Ümdə vəzifələrdən biri Qarabağa dair əsl

 həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır

 

Qarabağ Araşdırmalar Mərkəzinin də məqsədi bundan ibarətdir

 

 

Ermənilərin Azərbaycan torpaqlarına qarşı iddiaları onların "Böyük Ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsidir. Əlverişli şərait yaranan kimi bu planın reallaşdırılmasına çalışan ermənilər M.S.Qorbaçovun SSRİ rəhbərliyinə gəlişindən sonra, ötən əsrin 80-ci illərinin sonlarında yenidən fəallaşdılar. 1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı.

Ermənistan öz havadarlarından aldığı hərbi-siyasi dəstəklə Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Nəticədə Qarabağ da daxil olmaqla torpaqlarımızın bir hissəsi işğal edildi.

O zaman daxildə sabitlik və möhkəm siyasi iradə olsaydı, hadisələr başqa cür cərəyan edərdi. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi də təsdiq etdi ki, möhkəm siyasi iradə və idarəçilik olsaydı, torpaqlarımız işğala məruz qalmazdı. Azərbaycan Silahlı Qüvvələrinin 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Horadiz, Murov dağı və digər istiqamətlərdə erməni hərbi birləşmələrini ağır məğlubiyyətə uğratması da bunu təsdiq edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün atılan hüquqisiyasi addımlar, aparılan sülh danışıqları beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır. Bununla yanaşı, hazırda ən ümdə vəzifələrdən biri əzəli Azərbaycan torpaqları ilə bağlı əsl həqiqətlərin, o cümlədən Qarabağın qədim tarixinin, mədəniyyətinin, incəsənətinin Azərbaycan xalqının mənəvi dəyərlər sisteminə daxil olmasının dünya ictimaiyyətinin diqqətinə çatdırılması, ermənilərin indiki Ermənistan və Qarabağa gəlmələrinin bütün beynəlxalq aləm tərəfindən qəbul edilməsinə nail olmaqdır.

Bu istiqamətdə ixtisaslaşmış və daimi fəaliyyət göstərən qurumların, elm mərkəzlərinin fəaliyyəti olduca mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin birgə layihəsi olan və oktyabrın 4-dən fəaliyyətə başlayan Qarabağ Araşdırmalar Mərkəzinin də yaradılmasında məqsəd məhz bundan ibarətdir.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov dedi ki, bu mərkəzin yaradılması əzəli Azərbaycan torpağı olan Qarabağın dünyada tanıdılması və ölkəmizin ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin dünyaya çatdırılması istiqamətində mühüm addımdır. Məqsəd Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə daha dolğunobyektiv şəkildə çatdırmaq, Qarabağın tarixinin, mədəniyyətinin araşdırılmasında yaxından iştirak etməkdir.

