Fəhləlikdən nazir
vəzifəsinə yüksəlmişdi
...Mədəndə təmir işləri zamanı fontan avadanlığı quraşdırılarkən kanat dolaşır. Cavan oğlan bir göz qırpımında quyunun yanından sıçrayaraq buruğa qalxmağa başlayır. Ətrafdakılar baş verənlərin nə ilə qurtaracağını səbirsizliklə gözləyərək buruğa tamaşa edirlər. Oradakı cavan isə qəzanın qarşısını alıb üstü-başı, üzü-gözü qapqara neftlə bulaşmış halda yavaşca aşağı enir. Lakin təvazökarlığından, heç bir təşəkkür eşitmək, heç bir tərif dinləmək istəmədiyindən quyu ətrafında toplaşmış izdihamdan qaçıb uzaqlaşır...
Bu, nə hansısa yazıçının fantaziyası, nə də hansısa kinorejissorun təxəyyülünün məhsuludur. Bu, bir qəhrəman insanın ömrünün şücaətlə, hünərlə keçəcəyindən soraq gətirən bir olay, müjdəçi isə həyatın, taleyin özü idiE Bu hadisə Azərbaycanın neft tarixində silinməz izi olan böyük bir neftçinin, adlı-sanlı neft təşkilatçısının əmək bioqrafiyasının lap başlanğıcında baş vermişdi.
Bu
insan Sabit Orucov idi. 1936-cı ildə neft mədəninə
mühəndis diplomu ilə gələn, buradakı əmək
fəaliyyətinə adi mexaniklikdən başlayan, SSRİ
kimi nəhəng bir dövlətin qaz sənayesi naziri vəzifəsinədək
yüksələn Sabit Atababa oğlu Orucov.
Yüksək vəzifə kürsüsünə pillə-pillə çatmışdı. Azərbaycanda və keçmiş sovetlər birliyinin müxtəlif regionlarında bir sıra rəhbər vəzifələrdə çalışmışdı. Texnika elmləri doktoru, Azərbaycanın əməkdar elm xadimi idi. 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi. Eyni ildə (1951-ci ildə) iki dəfə Stalin mükafatı almışdı. 1970-ci ildə isə Lenin mükafatı laureatı adını qazanmışdı. 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü. Dörd çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdi. 1976-1981-ci illərdə Sov.İKP Mərkəzi Komitəsi üzvlüyünə namizəd olmuşdu.
Beləliklə, kim idi Sabit Orucov? Neftçi, yoxsa alim? Məmur, yoxsa xalq namizədi? Rəhbər işçi, yoxsa ictimai xadim?
1912-ci il mayın 30-da Bakıda, novxanılı fəhlə Atababa kişinin çoxuşaqlı ailəsində dünyaya göz açmışdı. Orta təhsil almış, fabrik-zavod məktəbində oxumuşdu. Sonra üç il orta məktəbdə dərs demişdi. 1931-ci ildə Azərbaycan Neft Sənayesi İnstitutuna daxil olmuşdu. 1936-cı ildən başlayaraq Suraxanı mədənlərində kompressor təsərrüfatında mexanik, neftçıxarma ustası, baş mühəndis, direktor olmuşdu.
Sabit Orucova əsl neftçi fədakarlığı və dərin mühəndis savadı ilə yanaşı böyük təşkilatçılıq qabiliyyəti də müyəssər idi. Şəxsiyyətində bütün bunlar vəhdət yaradaraq onun tez tanınmasına, necə deyərlər, tez "üzə çıxmasına" imkan yaratmışdı. Beləliklə, 34 yaşlı neft mühəndisinin karyerası doğma Azərbaycanın hüdudlarını aşmış və o, 1946-cı ildə SSRİ Neft Sənayesi Nazirliyinin şöbə müdiri vəzifəsinə irəli çəkilmişdi. Bir il sonra onu "Krasnodarneft" birliyinə rəisin birinci müavini - baş mühəndis vəzifəsinə göndərmişdilər. Daha iki il sonra - 1949-cu ildə isə artıq SSRİ neft sənayesi nazirinin müavini vəzifəsinə irəli çəkmişdilər. Başqa sözlə, Sabit Orucov göndərildiyi hər sahədə özünü doğrultduğuna görə ona daha çətin iş və məsul vəzifə etibar edilirdi.
İş elə gətirmişdi ki, S.Orucovun həyatı və fəaliyyəti gah sırf Azərbaycanla bağlı olur, gah da o, yenidən ittifaq əhəmiyyətli vəzifələrdə çalışırdı. Lakin o vaxt Bakı SSRİ-nin əsas neft arsenalı olduğundan Sabit Orucov digər yerlərdə işləyəndə də çalışdığı sahə ilə bağlı vətəni ilə bilavasitə əlaqə saxlayırdı.
