Fransa Senatının üzvləri Quba Soyqırımı Memorial
Kompleksini ziyarət etmişlər
Oktyabrın 9-da Fransa Senatının üzvü, Senatın Azərbaycanda prezident seçkilərini müşahidə missiyasının rəhbəri Natali Qulenin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər.
AzərTAc xəbər verir ki, nümayəndə heyəti soyqırımı qurbanlarının xatirəsini anmış, Memorial Kompleksin önünə Fransa Senatının üzvləri adından əklil qoymuşlar.
Qonaqlara məlumat verilib ki, kompleksdəki bütün bölmələr və eksponatların yanında quraşdırılan xüsusi audio bələdçi qurğuları vasitəsilə ingilis, rus və Azərbaycan dillərində ətraflı məlumat almaq mümkündür.
Kompleksin ekspozisiya zalı ilə tanışlıq zamanı diqqətə çatdırılmışdır ki, aşkar olunmuş kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Onun 494 kvadratmetrlik hissəsində tədqiqat işləri aparılsa da, 20 kvadratmetr ərazi beynəlxalq tədqiqat işləri üçün saxlanılmışdır. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilmişdir. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilmişdir ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılmışdır.
Senat üzvləri komplekslə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazmışlar. Ardınca fransalı nümayəndə heyətinin üzvləri, o cümlədən müşahidə missiyasının rəhbəri Natali Qule kompleksin həyətində ağac əkmişlər.
Natali Qule jurnalistlərə açıqlamasında Quba Soyqırımı Memorial Kompleksini ziyarət etməklə hadisə qurbanlarının xatirəsini andıqlarını bildirərək demişdir: "Burada basdırılanlar rahat uyuya bilərlər. Çünki bu möhtəşəm kompleks sayəsində gələcək nəsillər olanlar haqqında ətraflı məlumat ala biləcəklər".
Senatorlardan
ibarət nümayəndə heyəti Qubadakı seçki məntəqələrində
səsvermənin gedişatını da izləmişlər.
Azərbaycan.-2013.- 10 oktyabr.- S.16.