ATƏT-in seçkiləri qısamüddətli müşahidə missiyasının rəhbəri

 Mişel VUAZEN: Azərbaycanda seçkilər azad, şəffaf və ədalətli keçirilib

 

ATƏT-in seçkiləri qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazen oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin nəticələrinə dair xüsusi bəyanatla çıxış etmişdir. Mişel Vuazenin bəyanatında deyilir:

"Hesab edirəm ki, AŞ PA və Avropa Parlamentinin, eyni zamanda, ATƏT-in seçkiləri qısamüddətli missiyasının müşahidəçilərinin prezident seçkiləri ilə bağlı qeyd etdikləri müsbət cəhətlər DTİHB-in hesabatında əksini tapmamışdır. Halbuki seçkinin nəticələri təkzibedilməz bir qalibin olduğunu göstərir. Bunu exit-polların da əksəriyyəti təsdiq etmişdir".

M.Vuazen demişdir ki, xüsusi ixtisaslaşmış müşahidə missiyalarının rəyi də seçki kampaniyasının demokratiya istiqamətində irəliləyiş olduğuna şübhə doğurmadığını göstərir: "Bu, istər namizədlərin sayı, istər onlara televiziya debatlarında bərabər təşviqat kampaniyasında iştirak imkanı yaratmaq, istər nəzərəçarpacaq dərəcədə seçici fəallığı (72 faiz), istərsə də seçkilərin yaxşı təşkil edilməsi və MSK-nın şəffaf fəaliyyətində özünü göstərmişdir".

İndiyə qədər Azərbaycanda dörd seçkidə müşahidəçi kimi iştirak etdiyini deyən M.Vuazen bu seçki prosesində Avropa Şurası və ATƏT-in standartlarına yaxınlaşma istiqamətində əhəmiyyətli irəliləyişə imza atıldığını vurğulayaraq demişdir: "Hesab edirəm ki, seçkilər azad, şəffaf  və ədalətli keçirilmişdir. Mən seçkilərlə bağlı Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin rəyinə tamamilə qatılıram".

M.Vuazen bu qənaətinin ATƏT-in DTİHB-in hesabatında əksini tapmadığını vurğulayaraq demişdir. "Hesab edirəm ki, ATƏT-in DTİHB-in hesabatında AŞ PA Avropa Parlamentinin, eyni zamanda ATƏT-in seçkiləri qısamüddətli missiyasının müşahidəçilərinin qeyd etdikləri müsbət cəhətlər əksini tapmamışdır".

 

 

AzərTAc

Azərbaycan.-2013.-  11 oktyabr.- S. 4.