İtaliyalı ekspertlər prezident seçkilərində
qadınların fəal
iştirakını təqdir edirlər
Prezident seçkilərində iştirak edən qadınların fəallığı xüsusilə təqdirəlayiq haldır. Biz seçicilərin demokratik keçirilən prezident seçkilərinə böyük maraq göstərdiklərinin şahidi olduq.
Bu fikri Azərbaycanda prezident seçkilərini izləmiş İtaliya Senatının nümayəndə heyətinin üzvləri oktyabrın 10-da keçirdikləri mətbuat konfransında səsləndirmişlər. İtaliyalı senator Mauro Marino müşahidə apardığı məntəqələrdə heç bir qanun pozuntusunun baş vermədiyini, seçicilərin mütəşəkkil qaydada səs verdiklərini qeyd etmişdir.
Səsvermənin azad, şəffaf, ədalətli və dinc şəraitdə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını bildirən M.Marino seçicilərin fəallığını yüksək qiymətləndirmişdir.
Səsvermə zamanı şəffaflığı təmin etmək üçün seçki məntəqəsində quraşdırılmış veb-kamera vasitəsilə müşahidəçilərin prosesin gedişini aşkar şəkildə izləyə bildiyini söyləyən italiyalı senator xanım Manella Ritzotti ərazidə qeydiyyatda olan, lakin hər hansı səbəbdən adları seçici siyahısına düşməyən vətəndaşların ərizələrinə operativ surətdə baxıldığını xüsusi vurğulamışdır.
Azərbaycanda prezident seçkilərinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun keçdiyini diqqətə çatdıran M.Rizotti Mərkəzi Seçki Komissiyasının işini peşəkarcasına və qanunla müəyyən edilmiş bütün tələblərə və qaydalara uyğun olaraq apardığını qeyd etmişdir.
M.Rizotti
seçki prosesinin bütün prosedurlarının kifayət
qədər dəqiq keçdiyini, səslərin
sayılması və nəticələrin müəyyən
olunması prosesinin seçki qanunlarına uyğun
aparıldığını, beynəlxalq standartlara cavab
verdiyini vurğulamışdır.
AzərTAc
Azərbaycan.-2013.- 11 oktyabr.- S. 6.