Avropa Strateji Kəşfiyyat
və Təhlükəsizlik Mərkəzinin baş
icraçı direktoru Klod
MONİKE: Azərbaycanda seçkilər yüksək şəffaflıq
şəraitində və beynəlxalq standartlar
əsasında keçirilmişdir
Oktyabrın 10-da "Hyatt Recensy" hotelində beynəlxalq QHT üzvlərinin təmsil olunduğu Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESISC) Azərbaycanda keçirilən prezident seçkilərində apardıqları müşahidələrlə bağlı yekun mətbuat konfransı keçirmişdir.
AzərTAc xəbər verir ki, mətbuat konfransında çıxış edən Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin baş icraçı direktoru, nümayəndə heyətinin rəhbəri Klod Monike ölkəmizdə keçirilən prezident seçkilərini qurumun 9 nəfərlik nümayəndə heyətinin izlədiyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, ESISC Azərbaycanda keçirilən prezident seçkilərində müstəqil müşahidə missiyasını yerinə yetirmişdir.
Klod Monike demişdir ki, oktyabrın 9-da nümayəndə heyətinin üzvləri gün ərzində Bakı, Sumqayıt şəhərlərində və digər ərazilərdə yerləşən 200 seçki məntəqəsində müşahidə aparmışlar. Günün sonunda isə 11 məntəqədə səslərin hesablanması prosesini izləmişlər. Eyni zamanda ESISC-in nümayəndə heyəti Bakıda və Sumqayıtda əlillər üçün mobil səsvermə məntəqələrində, cəzaçəkmə müəssisəsində və hərbi hissədə təşkil edilmiş seçki məntəqələrində olmuşlar.
Müşahidə qrupunun rəhbəri vurğulamışdır ki, həbsxanalarda seçkiləri keçirmək təhlükəsizlik nöqteyi-nəzərindən çətindir. Ona görə də ESISC nümayəndələri həbsxanalarda məhkumların tam məxfiliklərinin qorunması şərti ilə seçki hüquqlarının təmin olunmasını yüksək qiymətləndirirlər.
Klod Monike bildirmişdir ki, nümayəndələr baş çəkdikləri bütün məntəqələrdə, eləcə də əlillər üçün təşkil edilmiş mobil seçki məntəqələrində həm seçki komissiyası, həm də milli müşahidəçi missiyaları tərkibində qadınların fəal iştirakını müşahidə etmişlər. Eyni zamanda, vətəndaşların Seçki Məcəlləsinə olan hörmətinin, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və müstəqil vətəndaşların seçkilərdə müşahidəçi qismində fəal iştirakının və seçicilər arasında qadınların və gənclərin üstünlük təşkil etməsinin şahidi olmuşlar.
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin baş icraçı direktoru bildirmişdir ki, səslərin hesablanması zamanı da nümayəndələr qanuna ciddi şəkildə riayət edilməsini və yerli müşahidəçilərin fəallıqlarını müşahidə etmişlər. ESISC nümayəndə heyəti bütün bunları nəzərə alaraq Azərbaycanda seçkilərin şəffaflıq şəraitində və beynəlxalq standartlara uyğun olaraq keçdiyini təsdiqləmişdir. Azərbaycan hələ də keçid və stabilləşdirmə dövründə olmasına baxmayaraq, azad, ədalətli və şəffaf seçki qaydalarını tam təmin etmişdir.
K.Monike daha sonra demişdir: Seçkilərdən sonra səslərin sayılması prosesində də beynəlxalq müşahidəçilərin iştirakının və orada beynəlxalq qaydaların, standartların qorunduğunun şahidi olduq. Beynəlxalq müşahidəçilərə qarşı rəsmilərin, xüsusilə Mərkəzi Seçki Komissiyasının üzvlərinin açıq mövqe göstərməsi bizi tam qane etmişdir. Onların bu münasibəti xüsusilə Bakıda seçkilərin gedişini izləyən beynəlxalq müşahidəçilərin işini asanlaşdırmışdır.
Klod
Monike vurğulamışdır ki, ümumilikdə
oktyabrın 9-da seçki məntəqələrində
apardıqları müşahidələrə və əldə
etdikləri nəticələrə əsasən Azərbaycanda
prezident seçkilərinin beynəlxalq standartlara uyğun və
tam şəffaf həyata keçirildiyini demək
mümkündür.
Seçkilərdə medianın rolunu da yüksək qiymətləndirən Klod Monike demişdir ki, KİV-lər bu prosesdə mütəşəkkilliklə iştirak etmişdir.
Müşahidə
missiyasının rəhbəri qeyd etmişdir ki, tərəfimizdən
Azərbaycanda keçirilən seçkilərlə
bağlı yekun bəyanat hazırlanmışdır. Bəyanatda
nümayəndə heyətinin müşahidələri və
əldə etdiyi nəticələr öz əksini tapmışdır.
Azərbaycan.-2013.- 11 oktyabr.- S. 5.