Əbədi yaşamaq haqqı
Məmməd Araz-80
Görkəmli xalq şairi Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair- vətəndaş ömrü yaşamışdır. Sənətkarın tərcümeyi-halının, taleyinin daha çox onun yaradıcılığında öz əksini tapmasını Məmməd Araz özü də şeirlərində dəfələrlə etiraf etmişdir. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: "Əsl tərcümeyi-hal şairin şeirləridirE Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir".
Məmməd Arazın şeirlərində ifadə olunan həyatı və taleyi rəsmi tərcümeyi-hal sənədlərindən də dəqiq, dərin və mənalıdır:
Məni
şeirimdə gəz bir insan kimi,
Qəlbimdə nə varsa, onu demişəm.
Anadan-bacıdan
gizlətdiyimi
Kağızdan, qələmdən qizlətməmişəm.
Xalq şairi Məmməd Arazın (1933-2004)
uşaqlığı və ilk gənclik illəri qədim
Naxçıvan diyarında keçmişdir. Şahbuz
dağlarının özünəməxsus ab-havası, səfalı
Batabat yaylağının, Çadırdaş ətəyindəki,
Salvartı yaxasındakı obaların romantik axar-baxarı Məmməd
Arazın ruhuna hopmuşdur. O, "bütün aləmə"
- Vətənə və dünyaya "yayda günəşi,
qışda qarı bol olan", "ürəyinin bir
parçası" adlandırdığı
Naxçıvandan baxmışdır. Naxçıvan Məmməd
Arazın təkcə tərcümeyi-halının - həyatının
deyil, sənətinin də start nöqtəsi olmuşdur. Məmməd
Araz həyatının sonrakı çətin dövrlərini,
sənətin eniş-yoxuşlarını daim sinəsində
hifz etdiyi həmin "dağ havası" ilə uğurla
keçə bilmişdir:
Sinəmdə
o yerin dağ havasıdır,
Qaynar bulaqları qaynar qanımda.
Mənim
ürəyimin bir parçasıdır
Doğma Şahbuzum da, Naxçıvanım da.
Mən
burdan baxıram bütün aləmə,
Bu yerin qışı da yazımdır mənim.
Axar
çaylarına lal sudur demə,
Onlar min nəğməli sazımdır mənim.
Böyük
rus yazıçısı Mixail Şoloxov üçün
Sakit Don, xalq şairi Səməd Vurğun
yaradıcılığında Kür qırağı,
Qarayazı..., Şərqi Avropa yazıçılarına
görə mavi Dunay, rus ədəbiyyatının
böyük bir nəslinin təsəvvüründə Volqa
çayı hansı əhəmiyyətə malikdirsə, Məmməd
Arazdan ötrü də Naxçıvan - xan Araz həmin mənaları
daşıyır. Məmməd Arazın
yaradıcılığında Çadırdaş ətəyindən,
Nursu bulağından başlanan poetik təəssüratlar,
kövrək notlar xan Arazın tərənnümünün
timsalında yüksək vətəndaşlıq mahiyyəti
ilə zənginləşərək tamamlanır.
Məmməd Arazı əhatə edən ana təbiətin
saflığı ilə ata ocağı mühitindəki
halallıq, təmizlik və zəhmətkeşlik həmişə
vəhdət təşkil etmişdir. Atası İnfil
kişinin halallığı, şəxsiyyət kimi
bütövlüyü, ömrü boyu yalnız alın təri
ilə yaşamağın qovğalarına qatlaşması Məmməd
Arazın dünyagörüşünün, gələcək
mərdanə poeziyasının formalaşmasında
mühüm rol oynamışdır. Ailə
mühitindəki atanın sərtliyini və
halallığını nənəsi Zöhrə
xanımın və anası Cahan arvadın kövrəklik və
səmimiyyəti tamamlamışdır. Zöhrə
nənə milli folklor nümunələrini hafizəsində
saxlayıb həvəslə nəvələrinə, o
cümlədən Məmmədə
çatdırmışdır. Cahan ana isə
nəğməkar olması, sözlü-söhbətli
dünyası ilə oğlunu gələcək ədəbi həyata
hazırlamışdır. Ulu babalardan
qoruna-qoruna gəlmiş, həmişə
"çırpısı tətikdə, odunu dəmdə"
olan ata ocağı sözün həqiqi mənasında,
bütöv bir xalqı və böyük bir Vətəni təmsil
edən ümumiləşmiş Azərbaycan
ocağıdır. Şair nəsillərdən-nəsillərə
keçib gəlmiş bu tarixi ocağın layiqli varisi,
etibarlı odqoruyanıdır:
Çırpısı
tətikdə, odunu dəmdə,
Şəhərin
gözündən od alıb ocaq.
