SEÇİMİN MÜBARƏK, AZƏRBAYCAN!

 

Bu seçkilərdə mənə verilən səslər, hesab edirəm ki, müstəqilliyə, azadlığa,  xoşbəxt gələcəyə verilən səslərdir.

 

 İlham ƏLİYEV

 

 

Seçkilər başa çatdı - demokratik norma və prinsiplər əsasında, aşkarlıq, şəffaflıq, dinclik və xalqın böyük fəallığı şəraitində!

Seçkilər başa çatdı - Azərbaycan xalqı növbəti beş ildə dövləti məharətlə idarə edəcək, müstəqilliyi qoruyub saxlayaraq möhkəmləndirəcək, Azərbaycanın nüfuzunu beynəlxalq aləmdə daha da artıracaq, iqtisadiyyatı və xalqın rifahını sürətlə yüksəldəcək, bir sözlə, ölkə vətəndaşlarının arzu və istəklərini gerçəkləşdirəcək ən layiqli namizədə səs verdi!

Seçkilər başa çatdı - cənab İlham Əliyev böyük üstünlüklə qalib gələrək xalqın sevdiyi və əvəzedilməz lideri olduğunu üçüncü dəfə dünyaya nümayiş etdirdi!

Seçkilər başa çatdı - beləliklə, ölkədə uzun müddət siyasi həyatın gündəmini zəbt edən ən məsuliyyətli prosesin son akkordları vuruldu!

Artıq hamının fikir və düşüncəsinə hakim kəsilən, hətta dünyanın, beynəlxalq qurum və təşkilatların diqqətini çəkən mühüm siyasi kampaniyaya ilkin yekunlar da vurulmuşdur.

Azərbaycan müstəqillik dövründə yeddinci dəfə prezident seçkiləri keçirdi. Bu dövrdə ən çox etimad göstərilən şəxsiyyət isə cənab İlham Əliyevdir!

 

Xalq öz sevimli və sınanmış oğluna üçüncü dəfə dövlət sükanını etibar etdi!

 

Əslində, bu, təkcə İlham Əliyevin qələbəsi yox, bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının qələbəsidir!

Bəli, xalqın və millətin möhtəşəm qələbəsi!

 

Bu məhəbbət və etimadın səbəbi nədir?

Cənab İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi on il ərzində Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olduğunu əməli işi ilə sübuta yetirib. Azərbaycanın müstəqilliyini əbədiliyə və dönməzliyə çevirən, ölkəni qələbədən-qələbəyə aparan bu siyasi kursun isə alternativi yoxdur!

 

Xalq bu seçimində növbəti dəfə də müdrikliyini, tarixin ibrət dərslərindən düzgün nəticə çıxardığını ortaya qoymuş oldu.

Azərbaycan xalqı ilk dəfə 1993-cü ilin iyun hadisələrində öz iradəsini nümayiş etdirərək ulu öndər Heydər Əliyevi ölkə rəhbərliyinə qaytardı. Beləliklə, Azərbaycanın müstəqilliyi, bir dövlət kimi mövcudluğu qorunub saxlandı, keçmişdə olduğu kimi, kiçik xanlıqlara bölünməsinin qarşısı alındı.

2003-cü ildə ümummilli lider Heydər Əliyev bizi cismən tərk edərkən xalq onun "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək" - vəsiyyətinə sadiqlik göstərərək dəstək verdi. Beləliklə, Azərbaycanın müstəqilliyi qorunub saxlanılmaqla dövlət düşünülmüş, davamlı və sürətli inkişaf dövrünə qədəm qoydu.

Cənab İlham Əliyevin birinci prezidentliyi dövründə xalq seçimində yanılmadığına əmin oldu!

2008-ci ilin oktyabrında heç kəsdə zərrə qədər də olsa belə tərəddüd hissi yox idi! Xalqın məhəbbət və dəstəyi sayəsində cənab İlham Əliyev böyük fərqlə rəqiblərinə üstünlüyünü nümayiş etdirdi.

