Bölgələrdə seçkilərin azad, ədalətli və şəffaf

 keçirilməsi üçün hər cür şərait yaradılmışdır

 

Naxçıvan Muxtar Respublikası

 

 

Əvvəlcədən qeyd edək ki, Naxçıvan Muxtar Respublika üzrə 267 min 283 nəfər seçici qeydə alınmışdı. Onlar 7 dairədə yaradılan 292 məntəqədə səs verirdilər. Seçicilərin 3075 nəfəri ilk dəfə səs verən gənclər idi. Naxçıvan MR-də seçkiləri ATƏT-in  30, MDB-nin 7, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyindən 10 beynəlxalq müşahidəçi izləyirdi. Öz təşəbbüsü ilə seçkiləri izləmək istəyən 126 müşahidəçi də  qeydiyyatdan keçmişdi. Bunlardan əlavə  muxtar respublikada seçkiləri siyasi partiyaların xətti ilə də çoxlu sayda müşahidəçi izləyirdi. 7 seçki dairəsinin əhatə etdiyi 35 məntəqədə isə veb-kamera quraşdırılmışdı.

 

 

Naxçıvan şəhəri

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verib.

Seçki prosesinin başlandığı ilk dəqiqələrdən etibarən muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində əhali seçkilərdə mütəşəkkilliklə iştirak etəməyə başladı.

Saat 12:00-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsinə gələrək səs verdi. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti məlumat verib. Məlumatda bildirilir ki, səs verdikdən sonra Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlanıb.

Məlumat verilib ki, Naxçıvan şəhərindəki seçki məntəqələrində 50 minə yaxın seçicinin səs verməsi üçün lazımi şərait yaradılmışdır. 4-15 saylı seçki məntəqəsində 1482 seçicinin səs verməsi nəzərdə tutulub. Saat 12:00-a qədər seçki məntəqəsində seçicilərin 37 faizi səs verib.

 

Ali Məclisin Sədri seçki məntəqəsində seçkilərin gedişini izləyən müşahidəçilərlə görüşüb. Müşahidəçilər muxtar respublikada seçkilərin qanunvericiliyin tələblərinə uyğun təşkil edildiyini və demokratik şəkildə keçirildiyini qeyd edib, müşahidəçilərin fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını bildiriblər.

 

4 saylı Naxçıvan şəhər Seçki Dairəsi muxtar respublikada ən çox seçicinin qeydə alındığı dairədir. Dairə seçki komissiyasının sədri Cahangir Seyidovla söhbətdə öyrəndik ki, bu ərazidə 43 min 631 seçici qeydə alınıb. Onların 1027 nəfəri ilk dəfə səs verənlərdir. Dairə üzrə fəaliyyət göstərən 37 məntəqənin hamısı son illərdə tikilmiş və ya əsaslı təmir olunmuş müasir binalarda fəaliyyət göstərir. 5 məntəqədə veb-kamera quraşdırılıb.

 

Naxçıvan şəhərinin Heydər Əliyev, Atatürk prospektlərində, İstiqlal, İslam Səfərli, Əziz Əliyev və digər küçələrində insan axını var idi. Onlar qeydə alındıqları seçki məntəqələrinə yollanır, səsvermədə iştirak etməyə çalışırdılar. Biz də şəhərdə fəaliyyət göstərən bir neçə məntəqədə olduq. İlk olaraq Heydər Əliyev Uşaq-Gənclər Yaradıclıq Mərkəzində fəaliyyət göstərən 9 saylı məntəqəyə üz tutduq. Məntəqə sədri Arzu Abdullayev 949 seçicini qeydə aldıqlarını bildirdi. Saat 15-ə kimi seçicilərin 349 nəfərinin artıq səsvermədə iştirak etdiyini öyrəndik. Buna baxmayaraq məntəqənin önündə xeyli adam səs vermək üçün içəridəkilərin çıxmasını gözləyirdilər.

 

Naxçıvan Türk Liseyində yerləşən 24 saylı seçki məntəqəsində də fəallıq hökm sürürdü. Məntəqə sədri Mənsur Əsgərov vurğuladı ki, 1345 seçici qeydə alınıb. Saat 12-də artıq onların 503 nəfəri səsvermədə iştirak edib.

 

Seçkiyə övladları ilə gələn gənc ailə Elvin Hüseynov və həyat yoldaşı Zeynəb xanımın fikirlərini öyrəndik. Hər ikisi seçkilərin şəffaf keçirildiyini, hər hansı kənar müdaxilənin olmadığını  bildirdilər:

 

- Dünəndən bu günə hazırlaşırdıq. Özünüz də görürsünüz ki, heç bir qanun pozuntusuna yol verilmir. Məntəqədə lazımı şərait yaradılıb. Seçicilərin sərbəst, azad səs vermələri təmin olunub. Şəxsən nə həyat yoldaşım və mən bir-birimizə belə öz fikrimizi diqtə etməmişik. Hər kəsin öz iradəsi var və hər kəs öz namizədini dəstəkləyir.

 

Naxçıvan şəhər 7 nömrəli uşaq baxçasında yerləşən 30 saylı məntəqədə 823 seçici qeydə alınıb. Lakin həmin seçicilərin 2 nəfəri vəfat ettiyindən, 5 nəfəri isə qeydiyyatdan çıxma haqqında arayış aldığından məntəqədə ümumilikdə 816 seçicinin səsverməli idi.

 

Məntəqədə olarkən MDB müşahidə missiyasının nümayəndəsi Boris Şinçuk da onlar üçün ayrılmış yerdə əyləşmişdi. Onun seçkinin gedişiylə bağlı fikirlərini öyrəndik. Seçkilərin gedişindən razı olduğunu bildirən beynəlxalq müşahidəçi sözünə belə davam etdi:

 

- Bu mənim Azərbaycandakı ikinci müşahidəçiliyimdir. Bundan əvvəl də beynəlxalq müşahidəçi kimi Azərbaycanda olmuşdum. O zaman da, indi də insanların seçkidəki fəallığı təqdirəlayiqdir. Hər kəsin simasında fərqli bir sevinc görürəm. Hamı həvəslə bu seçkilərdə iştirak etməyə çalışır. Ölkənizdə çox müsbət inkişafla qarşılaşdım. Təbii ki, insanlar da seçkidə öz gələcəklərinə, gələcəklərinin təminatçısına səs verməkdə maraqlıdır. Mən belə fikirləşirəm ki, ölkədə bu cür inkişaf varsa onu dəstəkləmək lazımdır və naxçıvanlılar da bunun fərqindədirlər.

 

 

 

Kəngərli

 

 

 

Kəngərli rayonunda ilk olaraq Yurdçu kəndinə üz tutduq. Kənd tam orta məktəbin binasında yerləşən 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsinin 7 saylı məntəqəsinin sədri Hafiz Mehdiyev bildirdi ki, məntəqə üzrə 875 seçici qeydə alınıb. Onlardan 28 nəfəri ilk dəfə səs verən vətəndaşlardır. Məntəqədə quraşdırılmış veb-kamera vasitəsiylə dünyanın istənilən nöqtəsindən seçkilərin gedişini izləmək mümkündür.

 

Saat 12-də məntəqə sədri Hafiz Mehdiyevdən aldığımız məlumata görə, artıq seçicilərin 326 nəfəri, yaxud 37,2 faizi səsvermədə iştirak etmişdi. Məntəqə qarşısındakı seçici siyahısının önündə 5 gənclə həmsöhbət olduq. Səməd Niftəliyev, Orxan Məmmədov, Çingiz Mehdiyev, Habil Abbaslı və Qələndar Abbasovun bir vaxtlar bu məktəbdə eyni sinifdə oxuduqlarını öyrəndim. Onlar seçki məntəqəsinə də birlikdə gəlmişdilər. Səs verdikdən sonra gənclərlə çıxışda görüşdük. Seçkinin gedişindən, yaradılan şəraitdən razılıq etdilər. Hər hansı kənar müdaxilənin olub-olmadığını soruşuruq. Çingiz Mehdiyev dedi:

 

- Bu bizim seçkilərdəki 5-ci iştirakımızdır. Bundan əvvəlki seçkilərdə də hər hansı müdaxilə ilə rastlaşmamışdıq. Bu dəfə də elə oldu. Daxil olub şəxsiyyət vəsiqəmizi təqdim etdik, bülleten alıb kabinələrə keçdik, öz namizədimizin önündəki qrafanı işarəliyib seçki qutusuna atdıq. Bu qədər sadə. Öz iradəmizi azad, demokratik şəkildə ifadə etmək üçün hər cür şərait yaradılmışdı.

 

Kəngərli rayonunun Qarabağlar kəndindəki 4 saylı məntəqədə də olduq. Kənd 1 nömrəli məktəbdə yerləşən məntəqənin sədri Mirhəşim Seyidov bildirdi ki, 1492 seçici qeydə alıblar və onların 42 nəfəri ilk dəfə səs verənlərdir.

 

Məntəqə önündə "Exit-poll" həyata keçirən "Proqnoz" Müstəqil Sosioloyi Tədqiqatlar Mərkəzinin əməkdaşları Babək Cəfərov və Toğrul Bəndəliyev vətəndaşların öz fikirlərini onlarla bölüşməkdən, səs verdikləri namizədləri söyləməkdən çəkinmədiklərini bildirdilər.

 

Kəngərli rayonunun mərkəzi Qıvraq qəsəbəsində, rayon Tarix-diyarşünaslıq muzeyində yerləşən 17 saylı məntəqədə də olduq. Məntəqə sədri Mahmud Cavadov 1149 seçici qeyd aldıqlarını onların 54-nün ilk dəfə səs verəcən vətəndaş olduğunu bildirdi. İlk dəfə səs verən Çimnaz Vəliyevanın fikirlərini öyrəndik. O bu sevinci yaşamaqdan, ölkənin növbəti beş ildəki taleyində önəmli rol oynayan siyasi prosesdə iştirak etməkdən məmnun olduğunu, qürur hissi keçirdiyini qeyd etdi.

 

 

 

Şərur

 

 

 

Səhər saat 8-də Şərur rayonunun Çomaxtur kəndindəki tam orta məktəbin binasında yerləşən 2 saylı Şərur seçki dairəsinin 10 saylı Çomaxtur kənd seçki məntəqəsinin sədri Pərviz Əsədov məntəqə üzvləriylə birlikdə bir-birlərinə uğurlar arzulayıb işə başlayanda artıq məntəqənin önündə bir neçə seçici də var idi. Rahib Nəcəfov, Camal Tahirov və digərləri səsvermə hüquqlarından ilk istifadə edənlər oldu. Məntəqə sədri bildirdi ki, 1183 seçici qeydə alınıb, onların 27-si ilk dəfə səs verəcəklər.

 

Onu da qeyd edək ki, Çomaxtur kəndində ümumilikdə 2399 seçici var. Seçicilərin 1216-sı isə kənd mərkəzinin binasında yerləşən 11 saylı məntəqədə qeydiyyata alınmışlar.

 

Şərur şəhər 2 nömrəli tam orta məktəbin binasında yerləşən 1 saylı məntəqənin önündə də adam çox idi. Biz səs verib məntəqəni tərk edən seçici ilə qarşılaşdıq. 46 yaşlı İlqar Muradov Qarabağ müharibəsi veteranı olduğunu, Tərtərdə döyüşlərdə iştirak etdiyini bildirdi. Səsvermənin gedişindən, yaradılan şəraitdən razılığını bildirən müharibə veteranı bu marafonda hər kəsin iştirakının bir vətəndaşlıq borcu olduğunu dedi.