İndi Neft Daşlarının tarixindən söhbət düşəndə, ilk növbədə, mütləq bu böyük neft təşkilatçısının da adı çəkilir. Çünki, sözün əsl mənasında, Neft Daşlarının beşiyi başında dayanıb. Dünyada ilk dəfə açıq dənizdə neft hasilatına başlanmasına böyük əmək sərf edib - o, "Qara daşlar"a ilk qədəm basanlardan biri olub. Geoloq Ağaqurban Əliyev və mühəndis Yusif Səfərovla birlikdə əlavə xərclərə yol verməmək və işçi qüvvəsinə qənaət etmək üçün Bakının gəmi təmiri zavodlarından istifadədən silinmiş 7 iritonnajlı gəminin gətirilərək orada basdırılmasını təklif edib. Beləliklə, süni buxta yaradaraq onu Xəzərin fatehlərini fırtınalardan qoruyan sığınacağa və dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çeviriblər.
"1 nömrəli quyudan götürülən nümunə 100 tona yaxın ilk neft fontanının yaxınlaşmasından xəbər verirdi. 1949-cu il noyabrın 7-də quyu fontan vurdu. Noyabrın 8-i səhər saat 10-da quyunun "başı üstündə" dayananlar sırasında Sabit Orucov da vardı". Dünyada dəniz neftinin erasının başlandığı anları tarix öz yaddaşında belə saxlayıb.
Ümumiyyətlə, Sabit Orucov bir çox yataqların işlənməsi sahəsində tədqiqat işləri aparmış, aerasiya üsulu ilə, yəni hava vurmaqla dərin neft quyularının mənimsənilməsi metodunu işləyib hazırlamışdır. Bir sıra iribloklu dəniz qazma özüllərinin konstruksiyalarını da o, təklif etmişdi.
Keçən əsrin 40-cı illərinin sonu - 50-ci illərinin əvvəllərində Sabit Orucov SSRİ neft sənayesi nazirinin müavini vəzifəsində çalışsa da, Azərbaycanda gedən genişmiqyaslı işlərdə yaxından iştirak edirdi. 1957-ci ildən isə karyerası yenidən Azərbaycanla bağlı oldu. Belə ki, 1957-1959-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri, Nazirlər Soveti sədrinin müavini vəzifələrində çalışdı. 1959-1962-ci illərdə Azərbaycan Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetindəki daimi nümayəndəsi oldu. Daha sonra üç il SSRİ Plan Komitəsində neft və qaz sənayesi məsələləri ilə məşğul olmaq ona həvalə edildi. 1965-1972-ci illərdə Sabit Orucov artıq SSRİ-nin neft sənayesi nazirinin birinci müavini oldu. 1972-ci ildən isə ona Sovet İttifaqının qaz sənayesi naziri vəzifəsi etibar edildi. O, bu vəzifədə ömrünün sonuna - 1981-ci ilədək çalışdı.
Sabit Orucovun neft-qaz sənayesində yüksək vəzifələrdə çalışdığı illər ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və SSRİ hökumətində aparıcı vəzifələrdən birini tutduğu dövrə təsadüf edir. Bu dövrdə Sabit Orucov ulu öndərin Azərbaycanın inkişafı, respublikada mükəmməl neft-qaz infrastrukturu yaradılması ilə bağlı təşəbbüslərini dəstəkləmiş və bu istiqamətdə əlindən gələni əsirgəməmişdi. Bu, Xəzərdə "Günəşli" yatağının kəşf edildiyi, Bakı Dərin Özüllər Zavodunun tikildiyi, yeraltı qaz anbarlarının yaradıldığı və digər genişmiqyaslı işlərin görüldüyü illər idi.
Sabit Orucovun nazir olduğu dövrdə keçmiş sovetlər birliyinin qaz sənayesi xeyli inkişaf etdi. Onun böyük təşkilatçılığı sayəsində Qərbi Sibirin Tümen vilayətinin unikal karbodidrogen mənbələri, Uzaq Şərqdə "Tunqorskoye", Türkmənistanda "Açaq", "Ququrtlu", "Şatlık", Özbəkistanda "Şurtan", "Qazli", "Mübarək", Qazaxıstanda "Qaraçaqanak", "Tengiz", Ukraynada "Şebelinka", Komidə "Vuktıl" və digər qaz-kondensat yataqları aşkar edildi. Ural-Volqaətrafı neft-qaz regionunun, Başqırdıstanın, Şimali Qafqazın, Krasnodar, Stavropol, Həştərxan vilayətlərinin yataqlarının kəşf edilməsində və sənaye işlənməsində də böyük Azərbaycan neftçisi Sabit Orucovun misilsiz xidmətləri olub.
Maraqlı iş üslubu vardı Orucovun. O, təklif irəli sürməklə və işə rəhbərlik etməklə kifayətlənmirdi. İstehsalatda, yataqların işlənməsində, quyuların mənimsənilməsində bilavasitə iştirak etməyi sevirdi.