Yanır
aram-aram, odu sinəmdə,
Sonra kim söndürüb, kim yandıracaq?
Babamdan
qalıbdır bu ocaq bizə,
Bir ocaq sönəndə bir tifaq itir.
Bir ocaq
söngüsü qeyrətimizə,
Bir düşmən nəslinin qəhqəhəsidir.
İkinci cahan müharibəsi illərində Nursu kəndinin
balaca sakini, "axşam məktəbli, gündüz
çoban"ı olan Məmməd İbrahimov ilk qələm
təcrübələrini obrazlı şəkildə
"tapşırıq dəftəri"
adlandırdığı "sal daşlar üstündə"
yazmalı olmuşdur. Müharibə aparan ölkədə hər
məktəbdə bir kitabın, hər sinifdə bir dəftərin
olması ancaq mümkün idi. Bu mənada
Çadırdaş ətəyində, Şahbulaq
yaylağı ətrafındakı yazı masasına bənzəyən
sal daşlar Məmməd Arazın ilk şeir dəftərinin
daşlaşmış səhifələridir. Bəlkə də ilkin başlanğıcı
daşla bağlı olan bu poeziyada daş motivinin sonralar əsas
aparıcı mövzulardan birinə çevrilməsinin
mühüm səbəblərindən biri də budur. Fikrimizcə, ədəbiyyatşünaslıq
baxımından Məmməd Araz poeziyasında daş motivi
bütövlük, Vətənə, torpağa
bağlılıq, gərəkli olmaq, əsl vətəndaşlıq
mənalarını ifadə edir. Şair hətta
özünü də şeirlərindən birində milli
şeirimizin "daş əsgəri" adlandırır.
Xalq şairi Məmməd Arazın qələmindən
çıxmış və məşhur zərb-məsələ
çevrilmiş "vətən daşı olmayandan olmaz
ölkə vətəndaşı" misrası daşla Vətən
və vətəndaşlıq arasında bərabərlik
işarəsi qoymağa gətirib
çıxarmışdır. Sözün
geniş mənasında Məmməd Araz özü də sənətinin
milli-mənəvi dərinliyinə və əhəmiyyətinə
görə əbədiyyət qazanmaq mənasında
"daş ayaqlı-daş əlli" bir insan-qaya obrazı
səviyyəsinə yüksəlmişdir. İlk şeir dəftəri sal daşlar olan Məmməd
Araz Azərbaycan şeirinin möhtəşəm, uca və məğrur
"Vətən daşıdır".
Burası da maraqlıdır ki, Məmməd Arazın
yaradıcılığında daş obrazı və ya
mövzusu digər şairlərlə müqayisədə daha
çox rəngarəng mənalar daşıyır,
çeşidli mətləbləri ifadə etməyə xidmət
göstərir. Məmməd Arazın şeir dünyası sanki
poeziyamızın "daş zəmisidir". Təsadüfi
deyildir ki, şairin kitablarından biri də "Daş
harayı" (1992) adlanır. Ədəbiyyatımızda
"Vətən qayaları, Vətən daşları"
şeirlər silsiləsini də Məmməd Araz
yaratmışdır. Misralara nəzər salaq:
Tarix əlifbası
daşdan başlanır,
Əl dəydi yumşalır, göyərir indi.