 

Vəsiqəmizi təqdim edib KİV üçün ayrılmış masanın arxasında əyləşərək seçkilərin gedişini izlədik. Məntəqə sədri Qulu Quliyev bildirdi ki, 1265 seçicimiz var. Onların 24-ü ilk dəfə bu sevinci yaşayacaqlar. Məntəqədə veb-kamera quraşdırılıb.

 

Şərur şəhər sakinləri seçkilərdə fəal idilər. Şəxsiyyət vəsiqəsini məntəqə üzvünə təqdim edən seçicilər içəri daxil olur, bülleten alaraq pərdə arxasına keçir, öz namizədinə səs verərək bülleteni seçki qutusuna ataraq işlərini yekunlaşdırırdılar. Səsverməyə nəvələri Sənubərlə birlikdə gələn Süleyman Qəhrəmanov və həyat yoldaşı Aytəkin Qəhrəmanova seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şəriaitin yaradıldığını bildirdilər.

 

Rayonun Püsyan, Xanlıqlar, Aşağı və Yuxarı Aralıq, Tumaslı, Çərçiboğan kəndlərində də seçici fəallığı ilə qarşılaşdıq. 1 saylı Şərur-Sədərək Seçki Dairəsinin əhatə etdiyi Şərur rayonunun Zeyvə kəndindəki 27 və 28 saylı məntəqələrdə də olduq. Zeyvə kəndində səsvermə hüququ olan 1955 vətəndaşın 1079-u kənd tam orta məktəbində yerləşən 27 saylı məntəqədə səs verirdi. Veb-kamera quraşdırılmış məntəqədə ilk dəfə səs verən Musa Şükürovla söhbətləşdik.  Musa bundan qürur duyduğunu dedi.

 

Muxtar respublikanın ən yaşlı seçicisi - 115 yaşlı Qönçə nənənin səsvermə prosesində də iştirak etdik. O, 1 saylı Şərur-Sədərək Seçki Dairəsinin 19 saylı Kürçülü kənd seçki məntəqəsində səs verdi. Məntəqə sədri Ülviyyə Kərimova bildirdi ki, 629 seçicimiz var. Onlardan təkcə  Qönçə nənə məntəqəyə müraciət edərək evində səs vermək istəmişdi.

 

 

 

Culfa

 

 

 

Culfa seçiciləri rayondakı 6 saylı seçki dairəsinin 25 məntəqəsində mütəşəkkilliklə öz istədikləri namizədlərə səs verdilər.

 

15 saylı seçki məntəqəsi seçki komissiyasının sədri Anar Hüseynov dedi:

 

- 1492 seçicisi olan məntəqəmizdə vətəndaşların tam sərbəst şəkildə səs verməsi üçün lazımi şərait yaradılıb. Səhərdən insanlar məntəqəyə axışırlar. Qeyd edim ki, heç bir qanun pozuntusuna yol verilməyib. Müşahidəçilər və KİV nümayəndələri də seçki prosesini izləyirlər.

 

Seçicilər arasında gənc bir vətəndaş diqqətimizi cəlb etdi. Öyrəndik ki, ilk dəfədir səs verir. 18 yaşı yenicə tamam olub. Gənc seçici İbrahim Feyziyev ürək sözlərini bizimlə bölüşdü:

 

- 18 yaşım var. Həyatımda heç zaman doğma şəhərimizin küçələrini belə  izdihamlı görməmişdim. Çox həyəcanlıyam. Qohumlarımızın hamısı bizə toplaşmışdı. Birlikdə 6 saylı Culfa-Babək seçki dairəsinin 15 saylı məntəqəsinə gəldik. Məntəqədə əsl toy-bayram əhval-ruhiyyəsi vardı. Mənim kimi gənclər, ata-analar, qocalar, bir sözlə, hamı böyük sevinc və fərəh hissilə məntəqəyə gələrək öz vətəndaşlıq borcunu yerinə yetirirdi. Mən də öz səsimi milyonların səsinə qataraq ölkəmizin xoşbəxt gələcəyinə səs verdim.

 

Seçki məntəqələrindən biri Culfa şəhər 2 nömrəli tam orta məktəbin binasında yerləşirdi. Buradakı 16 saylı seçki məntəqəsində müxtəlif peşə sahibləri, pensiyaçılar və gənclər də səs verirdilər. Məntəqə seçki komissiyasının sədri Tahir Əliyev seçkilərin başlanmasından qısa müddətdə 634 nəfərin səs verdiyini bildirdi.

 

Hər iş öz qaydasında, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələbləri səviyyəsində gedirdi. Ən çox diqqəti cəlb edən isə seçicilərin yüksək əhval-ruhiyyəsi idi. Ona görə də onların ürək sözlərini dinləməyə üstünlük verdik. Seçici Valentina Qurji dedi:

 

- Vətənimiz və dövlətimiz üçün əlamətdar bir gündür. Ölkəmizin başçısını seçirik. Odur ki, bugünkü tədbirdə qürur və fərəhlə iştirak edirəm. Mən digər seçicilərin də əsl bayram əhval-ruhiyyəsini, onların bu günün əhəmiyyətini yaxşı dərk etdiklərini bilirəm.

 

Seçici Lyubov Haqverdiyeva isə təəssüratını belə ifadə etdi:

 

- Çox sakit və rahatlıqla səs verdik. Heç bir narahatlığa və qanun pozuntusuna rast gəlmədim. Bu, insan hüquqlarına və onun səsinə hörmətin ən yüksək formasıdır.

 

Rayonun Ərəzin, Əbrəqunus, Kırna, və Göydərə kənd tam orta məktəb binalarında yerləşən 21, 22, 23, 27 saylı seçki məntəqələrində də seçicilər yüksək fəallıq nümayiş etdirir, hər kəs öz layiqli namizədinə səs verirdi.

 

 

 

Sədərək

 

 

 

Masmavi səmadan boylanan Günəş şüalarının istisi Türkiyənin Şərq sərhəddində yerləşən Ağrıdağın qarlı zirvələrindən əsən soyuq səhər mehini üstələyə bilmişdi. Rayon mərkəzi olan Heydərabad qəsəbəsində seçicilər  seçki məntəqələrinə gəlirdilər. Qəsəbə tam orta məktəbinin binasında yerləşən 1 saylı məntəqənin sədri  Nəsimi Rzayev  bildirdi ki, məntəqədə 1494 seçicinin öz iradələrinin azad, şəffaf, demokratik ifadə etmələri üçün  hər cür şərait yaradılıb. Bunu məntəqədə quraşdırılmış veb-kameranın vasitəsilə də istənilən şəxs internetdə izləyə bilər.

 

Həyat yoldaşı Sədərək döyüşlərində şəhid olan Tamella Əsgərova  səs verməyə qonşuları ilə birlikdə gəlmişdi. Qonşuların deyə-gülə seçki prosesinə qoşulması, öz namizədlərinə səs verdikdən sonra məntəqəni xoş ovqatda tərk etməsi prezident seçkilərinin bayram əhval-ruhiyyəsində keçirildiyi qənaətindən xəbər verirdi.

 

Rayonun Qaraağac kənd tam orta məktəbinin binasında yerləşən 6 saylı məntəqədə seçici siyahısında öz adını axtaran Könül Cəlilova ilə həmsöhbət olduq. İlk dəfə səs verəcəyini söyləyən Könül sevincli görünürdü. Məntəqəyə tək gəldiyini, ən layiqli namizədə səs verərək müstəqil vətəndaş olaraq ölkənin bu mühüm siyasi tədbirində iştirak edəcəyindən həyəcanlı olduğunu da gizlətmədi. Qeyd edək ki, bu məntəqədə 1455 seçici siyahıya alınmışdı.

 

Sədərək rayonunun 7 saylı Qarağac kənd seçki məntəqəsinin önündə seçicilər içəri girmək üçün növbə gösləyirdilər. Ümumiyyətlə sərhəddə yaşayan sədərəklilər seçki prosesində xüsusi fəallıq göstərdilər.

 

 

 

Şahbuz

 

 

 

Rayonun 34 seçki məntəqəsində 14 min 591 seçici qeydə alınmışdır. Onların da 331 nəfəri ilk dəfə prezident seçkilərində iştirak edirdi. Seçkilərin yüksək mütəşəkkiliklə keçməsi, şəffaflığın təmin olunması, yerli və xarici müşahidəçilərin seçkiləri sərbəst izləməsi üçün hər cür şərait yaradılmış, 2 məntəqədə veb-kamera quraşdırılmışdır.

 

Şahbuz şəhərində yerləşən və 1358 seçicinin qeydə alındığı 1 saylı seçki məntəqəsində olduq. İlk dəqiqələrdən etibarən şəhər sakinləri məntəqəyə gəlməyə başladılar. İlk səs verən seçici təqaüddə olan müəllim Fazil Vəliyevə yaxınlaşdıq. O, ölkəmizin işıqlı gələcəyinə səs verdyini dedi. İlk dəfə seçkilərdə iştirak edən gənc Səma Kərimli isə bu hadisənin onun həyatnda əlamətdar hadisələrdən biri olduğunu söylədi.

 

2 saylı Şahbuzkənd seçki məntəqəsində 767 seçici qeydə alınmışdı. Onlardan 24 nəfəri ilk dəfə səs verirdi. Daha çox seçicinin səs verəcəyi gözlənilən və rayonun böyük yaşayış məntəqələrindən biri olan 5-7 saylı Kolanı seçki məntəqəsində də 1234 nəfərin səs verməsi üçün hər cür şərait yaradılmışdı. Günortaya yaxın burada artıq seçicilərin böyük bir hissəsi səs vermişdi.

 

Badamlı qəsəbəsini əhatə edən 12 saylı seçki məntəqəsində də olduq. 407 seçicinin qeydə alındığı məntəqədə artıq günortaya yaxın seçicilərin 45 faizə qədəri öz səsvermə hüququndan istifadə etmişdi.

 

Günortadan sonra Şahbuz şəhər 1 saylı seçki məntəqəsinə qayıdarkən budəfəki tanışlığımız ATƏT-dən olan müşahidəçilər - ukraynalı Stanislav Proşko və almaniyalı Heininq Berntlə oldu. Məntəqədən ayrılan ATƏT müşahidəçiləri hər şeyin günün sonunda bəlli olacağını, ancaq indiyə qədər apardıqları müşahidələrdən müsbət təəssürat aldıqlarını bildirdilər, seçki prosesinin yüksək səviyyədə təşkil edildiyini və hər kəsin azad şəkildə səs verdiyini vurğuladılar.

 

 

 

Gəncə

 

 

 

Ölkənin bütün seçiciləri kimi, gəncəlilər də prezident seçkilərində iştirak etmək üçün səhər tezdən seçki məntəqələrinə axışır, müstəqil Azərbaycanın gələcəyini müəyyənləşdirmək naminə öz vətəndaşlıq borclarını yerinə yetirməyə tələsirdilər.

 

37 saylı Nizami I (Gəncə) Seçki Dairəsinin 16 saylı seçki məntəqəsində seçici fəallığı var idi. Prosesi müşahidə etmək üçün müşahidəçilərin və mətbuat nümayəndələrinin fəaliyyəti üçün əlverişli şərait yaradılmışdır. Rabitə sistemi, veb- kamera quraşdırıliışdır. Seçki məntəqələrinə gələn sakinlərdə ruh yüksəkliyi müşahidə olunurdu. Hamı özünün və ailəsinin, bütövlükdə ölkəsinin sabahı naminə daha layiqli namizədə etibar etmək üçün Konstitusiya hüquqlarından istifadə etməklə vətəndaşlıq borcunu yerinə yetirmək arzusundadır. Elə bu arzu ilə səhər saat 8.00-dan etibarən seçki məntəqəsi dolub, boşalırdı. İnsanlar növbə ilə, heç bir təzyiq olmadan sərbəst şəkildə istədikləri namizədə səs verirlər.

