Liderlik zirvəsi

 

Müstəqil Azərbaycanın ən yeni tarixinə əlamətdar hadisə kimi daxil olmuş 2013-cü ilin 9 oktyabr seçkiləri nəticə etibarilə cəmiyyətin mənafelərini özündə ehtiva edən, ölkəni dinamik inkişaf yoluna çıxaran Heydər Əliyev siyasi kursunun alternativsizliyini bir daha sübuta yetirmişdir. Tamamilə azad, demokratik və şəffaf şəraitdə keçirilmiş, seçicilərin yüksək mütəşəkkilliyi ilə müşayiət olunmuş bu seçkilər ölkənin demokratik inkişafında keyfiyyətcə yeni mərhələ açmış, siyasi münasibətlər sisteminin xarakterində pozitiv dəyişikliklərə imkan yaratmış, Azərbaycanın beynəlxalq imicinin yüksəlməsində mühüm rol oynamışdır.

 

 

Demokratiyanın təntənəsi

 

 

Müdrik xalqımız bu seçimi ilə təkamülə əsaslanan inkişaf tərəfdarı olduğunu, ölkənin taleyini yalnız konkret planlara malik, çevik, işlək və monolit komandaya etibar etdiyini təsdiqləmişdir. Azərbaycanda mütləq əksəriyyətin etimadını qazanan, sürətli sosial-iqtisadi inkişafı təmin edən, ictimai-siyasi sabitliyi qoruyub saxlayan, qlobal enerji layihələrinin təminatçısına çevrilən, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərini möhkəmləndirən mövcud siyasi kursun prezident seçkilərindəki birmənalı möhtəşəm qələbəsi obyektiv reallıqla şərtlənmişdir.

2013-cü ilin 9 oktyabr seçkiləri xalqın müdrik və dəyişməz seçiminə əsaslanmış, ölkə vətəndaşları növbəti dəfə Heydər Əliyev siyasi kursunun zəfərinə, təntənəsinə səs vermişlər. Cəmiyyətdəki mütləq çoxluğun siyasi iradəsinə əsaslanan bu seçim eyni zamanda Azərbaycanda davamlı inkişaf və tərəqqiyə, mənəvi-intellektual yüksəlişə zəmin yaratmış siyasi kursun alternativsizliyinin əyani təzahürünə çevrilmişdir.

Prezident seçkilərinin nəticələri bir tərəfdən ölkəmizdə gedən ictimai-siyasi, iqtisadi proseslərin məntiqi, digər tərəfdən Heydər Əliyev siyasi kursunun varisliyinin təmini zərurətini birmənalı qəbul edən Azərbaycan cəmiyyətinin sosial sifarişini, istəyini əks etdirir. Cənab İlham Əliyev bu seçkilərdə vətəndaşlarımız qarşısına Heydər Əliyevin idarəçilik sistemində formalaşan, ona rəhbərlik missiyasını məharətlə davam etdirməyə qadir olan alternativsiz lider, eyni zamanda, dövlətin tərəqqisinə böyük töhfələr vermiş nüfuzlu siyasi lider kimi çıxmışdı. Cənab İlham Əliyevin şəxsində Azərbaycan xalqı bir daha Heydər Əliyev siyasi kursunun təntənəsinə, sülhə, sabitliyə, tərəqqiyə səs vermiş, ulu öndərin əsasını qoyduğu milli dövlətçilik ənənələrinə sadiqliyini nümayiş etdirmişdir.

Hələ 2003-cü ilin 31 oktyabrında vətənə və xalqa sədaqət andı içərək səlahiyyətlərinin icrasına başlamış dövlət başçısı cənab İlham Əliyev ötən 10 ildə respublikamızın iqtisadi inkişaf təmayüllərini dəqiq müəyyənləşdirməklə davamlı tərəqqini təmin etmiş, sosialyönümlü inkişaf strategiyası həyata keçirmişdir. Prezident İlham Əliyev oktyabrın 9-da prezident seçkilərinin ilkin nəticələri ilə bağlı xalqa müraciətində demişdir: "On il bundan əvvəl - 2003-cü ildə xalqa elan etmişdim və bəyan etmişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Son on il ərzində bu siyasətə sadiq qalaraq Azərbaycanın inkişafı, Azərbaycanın tərəqqisi üçün çox böyük işlər görülmüşdür. Müstəqilliyimiz dönməzdir, sarsılmazdır. Bu illər ərzində müstəqil siyasətimiz istənilən sahədə özünü göstərmişdir. Biz öz milli maraqlarımızı lazımi səviyyədə müdafiə edə bilərik, müdafiə edirik, edəcəyik".

