yerli müşahidəçi izləyir.  Məntəqə üzrə ilk dəfə səs verənlərin sayı 28 nəfərdir, 6 xəstə qeydiyyata götürülüb. Onların da səs verməsini təmin etmək üçün xüsusi maşın və daşınan qutu ayrılıb.

 

Seçici Əli İlyasov, Seymur Dəmirov və digərləri  bildirdilər ki, ölkədə aparılan quruculuq, abadlıq işləri, açılan yeni iş yerləri gənclərin marağını təmin edir. Hər bir xaçmazlı gənc layiqli namizədə səs verəcəkdir.

 

 

 

Siyəzən

 

 

 

54 saylı Şabran-Siyəzən seçki dairəsinin 48 saylı seçki məntəqəsi Siyəzən şəhər 3 saylı tam orta məktəbdə yaradılıb. Məntəqənin sədri Rafiq Yarıyev bizimlə söhbətdə bildirdi ki, seçkiyə start veriləndən məntəqənin üzvləri seçicilərin demokratik qaydada səs vermələrini təmin etmək üçün əllərindən gələni əsirgəmirlər. Məntəqə üzrə seçicilərin sayı 1469 nəfərdir. İlk dəfə səsverənlər 35, yaşı 80-dən yuxarıların sayı isə 32 nəfərdir. Səhər məntəqəyə gələnlərin əksəriyyəti də elə ilk dəfə səs verənlər olmuşlar.

 

54 saylı Şabran-Siyəzən seçki dairəsinin 50 saylı məntəqəsində də seçici fəallığı ilə rastlaşdıq. Məntəqə sədri Namus Ağayev bildirdi ki, burada quraşdırılan veb-kamera vasitəsilə seçki prosesi izlənilir. Onu da qeyd edək ki, məntəqədə səs verənlərin sayı 1384 nəfərdir. Biz məntəqədə olan zaman seçicilər Anna Şumina, Nərgiz Baxşəliyeva, Şəfiqə Həmdullayeva və başqaları seçkinin gedişatından razılıq etdilər.

 

 

 

Qubadlı

 

 

 

Hazırda 35 min 200 nəfər Qubadlı əhalisi respublikanın 42 rayon və şəhərində müvəqqəti məskunlaşıb. Onların əksər hissəsi Sumqayıt şəhərindədir, rayonun icra strukturları, idarə və təşkilatları əsasən burada fəaliyyət göstərir. 20 ildən artıq zaman kəsiyində doğma torpaqlarından ayrı düşmüş qubadlılılar da prezident seçkiləri günü məntəqələrə gələrək istədikləri namizədə səs verdilər.

 

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 29 saylı seçki məntəqəsi Sumqayıt şəhərində yerləşən "Şəfa" sanatoriyasında fəaliyyət göstərir. Məntəqənin sədri Əvəz Muxtarov bizimlə söhbətində bildirdi ki, məntəqə üzrə səsverəcək seçicilərin sayı 1268 nəfərdir. Seçkilərə hazırlıq başlayandan bugünədək aparılan işlər Seçki Məcəlləsi və qanunlara uyğun şəkildə həyata keçirilib.

 

Məntəqənin katibləri Mövsüm Mahmudov, Cahid Qasımov, üzvlər Ələddin Zeynalov, Nurəli Babayev seçici siyahılarında adların tapılaraq bülletenlərin verilməsini təmin edirdilər. Seçici Osman Bayramov bildirdi ki, bu gün ölkəmiz dünya dövlətləri arasında liderdir. Biz qubadlılılar həmin liderliyin qorunub saxlanmasına, beynəlxalq nüfuzumuzun yüksəlişinə səs veririk.

 

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 37 saylı seçki məntəqəsi Sumqayıt şəhər 28 may mədəniyyət sarayında təşkil edilib. 1064 nəfər seçicisi olan bu məntəqənin sədri Qara İsmayılovdur. O, bizimlə söhbətində bildirdi ki, seçicilərimiz ardıcıllıqla məntəqəyə gələrək istədikləri namizədə səs verirlər.

 

Sultan Bəylərov Qubadlı rayonunun Xıdırlı kəndindəndir. Sumqayıt şəhərində məskunlaşan Sultan Bəylərov torpaqlarımızın tezliklə azad ediləcəyinə səs verdiyini bildirdi. O qeyd etdi ki, görünən dağa bələdçi gərək deyil. Biz keçirilən debatları da gördük. Xalqın qəlbindəki istək isə birdir  - tezliklə torpaqlarımız azad edilsin, doğma yurda dönək. İnşaallah, o günü də tezliklə görərik!