"XIX əsrdən başlayaraq Azərbaycan xalqına qarşı təcavüzkar siyasətə rəvac verən erməni millətçiləri tarix boyu öz cinayətkar əməllərini yalan üzərində həyata keçiriblər. "Məzlum erməni" obrazı yaradaraq azərbaycanlılara qarşı soyqırımı cinayətləri törədiblər, torpaqlarımızı işğal ediblər. Ona görə bu gün torpaqlarımızın azad edilməsi istiqamətində həyata keçirdiyimiz fəaliyyətdə ən mühüm məqamlardan biri dünya ictimaiyyətini erməni yalanları barədə məlumatlandırmaqdır. Bu mənada Qarabağ Araşdırmalar Mərkəzinin fəaliyyətə başlaması olduqca zəruridir. Bu mərkəz bizi Qarabağa aparan yolumuza işıq salacaq". Bunu "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov da hesab edir ki, Qarabağ Araşdırmalar Mərkəzi Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğunobyektiv şəkildə çatdırılması yönümündə, eləcə də bu sahədə çalışacaq alimlər və mütəxəssislər üçün elmi mərkəz kimi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Qarabağ tarixinin, mədəniyyətinin araşdırılmasında çox mühüm rol oynayacaq.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə belə bir mərkəzin fəaliyyətə başlamasını əlamətdar hadisə adlandırıb. Bildirib ki, bu mərkəz gələcəkdə Dağlıq Qarabağ araşdırmalarının yeni mərhələyə keçməsinə, gənc tədqiqatçıların və mütəxəssislərin yetişməsinə mükəmməl zəmin yaradacaq. "Uzun müddət idi ki, belə bir mərkəzin yaradılmasına ehtiyac duyulurdu" deyən Elnur Aslanov Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətindən də söz açaraq diqqətə çatdırıb ki, fond Azərbaycanda "yumşaq güc"ün ("soft power") reallaşmasında öndə gedən təşkilatdır. Bu baxımdan Qarabağ Araşdırmalar Mərkəzinin də yaradılması ümumilikdə istər xarici, istər yerli mütəxəssislər tərəfindən Qarabağla bağlı məlumatların əldə edilməsi, eyni zamanda xarici ölkələrə dolğun məlumatların göndərilməsi üçün atılmış səmərəli addımdır, "yumşaq güc"ün tərkib hissəsidir. Çünki Qarabağ yalnız münaqişə məkanı demək deyil. Qarabağ zəngin mədəniyyət, qədim tarix, möhtəşəm incəsənət mənbəyidir. Çox təəssüflər olsun ki, indi Dağlıq Qarabağ hər birimizin ağrılı yeridir. Lakin gün gələcək, belə mərkəzlər Qarabağda da açılacaq: münaqişəni təbliğ etmək üçün deyil, Qarabağ tarixini, mədəniyyətini və Qarabağın gələcək perspektivlərini dünya ictimaiyyətinə çatdırmaq üçün.

Elnur Aslanov onu da bildirib ki, Ermənistanın Dağlıq Qarabağ problemi ilə bağlı qeyri-konstruktiv mövqeyi hələ də davam edir: "Bir neçə gün öncə Ermənistan prezidentiPA-da çıxışı zamanı Azərbaycanı qeyri-konstruktivlikdə ittiham etdi. Məgər ərazi bütövlüyünü bərpa etmək niyyəti qeyri-konstruktivlik hesab oluna bilər? Məgər dörd qətnamənin reallaşdırılması qeyri-konstruktivlik sayıla bilər? Beynəlxalq təşkilatlar bu məsələdə qəti sözlərini deməlidirlər. Beynəlxalq birlik ikili standartlardan əl çəkib Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini ortaya qoymalıdır. Bu, Ermənistanın da gələcəyinə xidmət edər, bu ölkədə yaşayan insanların rifahına da. Çünki xarici siyasətini müəyyənləşdirə bilməyən, ittifaqlar arasında çapalaya-çapalaya qalandaxili-iqtisadi çəkişmələr içərisində batan Ermənistan qeyri-konstruktiv mövqe tutmamalı, konstruktiv, daha rasional mövqedən çıxış etməlidir. Ermənistanı hər il yüz minlərlə insan tərk edir. Bu gedişlə Ermənistanın gələcəyi yoxdur. Azərbaycan isə güclənir, zaman bizim xeyrimizə işləyir. Təbii ki, biz hər zaman öz hüququmuzdan istifadə edə bilərik. Danışıqlar prosesi sülhlə nəticələnməsə, Azərbaycan digər vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır. Lakin eyni zamanda biz sülh tərəfdarıyıq. Bunun nəticəsidir ki, Azərbaycanda erməni millətinə mənsub on minlərlə insan yaşayır. Bütün bunlar göstərir ki, biz sülhə hazırıq. Lakin sülh Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında olmalıdır. Belə mərkəzlərin fəaliyyət göstərməsi isə Azərbaycanın ədalətli mövqeyinin digər ölkələrdə və beynəlxalq təşkilatlarda tam qəbul olunmasına geniş zəmin yaradır".