Ötən illərin reallıqları dövlət başçısının verdiyi vədlərin əməli fəaliyyətə və praqmatizmə söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını tamamilə təsdiqləmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur. Dövlət başçısı qısa zaman kəsiyində cəmiyyətin alternativsiz seçiminə çevrilmiş Heydər Əliyev siyasi kursunu qətiyyətlə davam etdirəcəyinə xalqda qəti əminlik yaratmış, əsası ümummilli lider tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının ardıcıl şəkildə və yüksək dinamizmlə həyata keçirilməsinə əsaslı zəmin formalaşdırmışdır.

 

 

Xalqa layiqli xidmət məramı

 

 

"Biz xalqın xidmətçisiyik" deyən Azərbaycan Prezidenti ötən 10 ildə cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirməyə çalışmaqla hər bir fərdin marağına cavab verən çevik və qətiyyətli qərarlar qəbul etmişdir. Vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyən, Avratlantik məkana inteqrasiya kursunu davam etdirən, qlobal enerji və kommunikasiya layihələrinin mərkəzinə çevrilən, ümumi daxili məhsulun artım dinamikasına görə dünyanın lider dövlətləri sırasında yer tutan müstəqil Azərbaycan bu gün bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyində aparıcı mövqeyə malikdir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının məntiqi nəticəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqelərini daha da gücləndirir, onun xarici investisiyalar üçün açıq və cəlbedici dövlət imicinin formalaşmasını təmin edir. Respublikamızın sürətli tərəqqi yoluna qədəm qoyması vətəndaşların sosial rifah halının nəzərəçarpacaq səviyyədə yaxşılaşması, istehsal sahibkarlığının maliyyə əsaslarının yaradılması, çoxlu sayda iş yerinin açılması, regionların tarazlı və sabit inkişafı, infrastrukturun yenilənməsi, insan kapitalının güclənməsi kimi pozitiv nəticələrlə əlamətdardır.

Azərbaycanın son 10 ildə siyasi, sosial-iqtisadi, mədəni-humanitar sahələrdə əldə etdiyi yüksək nəticələrin möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik amili ilə şərtləndiyini, həmrəyliyə və vətəndaş sülhünə əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur. Bu gün respublikamızda mövcud olan daxili sabitlik, əmin-amanlıq, milli barışıq mühiti demokratik inkişafın, qanunçuluğa və hüquq qaydalarına, ədalət meyarlarına ciddi şəkildə riayət olunmasının, habelə sürətli iqtisadi tərəqqinin başlıca təminatlarından biridir. İctimai-siyasi sabitlik amili eyni zamanda mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla inkişaf edən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan ölkə imicini daha da möhkəmləndirmişdir. Hazırda respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyi Azərbaycanın ötən müddətdə qazandığı ən mühüm nailiyyətlər sırasındadır.

Bu gün qloballaşan dünyada olduğu kimi, Azərbaycanda da zaman islahatların və demokratik inkişafın xeyrinə işləyir. Dövlət başçısı cənab İlham Əliyevin son 10 ildə ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyinin və sülhünün təmin olunması, əksqütblü qüvvələr arasında etimad mühitinin formalaşdırılması istiqamətində atdığı addımlar onun ədalətli rəhbər obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər. Prezident İlham Əliyev yaxşı bilir ki, ölkənin inkişafının yeganə düzgün yolu demokratiyadır. Lakin demokratiya davamlı və sərhədləri görünməyən prosesdir. Əgər demokratiya tarixi təkamül və mübarizə nəticəsində təbii olaraq reallaşmırsa, ona kənar təsirlər, modellər və diktələr hesabına siyasi rejimlər, ideologiyalar sırınırsa, əldə olunan "uğurlar" da keçici mahiyyət daşıyır. Prezident İlham Əliyevin ötən 10 ildə yeritdiyi siyasət deməyə əsas verir ki, Azərbaycan öz inkişafının Qərb modelini müəyyənləşdirərək demokratiyaya doğru kor-koranə deyil, təkamül yolu ilə irəliləməyə üstünlük verir.

