Fuad ƏLƏSGƏROV: DTİHB sanki hansısa
başqa ölkədə seçkiləri
müşahidə etmişdir
Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının Hüquq-mühafizə orqanları ilə
iş şöbəsinin müdiri
Fuad Ələsgərovun AzərTAc-a
müsahibəsi
- Oktyabrın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları (DTİHB) Bürosunun müşahidə missiyası Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı kifayət qədər tənqidi ilkin hesabat açıqlamışdır. Həmin sənədə münasibətinizi bilmək istərdik?
- Hesabatda göstərilənlər tənqid deyil, siyasi sifariş xarakterli yalanlardır. Hesabat bugünkü Azərbaycanın reallıqlarını danan, hətta adi məntiqə zidd olan bir sənəddir.
Keçirilmiş seçkilərin həqiqətləri nədən ibarətdir? Seçki prosesini 1300-ə yaxın beynəlxalq müşahidəçi, o cümlədən Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatların müşahidəçiləri, 50 mindən artıq yerli müşahidəçi izləmiş, xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri işıqlandırmışdır. Onların təqdim etdiyi hesabatlara və bəyanatlara görə, seçkilər yüksək səviyyədə təşkil edilmiş, seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı ciddi hüquq pozuntusu aşkar edilməmiş, seçkilər xalqın iradəsini dəqiq əks etdirmiş və beynəlxalq standartlara cavab vermişdir.
Bir neçə beynəlxalq və yerli təşkilat müstəqil sorğular - "exit-poll" keçirmişdir. Ayrı-ayrı təşkilatlar tərəfindən bir-birindən müstəqil şəkildə aparılmış "exit-poll"un nəticələri həm bir-birinə münasibətdə, həm də Mərkəzi Seçki Komissiyasının açıqladığı son nəticələrlə demək olar ki, eyni olmuşdur. Bu nəticələr birmənalı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük fərqlə seçkilərdə şəksiz qalib gəldiyini göstərmişdir.
Xalqımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dəstəkləməklə sabitliyə, əmin-amanlığa və davamlı sosial inkişafa səs vermişdir. Cənab Prezident seçkilərin ilkin nəticələri açıqlandıqdan sonra xalqa müraciətində qeyd etdi ki, Azərbaycan demokratik dövlət kimi bundan sonra da uğurla inkişaf edəcəkdir.
Diqqət edin. Hətta Azərbaycana kifayət qədər tənqidi mövqeyi ilə seçilən Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri və son bir neçə il ərzində Azərbaycan ilə bağlı bir-birindən sərt qətnamələr qəbul etmiş Avropa Parlamentinin nümayəndələri Azərbaycan xalqını prezident seçkilərinin dinc, azad, ədalətli və şəffaf keçirilməsi münasibətilə təbrik etmişlər. Azərbaycan xalqını ATƏT-in hazırkı sədri Leonid Kojara da təbrik etmiş və Azərbaycanda seçkilərin gedişində nümayiş etdirilmiş demokratiyanın inkişafındakı tərəqqini alqışlamışdır. Avropa İttifaqının Genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Ketrin Eşton Azərbaycanın demokratik prosesə sadiqliyini qeyd etmişlər.
Bütün bunların fonunda DTİHB-nin hazırladığı hesabatda Azərbaycandakı seçkilərlə bağlı heç bir müsbət məqam yoxdur, yalnız mənfi fikirlərdir. Elə təəssürat yaranır ki, sanki bu qurum hansısa başqa ölkədə seçkiləri müşahidə etmişdir.
Belə kəskin fərqin izahı isə çox sadədir. Bizdə olan səhih məlumata görə, hesabatın layihəsi seçkidən əvvəl DTİHB-nin Varşava ofisində yazılaraq hazır göndərilmişdir. Azərbaycanda olan missiya isə sadəcə, gur fəaliyyət görüntüsü yaratmışdır. Bu, DTİHB-nin çoxdan məlum olan iş prinsipidir. Biz təşkilatın Azərbaycan ilə bağlı əvvəlki hesabatlarında da eyni dəst-xətti görmüşük. Maraqlıdır ki, müşahidə missiyası rəhbərliyinə əsasən bizim ölkədə baş verən proseslərdən tamamilə xəbərsiz olan, ya da Azərbaycana və xalqımıza açıq şəkildə qərəzli mövqeyi ilə seçilən insanlar təyin edilir. Hazırkı uzunmüddətli müşahidə missiyasının rəhbəri Tana de Zulueta da məhz belə şəxslərdəndir. Bu dəfə sifarişli hesabatı bəyan etmək üzrə həmin xanımın üzərinə qoyulmuş "missiya" onun ölkəmizə bəslədiyi mənfi münasibətlə üst-üstə düşmüşdür.
Təəssüf ki, DTİHB tərəfindən monitorinqə cəlb olunmuş bir çox müşahidəçilər onların iradəsindən asılı olmayaraq, Azərbaycana qarşı yönəlmiş siyasi oyunun alətinə çevrilmişlər. Müşahidəçilərin əksəriyyəti hesabatın müddəaları ilə üst-üstə düşməyən fikirlər səsləndirmiş, onların üzünü belə görmədikləri, ən azından qərəzli hesab etdikləri sənədə həmmüəllif edilməsi cəhdlərinə açıq şəkildə etiraz etmişlər.