 

Məntəqəyə səs verməyə gələn 61 yaşlı Ziyafət Bayramova: "Bu gün Azərbaycan xalqının öz iradəsinin ifadə etdiyi bir gündür. 20 ildən çoxdur ki, müstəqil ölkədə yaşayırıq. Sevinirəm ki, ölkəmizdə sabitlik və əmin-amanlıqdır. Güzəranımız gündən-günə yaxşılaşır. Elə mənim seçki məntəqəsinə gələrək səs vermək arzum da bundan irəli gəlir. Arzu edirəm ki, Vətənimizdə həmişə beləcə sabitlik və əmin-amanlıq olsun".

 

Bu fikirlər 38 saylı Nizami II (Gəncə), 39 saylı Kəpəz I və 40 saylı Kəpəz II (Gəncə) seçki dairələrinin əhatə etdikləri seçki məntəqələrində səs verməyə gələn seçicilərində dilindən eşitdik. 38 saylı Nizami II seçki dairəsi dairəsinin 13 saylı məntəqəsində seçkiləri müşahidə edən Amerika Birləşmiş Ştatlarından olan beynəlxalq müşahidəçilər Mark Lus və Cek Kimvordun fikirləri xüsusilə maraqlıdır: "Biz 2008-ci ildə də keçirilən prezident seçkilərində iştirak etmişik. O vaxt da, indi də biz seçkilərə yüksək səviyyədə hazırlıq görüldüyünün şahidi olmuşuq".

 

Ümumiyyətlə, prezident seçkiləri respublikamızın qərb bölgəsində insanların ruh yüksəkliyi ilə müşayiət olunan. 98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd, 100 saylı Şəmkir-Daşkəsən, 101 saylı Göygöl-Daşkəsən, 102 saylı Samux-Şəmkir, 103 saylı Gədəbəy və 104 saylı Gədəbəy-Tovuz seçki dairələrini əhatə edən məntəqələrdən daxil olan məlumata görə, seçkilər böyük ruh yüksəkliyi ilə keçmişdir. İstər xarici müşahidəçilər, istərsə də müxalifət partiyaları təmsil edən nümayəndələr seçki prosesində heç bir qanun pozuntusuna yol verilmədiyini bildirirmişlər.

 

 

 

Sumqayıt

 

 

 

Əvvəlki seçkilərə nisbətən bu dəfəki prezident seçkilərində insanlarda bu kampaniyaya daha fəal münasibət və coşqunluq duyulurdu.

 

41 saylı Sumqayıt I seçki dairəsinin şəhər 3 nömrəli orta məktəbinin binasında yerləşən 7 saylı məntəqəsinin sədri Qulu Əbdürrəhmanov prosesin kifayət qədər şəffaf keçdiyini və səsverməyə gələnlərin fəallığının yüksək olduğunu söylədi.

 

952 nəfər seçicisi olan bu məntəqədə səsvermə üçün bütün şərait yaradılmışdır. Məntəqədə heç bir ciddi qanun pozuntusu qeydə alınmamış, vətəndaşlar sərbəst şəkildə səs vermişlər. Məntəqə seçki komissiyasının katibləri Nahidə Talehi, Sevil Nəcəfquliyeva, üzvlər Səbinə Bağırova, Mətanət Verdiyeva və Qızbəst Məmmədli seçicilərə adlarını seçici siyahılarında tapmaqda kömək edirdilər. Səsverməyə gələnlərdən Pərnisə Musayeva, Nicat Əsədullayev, Cəmilə Əliyeva məntəqədə təşkil edilən şəraitdən razı qaldıqlarını bildirdilər.

 

Həmin seçki dairəsinin 8 saylı məntəqəsinin sədri Məmməd Əliyev də səsvermənin normal keçdiyini və nəticələrə təsir göstərə biləcək qanun pozuntularına rast gəlinmədiyini söylədi. 1106 seçicisi olan məntəqənin üzvləri Gülşən Süleymanova, Vəfa İsayeva və Sevinc İsmayılova seçicilərin fəallığından razılıq etdilər. Mətləb Məhərrəmov, Mahirə İbrahimova, Camal Əzizov, Akif Muradov və başqaları seçkinin gedişatından razı qaldıqlarını söylədilər. Valentina Rəhimova qeyd etdi ki, respublikamızın daxili və xarici siyasətində əldə edilən uğurlar yüksəkdir. Əminik ki, səs verdiyimiz namizəd gələcəyimizi daha da nurlu edəcək.

 

Seçki ərəfəsində məntəqədə MDB Parlamentlərarası Assambleyanın müşahidə missiyasının nümayəndələri ilə də görüşdük. Beynəlxalq Monitorinq, Demokratiyanın İnkişafı, Parlamentarizm və Vətəndaşların Seçki Hüququnun Müdafiəsi İnstitunun direktor müavini Andrey Baranov, beloruslu deputatlar Qalina Lazovskaya və Svetlana Soroko seçkinin gedişindən razı qaldıqlarını bildirdilər. Onlar seçki qanunlarının mükəmməlliyindən söz saldılar. Q.Lazovskaya bildirdi ki, seçicilər heç bir qanun pozuntusu olmadan öz səslərini istədikləri namizədə verirlər. Seçici siyahıları, müşahidəçilər üçün yaradılan şərait idealdır. S.Soroko da bugünkü seçkilərdən razı qaldığını bildirdi. Beynəlxalq müşahidəçilər heç bir qanun pozuntusunun olmadığını öyrəndilər.

 

Sumqayıtda məskunlaşan qaçqın və məcburi köçkünlər də prezident seçkilərində yaxından iştirak etdilər. 97 saylı Goranboy-Ağdam-Tərtər  seçki dairəsinin 48 saylı seçki məntəqəsinin sədri Şakir Səfərov bildirdi ki,  857 seçicinin səs verəcəyi məntəqədə seçki qanunlarına uyğun şərait yaradılıb.

 

Məntəqənin katibləri Dilşad Bayramova və Akif Hüseynov seçicilərə seçki siyahılarında adlarını tapmaqda kömək edirdilər. Ramil Məmmədov, Asif Qurbanov, Aynurə Səfərova seçkidən razı qaldıqlarını bildirdilər. Nəsibə Mehdiyeva bildirdi ki, vətənimizin gələcəyini müəyyənləşdirmək hər birimizdən asılıdır. Biz ağdamlılar sabitliyə, dinamik inkişafa səs veririk.

 

97 saylı Goranboy-Ağdam-Tərtər  seçki dairəsinin 47 saylı seçki məntəqəsində də böyük canlanma duyulurdu. Məntəqənin sədri Adil Quliyev 764 seçicinin səs verməsi  üçün  məntəqədə tam şəraitin yaradıldığını bildirdi. Seçkiyə start veriləndən seçicilərin ardı-arası kəsilmədiyini bildirən məntəqə sədri qeyd etdi ki, onlar belə şəraitə görə əlaqədar təşkilatlara minnətdarlıqlarını bildirdilər. Fuad Quliyev, Cəmil Quliyev, Sevinc Əsgərova, Nəzmiyyə Səfərova işğal altında olan torpaqların da tezliklə azad ediləcəyinə inamlarını vurğuladılar.

 

 

 

Abşeron

 

 

 

Abşeronlular indiyədək respublika üzrə keçirilən bütün seçkilərdə mütəşəkkilliyi ilə fərqlənib. Əhalisinin sayı ilbəil artan Abşeron sakinləri bu günə qədər bütün seçkilərdə fəal iştirak edib və böyük əksəriyyət səsini ən layiqli namizədə verib.

 

45 saylı Abşeron seçki dairəsi özündə 37 məntəqəni birləşdirir. Həmin məntəqələrdən 35-i mülki, 2-si isə hərbidir. DSK sədri Dilşad Abbasova bizimlə söhbətində bildirdi ki, 45 saylı Abşeron seçki dairəsi üzrə seçicilərin sayı 46459  nəfərdir. Məntəqələr texniki avadanlıqlarla tam təmin olunub. 10 məntəqədə quraşdırılan kameralar vasitəsilə seçkinin gedişatını birbaşa izləmək mümkündür. DSK üzrə ilk dəfə səsverənlərin sayı 996 nəfərdir. Seçkinin gedişatını 391 müşahidəçi izləyir.

 

45 saylı Abşeron seçki dairəsinin 31 saylı məntəqəsi Aşağı Güzdək qəsəbəsindəki məktəbin binasında fəaliyyət göstərir. Məntəqə üzrə seçicilərin sayı 1314 nəfərdir. Məntəqənin sədri Əntiqə Məmmədova bizimlə söhbətində seçkiyə start veriləndən seçicilərin göstərdikləri fəallıqdan danışdı. O bildirdi ki, məntəqə Aşağı Güzdək qəsəbəsini əhatə edir və seçkini 14 yerli müşahidəçi izləyir. Bir nəfər yaşı 100-ü adlamış seçici var. Zəhra Zahidovanın səs verməsi üçün daşınan qutu onun evinə göndərildi. Biz də onlarla birlikdə Zəhra xanımgilə getdik. Z.Zahidova bizimlə söhbətində bildirdi ki, sayca neçənci seçkidə iştirak etdiyini artıq unudub. "İnsan qayğı görəndə daha da yaşamaq istəyir. Əldə etdiklərinizi qoruyub saxlayın. Azərbaycanın inkişafını müdafiə edin. Qazanılan uğurlar isə doğruya gedən yolun açarıdır", - deyən yaşı yüzü keçmiş Zəhra nənə sözünü bitirdi və kimə səs verdiyini nəvəsinin qulağına pıçıldadı, bülleteni qutuya saldı.

 

 

 

Ağdam

 

 

 

Son illər sürətlə inkişaf edib kənddən müasir şəhərə çevrilən Quzanlı qəsəbəsində 9 oktyabr şəhəri xoş ovqatla, yüksək əhval-ruhiyyə ilə açılır. Qəsəbədə şəhər tezdən müşahidə edilən canlanma təbiidir. Bu, bölgə sakinlərinin prezident seçkilərində mütəşəkkil iştirakının təzahürüdür.

 

Ağdam Dövlət İqtisad Kollecində yerləşən seçki məntəqəsinin qarşısı qələbəlikdir. Muğam beşiyi olan Ağdamı belə günlərdə musiqisiz təsəvvür etmək çətindir. Ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olan prezident seçkilərini toy-bayramla, çal-çağırla keçirmək bölgə sakinlərinin qəlbindən gələn istəkdir. Ağdam rayon Ağsaqqallar Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Sədrəddin Ələsgərov səsverməyə birlikdə gəldikləri həmyaşıdlarının fikrini ifadə edərək deyir:

 

- Bu gün bizim üçün əziz bayramdır. Bir insanların üzünə baxın. Hər kəsin üz-gözündə sevinc, fərəh görəcəksiniz. Bu insanlar həyatın ağır sınaqlarından çıxıblar, məşəqqətlərdən qurtulublar. Yük vaqonlarında, çadır düşərgələrində, palçıq daxmalarda yayın qızmar günlərində, qışın ilik donduran şaxtalarında yaşanan ağrı-acını heç kim unutmayıb. Ağdamın işğal olunmamış ərazilərində 17 yeni qəsəbənin salınması rayonumuzun məcburi köçkünlərini yeni rahat həyata qovuşdurmuşdur. Bu, uğurla həyata keçirilən Heydər Əliyev siyasi kursunun nəticəsidir. İndi rayonumuzun bütün kəndlərində təbii qaz yanır. Bu, Ağdama və ağdamlılara dövlət qayğısının minnətdarlıq doğuran daha bir göstəricisidir. Bu gün ağdamlıların torpaq həsrətindən özgə dərdi yoxdur. İnanırıq ki, iqtisadi gücü, hərbi qüdrəti gündən-günə artan dövlətimiz Qarabağı tezliklə azad edəcəkdir. Biz ağdamlılar həmişə qalib olan Heydər Əliyev kursuna, qüdrətli Azərbaycana səs veririk.

