Azərbaycan Prezidenti İlham
ƏliyevTürkiyə Böyük Millət
Məclisinin ölkəmizdə keçirilən prezident seçkilərində müşahidəçi
kimi iştirak edən
nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Türkiyə Böyük Millət Məclisinin ölkəmizdə keçirilən prezident seçkilərində müşahidəçi kimi iştirak edən nümayəndə heyətini qəbul etmişdir.
Türkiyə Böyük Millət Məclisinin deputatı Haluk İpək başçılıq etdiyi nümayəndə heyəti adından dövlət başçısını prezident seçkilərində əldə etdiyi böyük qələbə münasibətilə təbrik etdi. O, prezident seçkiləri ilə bağlı ölkəmizin müxtəlif bölgələrində olduqlarını, seçicilərin, xüsusilə gənclərin yüksək fəallıq göstərdiklərini dedi. Haluk İpək müşahidə missiyasının tərkibində Ədalət və İnkişaf Partiyası ilə yanaşı, Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarını Türkiyə Böyük Millət Məclisində təmsil edən millət vəkillərinin olduğunu da dedi. 2003-cü il seçkilərində də iştirak etdiklərini xatırlayan türkiyəli qonaq hər seçkidən sonra Azərbaycanda böyük inkişafın şahidi olduqlarını məmnunluq hissi ilə qeyd etdi. Seçkilərin ölkəsinin Prezidenti, Baş naziri və Türkiyə xalqı tərəfindən maraqla izlənildiyini deyən Haluk İpək bu seçkilərin Azərbaycana böyük uğurlar gətirməsini arzu etdi.
Dövlət başçısı ölkələrimiz arasında mövcud olan tarixi dostluq-qardaşlıq münasibətlərinin bugünkü Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün möhkəm təməl olduğunu vurğuladı. Türkiyə-Azərbaycan birliyinin bu gün beynəlxalq aləmdə mühüm amil olduğunu qeyd edən Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə etdi. Ölkəmizdə keçirilən prezident seçkilərinə toxunan dövlət başçısı seçkilərin nəticələrini son illər Azərbaycanda görülən işlərə xalqın verdiyi qiymət və gələcək inkişafla bağlı arzularının ifadəsi kimi dəyərləndirdi. Dövlət başçısı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin bütün sahələrdə inkişafının bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirdi.
AzərTAc
Azərbaycan.-2013.- 11 oktyabr.- S. 3.