Ötən 10 ildə ölkədə kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi, müxalifətin sağlam, konstruktiv dialoqa dəvət olunması, əldə edilən iqtisadi nailiyyətlərdən hamının öz bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi Prezident İlham Əliyevin milli birliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlardandır. 10 il müddətində cənab İlham Əliyev ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır. Buna əyani misal kimi cənab İlham Əliyevin ötən 10 ildə 22 əfv fərmanı imzalamasını və 4000-dən artıq məhkumu əfv etməsini vurğulamaq olar. Bu fərmanların hətta ağır dövləti cinayətlərdə iştirak etmiş bir sıra məhkumlara da şamil edilməsi Azərbaycanda kifayət qədər oturuşmuş demokratik siyasi sistemin mövcudluğunu təsdiqləyir. Bu məqam cənab İlham Əliyevin idarəçilik fəlsəfəsində humanizm və insanpərvərlik ideyalarının parlaq bir xətt təşkil etdiyini göstərir.

Dövlətçilik sütunlarının kifayət qədər möhkəmlənməsinin, iqtisadi inkişaf və demokratikləşmə prosesinin geniş vüsət almasının məntiqi nəticəsi olaraq Prezident İlham Əliyevin siyasətində insan amili parlaq şəkildə önə çıxmışdır. Cənab İlham Əliyev eynilə ulu öndərimiz Heydər Əliyev kimi ən çətin, ekstremal situasiyalarda yüksək iradə və prinsipiallıq nümayiş etdirərək dövlətçiliyə yönəlmiş qəsdləri qətiyyətlə zərərsizləşdirsə də, liberal dəyərlərə, demokratik prinsiplərə, insan hüquq və azadlıqlarına sadiqliyini hər zaman qoruyub saxlamışdır. Dövlət başçısı Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratiləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırmışdır. Dövlət başçısının bununla bağlı irəli sürdüyü fikirlər təkcə Azərbaycanın yox, ümumilikdə demokratiya yoluna yenicə qədəm qoymuş bütün müstəqil ölkələrin gələcək inkişafının təməl prinsipi kimi tətbiq edilə bilər. Cənab İlham Əliyev hər zaman qətiyyətlə bildirir ki, əgər biz diqqətimizi yalnız iqtisadi məsələlərə yönəltsək, siyasi proseslər kənarda qalsa, demokratikləşmə getməsə, ciddi uğur qazana bilmərik. Eyni zamanda, əgər iqtisadiyyat inkişaf etməsə, demokratikləşmə prosesi də təhlükə altına düşər. Çünki çoxlu sosial problemləri olan kasıb ölkədə insanlar demokratiya, siyasi proseslər haqqında düşünmürlər. Yalnız hərtərəfli inkişaf Azərbaycanı yaxın zamanlarda çox güclü dövlətə çevirə bilər.

Prezident İlham Əliyev seçkilərin ilkin nəticələri ilə bağlı xalqa müraciətində demişdir: "Azərbaycanda keçirilən prezident seçkiləri demokratiyanın təntənəsidir. Azərbaycanda bütün azadlıqlar mövcuddur. Azərbaycan demokratik dövlət kimi bundan sonra da uğurla inkişaf edəcəkdir. Bu seçkilərin azad, şəffaf şəkildə keçirilməsi demokratiyaya doğru atılan növbəti ciddi addımdır. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, siyasi azadlıqlar, vicdan azadlığı təmin edilir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayırlar. Bu, bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir".

 

 

Rifah və tərəqqi kursu xalqdan dəstək aldı

 

 

Prezident İlham Əliyevin seçkilərdəki möhtəşəm qələbəsini təmin edən başlıca amillərdən biri də ölkəmizin son 10 ildə əldə etdiyi inanılmaz sosial-iqtisadi nailiyyətlərdir. Ötən dövrdə milli dövlət quruculuğu prosesi sürətləndikcə, ictimai, hüquqi, psixoloji mühit dəyişdikcə, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası dərinləşdikcə sosial-iqtisadi inkişaf prioritetləri də mahiyyət etibarilə dəyişmiş, təkmilləşmişdir. Bu kimi incə məqamları nəzərə alan cənab İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin əsas məqsədi isə kəmiyyət dəyişikliklərindən tədricən keyfiyyət dəyişikliklərinə keçidi təmin etməkdən, hər bir Azərbaycan vətəndaşı üçün bu iqtisadi uğurlardan bəhrələnmək imkanı yaratmaqdan ibarət olmuşdur.

