Azərbaycanda prezident seçkiləri seçicilərin fəallığı şəraitində,

 şəffaf və demokratik qaydada keçmişdir

 

Oktyabrın 10-da Türkiyənin Azərbaycandakı səfirliyində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyəti prezident seçkilərinin yekunu ilə bağlı mətbuat konfransı keçirmişdir.

Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkilərində Türkiyə Böyük Millət Məclisindən 35 deputatın müşahidəçi kimi iştirak etdiyini demişdir.

Daha sonra çıxış edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri N.Ünüvar prezident seçkilərində Bakı ilə yanaşı, Sumqayıt və Qubada da olduqlarını bildirərək səsvermənin seçicilərin fəallığı şəraitində, şəffaf və demokratik qaydada keçirildiyini söyləmişdir.

Çıxış edən digər müşahidəçilər məntəqələrdə seçki prosesini izləmək üçün onlara yaradılan şəraitdən razılıqlarını ifadə etmiş, prezident seçkilərinin qanunvericiliyin tələblərinə uyğun olaraq mütəşəkkil qaydada keçdiyini və seçicilərin sərbəst şəkildə istədikləri namizədə səs verdiklərini bildirmişlər.

 

 

AzərTAc

Azərbaycan.-2013.-  11 oktyabr.- S. 5.