Möhtərəm İlham Əliyevin Prezidentliyinin ikinci beşilliyində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri tam gücü ilə işləməyə başladı, Bakı-Tbilisi- Ərzurum qaz kəməri işə salındı, Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilməsinə start verildi. Azərbaycan ümumi daxili məhsul istehsalının artım tempinə görə dünya liderliyinə yüksəldi. Cənubi Qafqazın lider dövlətinə, beynəlxalq qurum və təşkilatlarda söz sahibinə, Avropanın enerji resursları ilə etibarlı təminatının fəal iştirakçısına çevrildi. Məcburi köçkünlərin məskunlaşdıqları çadır düşərgələri ləğv edildi, Bakıda başlanan tikinti, quruculuq və abadlıq işləri bölgələrə də nüfuz etdi. Ölkənin enerji, nəqliyyat və qismən də olsa ərzaq təhlükəsizliyi təmin oldundu, yüz minlərlə yeni yeri yaradıldı, xalqın rifahı xeyli yüksəldi, dövlətin iqtisadi gücü artdı.

2013-cü ilin Prezident seçkilərində də qeyri-adi heçbaş vermədi! Azərbaycanın müstəqillik tarixinin ən mükəmməl, ən demokratik, ən şəffaf, vətəndaşların ən çox fəallıq nümayiş etdirdikləri Prezident seçkiləri keçirildi!

Xalq bir daha Heydər Əliyev ideyalarına sadiq qaldığını, İlham Əliyevin Azərbaycan xalqının və dövlətinin inkişafı, müstəqilliyimizin möhkəmlənməsi naminə gördüyü geniş və çoxcəhətli fəaliyyətini ürəkdən bəyəndiyini sübuta yetirdi. Bu fəaliyyət nəticəsində son on ildə cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə baş vermiş yeniliklərə qısaca nəzər salaq.

 

Əvvəlcə bəzi rəqəmlərə diqqət yetirək:

 

- Ölkə iqtisadiyyatı 3 dəfə yüksəlmişdir;

- Adambaşına düşən ÜDM istehsalının həcmi 2,7 dəfə, qeyri-neft sektorunda isə ÜDM istehsalı 2,4 dəfə artmışdır;

 

- Tikinti sektorunda artım tempi 3,8 dəfə, ticarətdə artım tempi 2,9 dəfə olmuşdur;

 

- Turistlərin yerləşdirilməsi və ictimai iaşədə artım 8,5 dəfə təşkil etmişdir;

- Əsas kapitala yönəldilmiş investisiyaların həcmi 4 dəfə artmışdır;

 

- Əsas kapitala qoyulan daxili investisiyaların həcmi 12,9, xarici investisiyaların həcmi 1,1 dəfə yüksəlmişdir;

- Dövlət büdcəsinin gəlirləri 14,2, xərcləri 13,9 dəfə çoxalmışdır;

 

- İqtisadiyyatda işləyənlərin orta aylıq nominal əməkhaqqı 5,1, əhalinin gəlirlərinin nominal artım tempi 6,1 dəfə yüksəlmişdir;

 

- Yoxsulluğun səviyyəsi 7,5, işsizliyin səviyyəsi 1,9 dəfə azalmışdır;

 

- Strateji valyuta ehtiyatları 29,1 dəfə çoxalmışdır.

Oxucular yəqin ki, nəzərdən qaçırmadılar - bütün bu "artmalar" və "azalmalar" "faizlərlə" deyil, "dəfələrlə" baş vermişdir!

 

Cənab İlham Əliyevin fəaliyyəti əsasında formalaşmış İnkişafın Azərbaycan Modelinin ən bariz xüsusiyyəti irəliləyişlərin "dəfələrlə" ölçü vahidi əsasında baş verə bilməsini təmin etməsidir!

Bütövlükdə Azərbaycan xalqı öz arzularının gerçəkləşməsinə, onun daha güclüsabit, firavaninkişaf edən, dünyada tanınan və sayılan dövlətdə yaşamasını təmin edən liderinə səs vermişdir.

Azərbaycan xalqı ölkəni BMT Təhlükəsizlik Şurasının üzvünə çevirən, bu mötəbər qurumun iclaslarına sədrlik edən dövlətə çevirən Prezidentinə növbəti dəfə səs vermişdir!