Dövlət başçısı məhz bu məqsədi əsas tutaraq 10 ildə regionların tarazlı və davamlı inkişafı, infrastrukturun inkişafı, yeni iş yerlərinin açılması, sosialyönümlü tədbirlərin genişləndirilməsi, bir sözlə, vətəndaşların firavan yaşayışının təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Azərbaycanın ümumi daxili məhsulun artım tempinə görə son 10 ildə dünyanın lider dövlətləri sırasında yer alması, ümumi daxili məhsulun orta illik artımı 13 faiz, qeyri-neft sektorunda 10,6 faiz təşkil etmişdir. ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2,7 dəfə, qeyri-neft sektoru 2,3 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi 7,3 dəfə artmışdır. Bu dövrdə ölkə iqtisadiyyatı 3 dəfədən çox artmış, onun inkişafına 132 milyard dollar məbləğində sərmayə qoyulmuşdur. Dövlət büdcəsi 19 dəfə, strateji valyuta ehtiyatları 29 dəfə, iqtisadiyyatın kreditləşməsi 24,5 dəfə artmışdır. Əhalinin gəlirləri, orta aylıq əməkhaqları və pensiyaların orta məbləği müvafiq olaraq 6,9, 6,3 və 6,4 dəfə yüksəlmişdir. Bu müddətdə bir milyondan artıq yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi 44,7 faizdən 5,6 faizə enmişdir. Əldə olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın "yuxarı orta gəlirli" ölkələr sırasında mövqeyi daha da möhkəmlənmişdir.

Prezident İlham Əliyev seçkilərin ilkin nəticələri ilə bağlı xalqa müraciətində demişdir: "İqtisadi güc bizə imkan verir ki, öz maraqlarımızı beynəlxalq arenada da lazımi səviyyədə müdafiə edək. Azərbaycan bu gün nəinki regional, dünya problemlərinin həllində də öz rolunu oynayır və getdikcə bizim rolumuz daha da artacaqdır. Azərbaycanda bütün istiqamətlər üzrə konkret proqramlar vardır... Bizim iqtisadiyyatımız son on il ərzində dünya miqyasında 40 ən rəqabətqabiliyyətli iqtisadiyyatların arasına daxil edilibdir. Bizim bütün təşəbbüslərimiz regional əməkdaşlığa hesablanıbdır".

Dünya İqtisadi Forumunun (Davos Forumu) ənənəvi "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatına görə, Azərbaycanın dünyanın 148 ölkəsi arasında 39-cu yerdə qərarlaşması, ötən ilə nisbətən mövqeyində 7 pillə irəliləməsi respublikamızda biznes mühitinin liberallaşdırılması tədbirlərinin səmərəli nəticələr verdiyini bir daha təsdiqləyir. Davos Forumunun rəqabətqabiliyyətliyi ölkənin və onun institutlarının ortamüddətli perspektivdə iqtisadi artım templərini təmin etmək qabiliyyəti kimi xarakterizə edir. Respublikamızın son 2 ildə bu göstərici üzrə 16 pillə irəliləməsi ilk növbədə ölkədə özəl sektorun inkişafına yönəlmiş təşkilati-institusional və qanunverici tədbirlərin nəticəsidir. Xatırladaq ki, forumun hələ 2006-2007-ci illər üzrə hesabatında Azərbaycan 74-cü yerdə qərarlaşmışdı.

Dünya ölkələrinin iqtisadi inkişaf parametrlərinin müəyyənləşdirilməsində qurumun hazırladığı hesabatlar da mühüm rol oynayır. Dövlətlərin rəqabətədavamlığı 12 əsas meyar üzrə müəyyənləşdirilir. Burada texniki tərəqqi, makroiqtisadi sabitlik, səmərəli idarəetmə, qanunun aliliyi, şəffaf və təkmil işləyən qurumlar, korrupsiyanın azlığı, bazarayönümlülük, şirkətlərin təkmilləşdirilməsi, tələbat, bazarın həcmi və bir çox başqa istiqamətlər əsas götürülür. Bu göstəricilərin hər biri güclü nəzəri əsaslara malikdir və biri digərini istisna etmir.

