Azərbaycan xalqı növbəti dəfə
Heydər Əliyev siyasi kursuna
etimad göstərdi
Fəttah
HEYDƏROV: "Bütün
ağsaqqallarımız İlham Əliyevə
səs verdilər"
Azərbaycanda prezident seçkilərinin siyasi mərhələsinə start demək olar ki, Ağsaqqallar Şurası tərəfindən verilmişdi. Cənab İlham Əliyevin prezidentliyə namizədliyi ilk olaraq məhz ağsaqqlar tərəfindən fevral ayında irəli sürülmüşdü. Seçki kampaniyası dövründə də ağsaqqalar böyük fəallıq göstərdilər, müxtəlif bölgələrdə çoxsaylı görüşlər keçirərək, əsasən gənclər arasında maarifləndirici təşviqat işi apardılar.
Seçkilər artıq sona çatdı. İlkin nəticələrin elan olunmasından sonra seçki prosesinə və cənab İlham Əliyevin qələbəsinə ilk münasibət bildirənlər də ağsaqqalar oldu. Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov da ölkə ağsaqqalarının sevincini bizimlə bölüşdü:
- Ağsaqqal hər zaman yol göstərən, xeyirxahlığı təbliğ edən, sabitlik, dinclik, gələcək nəslin xoşbəxtliyi, firavanlığı naminə ürəklərində olan istəklərini ifadə edən insandır. Bu istək öz əksini 2013-cü ilin fevral ayında Ağsaqqallar Şurasının qurultayında İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyini irəli sürməsində əksini tapdı. Çünki Azərbaycan xalqı, dövlətçiliyi üçün Prezident İlham Əliyev əvəzedilməz bir şəxsiyyətdir. Ağsaqqallar belə bir istək ifadə etdilər ki, cənab İlham Əliyev növbəti 5 ildə Azərbaycan Respublikasının Prezidenti olsun, xalqımızı arxasınca aparsın, bu ağır və məsuliyyətli yolda bundan sonra da öz bilik, bacarıq və qabiliyyətlərini dövlətimizin inkişafına yönəltsin.
Göründüyü kimi, bu istəyimizin nəticəsi uğurlu oldu. Artıq möhtəşəm qələbəmizi qeyd edirik. Bir məqamı vurğulamaq istərdim ki, bu qələbə yalnız cənab İlham Əliyevin növbəti seçki zəfəri olmadı. Bu, daha çox məhz Azərbaycan dövlətinin, Azərbaycan xalqının, o cümlədən Azərbaycan ağsaqqalarının möhtəşəm qələbəsi və nailiyyətidir!
Azərbaycan xalqı müdrik xalqdır. Xalqımız artıq ən çətin və ağır mübarizə illərini geridə qoyub, 1991-1993-cü illərdə yol verilən səhvlərin acı nəticələrini görüb və eyni zamanda, XX əsr dünyasının böyük şəxsiyyəti olan Heydər Əliyev dühasının ölkəyə verdiyi töhfələri, ulu öndərin davamçısı olan Prezident İlham Əliyevin fədakar əməyini, Azərbaycanı tamamilə yeni bir ölkəyə çevirmək, dünya dövlətləri səviyyəsinə qaldırmaq, ölkəmizə qarşı ədalətsizlikləri aradan qaldırılmaq üçün yorulmadan çalışmasını dəyərləndirərək bütün xalqımız öz iradəsini yüksək səviyyədə nümayiş etdirdi və ən layiqli namizədə səs verdi. Hesab edirəm ki, budəfəki seçkilər Azərbaycan tarixində ən şəffaf, demokratik, ədalətli seçkilərdir və əksər ölkələrə nümunə oldu. Cənab İlham Əliyevi növbəti müddətə Prezident seçməklə Azərbaycan xalqı özünün xoşbəxt gələcəyini təmin etdi.
Azərbaycan Ağsaqqallar Şurasında birləşən insanlar ölkəmizin nüfuzlu ziyalıları, siyasi, ictimai, mədəniyyət, elm xadimləridir. Yəni, bu şura əsas etibarilə nüfuzu olan, sözü eşidilən, öz məsləhətləri ilə cəmiyyətə təsir edən insanların cəmiyyətidir. Azərbaycan ağsaqqallarının da bu gün qarşısında duran əsas vəzifə ümummilli liderimizin bizə ərməğan etdiyi dövlətimizi qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir. Bu təbəqə cəmiyyətimizin dəyərlər sisteminə daxil olduğu üçün ağsaqqal sözü daim insanlar tərəfindən ehtiramla qarşılanır. Ona görə də cəmiyyətin sağlam ruhda inkişafı, gənc nəslin yüksək vətənpərvərlik ruhunda böyüməsi üçün ağsaqallarımız bundan sonra da üzərlərinə düşən missiyalarını davam etdirməlidirlər.