Azərbaycan xalqı Azərbaycan mədəniyyətini inkişaf etdirən, mədəni və mənəvi irsini qoruyan, Avropa musiqi yarışmalarında qələbəni təmin edən və belə yarışmaları öz ölkəsində uğurla keçirən insana səs vermişdir!

 

Azərbaycan xalqı Azərbaycanda Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinin cəmləşməsinə nail olan, Bakı-Tbilisi-Qars dəmiryolu və TANAP transmilli layihələrini öz hesabına maliyyələşdirməyi bacaran dövlət başçısına bir daha səs vermişdir!

Azərbaycan xalqı öz vətəndaşına daim qayğı və diqqət göstərən, neft kapitalını insan kapitalına çevirən, Azərbaycanı idman dövləti edən Prezidentinə yenidən səs vermişdir!

Azərbaycan xalqı hər bir vətəndaşına sahiblik edən - döyüş tapşırığını qəhrəmanlıqla yerinə yetirərkən həlak olan Mübariz İbrahimovun cəsədini Vətənə gətirərək hörmət və izzətlə dəfn edən, ədalətsiz şəkildə xarici dövlətdə ömürlük həbs cəzasına məhkum olunan Ramil Səfərovu qeriyə qaytararaq əfv edən, 50 illik yubileyini məcburi köçkünlərlə keçirən mərd və qeyrətli oğluna səs vermişdir!

Azərbaycan xalqı məcburi köçkünlərə, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına, idmançılara, Kür daşqınlarında və Zaqataladakı zəlzələdə zərərçəkənlərə, jurnalistlərə dövlət hesabına ev tikdirərək hədiyyə edən böyük ürək sahibinə səs vermişdir!

Azərbaycan xalqı ölkədə fasiləsiz elektrik enerjisi olmasına, mənzillərdə mavi alovun şölələnməsinə, içməli su gəlməsinə, kanalizasiya şəbəkəsinin işləməsinə, yol infrastrukturunun qurulmasına, müasir, modern ordu yaradılmasına, sovet dövrü əmanətlərinin qaytarılmasına nail olan qurucu İlham Əliyevə səs vermişdir!

Xalq heç zaman səhv etmir! Prezident seçkilərinin ilkin nəticələri ilə bağlı xalqa müraciət edən cənab İlham Əliyev növbəti dəfə də etimadı doğruldacağına əmin etmişdir:

"Mən dəfələrlə müxtəlif tədbirlərdə Azərbaycanın gələcəyi ilə bağlı öz fikirlərimi xalqla bölüşmüşəm. Görülən işlər haqqında xalqa daim hesabat verirəm. Bu gün də bildirmək istəyirəm ki, Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcəkdir. Azərbaycan beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcəkdir və bütün beynəlxalq təşəbbüslər Azərbaycan xalqının maraqlarını müdafiə edəcəkdir".

Ötən on ildə göstərdiyi dəstəyə görə xalqa minnətdarlığını bildirən dövlət başçısı bu dəstəyin zəruriliyini xüsusi vurğulamışdır:

"Mən bütün addımlarımda xalqın dəstəyini hiss edirdim, bu dəstəyə güvənirdim. Əgər bu dəstək olmasaydı, biz heç bir işi görə bilməzdik. Məhz xalqla iqtidar arasındakı birlik, vəhdət Azərbaycanı fərqləndirən amillərdən biridir".

Rəhbərin gücü xalqına arxalanmasındadır!

Xalqın qüdrəti ona müdrik və uzaqgörən insanların rəhbərlik etməsindədir!

Xalq öz qələbəsindən qürur duyur, onu sevinciftixarla bayram edir!

Çünki taleyindən arxayındır!

Bilir ki, növbəti beş ildə də daim inkişaf edərək yüksələcək, müstəqilliyi etibarlı şəkildə qorunacaq, arzu və istəkləri həyata vəsiqə qazanacaqdır!

Elə Prezident İlham Əliyev də hamını buna əmin edir:

"Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm, daim Azərbaycanın dövlət maraqlarını müdafiə edəcəyəm".

"Biz birlikdə hələ böyük qələbələrə imza atacağıq".

Seçimin mübarək, AZƏRBAYCAN!

 

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2013.-  12 oktyabr.- S. 5.