 

Sənarə və Rövzə Hüseynovalar seçkidən razı qaldıqlarını bildirdilər. Sənarə gəncliyə göstərilən diqqət və qayğının yüksək olduğunu söylədi. Bu gün qubadlılı gənclərin səsi  nəinki respublikamızdan, hətta xarici ölkələrdən gəlir. Təhsilə göstərilən diqqət nəticəsində gənclərimiz ali məktəblərə qəbul olur, bəziləri gələcək inkişaf yollarını digər ölkələrdən salırlar. Gənclik də məhz ona qayğı ilə yanaşanı dəstəkləyəcəkdir. Onlar ölkəmizin gələcəyini daha firavan edəcək liderə, inkişafa səs verirlər.

 

 

 

Şirvan

 

 

 

Şirvan şəhər 16 nömrəli tam orta məktəbdə yerləşən 27 saylı seçki məntəqəsinin qarşısında qələbəlik vardı. Məntəqənin sədri Çingiz Şirəliyev seçiciləri salamladı. Saat 8-00-da səsverməyə start verildi. Hörmət əlaməti olaraq ağsaqqallara yol verildi. Şərif Qəribov, Malik Şirəliyev şəxsiyyət vəsiqəsini təqdim edərək bülleten götürüb kabinəyə yaxınlaşırlar...

 

Vətəndaşlıq borcunu yerinə yetirən ağsaqqal Ş.Qəribovdan deyir ki, cox seçkilər görmüşəm. Bu seçki əvvəlkilərdən fərqlənir. Hiss olunur ki, məntəqə fəalları maarifləndirmə işini yüksək səviyyədə təşkil etmişlər. Mən növbəti 5 il üçün prezident görmək istədiyim şəxsə səs verdim. Son 10 il ərzində respublikamızın, eləcə də şəhərimizin simasının necə dəyişdiyini hər birimiz yaxşı görürük. Bu uğurlarımızın, nailiyyətlərimizin davamlı olacağını arzulayıram.

 

Məntəqədə 10-a yaxın yerli müşahidəçi iştirak edirdi. QHT-nin nümayəndəsi Valeh Quluzadə dedi ki, məntəqədə müşahidəçilər üçün hər cür şərait yaradılmışdır. Müşahidələrimizi sərbəst, maneəsiz davam etdiririk.

 

Məntəqədə ATƏT-in müşahidəçiləri də iştirak edirdilər. Şamil Sultanov və Devid Qodfreylə qısa söhbət apardıq. Dedilər ki, bir neçə məntəqədə olmuşuq. Seçki sakit, səliqəli keçirilir. Fəallıq təmin olunub. Yerli və xarici müşahidəçilər üçün hər cür şərait və imkan yaradılıb. Müşahidələrimizin nəticələrini konkret olaraq sabah bildirəcəyik.

 

27 saylı məntəqədə 1405 seçici səsvermədə iştirak edəcək.

 

Şəhər poliklinikasında yerləşən 14 saylı seçki məntəqəsinə axışan seçicilərin də üzlərindən təbəssüm, gözlərindən sevinc aydın oxunurdu.

 

Bu məntəqədə də seçki şəffaflıq, aşkarlıq və demokratik şəraitdə keçirilirdi. Seçicilərin fəallıqları göz önündə idi.

 

Seçki prosesi barədə məntəqənin sədri Rövşən Pənayev deyir ki, səhər saat 10-a olan məlumata görə, 1363 seçicidən 225 nəfəri artıq səsvermədə iştirak edib. Seçkini 16 nəfər yerli, MDB-dən 2 nəfər müşahidəçi izləyir.

Seçici Qəhrəman Zeynalova, ilk dəfə səs verən Orxan İsmayılova yaxınlaşırıq. Qəhrəman deyir ki, seçki tam demokratik şəraitdə, müdaxilə olunmadan keçirilir. Burada həkim, ana və uşaq üçün otaqlar ayrılıb. Bir sözlə, məntəqədə şəffaf seçki üçün hər cür şəraitin yaradıldığının şahidi oldum. Uzun illər əmək cəbhəsində çalışmışam. Hazırda təqaüddəyəm. Bu gün isə sülhə, əmin-amanlığa səs verdim.

