Natali QULE: Bu seçkilər Azərbaycanın ötən 10 ildə keçdiyi

 inkişafı göstərir və yüksək səviyyədə təşkil olunmuşdur

 

Fransalı senatorlar düşünürlər ki, bu seçkilər Azərbaycanın ötən 10 ildə keçdiyi inkişafı göstərir və yüksək səviyyədə təşkil olunmuşdur.

AzərTAc xəbər verir ki, bu sözləri oktyabrın 9-da keçirilən prezident seçkilərinin yekununa həsr olunmuş mətbuat konfransında Fransa Senatının müşahidə missiyasının rəhbəri Natali Qule demişdir.

Müşahidə missiyalarının beş senatordan ibarət olduğunu bildirən N.Qule qeyd etmişdir ki, qrupumuzda müxtəlif siyasi partiyalar təmsil olunurlar. Biz seçkiləri Quba rayonunda müşahidə etmişik. Müşahidələrimizə əsasən hər hansı bir qanun pozuntusu ilə rastlaşmadıq. Təxminən 10 il bundan əvvəl mən İlham Əliyevin ilk prezident seçkilərinə qatıldığım vaxt prosesi izləmişdim. Ona görə də deyə bilərəm ki, artıq ölkənizi yaxşı tanıyıram. Bilirəm ki, bəzi müşahidəçilər bu seçkilərlə bağlı mənfi münasibət bildirmişlər. Mən bunu onların vicdanına buraxıram.

Fransalı senatorlar bildirmişlər ki, digər müşahidəçilərlə aparılan danışıqlar zamanı onlar da seçkinin normal keçdiyini vurğulamışlar.

Diqqətə çatdırılmışdır ki, Fransadakı seçkilərlə Azərbaycanda keçirilən seçkilər arasında heç bir fərq hiss edilməmişdir. Yalnız Fransada keçirilən seçkiləri bu qədər müşahidəçi izləmir. Müşahidə aparılan məntəqələrdə prezidentliyə namizədlərin nümayəndələri də seçki prosesində elə bir qanun pozuntularına rast gəlmədiklərini qeyd etmişlər. Hətta ABŞ-dakı seçkilərdə də səslərin sayılmasında və s. məsələlərdə müəyyən çətinliklər baş verir. Ancaq Azərbaycandakı seçkilərdə ciddi problemlə qarşılaşmadıq.

 

Azərbaycan.-2013.-  11 oktyabr.- S. 5.