Ümumdünya İqtisadi Forumunun (ÜİF) bu günlərdə açıqladığı "İnsan Kapitalı İndeksi" (Human Capital Index) üzrə ilk reytinq cədvəlində respublikamız əksər region ölkələrini qabaqlayaraq 64-cü yerdə qərarlaşmışdır. 122 ölkənin yer aldığı reytinq cədvəlində təhsil, səhiyyə, əlverişli sosial mühitin mövcudluğu, işçi qüvvəsi və məşğulluq kimi parametrlər nəzərə alınmaqla ölkələrin uzunmüddətli iqtisadi potensialının maksimal inkişaf imkanları qiymətləndirilib. Azərbaycan təhsil səviyyəsinə görə 71-ci, əlverişli sosial mühitin mövcudluğu, işçi qüvvəsi və məşğulluğa görə 55-ci yeri tutmuşdur.

Müasir dövrdə hər bir cəmiyyətin inkişafı bilavasitə insanın fəaliyyəti, onun əməyinin məhsuldarlıgı ilə əlaqəli oldugundan insana qoyulan investisiya - insan kapitalı xüsusi əhəmiyyətə malikdir. İnsan kapitalı təhsil, elm, səhiyyə, mədəniyyət, incəsənət, informasiya xidmətinə əsaslanmaqla formalaşır. İnsan kapitalı kompleks sahələri əhatə etməklə istər iqtisadi, istər sosial, istərsə də siyasi-hüquqi sahəyə geniş təsir imkanlarına malikdir. Sadalanan amillər insanın cəmiyyətdəki mövqeyini müəyyənləşdirməklə onun həyat səviyyəsini xarakterizə edir. Bu baxımdan son zamanlar beynəlxalq qurumlar bir çox ölkədə insan kapitalını həmin parametrlərə görə ölçərək milli sərvətin tərkibində istehsal və təbii resurslarla yanaşı, insan kapitalını da hesablayır.

Azərbaycan son illər bu göstərici üzrə digər beynəlxalq təşkilatların hesabatlarında da irəliləmişdir: BMT-nin 1990-cı ildən etibarən hər il açıqladığı analoji hesabata əsasən, respublikamız yüksək insan inkişafı ölkələri qrupunda yer alıb. Bu indeksin hazırlanması zamanı əhalinin uzun və sağlam ömürlülüyü, təhsil səviyyəsi, habelə insanların alıcılıq qabiliyyəti əsas götürülür. Onu da bildirək ki, BMT-nin "İnsan İnkişafı İndeksi" hesabatında ölkələr 4 kateqoriyaya bölünmüşdür: 1-dən 47-dək yerləri tutan ölkələr insan inkişafının çox yüksək, 48-dən 94-dək yüksək, 95-dən 141-dək orta, 142-dən 187-dək olan ölkələr isə aşağı səviyyədə olduğu ölkələr hesab edilir. Xatırladaq ki, ölkəmiz 2012-ci ilin nəticələrinə görə BMT-nin "İnsan İnkişafı İndeksi"ndə 82-ci yeri tutmaqla inkişafın yüksək olduğu ölkələr sırasında mövqeyini möhkəmləndirmişdir.

 

 

9 ayın nəticələri uğurludur

 

 

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin oktyabrın 6-da keçirilmiş iclasında bəyan etdiyi kimi, bütün bunlar ölkədə həyata keçirilən siyasətin əsasında insan amilinin dayandığını bir daha təsdiqləyir. Son 10 ildə ölkədə həyata keçirilən neft strategiyasının, sosial-iqtisadi islahatların uğurları davamlı və tarazlı inkişaf baxımından zəruri olan zəngin intellektual resursların formalaşmasına, vətəndaşların təhsil, səhiyyə, sosial təminat kimi konstitusion hüquqlarının təminatına, habelə insan kapitalının formalaşmasına əsaslı təkan vermişdir. Azərbaycan istər səhiyyə və təhsil problemlərinin həlli, istərsə yoxsulluğun aradan qaldırılması, məşğulluğun, sosial infrastrukturun müasirləşdirilməsi sahələrində uğurlu nəticələrə imza atmışdır.

Azərbaycan Prezidentinin fəaliyyətinin təqdirəlayiq məqamlarından biri də məhz imzaladığı hər bir fərman və sərəncamın icrasını şəxsi nəzarətdə saxlaması, bütün məsələlərə xüsusi tələbkarlıqla yanaşmasıdır. Cənab İlham Əliyevin sosial məsuliyyət prinsipinə ciddiliklə riayət edərək fəaliyyəti ilə bağlı vaxtaşırı xalq qarşısında hesabat verməsi onun müstəqil dövlətçilik tariximizdə əsasını qoyduğu xoş ənənələrdən birinə çevrilmişdir. Ölkə başçısı komandanın hər hansı üzvünün tutduğu vəzifəyə nə dərəcədə layiqliyini onun xalqa göstərdiyi xidmətlə müəyyənləşdirir. Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilən iclaslarında hər rüb üçün görülmüş işlər, qarşıda duran vəzifələr barədə ictimaiyyətə hərtərəfli, dolğun məlumat verilir.

Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası respublikamızın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyir. 2013-cü ilin ötən dövrü ərzində iqtisadi artımın 5,4 faiz təşkil etdiyini bildirən Prezident İlham Əliyev dünyada hələ də davam edən böhran şəraitində bu makroiqtisadi göstəricinin kifayət qədər yüksək olduğunu diqqətə çatdırmışdır: "Ən sevindirici məsələ ondan ibarətdir ki, qeyri-neft sektorumuz artır, yüksək templərlə artır və ilin əvvəlindən bugünə qədər bu yüksək templər qorunur. Qeyri-neft sektorumuz doqquz ayda 10,4 faiz artmışdır və hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricidir. Eyni zamanda, Azərbaycanda aparılan islahatlar bax bu nəticəyə gətirib çıxarmışdır. Çünki iqtisadiyyatımızın neft-qaz amilindən asılılığı ildən-ilə daha da azalır və beləliklə, iqtisadiyyatımızın şaxələndirilməsi məsələləri də öz həllini tapır".

Bu dövrdə inflyasiya cəmi 2,3 faiz təşkil etmiş, əhalinin pul gəlirləri isə 7,6 faiz artmışdır. Ölkəmizdə makroiqtisadi vəziyyət sabitdir və bu parametrə görə Azərbaycan dünya miqyasında birinci onluqdadır.

Cənab İlham Əliyevin yürütdüyü siyasətin dəstəklənməsi həm də onun nəzəriyyəçidən daha çox praktik olması ilə şərtlənir. O, inkişafa xidmət edən mütərəqqi fikir və ideyalarını ictimai rəyə hesablanmış hansısa populist bəyanatlar üzərində deyil, reallıqda təsdiqini tapmış müddəalar üzərində qurur. Auditoriyanın xarakterindən asılı olmayaraq, Azərbaycan Prezidenti insanlarla bütün ünsiyyət anlarında müstəqil dövlətimizin qarşısında dayanan yeni planlar, perspektivlər haqqında fikir və düşüncələrini aydın şəkildə çatdırır. Müstəqil Azərbaycanın son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlaması da məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu dövrün reallıqları həm də onu təsdiqləmişdir ki, bu gün Azərbaycan cəmiyyətinin siyasi illüziyalara deyil, real nəticələrə ehtiyacı var, həmçinin ictimai rəy siyasi vədlərə deyil, faktlara qiymət verir.

İqtisadiyyatın şaxələndirilməsini və qeyri-neft sektorunun inkişafını qarşıya məqsəd qoyan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və turizm sahələrini iqtisadiyyatın yeni prioritet sahələri elan etmişdir. Ölkə başçısı seçkilərin ilkin nəticələri ilə bağlı xalqa müraciətində gələcəyin hədəflərindən də söz açmışdır: "Biz gələcəyə çox böyük ümidlərlə, böyük nikbinliklə baxırıq. On ilin təcrübəsi bu inamı daha da artırır. Çünki son 10 il ərzində biz istənilən sahədə çox böyük uğurlara imza atdıq. Bu gün Azərbaycan güclü, inkişafda olan, müstəqil siyasət aparan dövlət kimi gələcəyə də çox böyük nikbinliklə baxır. Belə gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər əsaslar vardır. Növbəti illərlə bağlı bizim siyasətimiz açıqdır, aydındır. Mən dəfələrlə müxtəlif tədbirlərdə Azərbaycanın gələcəyi ilə bağlı öz fikirlərimi xalqla bölüşmüşəm. Görülən işlər haqqında xalqa daim hesabat verirəm. Bu gün də bildirmək istəyirəm ki, Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcəkdir. Azərbaycan beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcəkdir və bütün beynəlxalq təşəbbüslər Azərbaycan xalqının maraqlarını müdafiə edəcəkdir".

 

 

Xalq populist və radikal qüvvələrə "yox" dedi!