İlk dəfə səsverməyə gələn Orxan isə xüsusi qeyd etdi ki, 18 yaşında gənc üçün bu, ən əlamətdar hadisədir. Mən demokratik, şəffaf seçkinin şahidi və iştirakçısı oldum.

Seçici Mübariz Dadaşov isə dedi ki, müstəqil bir ölkənin vətəndaşı olmağımla fəxr edirəm. Seçimimi etdim. Vətənimin xoşbəxt sabahına səs verdim.

Digər məntəqələrdə - 2, 6, 7, 9, 12, 15 və s. məntəqələrdə də seçici fəallığı aydın görünürdü.

Onu da qeyd edək ki, 46 saylı Şirvan seçki dairəsi üzrə 30 məntəqə fəaliyyət göstərir. 38862 nəfər bu məntəqələrdə seçici hüququndan istifadə edəcək. 12 məntəqədə veb-kamera quraşdırılmışdır. 675 nəfər ilk dəfə səs verəcək.

 

 

 

Şabran

 

 

 

54 saylı Şabran - Siyəzən seçki dairəsi üzrə seçicilərin sayı 49143 nəfərdir. 68 məntəqənin 45-i Şabranın, 23-ü isə Siyəzənin payına düşür. Dairədə müşahidəçilərin sayı 435 nəfərdir. DSK sədri Ə. Ocaqov bildirdi ki, əvvəlki seçkilərin heç birində dairə üzrə kameralar olmayıb. Bu seçkilərdə isə 10 məntəqə üzrə kameralar quraşdırılıb. Şabrandakı 1, 2, 3 və Siyəzəndə 46, 47, 49, 50 saylı və digər məntəqələrdə quraşdırılan kameralar vasitəsilə seçkinin gedişatını birbaşa izləmək mümkün olacaqdır.

54 saylı Şabran -Siyəzən seçki dairəsinin 8 saylı məntəqəsində də böyük canlanma var idi. Məntəqənin sədri F. Hüseynov bildirdi ki, səs verəcək 1329 nəfərin 22-si ilk dəfə səs verənlərdir. Əhməd Səfərəliyev , Xanımbacı Cəbrayılova , Nuridə Qədirova, Aysel Ağayeva və başqaları seçkinin gedişatından razı qaldıqlarını bildirdilər.

 

 

 

Hacıqabul

 

 

 

Oktyabrın  9-da Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında böyük əhəmiyyət kəsb edən siyasi hadisədir. Seçki  günü Hacıqabul rayonunun da bütün seçki məntəqələrində səhər tezdən bir qaynarlıq hiss olunurdu. Seçicilər mütəşəkkil şəkildə seçkilərdə iştirak etmək, istədikləri namizədə səs vermək üçün məntəqələrə gəlirdilər. Hamının üzündə yüksək əhval-ruhiyyə, bayram ab-havası hiss olunurdu. Seçkilərin gedişi ilə maraqlanmaq üçün şəhərdə yerləşən 10 və 11 saylı seçki məntəqələrində olduq. Səs verməyə gələnlərin ardı-arası kəsilmirdi. Hər iki seçki məntəqəsində seçici siyahıları dəqiqləşdirilərək divardan asılmış lövhələrə yerləşdirilmiş,  normal iş şəraiti yaradılmışdı.  Seçkilərin keçirildiyi otaqlar təmir edilmiş, telefon-rabitə, fasiləsiz enerji təminatı və digər kommunikasiya işləri aparılmışdır. Məntəqələrdə veb-kameralar quraşdırılmış, lazım olan bütün inventar-avadanlıqlar, o  cümlədən  Seçki Məcəlləsi , MSK-nın qayda və izahları,  seçki günü üçün yaddaş, təqvim planı, səsvermə kabinələri, stol, asılqan, generator, seyf, daşınan və daşınmayan seçki qutuları ilə təmin olunmuşdur.

10 saylı məntəqədə seçicilərin sayı 998 nəfər, hərbi qulluqçuların sayı isə 130 nəfər, 11 saylı məntəqədə isə  seçicilərin sayı 1075 nəfər, hərbi qulluqçuların sayı isə 255 nəfər təşkil edirdi. Səhər saat 12-00-a olan məlumata əsasən 10 saylı məntəqədə seçicilərin 39 faizi, 11 saylı məntəqədə isə 49,7 faizi seçki məntəqələrinə gələrək istədikləri namizədə səs vermişlər. Məntəqələrdə  yerli müşahidəçilərlə  bərabər MDB-nin də müşahidəçiləri iştirak etmişdir.

