AŞ PA və Avropa Parlamenti Azərbaycanda prezident
seçkilərinin
yekunları ilə bağlı birgə
bəyanat vermişlər
Oktyabrın 10-da Avropa Şurası Parlament Assambleyası (AŞ PA) və Avropa Parlamentinin (AP) Azərbaycanda prezident seçkilərini müşahidə etmiş nümayəndə heyətinin təmsilçiləri seçkilərlə bağlı mətbuat konfransı keçirmişlər.
Tədbirdə AŞ PA nümayəndə heyətinin rəhbəri Robert Volter çıxış edərək təmsil etdiyi qurumun və Avropa Parlamentinin nümayəndələrinin Azərbaycanda prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini müşahidəçi kimi izlədiklərini bildirmişdir. R.Volter qeyd etmişdir ki, Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda gedən prosesləri, burada baş verən hadisələri yaxından izləyir. Bu qurumda Avropanın müxtəlif ölkələrindən siyasətçilər təmsil olunurlar. Onlar azad, müstəqil müzakirələr aparır, hesabatlar hazırlayır, qərarlar qəbul edirlər.
AŞ PA-nın təmsilçisi vurğulamışdır ki, hər iki qurumun müşahidə missiyasının üzvləri səslərin sayılması prosesində də iştirak etmişlər və heç bir qanun pozuntusuna rast gəlməmişlər. Tam əminliklə deyə bilərik ki, Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin böyük əksəriyyətini toplayaraq seçkidə qalib gəlmişdir.
Avropa Parlamentinin müşahidə missiyasının rəhbəri Pino Arlakkinin sözlərinə görə, AŞ PA və Avropa Parlamentinin müşahidə missiyaları hesab edirlər ki, Azərbaycanda seçki prosesi azad, ədalətli və şəffaf keçirilmişdir. P.Arlakki qeyd etmişdir ki, biz apardığımız müşahidələr nəticəsində seçkinin dinc şəraitdə keçdiyinin şahidi olmuşuq. Səsvermə məntəqələrində polisin nümayəndələrinə rast gəlməmişik, eyni zamanda, seçicilərə qarşı hər hansı təzyiq faktını müşahidə etməmişik. Seçkidən əvvəl və səsvermə günündə siyasi mühitdəki proseslər dinc və peşəkarlıqla təşkil olunmuşdur. Azərbaycan hökumətinin yaratdığı hər bir şəraiti yüksək dəyərləndiririk.
Tədbirdə hər iki qurumun seçki ilə bağlı birgə bəyanatı səslənmişdir.
Bildirilmişdir
ki, yaxın həftələrdə AŞ PA və AP
müşahidəçilərinin yekun hesabatı təqdim ediləcəkdir.
AzərTAc
Azərbaycan.-2013.- 11 oktyabr.- S. 4.