Nazir Sabit Orucov eləcə də Qərbi Sibirin qaz kompleksinin fomalaşmasında və intensiv inkişafında mühüm rol oynayıb. Onun rəhbərliyi ilə regionun geoloji-texniki, təbii iqlim xüsusiyyətləri nəzərə alınmaqla qaz-kondensat yataqlarının sənaye işlənməsinin yeni yanaşma konsepsiyası hazırlanıb. SSRİ-nin dünyada ən böyük Vahid Qaz Təsərrüfatı Sisteminin intensiv inkişafı məhz Sabit Orucovun nazir olduğu dövrə təsadüf edib.
Sabit Orucov ölkənin qaz sənayesində müasir infrastrukturun qurulmasına nail ola bilmişdi. O, bir sıra yataqların timsalında göstərmişdir ki, mədəndaxili kəmərlər yerüstü olarsa və onlar xüsusi istilik örtükləri ilə mühafizə olunarsa, istismar quyularından hasil edilən təbii qazın temperaturu çıxış xətlərində və kollektorlarda donmanın qarşısının alınması üçün tam kifayət edər. Yaxud ötən əsrin 70-ci illərində qaz hasilatının əsas mənbələri Qərbi Sibirdə yerləşdiyinə görə uzaq məsafələrə, məsələn, Avropaya qazın nəqli üçün magistral kəmərlərin uzunluğunun 4500 kilometrə çatdırılması ilə əlaqədar təşəbbüs irəli sürmüşdü. Nəticədə "Dostluq" ixrac boru kəmərinin diametri böyüdülmüş və təzyiqi artırılmışdı. O, bunların hamısını həm elmi əsərlərində əbədiləşdirmiş, həm də həyatda özündən bir nişanə kimi qoymuşdu. Başqa sözlə, Sabit Orucov elmlə istehsalatın vəhdətini yaradan, üstəlik də, onlara rəhbərlik edən geniş diapazonlu mahir neftçi idi.
Sabit Orucovun fəaliyyəti xarici ölkələrdəki həmkarlarına da yaxşı tanış idi. Onu ABŞ-da, Kanadada, Yaponiyada, İngiltərədə, Çində, İranda da yaxşı tanıyırdılar. Neft və qaz sahəsinin bir çox problemlərinə həsr olunmuş beynəlxlaq tədbirlərdə Sabit Orucov SSRİ-nin nümayəndə heyətinə başçılıq etmiş, maraqlı məruzələr oxumuş, nitqlər söyləmişdir.
Biz Sabit Orucovun layiq görüldüyü yüksək adları, aldığı mükafatları və qazandığı titulları artıq sadalamışıq. Bundan əlavə o, iki dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni, dörd dəfə "Qırmızı Əmək Bayrağı" ordeni və çoxsaylı medallarla təltif edilmişdi. Bunların hamısı keçmiş sovet dövlətinin ən yüksək mükafatları idi. Sadə ailədə böyümüş, lakin vətəni Azərbaycanın böyük, ləyaqətli oğlu adını daşımaq haqqını qazanmış neftçi və nazir Sabit Orucov bütün bunlara öz istedadı, zəhməti, ağlı sayəsində nail olmuşdu.
Sabit Orucov haqqında çox eşitmiş, çox oxumuşuq. Bu qeydlərimiz də müxtəlif kitab və jurnallarda, köhnə qəzet parçalarında, internet saytlarında, Azərbaycanın neft tarixində və əfsanəvi Neft Daşlarına reyslər edən "Sabit Orucov" gəmisinin bortundakı lövhədə yazılanlardan qaynaqlanıb. Onlar birləşərək tam dəqiq və aydın olan bir faktı təsdiqləyir: Sabit Orucovun Azərbaycanın neft-qaz sənayesinin inkişafında misilsiz xidmətləri danılmazdır. Fəaliyyət göstərdiyi məkan çox geniş olduğundan o, bütün dünyanın neft və qaz tarixində silinməz izlər qoyub və buna görə də unudulmayıb.
Təbii ki, soydaşımızın əziz xatirəsi bizlər - inkişafı naminə var gücü ilə çalışdığı vətəni Azərbaycanın övladları üçün daha əzizdir. Rusiya dövləti də onun xidmətlərini unutmayaraq adını əbədiləşdirib. Urenqoyda Qaz İstehsalat Birliyinə, Nadım şəhərində sahilyanı küçələrdən birinə onun adı verilib. Moskvada ömrünün son illərində yaşadığı evin fasadına heykəltəraş L.Petruşinin və memar M.Katkovanın nəfis şəkildə işlədikləri xatirə lövhəsi vurulub.
Sabit Orucovun məzarı Moskvadakı Novodeviçi qəbiristanlığındadır. Ruhu isə kəşfində və həyata vəsiqə almasında yaxından iştirak etdiyi dəniz yataqlarının - mavi Xəzərin üzərində pərvaz edir...
Flora SADIQLI,
Azərbaycan.-2013.- 12 oktyabr.- S. 8.