ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara Azərbaycanda

keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanat vermişdir

 

ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanat vermişdir.

AzərTAc Ukrayna Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, bəyanatda Azərbaycandakı seçkilər demokratiyaya doğru əhəmiyyətli bir addım kimi qiymətləndirilmişdir. Bəyanatda deyilir: "Oktyabrın 9-da Azərbaycan xalqı öz prezidentini seçmək üçün seçki məntəqələrinə getdi. Mən Azərbaycanda keçirilən prezident seçkilərinin ATƏT, Avropa Şurası, Avropa İttifaqı, MDB və s. nüfuzlu beynəlxalq təşkilatların müşahidə missiyaları, həmçinin ATƏT-ə üzv dövlətlərin milli nümayəndələri tərəfindən izlənilməsini alqışlayıram. ATƏT-in qısamüddətli seçki müşahidə missiyasına ATƏT sədri tərəfindən təyin olunan xüsusi əlaqələndirici Mişel Vuazen rəhbərlik etmişdir".

 Leonid Kojara ATƏT-in, Avropa Şurasının, Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların seçkilərlə bağlı ilkin bəyanatları ilə tanış olduğunu da vurğulamışdır: "Beynəlxalq müşahidəçilərin bəyanatlarında belə qənaətə gəlinmişdir ki, ATƏT və Avropa Şurasının standartlarına uyğun olaraq, Azərbaycanda keçirilmiş prezident seçkilərində bir sıra aspektlərdə demokratik seçkilərin keçirilməsində və başqa sahələrdə tərəqqiyə nail olunmuşdur".

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycan xalqını və rəhbərliyini ölkənin demokratik inkişafında mühüm addım olan bu nailiyyət münasibətilə təbrik etmişdir. O, həmçinin Azərbaycanda demokratik institutların daha da möhkəmlənməsi yolunda səylərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirmişdir.

Leonid Kojara ATƏT ilə Azərbaycan arasında ATƏT-in prinsip və öhdəliklərinin reallaşdırılmasına istiqamətlənmiş qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümidvar olduğunu vurğulamışdır.

 

Azərbaycan.-2013.-  12 oktyabr.- S. 6.