Seçki kampaniyası dövründə mütəmadi olaraq bölgələrdə səfərlərdə olduq, həm ağsaqqallarla görüşlər keçirdik, həm də ağsaqqallarla digər zümrələrin təmsilçilərinin birgə tədbirlərini təşkil etdik. Yekun qənaətimiz budur ki, ağsaqqallarımız ölkədə həyata keçirilən müdrik siyasətdən razıdırlar və ölkə rəhbərini birmənalı dəstəkləyirlər. Bundan əlavə, gənclərimizlə, xaricdə təhsil alan azərbaycanlı gənclərlə də ağsaqqalların görüşlərini keçirdik. Hər dəfə gənclərimizə Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin tutduğu dövlətçilik yolunu öyrənməyi tövsiyə etdik ki, onlar dövlətçiliyimizin bundan sonra da yaşadılması üçün üzərlərinə düşən məsuliyyəti daha yaxşı anlasınlar. Azərbaycan artıq dünya dövlətləri içərisində ən perspektivli dövlətdir. Dövlətin gəncləri də bunu dərk etməli, onlara yaradılan şəraitdən yararlanmalıdırlar. Gənclərimiz artıq bilirlər ki, Azərbaycan hansı sınaqlardan keçərək indiki səviyyəyə gəlib çatıb. Bu, Heydər Əliyev siyasətinin uğurlu davamının nəticəsidir. Gənclərimizə çatdırdıq ki, Azərbaycan iqtisadiyyatı, ölkəmizin mədəni həyatının bütün sahələri inkişaf edir. Azərbaycan postsovet ölkələri içərisində qabaqcıl mövqedə dayanır. Bu uğurları qoruyub saxlamaq və davamlı etmək üçün hər bir Azərbaycan gənci nailiyyətlərin əsasında dayanan səbəbləri bilməli və qiymətləndirməlidir. Bu, Azərbaycana, insanlarımıza məhəbbət yoludur. Dövlət başçımızın həyata keçirdiyi siyasətin əsasında Azərbaycan vətəndaşlarının yüksək rifahı, sosial-iqtisadi inkişafı, ölkənin maraqlarına xidmət dayanır. Bunun üçün ölkədə sabitlik əmin-amanlıq şəraiti həmişə qorunub saxlanmalıdır.
Bir sözlə, bu gün ağsaqqallarla gənclər arasında ideya, məram bağlılığı ilə yanaşı, həm də fəaliyyət və əməl birliyi yaranıb. Heydər Əliyev siyasi kursuna, Prezident İlham Əliyevin fəaliyyətinə etimad göstərən ağsaqqalar və gənclər mənəvi vəhdət şəklində bu siyasətin layiqincə həyata keçirilməsinə öz töhfələrini verirlər.
Mən hələ ki, dünya miqyasında elə bir dövlət başçısı tanımıram ki, Prezident İlham Əliyev qədər xalqına yaxın olsun, xalqın maddi-mənəvi ehtiyaclarını bu dərəcədə nəzərə alsın, vətəndaşların güzəranına diqqət yetirsin. Bütün bunlar onu göstərir ki, cənab İlham Əliyev təkcə dövlət başçısı deyil, həm də xalqın adamıdır. Xalqımız Prezident İlham Əliyevə olan rəğbətini, etimadını və dəstəyini bu prezident seçkilərində daha parlaq şəkildə göstərdi, daha böyük dayaq nümayiş etdirdi, və səsvermənin nəticələri də artıq bunu aydın büruzə verdi. Azərbaycan seçiciləri ölkədə gedən inkişafa, sosial-iqtisadi siyasətin uğurlarına, dövlətin diqqət və qayğısına olan minnətdarlıqlarını və bu siyasətin davamını arzuladıqlarını seçki məntəqələrinə gələrək verdikləri səslərdə ifadə etdilər.
Azərbaycanın
son 10 ildə uğurlu inkişafının əsas səbəbi
Heydər Əliyev yolunun uğurla davam etdirilməsidir. 10 ilin nailiyyətləri sübut edir ki, ulu öndərimizin
müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün
işlər böyük
uğurla həyata keçirilir.
Bu gün hər bir vətəndaşımız ölkəmizin
uğurlarından qürur duyur.
Qazanılan nailiyyətlər xalqımızı daha böyük qələbələrə,
zəfərlərə ruhlandırır. Azərbaycan
xalqı cənab İlham Əliyevin şəxsində məhz bu kursun davam
etməsinə, daha böyük
nailiyyətlərin qazanılmasına səs verdi.
Ağsaqqallarımızın Azərbaycanın baş mənəvi ağsaqqalı olan cənab İlham
Əliyevə etimadları isə tamdır, davamlıdır və
səmimidir.
Azərbaycan.-2013.- 11 oktyabr.- S. 8.