 

Məntəqədə hər kəsin istədiyi namizədə sərbəst şəkildə səs verməsi üçün əlverişli şərait yaradılmışdır. Səsvermə prosesi demokratik prinsiplər əsasında, ədalətli və şəffaf qaydada davam edir. Prosesi diqqətlə izləyən çoxsaylı müşahidəçilərin hələlik heç bir iradı yoxdur.

 

Məntəqənin daxil olduğu 119 saylı Ağdam kənd seçki dairəsi üzrə seçki siyahılarında 43522 nəfər seçicinin adı var. Bura ərazidəki hərbi hissələrdə qulluq edənlər də daxildir. Dairə üzrə ilk dəfə səs verənlərin sayı isə 2392 nəfərdir.

 

 

 

Lənkəran

 

 

 

Xalqımız prezidentliyə növbəti seçkilər gününü respublikamızın iqtisadi və siyasi həyatında baş verən mühüm yeniliklərlə qarşılayır. Bunu Lənkəranda  hiss olunan  yüksək əhval-ruhiyyə də aydın göstərir. Sakinlər həmişəki kimi prezidentliyə namizədlərin ən layiqlisinə səs vermək üçün seçki məntəqələrinə tələsirlər.

 

73 saylı  Lənkəran şəhər dairə seçki komissiyasının 13 saylı məntəqəsinə böyük seçici axını var. Hamı növbə ilə istədiyi namizədə səs vermək üçün qeydiyyatdan keçir. İlk seçki bülletenini qutuya Lənkəran şəhər sakini,  92 yaşlı Kamal Kələntərli salır. O öz fikirlərini bizimlə bölüşüb:

 

- Yaşımdan çox seçkilər görmüşəm. Parlament, prezident, bələdiyyə və s. seçkilərdə iştirak etmiş və istədiyim namizədə səs vermişəm.  Bu gün daha böyük fəallıq hiss edirəm. Seçkilərin obyektiv keçirilməsi üçün ideal şərait yaradılıb. Heç bir maneə, təzyiq yoxdur. Seçkilər demokratik şəraitdə keçir. Mən özüm cənab İlham Əliyevə səs verirəm. Çünki xalqımızın parlaq gələcəyə gedən yolu məhz ondan keçir.

 

Lənkəranda mövcud 4 dairə seçki komissiyasını əhatə edən məntəqələrin hər birində müxtəlif partiyaların, cəmiyyətlərin, qurumların təmsilçiləri olan müşahidəçilər də seçkinin gedişini diqqətlə izləyirlər. 73 saylı Lənkəran şəhər dairə seçki komissiyasının  17 saylı məntəqəsində müşahidəçi kimi iştirak edən Milli Şuranın  məşvərətli səslə müşahidəçisi Barat Bayramov təəssüratlarını belə ifadə edir:

 

- Artıq saat 10:00-dır. İndiyədək heç bir qanun pozuntusu aşkar etməmişəm. Səsvermə tam şəffaf, obyektiv və demokratik keçir. Müşahidəçilər üçün yaradılmış şərait bizi qane edir.

 

73 saylı dairə seçki komissiyası Lənkəran şəhərində 29 seçki məntəqəsini birləşdirir. 12 məntəqədə veb-kameralar quraşdırılıb. Məntəqələrin yerləşdiyi binalar yüksək səviyyədə təmir olunub və hər cür avadanlıqla təchiz edilib. Sözügedən dairə üzrə 34 min 824 seçici  xalqın namizədlərinə səs verir. Onlardan 678 nəfəri ilk dəfə seçki hüququndan istifadə edir. Seçicilərin 17 min 808 nəfəri qadınlardır.

 

74 saylı Lənkəran kənd seçki dairəsi 39 məntəqəni əhatə edir. Bu gün dairə üzrə 33 min 795 nəfər seçkilərdə iştirak edir. Seçicilərin 1802 nəfəri 18-20 yaşlı gənclərdən ibarətdir ki, onlar da öz seçki hüququndan ilk dəfə istifadə edirlər. Seçkiləri müşahidə etmək üçün 209 nəfər qeydiyyatdan keçib. Müşahidəçilərin 40 nəfəri YAP-ı təmsil edir, 169 nəfəri isə öz təşəbbüsü ilə seçkiləri müşahidə edir.

 

74 saylı Lənkəran kənd dairə seçki komissiyasının Vilvan kəndində yerləşən 27 saylı məntəqəyə gəlişimiz saat 11 radələrinə təsadüf edir. Məntəqədə iynə atsan yerə düşməz. Seçicilərin fəallığı açıq-aydın hiss olunur. Vilvan kəndinin 85 yaşlı sakini Suğra Səbziyeva ilə burada görüşürük. O deyir:

 

- Bu gün mənim üçün böyük bayramdır. Seçimim İlham Əliyevdir. Mən ona səs verirəm. Çünki, onun dövründə ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürür. Pensiyalarımız da ildən-ilə artır...

 

75 saylı Lənkəran-Masallı dairə seçki komissiyası rayonun Liman şəhərində yerləşir. Dairə 40 məntəqəni birləşdirir. Bunun 29-u Lənkəranın, 11-i isə Masallının payına düşür. Məntəqələrin yerləşdiyi binalar yüksək səviyyədə təmir olunub və texniki avadanlıqlarla, əyani vasitələrlə təchiz edilib. Dairə üzrə 38 min 7 nəfər seçici var. 1800 nəfər ilk dəfə öz seçki hüququndan istifadə edir.

 

Dairə komissiyasının 1 saylı məntəqəsindəyik. Saatın əqrəbləri 12-yə yaxınlaşır. Məntəqəyə seçici axını səngimir.

 

Liman şəhər Ağsaqqallar Şurasının sədri Səyavuş Süleymanlı ilə burada görüşüb söhbət edirik. O, seçicilərin fəallığı ilə əlaqədar fikirlərini söyləyir:

 

 - Seçicilərdə böyük ruh yüksəkliyi vardır. Göründüyü kimi, seçkilər tam demokratik və obyektiv şəraitdə keçir. Heç bir qayda pozuntusuna yol verilmir. Hər bir seçici öz ürəyinin səsinə qulaq asaraq istədiyi namizədə səs verir. Amma hiss edirəm ki, cənab İlham Əliyevi dəstəkləyən daha çoxdur. Mən özüm də ona səs vermişəm. Bilirəm ki, onun rəhbərliyi ilə ölkəmizin müstəqilliyi ildən-ilə möhkəmlənir. Onun beynəlxalq nüfuzu artır. Sevinirəm ki, indi Azərbaycan Qafqazın lider dövlətinə çevrilib...

 

Dairə seçki komissiyasının digər məntəqələrində də seçicilərin fəallığının şahidi olduq.

 

76 saylı Lənkəran-Astara dairə seçki komissiyasının 16 saylı Şürük seçki məntəqəsinə gələndə də böyük və ardı-arası kəsilməyən seçici axınının şahidi olduq. Heç bir qayda pozuntusuna yol verilməmişdi. Seçicilərin üzündən sevinc yağırdı. Bu da seçkilərin obyektiv və demokratik keçməsindən xəbər verirdi.

 

Seçkiləri müşahidə edən MDB ölkələrinin nümayəndəsi Artyom Krasnov öz təəssüratlarını ifadə edərək dedi:

 

- Doğrusu, seçkiləri müşahidə edərkən belə qənaətə gəlmişəm ki,  hər şey burada dəqiq ölçülüb-biçilib. Məntəqələrdə yüksək səviyyədə təmir işləri görülüb. Hər cür müasir avadanlıqlarla təchiz edilib. Ən əsası budur ki, seçicilərin yüksək fəallığı hiss olunur. Seçicilər onlar üçün yaradılan normal şəraitdən istifadə edərək istədiyi namizədlərə səs verirlər. Bu, onu göstərir ki, Azərbaycanda keçirilən prezident seçkiləri  Avropa standartlarına tam cavab verir və əsl demokratik, obyektiv şəraitdə keçir...

 

76 saylı Lənkəran-Astara dairə seçki komissiyasının birləşdirdiyi 43 məntəqədə 35 min 338 seçici xalqın layiqli namizədlərinə səs verir. Məntəqələrin yerləşdiyi binalar yüksək səviyyədə təmir olunub, seçicilər və müşahidəçilər üçün hər cür şərait yaradılıb. Dairə seçki komissiyasının digər məntəqələrində də bunu əyani şəkildə gördük. Eyni zamanda həmin məntəqələrdə də Seçki Məcəlləsində nəzərdə tutulan qaydalara tam reallıqla əməl olunurdu.

 

 

 

Mingəçevir

 

 

 

Prezident seçkisi ölkənin iri sənaye şəhərlərindən olan Mingəçevirdə gerçək bir bayram ovqatı yaratmışdır. Şəhərin küçə və meydanlarında adi günlərdəkindən fərqli olaraq daha çox adam var idi. Ölkə həyatının bu mühüm siyasi kampaniyasında fəal iştirakıyla istədiyi namizədə sərbəst şəkildə səs verən şəhər sakinləri demokratik mühitdən, şəffaflığın təmin olunmasından razılıqla danışırdılar. Müsahibim şahmat məktəbində yerləşən 15 saylı seçki məntəqəsində bir az öncə səs verən respublikanın əməkdar müəllimi Sevda İsmayılovadır:

 

- Gördüyümüz kimi adamlar seçkilərdə necə böyük həvəslə, həm də yüksək mütəşəkkilliklə iştirak edirlər. Təbii ki, hər kəs öz seçimində sərbəsdir və hər hansı başqa namizədə səs verənlərə pis baxan da yoxdur. Biz ziyalılar görürük ki, Azərbaycan seçkilərdən-seçkilərə demokratiyaya doğru necə böyük addımlarla irəliləyir. Bu, ölkəmizdə yaradılmış sağlam mənəvi-psixoloji mühitin və qanunların aliliyinin təmin edilməsinin məntiqi nəticəsidir.

 

Mən indi səs verib məntəqədən çıxıram. Kimə səs verdiyim də sirr deyil. Bütün gənclik enerjisini doğma xalqının firavan yaşaması üçün sərf edən İlham Əliyevə səs verməyimlə qürur duyuram. O müdrik rəhbərin uzaqgörən siyasəti nəticəsində ölkəmiz sürətlə intellektlər diyarına çevrilir. Bunu doğma şəhərimiz Mingəçevirin timsalında da aydın görmək olar. Bu il şəhərimizin orta məktəblərini 19 nəfər qızıl medalla bitirib. Ali məktəblərə qəbul olunan 408 nəfər məzundan 5 nəfəri Prezident təqaüdünə layiq görülüb. Bu, neft kapitalının insan kapitalına çevrilməsinin ürək açan təzahürü kimi real həyat mənzərəsidir. Bu, uğurla həyata keçirilən Heydər Əliyev siyasi kursunun məntiqi göstəricisidir. Mən və mənim kimi düşünən Mingəçevirin çoxsaylı müəllim ordusunun əksər üzvləri məhz bu kursa səs verirlər.

