Novruz MƏMMƏDOV: «Demokratiyanı
mühüm dəyər hesab
edənlərin özləri demokratik
prinsiplərə əməl edərək nümunə
göstərməlidirlər»
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və ABŞ-ın Azərbaycanda keçirilmiş prezident seçkilərinə münasibətilə bağlı AzərTAc-a açıqlaması:
- Novruz müəllim, Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı DTİHB və ABŞ-ın təxminən eyni xarakterli mövqeyi haqqında nə deyə bilərsiniz?
- ABŞ Dövlət Departamentinin 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair mövqeyi ədalətli deyil və reallığı əks etdirmir.
Bu mövqe onu göstərir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ABŞ ilə birlikdə demokratiya və insan hüquqları məsələlərini öz monopoliyası hesab edərək ondan özünün istədiyi formada istifadə edir.
Lakin artıq aydındır ki, demokratiya və insan haqları məsələlərinin bu formada təzyiq alətinə çevrilməsi uğurlu nəticə vermir. Beynəlxalq aləmdə buna dair onlarca nümunə göstərmək olar.
Azərbaycanda keçirilmiş prezident seçkiləri digər ölkələrdəki seçkilərin heç birindən geri qalmır, hətta bir çox parametrlərinə görə irəlidədir. Bir sıra digər ölkələrdə ciddi qanun pozuntularının müşahidə olunduğu seçkilərə elə ABŞ və ATƏT DTİHB-nin verdiyi subyektiv qiymətləndirmə fonunda, onların bu qərəzli mövqeyi təəccüb və heyrət doğurur.
Demokratiyanı mühüm dəyər hesab edənlərin özləri demokratik prinsiplərə əməl edərək nümunə göstərməlidirlər. Maraqlıdır ki, 98 ölkə və 48 beynəlxalq təşkilatdan seçkiləri müşahidə edən 1500-ə yaxın müşahidəçi, o cümlədən AŞ PA, Avropa Parlamenti, QDİƏT PA, Türk PA-nın müşahidə missiyaları və xarici ölkələrin müstəqil müşahidəçilərinin əksəriyyəti seçkilər haqda müsbət rəy bildiriblər. Lakin nədənsə bu rəylər Dövlət Departamentinin məsələyə münasibətində əks olunmayıb.
ABŞ-da sadə insanların seçdiyi konqresmen, senator və digər seçkili orqanların təmsilçilərinin bu seçkiləri ədalətli və şəffaf qiymətləndirməsi ilə Dövlət Departamentinin birmənalı şəkildə ifadə etdiyi tənqidi fikir heç bir şəkildə üst-üstə düşmür.
Seçkilərdə Azərbaycan xalqı öz iradəsini nümayiş etdirmişdir. Bu seçim seçkiöncəsi və sonrasında müxtəlif beynəlxalq müşahidə missiyaları, ekspertlər, ABŞ və Avropa qurumlarının keçirdiyi "exit-poll" tərəfindən də tam şəkildə təsdiq olunmuşdur. DTİHB və ABŞ-ın mövqeyi isə əslində, seçkilərdə iştirak etmiş insanların iradəsinə və hüquqlarına hörmətsizlikdir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazenin seçki ilə bağlı müşahidələrinin DTİHB-nin hesabatında nəzərə alınmaması qərəzli mövqedən xəbər verir. Bu, demokratik prinsiplərin tamamilə pozulması demək deyilmi?
Digər tərəfdən, DTİHB-nin müşahidə missiyasının tərkibindəki müşahidəçilərin əksəriyyətinin bu sahədə təcrübəsinin olmadığı müəyyən edilmişdir. DTİHB-dən fərqli olaraq, AŞ PA, ATƏT PA, MDB PA, QDİƏT PA kimi təşkilatların müşahidə missiyaları seçki prosesinin müşahidəsi üzrə ixtisaslaşmış ekspertlərdən təşkil olunmuşdur. Buradan belə bir qənaətə gəlmək olar ki, bu, məqsədyönlü şəkildə belə edilmişdir. Seçki prosesindən xəbərsiz və bununla bağlı mövqe bildirmək iqtidarında olmayan insanların müşahidə missiyasına daxil edilməsi əvvəlcədən qərarlaşdırılmış rəyin yekunda qəbul edilməsini təmin etmək üçün atılmış addımdır.
Tez-tez müxtəlif ölkələrin onların qarşısında öhdəliklərindən danışan ATƏT və ABŞ-ın da Azərbaycan qarşısında öhdəliklərinin olduğunu unutmaq lazım deyildir. Lakin onlar bu öhdəlikləri yerinə yetirmək üçün indiyədək heç bir addım atmayıblar və bu barədə heç düşünmürlər.
Təəssüflər
olsun ki, belə münasibət ATƏT-in bundan sonra
keçiriləcək seçki prosesinə dəvət edilməsinin
məqsədəuyğunluğunu sual altında qoyur.
Azərbaycan.-2013.- 12 oktyabr.- S. 3.