 

 

Seçki prosesi hər bir siyasi qüvvənin fəaliyyətinə verilən ictimai qiymət olaraq ciddi elmi-politoloji əsaslara söykənir. Hər bir fərdin maraq və mənafelərini özündə ehtiva edən rasional siyasət yeritməyən, yaxud platformasının səmərəlilik əmsalını inandırıcı sosial-iqtisadi, siyasi dəlillər əsasında sübuta yetirə bilməyən qüvvənin ictimai etimad qazanmasının qeyri-mümkünlüyünü isə xüsusi əsaslandırmağa ehtiyac yoxdur. 9 oktyabr prezident seçkilərinin yekunları birmənalı deməyə əsas verir ki, Azərbaycan cəmiyyətinin siyasi nöqteyi-nəzərdən kfayət qədər yetkinləşməsi vətəndaşların düşüncə tərzində də kardinal dəyişikliklərə səbəb olmuş, seçki mübarizəsində populizm elementlərinə, irreal vədlərə hansısa yer saxlamamışdır.

Bununla belə, prosesin gedişi göstərdi ki, seçki kimi mühüm siyasi prosesə hələ də "eksperiment" kimi yanaşan, imkanları ilə iddiaları tərs mütənasiblik təşkil edən, real situasiyanı dəyərləndirə bilməyən, ciddilikdən uzaq olan insanlar var. Təşviqat mərhələsində xalqın dəstəyindən tamamilə məhrum olmuş ifrat radikal müxalifətin ənənəvi dağıdıcı və inkarçı xislətdən azad olmadığı bir daha reallıq kimi üzə çıxdı. Gözləmək olardı ki, uzun illər davam edən "məğlubiyyətlər seriyası"ndan sonra həmin qüvvələr fəaliyyətlərində kardinal dəyişikliklər edəcək, yeniləşəcək, sivil mübarizə və təbliğat üsullarına üstünlük verəcəklər. Lakin həmin qüvvələrin son 20 ildə ideoloji-siyasi cəhətdən yetişməməsi, milli maraqlar qarşısında məsuliyyət hissi daşımaması, xalqdan və onun problemlərindən uzaq düşməsi, ucuz populizmə, şablon və primitiv təbliğat metodlarına üstünlük verməsi kimi mənfi məziyyətlər bir daha özünü qabarıq göstərdi. Prezident seçkiləri ərəfəsində cərəyan edən proseslər bu qüvvələrin meydan eyforiyasından, ictimai rəydə ikrah hissi doğuran ənənəvi təbliğat metodlarından hələ də əl çəkə bilmədiklərini göstərdi. Unutdular ki, "ənənəvi müxalifətçilik" - populizm, radikallıq, dağıdıcılıq, qaragüruhçuluq, qisasçılıq kimi naqis cəhətlərlə ictimaiyyətin diqqətini cəlb etməyə çalışmaq mərhələsi Azərbaycan siyasəti üçün aktuallığını tamamilə itirmişdir.

Seçicilər qarşısında qeyri-real vədlərin səsləndirilməsi ilk növbədə qeyri-ciddilik və məsuliyyətsizlik nümunəsi kimi dəyərləndirilir. Təəssüf ki, biz budəfəki prezident seçkiləri ərəfəsində belə çıxışların da şahidi olduq. Bütün bunlara baxmayaraq, son seçkilərin nəticələri göstərdi ki, Azərbaycan xalqı ağı qaradan, yaxşını pisdən ayırmağı, düzgün seçim etməyi bacarır.

Xalqımız ölkədəki siyasi qüvvələr arasında azad və tərəddüdsüz, həm də doğru seçim edəcək qədər yetkin və müdrik olduğunu bir daha sübuta yetirmişdir. Bu müdrik seçim həm də obyektiv reallığa, ölkənin son 20 ildə keçdiyi tarixi inkişaf yolunun məntiqi yekununa, konkret desək, Azərbaycan vətəndaşının bugünkü yaşam tərzinə əsaslanır. Son seçkilərin nəticələrinə nəzərən bir daha təsdiqlənmişdir ki, Azərbaycan cəmiyyəti ulu öndərin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn mükəmməl siyasi konsepsiya kimi qəbul edir. İnanırıq ki, xalqın düzgün və obyektiv reallığa əsaslanan bu seçimi müstəqil respublikamızın yüksəlişini və firavanlığını təmin edəcəkdir.

 

 

Əlican BABAYEV,

Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə-1"

 kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor,

Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı Ali Məclisinin sədri

Azərbaycan.-2013.-  11 oktyabr.- S. 9.