İnanırıq ki, 58 saylı Hacıqabul-Kürdəmir  seçki dairəsinin  əhatə etdiyi  bütün məntəqələrdə prezident seçkiləri azad, demokratik və şəffaf şəkildə keçiriləcəkdir.

 

 

Astara

 

 

Seçki günündə Astara rayonunda yüksək fəallıq, mütəşəkkillik və qaynarlıq hiss olunur.  Prezident seçkilərini böyük həyəcan və intizarla gözləyən astaralılar rayonda fəaliyyət göstərən 69 seçki məntəqəsinə getməklə qarşıdakı 5 il üçün prezidentliyə ən layiqli namizədini müəyyən etmək üçün taleyüklü məsələyə öz münasibətlərini bildirmək istəyirlər.

Şəhər 1 saylı seçki məntəqəsinin qarşısında toplaşanların hamısında ruh yüksəkliyi açıq-aşkar hiss olunur. Rayon veteranlar şurasının sədri Rafiq Əliyev səsverməyə gələn ilk seçicilərdəndir. Söhbət zamanı Rafiq Əliyev dedi:

- Bu gün hər bir seçici aydın dərk edir ki, seçkilərdə iştirak etmək onun Konstitusiya hüququdur. Ona görə də biz bugünkü seçkilərə böyük həvəslə gəlmişik. Məni sevindirən odur ki, əvvəlki seçkilərə nisbətən bu dəfə fəallıq və mütəşəkkillik daha çoxdur. Hamı başa düşür ki, ölkənin siyasi həyatında fəal iştirak etmək, taleyüklü məsələlərin həll olunduğu məqamlarda ayıqlıq və çeviklik göstərmək lazımdır. Ölkədə və rayonumuzda son 5 ildə baş verən əsaslı dəyişikliklər, aparılan tikinti və quruculuq işləri, sosial problemlərin həlli məqsədilə həyata keçirilən nəhəng proqramlar əhalinin həyat şəraitinin ilbəil yaxşılaşması istiqamətində görülən işlər hər bir azərbaycanlıda sonsuz fərəh və minnətdarlıq duyğuları yaratmışdır. Seçicilərin fəallığını məhz bununla izah etmək olar.

Təkcə şəhərdə deyil, ucqar kəndlərdəki seçki məntəqələrində də vətəndaşlar onlar üçün yaradılan şəraitdən və seçkinin gedişindən razılıq edirlər.

İlk dəfə səs verən İsrafil Həsənzadə prezident seçkilərində iştirakının sevincini bölüşərək qeyd etdi ki, dövlətimiz və xalqımız üçün olduqca önəmli olan bu mühüm siyasi kampaniyada iştirak etməkdən, belə azad demokratik bir ölkədə yaşamağımdan böyük məmnunluq hissi keçirirəm. Səs verdiyim Maşxan 34 saylı seçki məntəqəsində bütün səsvermə prosesi seçki qanunlarına uyğun qurulmuşdur. Hər bir seçici üçün öz seçimini etməyə yüksək şərait yaradılmışdır.

Rayonda seçkilərin şəffaf, ədalətli və tam obyektiv keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Bunu seçki ərəfəsində və bu gün məntəqələrdəki vəziyyəti müşahidə edən həm müxalifət, həm də qeyri-hökumət təşkilatlarının nümayəndələri açıq etiraf edirlər. Ümid Partiyasının nümayəndəsi Qadir Məmmədov rayonda seçkilərin demokratikliyinə qətiyyən şübhə etmədiyini bildirərək dedi ki, hər yerdə olduğu kimi, Qapıçıməhəllə 19 saylı seçki məntəqəsində də seçki qanunvericiliyinin tələblərinə ciddi əməl olunur.

Seçicilər tam şəffaf, azad şəkildə öz səslərini layiq bildiyi namizədə verir, heç bir qanunsuzluq halları ilə rastlaşmırlar. Saat 12-yə rayon üzrə seçki hüququ olan seçicilərin 45 faizə qədəri məntəqələrə gələrək səslərini vermişlər.

Beləliklə, Astara rayonunda seçkilərin gedişi göstərir ki, ölkəmiz demokratiya yolu ilə inamla irəliləyir və hətta bu sahədə qonşu ölkələrə nümunə göstərir.

