«The Japan
Times»: Azərbaycan Prezidenti
üçüncü müddətə qələbə
qazanmışdır
Yaponiyanın nüfuzlu "The Japan Times" qəzetinin 10 oktyabr tarixli nömrəsində Azərbaycanda prezident seçkilərinin nəticələrinə həsr olunmuş "Azərbaycan Prezidenti üçüncü müddətə qələbə qazanmışdır" adlı məqalə dərc edilmişdir.
Məqalədə qeyd edilir ki, ilkin məlumatlara əsasən Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da keçirilmiş prezident seçkilərində öz rəqiblərini böyük fərqlə üstələyərək növbəti beş il müddətinə dövlət başçısı seçilmişdir. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova istinadla bildirilir ki, fəaliyyətdə olan Prezident seçicilərin səslərinin təxminən 85 faizini qazanmışdır. Müxalifət partiyalarının vahid namizədi cəmi 5 faiz, digər namizədlər isə daha az səs toplamışlar.
Qəzet yazır ki, əvvəl keçirilmiş sorğularda da təxminən bu rəqəmlər öz əksini tapmışdır. Məqalədə Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədovun "İlham Əliyev əhalinin böyük əksəriyyətinin şərtsiz dəstəyinə malikdir" fikri də öz əksini tapmışdır.
Oxuculara məlumat verilir ki, İlham Əliyev 9 milyon əhalisi olan keçmiş sovet respublikasına 2003-cü ildən rəhbərlik edir. Azərbaycan xalqının milli lideri Heydər Əliyev 1991-ci ildə - Sovet İttifaqı dağıldıqdan sonra xaosun baş alıb getdiyi ölkədə sabitliyin qarantı kimi çıxış etmiş, daxili çəkişmələrin qarşısını almış, ölkəni iqtisadi inkişaf yoluna çıxarmışdır. Heydər Əliyev qonşu Ermənistan tərəfindən başlanmış və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin, həmçinin ətraf ərazilərin işğalı, bir milyondan artıq insanın qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnmiş qanlı müharibəni dayandıraraq atəşkəsə nail olmuşdur.
Məqalədə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı, müsəlman ölkələri arasında və strateji əhəmiyyətə malik Xəzər dənizi regionunda böyük nüfuza sahib olduğu da qeyd edilir.
Həmçinin
karbohidrogen ehtiyatlarından bacarıqla istifadə edilməsi nəticəsində
sürətli sosial-iqtisadi inkişafa nail olunduğu, neftdən
əldə edilən gəlirlərin Dövlət Neft Fondunda
toplandığı və cari ilin əvvəlində
buradakı vəsaitin 34 milyard dolları ötdüyü də
oxucuların nəzərinə çatdırılır.
Vüqar AĞAYEV,
AzərTAc-ın xüsusi müxbiri
Tokio
Azərbaycan.-2013.- 12 oktyabr.- S. 6.