Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli Prezident Əliyev!
ABŞ Konqresinin ABŞ-Azərbaycan dostluq qrupunun həmsədrləri olaraq Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edirik. Sizin Prezident seçilməyiniz Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsində növbəti mühüm bir mərhələdir. Demokratik prosesin mühüm hissəsi olan ümummilli seçkilər vətəndaşların seçki hüququnu təmin edir.
ABŞ və Azərbaycan ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlıq əlaqələrinə malikdirlər. Bizim ölkələr ekstremizmin yayılmasının qarşısının alınması, dünyada tolerantlığın və tərəqqinin inkişafı uğrunda birgə fəaliyyət göstərir. Biz Azərbaycanın ABŞ-ın Əfqanıstan, İraq və Kosovodakı sülhyaratma əməliyyatlarına mühüm dəstəyini yüksək qiymətləndiririk.
Bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə səylərimiz Trans-Adriatik boru kəməri layihəsinin (TAP) "Cənub" qaz dəhlizinin Avropaya qaz nəqli marşrutu kimi seçilməsi ilə bağlı bu yaxınlarda verilmiş qərardan faydalanmaqdadır. ABŞ və bizim avropalı müttəfiqlərimiz bu cür enerji məsələlərində Azərbaycanın liderliyini tanıyır.
ABŞ və Azərbaycanı müxtəliflilik, tolerantlıq, azlıqlara və gender hüquqlarına hörmət kimi bir çox məsələlərdə ortaq dəyərlər birləşdirir.
Biz hər bir demokratik sistemin əsası olan bu fundamental dəyərlərin Azərbaycan cəmiyyətində dərin köklərə malik olduğunu təsdiqləyirik.
Cənab Prezident, Azərbaycanın dostları olaraq Sizə və xalqınıza ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Bill ŞUSTER və
Stiven KOHEN,
ABŞ Konqresinin üzvləri
Azərbaycan.-2013.- 11 oktyabr.- S. 2.