 

 

 

Samux

 

 

102 saylı Samux-Şəmkir seçki dairəsi əlli məntəqəni əhatə edir. Onların 43-ü Samuxda, 7-si isə Şəmkirdə yerləşir. 9 oktyabr prezident seçkiləri günündə səhər tezdən bütün məntəqələrdə qələbəlik başlamışdı. Adamlar həvəslə gəlir, öz vətəndaşlıq borclarını yerinə yetirirlər. Rayonun bütün sakinləri, xüsusən gənclər bu siyasi kampaniyaya daha böyük maraq göstərirdilər.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə əsasən 9 məntəqədə veb-kameralar qurulmuş, exit-poll təşkil olunmuşdu. Beş yüzdən artıq müşahidəçi bu siyasi kompaniyani izləmişdi. Şəmkir rayonu Qaracəmili kəndindəki 3 saylı məntəqədə Samux rayonundakı Çobanabdallı kəndində yerləşən 50 saylı məntəqədə və başqa yerlərdə müxtəlif yaşlı, müxtəlif peşəli seçicilərlə söhbət etdik. Hamı yekdilliklə bildirdi ki, ölkə başçılığına seçimin düzgün aparılması sabahkı qüdrətimizin, şöhrətimizin daha etibarlı təməli olmalıdır.

Günün ikinci yarısında axşamı yaxın rayonda seçkilərin gedişi ilə maraqlandıq. 102 saylı  dairə seçki komissiyasının sədri Bayram Qasımov bildirdi ki, səsvermə  problemsiz başa çatdırılır.

 

 

 

Kəlbəcər

 

 

Kəlbəcərin əhalisi 56 rayona səpələnib. 123 saylı Kəlbəcər seçki dairəsi Gəncədə yerləşir. Bölgənin ən yaşlı seçicilərindən biri 123 saylı dairə seçki komissiyasında qeydə alınıb. Ülkər Alışan qızı Vəliyeva Goranboy rayonunun Veysli kəndində məskunlaşıb. Ağbirçək xanımla mədəniyyət evindəki 33 saylı seçki məntəqəsində görüşdük. Yaşı çox olsa da, sərbəst yeriyir, sistemli danışırdı. Məntəqənin sədri Etibar Abbasov deyir ki, səyyar qutunu evinə aparmaq istədik. Etiraz etdi. "Bu, elə bil tədbirdir ki, mütləq iştirak etməliyəm" - dedi. - Namizədimi də çoxdan müəyyən etmişəm. Şadam ki, yaşımın bu çağında vətənin taleyi barədə öz sözümü deyə bilirəm".

33 saylı məntəqədə həm də ilk dəfə səs verən Sevinc Qasımova ilə görüşdük. Ölkədə "gənclərə göstərilən qayğı məni qəlbən sevindirir - dedi. Artıq yetkin vətəndaşam. Çox şadam ki, ilk dəfə prezident seçkilərində iştirak edirəm. Vətənimin ictimai-siyasi həyatında bir vətəndaş kimi öz rolum, öz yerim vardır".

 

 Quba

 

 

52 saylı Quba seçki dairəsi  üzrə seçicilərin sayı 44483 nəfərdir. Dairə  üzrə seçki məntəqələri seçki qanunlarına uyğun olaraq bütün texniki avadanlıqlarla təmin edilib. Rayon üzrə fəaliyyət göstərən 70 daimi seçki məntəqəsinin 10-da kameralar quraşdırılıb. 7 kamera rayon mərkəzini və 3-ü isə Vəlvələ, Dağlı və Qəçrəş kəndlərindəki məntəqələri əhatə edir.

Dairə üzrə qeydə alınan müşahidəçilərin sayı 655 nəfərdir.

Quba  rayonunda olarkən yolumuzu 3 saylı məntəqədən saldıq. Məntəqə Quba şəhər 2 saylı məktəb - liseydə təşkil edilib. Məntəqənin sədri Bibixanım Şükürova səsvermə üçün bütün şəraitin yaradıldığını bildirdi. 1461 nəfər seçicisi olan məntəqədə  kamera quraşdırılıb.

Seçicilərdən Murad Nəcəfov, Eldar Fərzəliyev, Murad Fətəliyev, Aynurə Həmidova və digərləri seçkilərin şəffaf keçirildiyini bildirdilər.

 

Azərbaycan.-2013.- 10 oktyabr.- S.12.