 

 

 

Qəbələ

 

 

 

116 saylı Qəbələ seçki dairəsi ərazisində 53 seçki məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrdən ikisi-52 saylı Vəndam və 53 saylı Tüntül seçki məntəqələri seçicilərin sayı Azərbaycan Respublikasının Seçki Məcəlləsində göstərilən normadan artıq olduğu üçün yeni yaradılıb.

 

Qəbələ şəhərindəki 2 saylı seçki məntəqəsinə yollandıq. Məntəqə 1 saylı şəhər tam orta məktəbin binasında yerləşir. Təmirli otaqlarda hər cür şərait yaradılmış, seçicilər fəal şəkildə səs verməyə, öz prezidentlərini seçməyə gəlirdilər. Səs verib çıxanlardan vəziyyəti soruşduq. Səsvermənin təşkilindən, yaradılan şəraitdən razılıq etdilər. Seçici Səhrab Əhmədov da təəssüratını bizimlə bölüşdü: - 82 yaşım var, çox seçkilərdə iştirak etmişəm. Həmişə də öz seçimimdə dəqiq olmuşam. Istər sovetlər vaxtı, istər müstəqillik dövrümüzdəki parlament, bələdiyyə və prezident seçkilərində qəlbimin istəyinə uyğun səs vermişəm. İndiki prezident seçkisinə daha diqqətlə yanaşmalı və düzgün seçim etməliyik. Dünyanın gözü ölkəmizdə, onun yeraltı-yerüstü sərvətindədir. Mən elə namizədə səs verdim ki, prezident kimi ölkəmizin nüfuzunu qoruya bilsin, görülən işləri uğurla davam etdirsin, ölkələr arasında Azərbaycanın şöhrətini daha da artırsın. Səsvermə də çox yaxşı gedir, heç bir təzyiqdən, müdaxilədən söhbət ola bilməz.

 

Müstəqil müşahidəçi Vüqar Hüseynovun da seçkinin gedişi ilə bağlı fikirlərini soruşduq. Müşahidəçi bildirdi ki, seçki məntəqəsi açılandan hər bir proses Seçki Məcəlləsinin tələblərinə uyğun davam edir. Səsvermə zamanı hələlik heç bir seçki pozuntusu qeydə alınmayıb.

 

Seçki məntəqəsində rastlaşdığımız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan olan beynəlxalq müşahidəçilər Emili Roum və Yekaterina Filari Tovanın da seçkinin gedişi ilə bağlı təəssüratlarını öyrəndik. Bildirdilər ki, baş çəkdikləri bütün seçki məntəqələrində seçkinin azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb və seçicilər sərbəst şəkildə gəlib öz namizədlərinə səs verirlər.

 

42 saylı Savalan seçki məntəqəsində də seçicilərin yüksək fəallığı hiss olunurdu. 75 yaşlı seçici İkram Babazadə bildirdi ki, hər şey yaxşı təşkil edilib, insanlar əziyyət çəkmədən, vaxt itirmədən öz namizədlərinə səs verib gedirlər. Heç kim səsverməyə qarışmır.

 

Vəndamlı Kamil Mehralıyevin 25 yaşı var. Yaşadığı qəsəbədəki 22 saylı seçki məntəqəsində səs verdi. K.Mehralıyev dedi: - Heç bir təzyiq olmadan öz namizədimə səs verdim. Mənim namizədim bütün gənclərin sevimlisidir, ona çox inanırıq. İstər bir gənc kimi, istər bir qəbələli, vəndamlı kimi yaşadığımız uğurların davamını görmək arzusu ilə seçdiyim namizədə səs verdim.

 

Söhbət etdiyimiz digər seçicilər də seçkinin azad və şəffaf şəkildə keçirildiyini bildirdilər.

 

 

 

Ağcabədi

 

 

 

82 saylı Ağcabədi seçki dairəsi ərazidə dislokasiya olunmuş hərbi hissələrlə birlikdə 44 seçki məntəqəsini əhatə edir. Dairə seçki komissiyasının sədri Nadir Qürbətov seçki prosesinin qanunauyğun şəkildə davam etdiyi barədə ətraflı məlumat verir. Bildirir ki, seçkiqabağı keçirilən treninqlər sayəsində dairə və məntəqə seçki komissiyalarının hər bir üzvündə yetərli səriştə və təcrübə formalaşmışdır. Vaxtında görülən nümunəvi hazırlıq bu gün seçkilərin tam demokratik qaydalar əsasında aparılmasında başlıca amildir. 7 məntəqədə veb-kameraların quraşdırılması seçki prosesində aşkarlığın və şəffaflığın təminatına hesablanıb.

 

...Ağcabədi şəhər incəsənət məktəbində yerləşən 10 saylı seçki məntəqəsindəyik. Sözün həqiqi mənasında burada bayram əhval-ruhiyyəsi hökm sürür. Səs verməyə gələnlərin ardı-arası kəsilmir. Növbə gözləyənlər söhbət edirlər. Bu əlamətdar gündə bir-birinə calanan söhbətlərin əsas mövzusu isə təbii ki, son illər ağ günlərə qovuşan Ağcabədinin dostları sevindirən, düşmənləri xar edən yüksəlişidir, intibahıdır.

 

Səsvermə otağından çıxan bir gənclə həmsöhbət oluruq. İlk tanışlıqdan sonra ondan seçki təəssüratını bizimlə bölüşməsini xahiş edirik. Qarabağ müharibəsi veteranı, "Tərəqqi" medallı Ramin Nağıyevin üzünə təbəssüm qonur. Söhbətə həvəslə qoşulur:

 

Səsverməyə ailəlikcə gəlmişik. Həyat yoldaşım Bənövşə bu günü çoxdan gözləyirdi. İki övladımız var. Uşaqlara söz vermişdik ki, səsverməyə onları da aparacağıq. Axı, Qarabağ müharibəsi veteranı olduğuma görə ailəmizə bütün avadanlıqları ilə birlikdə yeni mənzil vermişdilər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bizim yeni mənzilin ilk qonaqları olublar. O zaman Mehriban xanım balaca Aysunu qucağına alıb xatirə şəkli də çəkdirmişdi.

 

Gözümüzün önündə olan Ağcabədinin dinamik inkişafını təmin edən, ağcabədililəri firəvan həyata qovuşduran dövlət siyasətinə, bu siyasəti uğurla həyata keçirən bir rəhbərə necə səs verməyəsən. Biz ailəlikcə İlham Əliyevə səs verdik. Hesab edirəm ki, bu, ölkəmizin sabahını düşünən, inkişafımıza təkan vermək istəyən fəal vətəndaş mövqeyində olan hər kəsin doğru seçimidir. Onu da qeyd edim ki, məntəqədə hər bir seçicinin öz iradəsini sərbəst şəkildə həyata keçirməsi üçün ideal şərait yaradılıb. Ancaq müşahidə olunan siyasi fəallıq, yüksək mütəşəkkillik və hər addımda qarşılaşdığın bayram əhval-ruhiyyəsi seçimlərin nəticəsi barədə indidən də fikir söyləməyə əsas verir. Məlum olan odur ki, dəyişməz yolumuz xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyət etdiyi müstəqillik yoludur, tərəqqi yoludur.

 

 

 

Bərdə

 

 

 

  Bərdə rayonu üzrə prezident seçkiləri iki dairədə 93 saylı Bərdə şəhər və 94 saylı Bərdə kənd dairələrində həyata keçirilir. Beş yüz il Azərbaycan dövlətinin paytaxtı olmuş bu şöhrətli diyarın övladları tarixin bütün  zamanlarında dövlətə sədaqət göstərmiş, əsrlər boyu dövlətçilik ənənələrini əzmlə qoruyub saxlamışlar. Bu dəyərli ənənə müasir dövrdə də yaşayır. Bərdəlilər prezident seçkilərinə əmək meydanında əldə etdikləri böyük uğurlarla, tikinti, abadlıq, quruculuq sahəsində qazandıqları nailiyyətlərlə gəliblər.

 

Dağlara yağan qarın sazağı  bu payız səhərində fərqli bir ovqat yaradıb. Çöhrəsindən təbəssüm yağan, ürəklərində aləmi qızdırmağa yetəcək od aparan  bərdəlilər seçki məntəqələrinə tələsirlər. Vətəndaşı olduqları bu dövlətin  həyatında son dərəcə mühüm hadisə sayılan  prezident seçkilərində fəal iştirak etmək, üzərlərinə düşən şərəfli borcu layiqincə yerinə yetirmək bu gün səsvermə hüququ olan  hər kəsin arzusuna çevrilib.

 

Bərdə şəhər mədəniyyət evində yerləşən 8 saylı seçki məntəqəsində böyük qələbəlik yaşanır. Heydər Əliyev prospektinin, Aydın Əhmədov, Gəncə və Koroğlu küçələrinin səsvermə hüququ olan sakinləri dəstə-dəstə şəhərin  mərkəzi sayılan  bu məkana axışırlar.

 

Seçicilər arasında ilk dəfə səs verəcək bir qrup gəncin həyəcanı dərhal  hiss olunur. Seçici siyahısında onların sayı 32 nəfərdir. Onlardan birinə yaxınlaşıb tanış oluruq. Özünü təqdim edir: Koroğlu küçəsinin sakini Zeynallı Firəngiz Mehman qızı:

 

- Ölkənin tam hüquqlu vətəndaşı olmaqla həyatımın yeni mərhələsinə qədəm qoyduğumun fərqindəyəm. Bu, şərəfli olduğu qədər də məsuliyyətlidir. Bu gün mən ilk dəfə səs verirəm. Ölkəmizdə, eləcə də rayonumuzda gedən ictimai-siyasi proseslərlə yaxından tanışam. Biz gənclər dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunmuşuq. Dövlət bizim yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik olmağımız üçün lazım olan hər şeyi edir. Bu qayğı  sözün həqiqi mənasında həyatımızı nura boyayır. Ona görə də biz seçim edərkən çətinlik çəkmirik. Atalarımızın müdrik bir deymi var, görünən dağa bələdçi lazım deyil.

 

Məntəqədə quraşdırılmış veb-kamera seçki komissiyası üzvlərinin də, seçicilərin də məsuliyyətini birəbeş artırır. Burada səsvermə prosesinin  nümunəvi təşkili, seçicilərin öz iradələrini sərbəst və azad şəkildə ifadə etmələri üçün yaradılan  şərait hər kəsdə, xüsusilə çoxsaylı müşahidəçilərdə razılıq doğurur. Milli Şura tərəfindən göndərilmiş müşahidəçi Hikmət Heydərov deyir:

 

- Məntəqə açılandan buradayam. Səsvermə prosesini diqqətlə izləyirəm. Heç bir qanun pozuntusu, seçki saxtakarlığı müşahidə etməmişəm. Seçicilər gəlib istədikləri namizədə sərbəst şəkildə səs verirlər. Seçki prosesinə heç bir kənar müdaxilə yoxdur.