İş o yerə çatmışdır ki, oktyabrın 10-dakı mətbuat konfransında çıxış edən ATƏT-in xüsusi əlaqələndiricisi Mişel Vuazan sonradan ayrıca bəyanatla çıxış etmək məcburiyyətində qalmışdır. O, qısamüddətli müşahidəçilərin qeyd etdiyi müsbət məqamların hesabatda əks olunmadığını bildirmişdir. Onun fikrincə, seçkilər heç bir mübahisə doğurmayan şəksiz qalibi müəyyən etmiş və seçki kampaniyası ölkədə demokratiya sahəsində əldə edilmiş tərəqqini göstərmişdir. Bu tərəqqi namizədlərin sayında, televiziya debatları vasitəsilə bərabər təşviqat aparmaq imkanlarında, seçicilərin yüksək fəallığında və MSK-nın seçkiləri yaxşı təşkil etməsində əks olunmuşdur. ATƏT əlaqələndiricisinin bəyanatında daha sonra deyilir ki, seçkilər azad, şəffaf və ədalətli keçirilmiş və o, Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin rəyini tamamilə bölüşür.
Həmin mətbuat konfransında DTİHB müşahidə missiyasının rəhbəri hesabatın qeyri-obyektivliyi və Avropa Parlamenti, AŞ PA missiyasının hesabatından kəskin fərqi ilə bağlı haqlı iradlara cavab olaraq dedi ki, digər təşkilatlar uzunmüddətli müşahidəçiləri dəvət etmir, ona görə də bütün seçki prosesini əhatə edə bilmirlər.
Lakin DTİHB-nin hesabatı digər hesabatlarda səsvermə günü ilə bağlı göstərilən müddəalarla da ziddiyyət təşkil edir. Halbuki bu mərhələni müşahidə missiyaları göndərən bütün beynəlxalq təşkilatların nümayəndələri izləmişlər. Bundan əlavə, Azərbaycan Avropa Şurasının üzvü kimi 2000-ci ildən bu təşkilatın monitorinqi altındadır. Həmin təşkilatın ölkəmizdəki cari vəziyyət barədə çox müfəssəl məlumatı vardır. Ona görə də DTİHB missiyasının bu cür absurd bəyanatı onların hesabatının siyasi sifariş xarakterini gizlədə bilməz.
- Qəribədir ki, ATƏT/DTİHB-nin hesabatı "Milli Şura"nın və onun prezident seçkilərindəki namizədinin bəyanatları ilə səsləşir.
- Bu, ona görə baş verir ki, hər iki halda oxşar metodlar tətbiq olunur. Öz namizədinin perspektivsizliyini, xalq tərəfindən dəstəyinin olmadığını anlayan və onun faciəvi məğlubiyyətini proqnozlaşdıran "Milli Şura" deyilən qurum elə əvvəldən seçkilərin gedişində saxtakarlığın olması barədə yalançı təbliğat kampaniyasını aparmaq taktikasını seçmişdir.
Atalar sözündə deyildiyi kimi, hamıdan çox oğru "oğrunu tut" qışqırır. Hələ seçki kampaniyasının gedişində "Milli Şura"nın namizədinin dəfələrlə saxtakarlıqları aşkar olunmuşdur. Səsvermə zamanı seçkiləri gözdən salmaq üçün onun tərəfdarlarının hazırladığı çoxsaylı saxtakarlıqlar ifşa edilmişdir. Hətta onlar elə tələsmişlər ki, "səsvermə günü olan pozuntular" barədə videoroliklər internetə oktyabrın 8-də yerləşdirilmişdir.
Saxtalaşdırma xalqla tamamilə əlaqəni itirmiş, normal seçkilər vasitəsilə xalqın dəstəyini ala bilməyən və şübhəsiz ki, seçkidə faciəvi məğlubiyyətindən sonra tarixə gedəcək radikal müxalifətin metodudur.
Eyni saxtalaşdırma metodu DTİHB missiyası tərəfindən tapşırılmış siyasi sifarişi yerinə yetirmək üçün istifadə olunur. Bu zaman "Milli Şura"nın bir ovuc üzvü və DTİHB-nin hesabat müəlliflərindən başqa heç kim seçkidə ciddi pozuntu aşkar etməmişdir.
- Bir neçə gündən sonra ATƏT/DTİHB adətən bu təşkilatın tövsiyələrini nəzərdə tutan yekun hesabatını çap edəcəkdir. Həmin tövsiyələr necə nəzərə alınacaqdır?
- Özünün ilkin hesabatı ilə DTİHB bir daha göstərdi ki, həmin təşkilatın mandatının tələb etdiyi kimi, Azərbaycanda seçki prosesini obyektiv əks etdirmək onun maraq dairəsinə daxil deyildir. Missiyanın hesabatı yenə də ölkəmizə qarşı siyasi təzyiq vasitəsi kimi çıxış edir. Sadəcə bu dəfə sənədin absurdluğu o dərəcədə aşkardır ki, ona ciddi yanaşmaq mümkün deyildir. Deməli, belə hesabat əsasında hazırlanmış tövsiyələri də ciddi qəbul etmək olmaz.
Azərbaycan
hər zaman beynəlxalq təşkilatlar, o cümlədən
ATƏT/DTİHB qarşısında götürdüyü
öhdəliklərə sadiq olmuşdur. Lakin
əgər tərəflərdən biri bu öhdəliklərdən digər tərəfə
qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edirsə, onda,
zənnimcə, fikirləşməliyik, DTİHB ilə əməkdaşlığı
davam etdirmək bizə
lazımdırmı?!
Azərbaycan.-2013.- 12 oktyabr.- S. 3.