Azərbaycan demokratiya yolunda çox sürətlə
irəliləyən bir ölkədir
Oktyabrın 10-da Milli Məclisin Sədri Oqtay Əsədov Malta Respublikası Nümayəndələr Palatasının Sədri Anqlu Faruca ilə görüşüb. Görüş zamanı oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərində müşahidəçi olan Malta nümayəndə heyətinin sədri təəssüratlarını bölüşüb.
Oqtay Əsədov qeyd edib ki, bu görüşlər hər iki ölkə arasında, eləcə də parlamentlərarası əlaqələrin inkişafında böyük rol oynayır.
Sədr daha sonra Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək üçün ölkəmizə gələn A.Farucaya təşəkkürünü bildirib: "İnanıram ki, seçki prosesi sizdə böyük maraq yaradıb. Siz də azərbaycan vətəndaşlarının seçkidə fəal iştirakının şahidi oldunuz. Həm "exit-poll" təşkilatları, həm də Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələr göstərdi ki, cənab İlham Əliyev üçüncü dəfə prezident seçildi. Bu seçim Azərbaycan xalqının iradəsinin göstəricisi idi".
Malta Respublikası Nümayəndələr Palatasının Sədri Anqlu Faruca Azərbaycan-Malta əlaqələrindən danışıb. Bildirib ki, Malta hər zaman Azərbaycana yaxın ölkə olub. Malta hökuməti düşünür ki, Azərbaycan demokratiya yolunda çox sürətlə irəliləyən bir ölkədir: "Mən dəfələrlə Azərbaycanda demokratik prinsiplərə necə əməl olunduğunu izləmişəm. Budəfəki seçki prosesində bir daha buna şahidlik etdim. Biz səhər saatlarından axşam saatlarınadək Şamaxı rayonunda yerləşən məntəqələrdə müşahidələr apardıq. İnsanlar tam sərbəst şəkildə məntəqələrə daxil olub müstəqil formada səs verirdilər. Bu, çox vacibdir. Orada ATƏT, Rusiya və ABŞ nümayəndələri ilə birgə müşahidələrimizi müzakirə etdik. Hamımız belə nəticəyə gəldik ki, seçkilər tam ədalətli, demokratik və şəffaf keçirildi".
Sonda
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Elgün MƏNSİMOV,
Azərbaycan.-2013.- 11 oktyabr.- S. 3.