 

 

 

Cəlilabad

 

 

 

Cəlilabad şəhərinin kücə və meydançalarında bir bayram ovqatı, bayram təntənəsi hökm sürür. Cəlilabad seçiciləri öz sevib seçdikləri layiqli namizədlərinə yekdilliklə səs verməyə tələsirdilər. Elə bir namizədə ki, ona ürəkdən inanır, etibar edir, gələcəklərini məhz onun rəhbərliyində görürlər. Bu arzu, bu istək 67 saylı Cəlilabad şəhər seçki dairəsinin ən gur, ən izdihamlı secki məntəqələrindən biri olan 5 saylı məntəqəsində aydın hiss olunurdu. Rayon mədəniyyət evində yerləşən seçki məntəqəsi səhər tezdən qapılarını seçicilərin üzünə acmışdı. Seşki Məcəlləsinin tələblərinə uyğun olaraq nəzərdə tutulan bütün hazırlıq tədbirləri burada vaxtında həyata kecirildiyindən, seçicilər yubanmadan bülletenlərini götürüb rahat şəffaf, demokratik bir şəraitdə istədikləri namizədə səs verirdilər. Seçkilərin gedişini internet vasitəsilə izləmək ücün məntəqədə veb-kamera quraşdırılmışdır. Məntəqənin sədri Əminağa İsbarov bildirdi ki, məntəqədə 1294 seçicinin adı siyahıda qeyd olunub. Onlardan 607 nəfəri kişi, 687 nəfərı isə qadındır. Səsvermə prosesinə bir az bundan əvvəl start verilməsinə baxmayaraq qısa zaman kəsiyində məntəqəyə gəlib bülleten götürən seçicilərin sayı gözlənildiyindən xeyli çoxdur. Məntəqədə olarkən ozümüz də bunun şahidi olduq. Sözün əsl mənasında qələbəlikdi. Böyuk həvəslə məntəqəyə gələn insan axınının ardı-arası kəsilmir. Öz vətəndaşlıq borclarını yerinə yetirməyə gələnlər burada məntəqə seçki komissiyasi tərəfindən gülər üzlə qarşılanır, vaxt itirmədən bülletenlərini alıb səsvermə kabinələrinə girirdilər.

 

 Məntəqə secki komissiyasinin üzvü, Bütov Azərbaycan Xalq Cəbhəsinin nümayəndəsi Özübəy Niftiyevdən səsvermənin gedişinin vəziyyətini soruşduqda dərin razılıq hissiylə məlumat verib dedi:

 

- Hər şey göz qabağındadır, seçicilər azad, demokiratik şəraitdə istədikləri, arxasınca getməyə inandıqları namizədlərinə səs verirlər. Hec bir təzyiqdən, qanun pozuntusundan söz gedə bilməz. Bir müxalifət nümayəndəsi kimi seçkinin gedişindən razıyam. Səsvermənin gedişini izləyən qeydə alınmış xarici və yerli müşahidəcilər də bu fikirdədirlər.

 

Məntəqədə ceçki komisiyyasinda katib kimi təmisil olunan Böyuk Qurtuluş Partiyasinin nümayəndəsi Aslan Babayev də prezident seçkilərinin mütəşəkkilliklə və demokratik prinsiplər əsasınıda keçirildiyini təsdiq etdi. Bu məntəqədə seçkilərin gedişini müşahidə etməyə gələn ATƏT-in nümayəndələri, Kiril Mənə və Tomas Cona yaxınlaşıb seçkiylə bağlı təəssüratlarını soruşduq. Razılıq hissiylə bildirdilər ki, hər şey normaldır, qanun pozuntusuna rast gəlmədik. Müşahidələrimiz ürəkaçandır.

 

Günorta çagı 67 sayli Cəlilabad şəhər seçki dairəsində olarkən dairə seçki komissiyasının sədri Mirsahib Sultanov məlumat verdi ki, dairənin 14 bələdiyyəni əhatə edan 36 secki məntəqəsində qeydə alınmış 38.780 nəfər seçicinin, rahat, sərbəst səs verməsi ücün hər cür şərait yaradılmış, internet vasitəsilə seçkinin gedişini izləmək ücün 12 məntəqədə veb-kamera quraşdırılmış, 12 məntəqəyə isə əlil seçicilərin rahatlığı nəzərə alınaraq pilləkən panduslari verilmişdir

 

Bunlar seçki prosesinin gedişinə müsbət təsirini göstərməkdə idi və bir-birinin ardınca seçkilərin yüksək səviyyədə keçirilməsi barədə dairəyə daxil olan xəbərlər də bunu təsdiq edirdi. Telefon zəngləri artıq 67 saylı Cəlilabad Şəhər seçki dairəsində olduğu kimi, 68 saylı Alar kənd və 69 saylı Göytəpə şəhər seçki dairələrinin əhatə etdiyi seçki məntəqələrində də seçicilərin böyük bir hissəsinin seçki məntəqələrinə gəlib öz iradələrini ifadə etdiklərindən, xalqımızı xoşbəxt gələcəyə, davamlı inkişafa, Vətənimizi daha da çiçəklənməyə aparan müdrik siyasətə səs verdiklərindən xəbər verirdi.

 

 

 

Masallı

 

 

 

Ölkənin bütün bölgələrində olduğu kimi Masallıda da son illər geniş miqyaslı quruculuq işləri görülmüşdür. Neçə-neçə təhsil, səhiyyə, mədəniyyət ocağı istifadəyə verilmişdir. Quruculuq, tikinti, abadlıq günün reallığına dönən Masallıda bir sıra infrastruktur layihələrin həyata keçirilməsi istiqamətində tədbirlər görülür. Yeni iş yerləri açılır, əhalinin sosial vəziyyəti yaxşılaşdırılmış, Masallıdan 8 istiqamətdə kəndlərə yollar çəkilmişdir. Əhalinin təbii qaza və içməli suya olan ehtiyaclarını ödəmək, rayonun tarixində ilk dəfə kanalizasiya sistemi yaradılması istiqamətində işlər görülür. Dövlətin planlı şəkildə həyata keçirdiyi bu tədbirlər rayon sakinləri tərəfindən rəğbətlə qarşılanır.

 

Bütün bunlar 9 0ktyabr prezident seçkiləri günü Masallının xoş əhvalına yeni ovqat da qatırdı. Şəhərin küçə və meydanlarında canlanma vardı. Vətəndaşlar dəstə-dəstə məntəqələrə gəlirdilər.

 

70 saylı Masallı şəhər seçki dairəsinin 1 saylı məntəqəsində xüsusi canlanma vardı.

 

Hər cür texniki avadanlıqla təchiz edilmiş məntəqə bu il əsaslı təmirdən sonra istifadəyə verilmiş rayon mədəniyyət mərkəzində yerləşir.

 

Səsvermə fəal gedir. Qabaqcadan lazımi hazırlıq işləri görüldüyündən hər şey qaydasındadır. Seçicilər öz istədikləri namizədə səslərini verirdilər. Seçici Məmmədhüseyin Həsənov Prezident təqaüdçüsüdür, uzun müddət müxtəlif vəzifələrdə çalışıb. O, ilk növbə səsverənlər sırasındadır:

 

-Mən sabitliyə, əmin-amanlığa, xoş güzərana, işıqlı gələcəyə, uğurlu inkişafa səs verdim. Azərbaycan son 10 ildə böyük inkişaf yolu keçib, qüdrətli dövlətə çevrilib. Bu düzgün, uğurlu siyasətin nəticəsidir. Ölkə siyasəti vətəndaş amilinə xidmət edir, qəbul olunan qərar və sərəncamlar əhalinin həyat səviyyəsinin yüksəlməsinə yönəlib. Mən bu siyasətin davamına səs verdim.

 

Məntəqədə 1149 nəfər seçici səs verəcək. Sevanə Dəyyanova və Əliağa Mahmudov ilk dəfə qutuya büllüten salıblar. Onlar ölkədə, rayonda görülən işlərdən məmnun qaldığını bildirib, ölkədə gənclərə göstərilən böyük qayğıdan danışır, bu siyasətin davam etməsinə səs verdiklərini deyirlər.

 

70 saylı Masallı şəhər Seçki Dairəsinin 5 saylı məntəqəsində 1134 nəfər seçici səs verəcək. Onlardan 50 nəfəri ilk dəfə səs verənlərdir. Bu məntəqə də seçicilərin böyük mütəşəkkilliklə, qayda-qanun çərçivəsində keçirildiyi ilk anda diqqəti cəlb edir. Hiss olunur ki, masallılar bu mühüm siyasi kompaniyaya xüsusi məsuliyyətlə yanaşırlar.

 

İlk dəfə səs verən Cəlal Eyvazov bizimlə söhbətində deyir:

 

-9 oktyabr günü şəhərimizin küçələri daha izdihamlı idi. Hamının tələsdiyi bir ünvan vardı - seçki məntəqəsi! Mən də insanlara qoşulub səs verməyə gəldim.

 

Şəhərin ən yaşlı sakinlərindən biri olan Qulamhüseyn Hüseynovla məntəqədən çıxanda görüşürük. 1924-cü il təvəllüdlü seçici dedi:

 

- Ömür-gün sürmüşəm. Seçkilərdəki bu günki mütəşəkkilliyin, siyasi fəallığın daha yüksək olması məni çox razı salır.

 

70 saylı Masallı şəhər seçki dairəsinin 22 saylı Çaxırlı kənd  məntəqəsində də fəallıq var. Qafqaz Müsəlmanları İdarəsinin  Cənub bölgəsi üzrə qazisi Mirqiyas Ağa Təhməzovla görüşürük. Səs verdiyini bildirən seçici öz fikirlərini bizimlə paylaşır:

 

- İki şeyi  həyatda pulla satın almaq olmaz. Biri cansağlığı, digəri əmin-amanlıqdır. Bunların hər ikisinin, eləcə də insana xas digər  istəklərin əldə edilməsində xalqımız üçün ən yüksək şans vardır. Ölkəmizdə dövlət siyasəti insan amilinə xidmət edir və qarşıdakı beş ildə də belə olacağına əminik.

 

Masallı rayon üzrə 101879 seçici var. 70 saylı Masallı şəhər seçki dairəsində 38.099 seçicisinin səs verməsi uğurla davam edir. 33100 seçicisi olan 71 saylı Masallı kənd seçki dairəsinin 34 məntəqəsində də 9 oktyabr günü əsl toy-bayram əhval-ruhiyyəsi yaşanmışdır. Ağsaqqallar, ağbirçəklər, cavanlar - bir sözlə, bütün zümrədən olan seçicilər məntəqələrə gələrək xoşbəxt gələcəyimizə səs verdilər.

 

 

 

Zaqatala

 

 

 

Zaqatalalılar 9 oktyabr prezident seçkilərinə böyük ruh yüksəkliyi ilə gəldilər. Bu gözəlliklər diyarının sakinləri bütün seçkilərdə seçici fəallıqları ilə fərqləniblər. Seçkilərə hazırlıq dövründə istər seçki məntəqələrinə baş çəkən seçicilər, istərsə də söhbət etdiyimiz digər zaqatalalılar bu mühüm və əlamətdar günə böyük məsuliyyətlə yanaşdıqlarını, ölkəyə prezident seçmək kimi şərəfli bir işin iştirakçısı olmaqdan qürur duyduqlarını bildirmişdilər.

 

Budur, gözlənilən gün gəlib çatdı. İlk olaraq yolumuzu 110 saylı Zaqatala seçki dairəsinin 42 saylı Yeni Suvagil seçki məntəqəsindən salırıq. Qələbəlikdir, seçicilər mütəşəkkil qaydada səsverməyə gəlirlər. Heç birinin üzündə narahatlıq yoxdur, bayram ovqatlı və inamlı görünürlər.

 

42 saylı Yeni Suvagil seçki məntəqəsində 1489 seçicinin səs verməsi, seçkinin şəffaf və demokratik şəkildə keçirilməsi üçün hər cür şərait yaradılıb.