Qarabağ Araşdırmalar Mərkəzinin yaradılmasının çox uğurlu təşəbbüs olduğunu bildirən Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib: "Əminəm ki, bu təşəbbüs digər ali məktəblər üçün nümunə olacaq. Bütün ali məktəblərdə Qarabağ Araşdırmalar Mərkəzi fəaliyyət göstərməli, Qarabağın özünəməxsus cəhətlərini özündə əks etdirməli və hər bir gənci sülh elçisinə çevirməlidir. Çünki bizim gələcəyimiz gənclərin əlindədir". Mərkəzin yaradılmasında əməyi keçən hər kəsə təşəkkür edən Elnur Aslanov əlavə edib ki, bu cür işlərin həyata keçirilməsi hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs vəzifə olaraq qalmalıdır.

"Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində önəmli addım atılır. Odur ki, bu mərkəzin yaradılması olduqca təqdirəlayiq təşəbbüsdür. Çünki bu, XXI əsrdə ən önəmli vasitələrdən sayılan ictimai diplomatiyadır və həqiqətlərin effektiv şəkildə dünya ictimaiyyətinə çatdırılmasıdır" -bunu isə Azərbayacan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib. Bu mərkəzin yaradılması göstərir ki, Azərbaycan öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda və Qarabağ uğrunda həm də müasir üsullarla mübarizədə əzmkarlıq nümayiş etdirir. Elman Abdullayev həmçinin qeyd edib ki, Xarici İşlər Nazirliyi bu mərkəzlə əməkdaşlıq edəcək, Azərbaycanın diplomatik nümayəndəlikləri bu mərkəzdən faydalanacaq.

"Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağla bağlı siyasətində üç əsas məsələ diqqəti çəkir. Bunlar Azərbaycanın fəaliyyətinin beynəlxalq hüquqa söykənməsi, tarixi ədalətin rəhbər tutulması və əsl reallıqların dünya ictimaiyyətinə çatdırılmasıdır" - bu barədə danışan Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov dedi ki, Qarabağ Araşdırmalar Mərkəzi öz fəaliyyətində bunları əsas götürməlidir.

Fərhad Məmmədov vurğulayıb ki, xüsusən gənc nəsil Dağlıq Qarabağ münaqişəsi barədə bütün məlumatları bilməlidir. Onun sözlərinə görə, gənc nəslin Qarabağı görməməsi və buna görə də ona heç bir aidiyyətinin olmamasına dair yanlış təsəvvür yarana bilər: "Lakin fəxrlə qeyd etməliyik ki, əslində məhz gənc nəsil öz tarixi torpaqlarına olduqca sıx  şəkildə bağlıdır, çünki o, güclü dövlətdə böyüyüronun gücünə söykənir".

Fərhad Məmmədov onu da bildirib ki, beynəlxalq hüquqda Azərbaycana imkan verən bütün vasitələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll oluna bilər: "Bu həm sülh, həm də müharibə yolu ilə mümkün ola bilər. Azərbaycanı bu münaqişəni sülh yolu ilə həll etməyə çağıran ölkələr bu gün müharibə aparır. Ədalət üçün müharibə aparmaq pis deyil. Belə mərkəzlər Azərbaycanın bütün bu istiqamətlərdə olan fəaliyyətini gücləndirməli və geniş ictimaiyyətə yaymalıdır. Azərbaycanın mövqeyini düzgündürüst çatdırmalıdır. Belə mərkəzlərin açılması bizi Qarabağa sürətlə yaxınlaşdırır".

Milli Məclisin deputatı Qənirə Paşayeva, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin idarə heyətinin üzvü akademik Vaqif Fərzəliyev, Dövlət İdarəçilik Akademiyasının dosenti, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Analitik İnformasiya Mərkəzinin müdiri Elçin Əhmədov da bu mərkəzin yaradılmasını təqdirəlayiq hal kimi qiymətləndirirlər.

Qeyd edək ki, Mərkəzdə bir sıra yerli və beynəlxalq ekspertlərin tədqiqat aparması üçün əlverişli şəraitin yaradılması və gələcəkdə digər ölkələrin elmi mərkəzləri ilə beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi qarşıya məqsəd olaraq qoyulub. Mərkəzdə Qarabağla bağlı bütün məlumatları özündə ehtiva edən elektron kitabxananın yaradılması və elektron materiallar üzərində işi asanlaşdırmaq üçün elektron kataloq tərtib edilib.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2013.-  12 oktyabr.- S. 8.