Prezident İlham Əliyev Azərbaycan

 gəncliyinin gələcəyinin ən etibarlı təminatçısıdır

 

Azərbaycanda mühüm siyasi kampaniya - prezident seçkiləri artıq geridə qaldı. Xalqımız mütəşəkkil qaydada seçkilərə gedərək növbəti beş il müddətinə öz layiqli prezidentini seçdi. Azərbaycan gəncliyinin də birmənalı seçimi ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev oldu. Çünki qarşıda onun rəhbərliyi altında bizi böyük işlər gözləyir, bu yolda genişmiqyaslı tədbirlər həyata keçiriləcək. Ölkəmizin yüz minlərlə gəncindən biri olaraq bu siyasi kursun alternativini görmürəm.

9 oktyabrda ölkəmizdə demokratik və ədalətli seçkilərin keçirilməsini yerli və beynəlxalq müşahidəçilər də təsdiq etdilər. Seçki kampaniyası dövründə hər bir namizədin bərabər təbliğat-təşviqat kampaniyası aparması üçün normal şərait yaradıldı. Bunun üçün möhkəm siyasi iradə və yetkin qanunvericilik bazası var. Azərbaycan xalqının tərəddüd etmədən yenidən cənab İlham Əliyevi seçməsi ölkəmizin son on ildə keçdiyi inkişaf yoluna əsaslanır.

Azərbaycan Prezidenti İlham Əliyevin də şəxsiyyət və lider kimi böyüklüyü onun ideyalarının birləşdirici mahiyyətindən, ilk növbədə, hər bir vətəndaşın maraqlarına hesablanmasından irəli gəlir. Dövlət başçısının milli birlik və həmrəylik konsepsiyası dərin məzmun yükü ilə cəmiyyətin mənəvi bütövlüyündə və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də ona xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı vermişdir. 2003-cü, 2008-ci illərdə prezident seçkilərində uğur qazanan cənab İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dini-etnik konfessiyalarının birliyini təmin etmək istiqamətində ardıcıl siyasət yürütmüşdür.

Son 10 ildə həyata keçirdiyi çevik və məqsədyönlü siyasətlə özünü təcrübəli dövlət xadimi, bacarıqlı rəhbər kimi təsdiqləməsi, real ideyaproqramlarla insanların inam və etimadını qazanması cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinə malik olduğunu bir daha təsdiqləmişdir. Dövlət başçısı siyasi lider olaraq insanları öz ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına təsir göstərmək iqtidarında olduğunu sübuta yetirmişdir. Məhz bu keyfiyyətləri sayəsində də idarəçilikdə yüksək uğurlara imza atmış, cəmiyyətin əsas və həlledici hissəsini arxasınca apara bilmişdir.

Bu gün  ölkəmizin ən qiymətli sərvətinin insanların olduğunu dəfələrlə bəyan edən cənab İlham Əliyevin birbaşa fəaliyyətinin nəticəsidir ki, zəlzələlərdən, daşqınlardan və başqa texnogen və bədbəxt hadisələrdən zərərçəkənlərə dövlət hesabına  yeni və hər cür şəraiti olan müasir evlər tikilir, maddi və mənəvi yardımlar edilir. Ayrı-ayrı nazirliklərdə və qurumlarda işləyən, o cümlədən də çalışdığım Fövqəladə Hallar Nazirliyində gənc əməkdaşlara dövlət hesabına mənzillər verilir, onlar hər cür qayğı ilə əhatə olunurlar. İnsanlar ən çətin günlərində cənab İlham Əliyevi həmişə yanlarında görmüş, ondan maddi və mənəvi dəstək almışlar. 2010-cu ildə Kür daşqınından zərər çəkmiş ailəmiz də belə yüz minlərlə insanlardandır.

Özlərini müxalifət adlandıran bir qrup radikal dairələrin vətəndaşlarımızın üzləşdiyi təbii fəlakətlərdən spekulyasiyalar etmələri və ayrı-ayrı mətbuat səhifələrində böhtan yazıların dərci biz gənclərdə dərin hiddətə səbəb olur. Müasir Azərbaycan gəncliyinin cənab İlham Əliyevdən aldığı ilhamı heç bir qüvvə zərrə qədər də olsun, azaltmağa nail ola bilməyəcək. Cənab Prezident İlham Əliyev həm də gənclərimizin bu gününün firavanolduqca xoşbəxt gələcəyinin təminatçısıdır.

Amma həyat Xeyirlə Şərin mübarizəsidir. Məhz bu təzadın nəticəsidir ki,  böyük ideallarla yaşayan insanların qarşısına həmişə bədxahların, nankorların çıxması da mümkündür. Radikal müxalifətin iftiraböhtan kampaniyalarının kimlərdən və haralardan qaynaqlanmaları, məram və məqsədləri hamıya yaxşı məlumdur. Bu nankorların adlarının qarşısında ən müxtəlif soyadları dura bilər. Amma mahiyyət dəyişməz. Çünki belə iyrənc kampaniyaların başında duran qüvvələr bütöv bir xalqa, dövlətə xəyanət etdikləri üçün lənətlənən isimlərdir.

Bu aqressiv qüvvələrin hərəkətləri heç vaxt gənclərimizi öz düzgün yolundan  çəkindirməyəcək. Bizim seçdiyimiz yol düzgün yoldur. Azərbaycan gəncliyi Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara imza ataraq dağıdıcı qüvvələri birdəfəlik tarixin arxivinə göndərəcək.

 

 

 

Müşfiq ŞIXƏLİYEV,

Fövqəladə Hallar Nazirliyinin hüquqşünası,

 daxili xidmət baş leytenantı

Azərbaycan.-2013.-  11 oktyabr.- S. 8.