 

Səs verib çıxanlardan birinə yaxınlaşırıq. Özünü təqdim edir: Valeh Qurban oğlu Qurbanov. Təəssüratı ilə bağlı sualımıza Valeh Qurbanov belə cavab verir: - Heç kəs heç kimin işinə qarışmır. Öz namizədimə səs verdim. Mənim arzularım çoxdur-həm şəxsi həyatımla, həm doğma rayonum Zaqatala, həm də ölkəmizlə bağlı. Məni öz arzularıma qovuşdura biləcək, indiyədək qazandığım uğurları daha da artırmağıma qayğı göstərəcək namizədə səs verdim.

 

Seçicilər arasında bir gənc diqqətimizi çox həyəcanlı olması ilə çəkir. Səsvermədən çıxan Ramal Şabanov həyəcanının səbəbini belə izah edir:-Bu gün mənim üçün ikiqat sevinclidir. Həm 18 yaşım tamam olur, həm də ad günümdə ilk dəfə seçkidə iştirak edirəm. Ölkəmizdə prezident seçənlərin arasında mənim də adım olacaq. İndiyə qədər heç kim mənə deməyib ki, hansı namizədə səs verim, özüm öz namizədimi seçmişəm. Bilirəm ki, qarşıda məni həyatın çox sınaqları gözləyir. Bu sınaqlardan büdrəmədən çıxmaq üçün qayğıya, diqqətə də ehtiyacımız olur. Mən də diqqətinə, qayğısına əmin olduğum namizədə səs verdim.

 

Qəlbi arzularla çırpınan gənc Ramala uğurlar arzulayıb 34 saylı Çobankol seçki məntəqəsinə yollanırıq. Burada da qələbəlikdir. Seçicilərin məntəqəyə gəlişi ara vermir. "Azərbaycan" qəzetindən olduğumuzu bilib bir gənc seçici məlumat verir ki, içəridə yaşı yüzdən çox olan seçici var, indi səs verib çıxacaq. Maraqlanırıq. Məlum olur ki, Fadimat Əsgərovanın 113 yaşı var. Səsvermədən razılıqla danışır: - Çox yaxşı qarşıladılar, seçdiyim namizədə səs verdim. Dünən söhbət olmuşdu ki, yaşımı nəzərə alıb evə seçki qutusu göndərilsin. Qəti şəkildə imtina etdim. Bu yaşa çatmışam, bütün seçkilərdə məntəqədə səs vermişəm. İndi elə bir namizədə səs verdim ki, onun üçün dünyanın o başına da gedərəm. Bilirsiz, mənim ömrüm halal zəhmətlə keçib, kolxozda çalışmışam, tütünçü olmuşam. 3 ton, 3 ton yarım tütün yığan vaxtlarım olub. İndi daha gözəl bir dövranda yaşayırıq. İndi Zaqatala daha gözəl günlərini yaşayır. İnanıram ki, seçdiyim Prezident ölkəmizi daha gözəl günlərə qovuşduracaq.

 

10 saylı Aşağı Tala seçki məntəqəsində günortadan sonra da seçicilərin fəallığı davam edirdi. Bu məntəqədə veb-kameranın quraşdırılması seçki prosesini internet vasitəsi ilə izləməyə imkan verirdi. Məntəqənin girişində "Monitorinq rəy sorğusu" təşkilatı "exit-poll" keçirirdi. Səs verib çıxan seçicilər burada da fəallıqla qeydiyyatdan keçirdilər.

 

Müstəqil müşahidəçi Ramazan Qaracayev bildirdi ki, səsvermə başlanandan heç bir problem və ya pozuntu qeydə alınmayıb, seçki prosesi normal şəkildə davam edir.

 

 

 

İmişli

 

 

 

İmişli rayonunun prezident seçkilərinin yüksək siyasi fəallıq şəraitində və böyük mütəşəkkilliklə keçdiyi bölgələr sırasında xüsusi yeri var. Rayon sakinləri qarşıdakı 5 il ərzində taleyini etibarlı əllərə tapşırmaq üçün seçki məntəqələrinə aydın fikirlə, xoş duyğularla gedirlər.

 

Budur, 79 saylı İmişli seçki dairəsinə daxil olan 11 saylı seçki məntəqəsinin qarşısındayıq. Bu səhər saatlarında məntəqədə böyük qələbəlik var. Seçicilərdən birinə, sahibkarlıqla məşğul olan Hacı Tofiqə yaxınlaşırıq. Həmsöhbətim öz düşüncələrini bizimlə həvəslə bölüşür:

 

- Son illər ölkəmiz dünyanın diqqətini təkcə sosial-iqtisadi inkişafa görə çəkmir. Seçdiyimiz demokratik yolda da böyük uğurlar qazanırıq. Cəsarətlə deyə bilərəm ki, indiki prezident seçkiləri ölkəmizdə demokratiyanın inkişafına daha sanballı töhfə olacaq. Gözlərim önündəki mənzərə bu fikri səsləndirməyə əsas verir. Seçki məntəqələrinin xeyli hissəsində quraşdırılmış veb-kameralar, müxalifətin, bitərəflərin, beynəlxalq təşkilatların çoxsaylı müşahidəçiləri seçki prosesini diqqətlə izləyir, öz münasibətlərini bildirirlər. Bir seçici olaraq mən öz seçimimi çoxdan etmişəm. İlham Əliyev xalqın etimadını qazanmış ən şanslı namizəddir. Məhz onun iradəsi, qətiyyəti və qayğısı ilə Azərbaycan Qafqazın lider dövlətinə çevrilmişdir. Son illərin dinamik sosial-iqtisadi inkişafı İmişlinin simasında da özünü aydın şəkildə göstərir. İmişli tarix boyu heç vaxt belə gözəl, yaraşıqlı olmayıb. Artıq İmişli böyük sənaye mərkəzinə çevrilib. Biz doğma yurdumuzun indiki xoş növrağı ilə fəxr edir, firəvan həyatı, əmin-amanlığı bizlərə bəxş edən dövlət başçısının siyasətini dəstəkləyirik.

 

11 saylı məntəqədə seçki ahəngdarlıqla davam edir. Hələ gün yarı olmasa da, məntəqə üzrə seçici siyahılarına daxil edilmiş 887 nəfərin yarısı səsvermədə iştirak edib. Hələlik heç bir qanun pozuntusu qeydə alınmayıb. Çoxsaylı müşahidəcilər heç bir irad bildirməyiblər.

 

 

 

Xocavənd

 

 

 

Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları qəsəbə Beyləqan rayonunun qərbində, Ermənistan silahlı qüvvələri ilə təmas xəttinin beş addımlığında yerləşir. Qəsəbə sakinləri prezident seçkilərində mütəşəkkilliklə iştirak edirlər.

 

124 saylı Şuşa, Ağdam, Xocalı və Xocavənd seçki dairəsinin tərkibində olan məntəqələrin səkkizində xocavəndli məcburi köçkünlər səs verirlər. Qarabağ savaşında doğma yurd yerlərini itirmiş, isti yuvalarından perik salınmış xocavəndlilər ermənilərin etnik təmizləmə, soyqırımı siyasətinin əsas hədəflərindən olaraq böyük qurbanlar vermişlər.

 

Azərbaycan ictimaiyyətinə yaxşı taniş olan Sevil Əzizova ilə seçki məntəqəsinə gedən yolda yanaşı addımlayırıq. Üz-gözündən nur yağan, oğul dərdi saçlarına qar ələyən Sevil xanım həyatın ən ağır sınaqlarına mərdliklə dözən, həmişə məğrur və qürurlu Azərbaycan anasının sanki ümumiləşdirilmiş obrazıdır. Qarabağ savaşında iki oğlu şəhid olmuş Sevil ananın seçki məntəqəsinə tez çatmağa tələsdiyi hiss olunur. Varlığına hakim kəsilən bir duyğu ona təlqin edir ki, inandığın, etibar etdiyin namizədə səs verməklə düşməndən qisas anını, intiqam saatını yaxınlaşdırırsan. Sevil ana deyir:

 

- Dünyada ana üçün oğul itirməkdən ağir dərd yoxdur. Bəlkə də dövlətimizin böyük qayğı və diqqəti ilə əhatə olunmasaydım, iki oğul itkisinə dözə bilməzdim. Xeyli əvvəl bölgəyə səfəri zamanı Prezident İlham Əliyev və onun xeyirxah xanımı Mehriban Əliyeva ailəmizin qonağı oldular, mənə təsəlli verdilər. O anlar həyatımın ən unudulmaz və ən əziz xatirələridir. İş günü dəqiqələrə bölünən dövlət başçısının sadə bir kəndli ailəsinin qonağı olması, şəhid anasına dayaq durması mənə yaşamaq həvəsi verir. İndi məntəqəyə gedib tərəddüd etmədən İlham Əliyevə səs verəcəm. Çünki ona inanıram. İnanıram ki, onun yeritdiyi siyasət çox müdrikdir. Bu siyasət sinəmizə çalın-çarpaz dağ çəkən erməni cəlladlarından layiqli qisas alacağımız, torpaqlarımızın işğaldan azad olunacağı günü anbaan yaxınlaşdırır.

 

 Bu da qarşısında böyük növbə yaranmış seçki məntəqəsi. Sevil ananı görən kimi insanlar kənara çəkilib ona ehtiramla yol verirlər. Səsvermə otağında çox ləngiməyən Sevil ana məntəqənin qarşısında ayaq saxlayıb sanki bayaqkı söhbətini tamamlayır:

 

- Mən oğullarımın qanını yerdə qoymayacağına inandığım İlham Əliyevə səs verdim. Xeyrini isə böyük yaradan versin.

 

 

 

Lerik

 

 

 

Barzavu Lerikin çox da böyük olmayan dağ kəndidir. Dəniz səviyyəsindən 1500 metr hündürlükdədir. Uzunömürlülər məskəni kimi dünyada tanınır. Son illər kənd simasını xeyli dəyişib. Yaraşıqlı evlər tikilib, yollar təmir olunub, bağ-bağça salınıb. Kəndə qaz kəməri çəkilib. Evlərin hamısında mavi yanacaqdan istifadə olunur. Müasir tədris avadanlığı ilə təchis olunmuş məktəb qapılarını şagirdlərin üzünə açıb.

 

Oktyabrın 9-da kənd yuxudan daha erkən oynamışdı. 9 saylı seçki məntəqəsinin işıqları gur yanırdı. Bayramsayağı geyinmiş seçicilər dəstə-dəstə səsverməyə gəlirdilər. Onlar şəxsiyyət vəsiqələrini komissiyaya təqdim edir, səsvermə bülletenini alıb pərdə arxasına keçir, seçdikləri namizədə səs verib xoş ovqatla dönürdülər.

 

Gün günorta yerinə qalxanda seçicilərin əksəriyyəti vətəndaşlıq borcunu yerinə yetirdi. Seçkiləri müşahidə edən təşkilatların nümayəndələri üçün nümunəvi şərait yaradılmışdı. Azərbaycan Xalq Cəbhəsi Partiyasının rayon təşkilatından müşahidəçi vəsiqəsi almış Asəf Fərziyev səsvermə barədə deyir:

 

- Seçicilər yüksək əhvali-ruhiyyə ilə məntəqəyə gəlirlər. Komissiya üzvləri tərəfindən onlar səmimi qarşılanır, heç bir pozuntuya və təzyiqə yol verilmir. Səsvermənin gedişindən tam razıyam.

 

Barzavu kəndinin seçiciləri altıncı dəfədir ki, prezident seçkilərində iştirak edirlər. Bu dəfəki seçkiyə daha mütəşəkkil gəliblər. 90 yaşlı Bilənaz Abıyeva ürək sözlərini belə ifadə edir:

 

- Ölkədə əmin-amanlıqdır. Güzəranımız yaxşılaşıb. Pensiyalarımız ilbəil artır. Ahıllara göstərilən qayğı ömrümüzü uzadır. Xoş günlərimiz hələ qabaqdadır. Kənddəki seçicilər xoş əhvali-ruhiyyə ilə məntəqəyə gəlib səs verir.

 

Lerik rayonu üzrə 108 seçki məntəqəsində vaxtında görülən hərtərəfli hazırlıq səmərəsini verdi. Seçki tam demokratik və şəffaf şəraitdə keçirildi.

 

Lerik şəhərindəki 3 məntəqədə, Şingədulan və Piran kəndlərindəki məntəqələrdə quraşdırılmış veb-kameralar səsverməni operativ izləməyə şərait yaratmışdı.

 

 

 

Sabirabad

 

 

 

Muğan bölgəsində siyasi kampaniyalar həmişə fəallıq şəraitində keçir. 9 oktyabr prezident seçkiləri günündə Sabirabad rayonunda müşahidə olunan yüksək siyasi fəallıq və mütəşəkkillik yuxarıda söylənən fikrin aydın təzahürüdür. Rayon mərkəzi qeyri-adi bir gün yaşayır. Evindən çıxan insanlar birinci növbədə səsvermədə iştirak edib öz vətəndaşlıq borcunu yerinə yetirməyə tələsirlər.

 

63 saylı Sabirabad birinci dairə seçki komissiyasının sədri Məstalı Nuriyevdən ətraflı məlumat alırıq. Dairə 34 seçki məntəqəsini əhatə edir. Diqqətlə dürüstləşdirilmiş seçici siyahılarına səsvermə hüququ olan 40.071 nəfərin adı daxil edilmişdir. Prezident seçkilərində dairə üzrə ilk dəfə səs verən 1002 nəfər sabirabadlı gənc iştirak edəcək.

 

Məstalı Nuriyev seçkilərə qədərki hazırlıq mərhələsində heç bir nöqsana, qanun pozuntusuna yol verilmədiyini, dairədə və seçki məntəqələrində olan beynəlxalq müşahidəçilər tərəfindən heç bir iradın tutulmadığını xüsusi vurğuladı. Öyrənirik ki, saat 10-a qədər seçicilərin 20 faizindən çoxu səs verib.

 

4 saylı seçki məntəqəsi şəhərin mərkəzindəki 1 nömrəli orta məktəbdə yerləşir. Səsvermə yeni başlayıb. Məntəqədə böyük qələbəlik var. Qeydiyyatdan keçib seçki bülletenləri götürmək üçün uzun bir növbə yaranıb. Səsvermə kabinəsindən təbəssümlə çıxan bir ağsaqqala yaxınlaşıb təəssüratını bildirməsini xahiş edirik. Məmnuniyyətlə razılaşaraq özünü təqdim edir:

 

- Böyükağa Həmidov, rayon ziyalılar cəmiyyətinin sədri. Mənim xeyli yaşım var. Çox seçkilər keçirmişik. Həyatın hər üzünü görmüşəm. Səmimiyyətlə deyirəm, Azərbaycanın bugünkü yüksəlişi hər birimizi qürurlandırır. Sükanı etibarlı əllərdə olan dövlətimiz artan qüdrəti, heyrətamiz inkişafı ilə dünyaya səs salıb. Ola bilər ki, kimsə bu yüksəlişi görüb dərk etmir, qiymətləndirmir. Buna təbii baxıram. Adamlar fərqli düşüncəyə sahibdirlər. Bax, mən indicə öz seçimimi edib, İlham Əliyevə səs vermişəm. Əlbəttə, bu, təsadüfi seçim deyil. Kür daşıb sabirabadlıları fəlakətlə üz-üzə qoyanda yanımızda Prezident İlham Əliyevi gördük. Evi uçan, dağılan minlərlə ailəyə yeni evlər tikildi, yardımlar edildi. Kür çayı üzərində möhtəşəm körpü salındı, yeni rahat yollar çəkildi, məktəblər, xəstəxanalar, tikildi. Bax, mən qayğısı ilə doğma yurdum Sabirabadı cənnətə döndərən ağıllı, bacarıqlı və son dərəcə təvazökar, qayğıkeş bir Vətən oğluna səs verdim. Başqalarının fərqli seçiminə də hörmətlə yanaşıram. Müdriklərimizin belə bir kəlamı var - deyir, kim məni bir dəfə aldadıbsa, Allah ona lənət etsin. Kim məni ikinci dəfə aldadırsa, allah mənə lənət etsin. Biz bir dəfə aldanmışdıq, indi mən ikinci dəfə aldanıb lənət qazanmaq istəmirəm.

 

 

 

Ağdaş

 

 

 

90 saylı Ağdaş seçki dairəsi üzrə bütün məntəqələrdə prezident seçkiləri xoş ovqatla başlandı. Bu ovqat baş çəkdiyimiz Ağdaş şəhər 2, 4, 5 və 10 saylı seçki məntəqələrində də hiss olunurdu. Məntəqələrin səsvermə otaqlarının hazırlığı ilə əlaqədar hər şey bir daha yoxlandı, texniki avadanlığın işlək vəziyyətdə olmasına diqqət yetirildi, komissiya üzvləri arasında iş bölgüsü dəqiqləşdirildi. Boş seçki qutuları qanunvericiliyin tələbinə uyğun olaraq seçki məntəqəsinin sədri tərəfindən seçki komissiyasının üzvlərinə, ilk  seçicilərə və müşahidəçilərə göstərildikdən sonra möhürləndi və saat 8 tamamda səsvermənin başlandığı elan olundu.

 

2 saylı Ağdaş şəhər seçki məntəqəsində seçki prosesi normal şəkildə gedirdi. Burada 1388 seçici öz namizədinə səs verməli idi. Səs verib məntəqədən ayrılan seçici Müzəffər Abdullayevdən təəssüratını soruşduq. M.Abdullayev dedi:-Problemsiz, müdaxiləsiz hər kəs öz seçdiyi namizədə səs verir. Mən də səsimi öz namizədimə verdim. Ona çox inanıram, ölkəmizi, xalqımızı daha böyük uğurlara qovuşduracağına əminəm. Fikir verirsiz, Ağdaş necə dəyişib, necə gözəl və müasir olub. Bu gözəlliyin, bu firavanlığın ömrünün uzadılması, əhalimizin daha yaxşı yaşaması üçün səs verdim.

 

Seçici Əntiqə Məmmədova:-Seçki məntəqələrində yaradılan şəraitdən tutmuş, namizədlərin apardıqları təbliğata qədər hər şey bizə imkan verdi ki, düşünək-daşınaq və istədiyimiz namizədə səs verək. Şəxsən mənim namizəd seçməyim üçün nəyisə götür-qoy etməyə ehtiyacım olmadı. Rahat şəkildə ona səs verdim. Əminliklə deyə bilərəm ki, səs verib prezident seçmək istədiyim namizəd etimadımızı yüksək səviyyədə doğrultmaq əzmindədir.     

 

Baş çəkdiyimiz 4, 5 və 10  saylı seçki məntəqələrində də seçicilər mütəşəkkil şəkildə səsverməyə gəlirdilər. Seçicilərdən Bünyamin İbrahimov, Zümrüd Yahyayeva (4 saylı seçki məntəqəsi), Elman Nəzərov, Şəkər Pirimova (5 saylı məntəqə), Gündüz İsayev, Aynur Mustafayeva (10 saylı məntəqə) və digərləri bildirdilər ki, seçki prosesi demokratik və şəffaf şəkildə keçirilir, heç bir müdaxilə və ya təzyiq yoxdur.

 

Onu da qeyd edək ki, baş çəkdiyimiz seçki məntəqələrində veb-kameralar quraşdırıldığından seçkinin gedişi internet vasitəsi ilə də izlənilirdi.

 

 

 

Ağsu

 

 

 

87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə fəaliyyət göstərən 62 seçki məntəqəsinin 56-sı Ağsu rayonu ərazisindədir. Oktyabrın 9-na təyin edilmiş prezident  seçkilərinin azad, ədalətli, şəffaf və demokratik şəraitdə keçirilməsi üçün burada bütün lazımi tədbirlər görülmüşdü. Bu baxımdan 2 saylı Ağsu şəhər seçki məntəqəsində də seçki günü yüksək fəallıqla başlandı.   İlk seçicilər səsvermə otağına daxil olanda artıq müşahidəçilər, komissiyanın üzvləri də öz yerlərini tutmuşdular. Payızın bu gözəl ovqatlı günündə seçicilər yüksək əhvali-ruhiyyə ilə vaxt itirmədən, operativ şəkildə öz namizədlərinə səs verirdilər.

 

Seçici Arif Kərimovun seçki prosesinin gedişi və öz seçimi ilə bağlı fikirlərini öyrəndik: - Rayonumuz çox inkişaf edib, həyata keçirilən abadlıq-quruculuq işləri, yenidənqurma tədbirləri Ağsunun simasını tamamilə dəyişib. İndi yollarımız rahat, evlərimiz, küçələrimiz yaraşıqlıdır. İstirahətimiz üçün gözəl parklar salınıb. Yeni iş yerləri açılıb. Fabriklər, zavodlar fəaliyyət göstərir. İçməli su, təbii qaz, davamlı işıq təminatı məsələlərimiz həll olunur. Çox işlərdən danışa bilərəm, bütün bunlar müasir Ağsunun reallıqlarıdır. Mənim prezidentliyə namizəd seçimimdə bu amillər, bu işlərin davamını görmək arzusu mühüm rol oynadı və bu arzu ilə müdaxiləsiz, təzyiqsiz səs verib çıxdım.

 

Seçki başlanandan iki-üç saat sonra həmin seçki məntəqəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından qeydə alınmış müşahidəçi Rahim Həbibovun ötən müddət ərzindəki təəssüratı ilə maraqlandıq. R.Həbibov dedi:-Proses normal gedir, heç bir seçki pozuntusu qeydə almamışıq. Seçicilər gəlib azad və sərbəst şəkildə öz namizədlərinə səs verirlər. Şəffaflığın təmin edilməsində burada quraşdırılmış veb-kameranın da əhəmiyyəti böyükdür. Seçicilərin yüksək fəallığı da qeyd edilməlidir. Bir sözlə, səsvermə prosesi Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun davam edir.   

 

Ağsunun Kəndoba kəndindəki 14 saylı seçki məntəqəsində də qələbəlik idi. Seçici Ağanisə Niftəliyevanın təəssüratını öyrəndik. O dedi:

 

- Səsvermə yaxşı təşkil edilib. Hərənin öz seçim meyarı var. Mən öz namizədimə çox inanıram. Yalnız o, ölkəmizi zirvələrə qaldıra bilər, ancaq onun rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı azad edə bilərik. Digər amillər də çoxdur, elə rayonumuzun, kəndlərimizin inkişafı, həyatımızın günü-gündən daha da firavanlaşması. Bu uğurların davamını arzulayıram.

 

Baş çəkdiyimiz 9 saylı Ülgüc, 20 saylı Aratcuruğlu, 27 saylı Pirhəsənli, 37 saylı Ərəbmehdibəy seçki məntəqələrində də seçicilərin mütəşəkkil şəkildə səsverməyə gəldiklərinin şahidi olduq.

 

Azərbaycan.-2013.- 10 oktyabr.- S.10,11.