Başdı
- daş olubdu, daşdı - baş olub -
Bunları seçmək də hünərdi indi.
və
yaxud:
Gülüm,
bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü
sıx, hansı daşda su yansa,
O daş
altda Məmməd Araz yaşayır.
Qeyd etmək lazımdır ki, XX əsrin
altmışıncı illərindən etibarən Məmməd
Araz poeziyamızın xəritəsinin təzələşməsindən,
"şeirimizə təzə-təzə yollar" gəlməsindən
geniş söz açmışdır. Yəni, keçən əsrin
30-50-ci illərinin poeziyasındakı zamanın tələblərindən
doğan poetik dəbdəbə, ritorika, zahiri təntənə,
parıltı, tərənnüm, ideoloji xəttə meyil kimi
qəlibləşmiş ənənələrin buzu Məmməd
Araz və onun mənsub olduğu ədəbi nəslin
istedadlı nümayəndələrinin səyi, cəsarəti
ilə sındırılmışdır. Əgər xalq
şairləri Səməd Vurğun, Süleyman Rüstəm,
Məmməd Rahim yaşadığı dövrün sərt
qanunları çərçivəsində daha çox zəfər
yürüşlərindən, ümumi quruculuq rəşadətlərindən
yazmağa məcbur idilərsə, Məmməd Araz və onun
təmsil etdiyi ədəbi nəsil yeni şəraitdə
insan mənəviyyatının dərinliklərini, ana Vətənin
dərd-sərini, məhəbbəti və kədəri qələmə
almağa imkan tapmışdır. Bu mənada
şairin "Urəyimsiz kəlmə kəsən deyiləm"
misrası tərənnüm poeziyasından düşüncə
lirikasına qəti keçidi dolğun ifadə edir.
Bununla belə, müşahidələr göstərir ki, sərt
zamanın diktə etdiyi ümumi təsvirlərdən və
ideoloji yönlü tərənnümdən insan mənəviyyatının
kəşfinə keçid senzor-naşir, müəllif-redaktor,
oxucu-yazıçı münasibətlərini əhatə edən
çətin mübarizələrdən sonra baş
tutmuşdur:
Qaytardı
redaktor lirik şeirimi,
Qaytardı:
- Zavod yox, fəhlə yox,- deyə.
Zavoddan
yazdığım kiçik şeirimi,
Oxudum bu axşam qonşum fəhləyə.
Fəhlə
də qınağa tutdu ki məni,
Bəs hanı lirika, məhəbbət hanı?
Gəl
indi inandır çap eləyəni,
Gəl indi sevindir sən oxuyanı.
Düşüncə
lirikası, mənəviyyat ədəbiyyatı, lirik-psixoloji
şeir və nəsr, o cümlədən xalq şairi Məmməd
Arazın yaradıcılığı belə çətin
labirintlərdən keçib gəlmiş, nəhayət, ədəbi
mühitdə özünü təsdiq etmişdir. Bunun nəticəsində XX əsrin 60-90-cı illərində
Azərbaycan şeirində düşüncə
lirikasının, lirik-psixoloji və romantik şeirin bir
sıra tanınmış nümayəndələri
yetişib formalaşmışdır. Əli Kərim,
Fikrət Qoca, Nəriman Həsənzadə, Cabir Novruz,
Hüseyn Razi, Sabir Rüstəmxanlı, İsa
İsmayılzadə, Ələkbər Salahzadə, Zəlimxan
Yaqub, Məmməd İsmayıl, Çingiz Əlioğlu,
Ramiz Rövşən, Elman Həbib, Nüsrət Kəsəmənli,
Vaqif Bəhmənli, Rüstəm Behrudi, Vaqif Məmmədov,
Vaqif Bayatlı, Xanəli Kərimli mövzu və mətləbi
ümumi tərənnüm yolu ilə deyil, orijinal poetik
düşüncələrlə mənalandırmaq sahəsində
maraqlı üsullar, düşünülmüş bədii
vasitələr tapmışlar. Bununla belə,
keçən yüzilliyin 70-80-ci illərində milli şeirdə
düşüncə lirikası komandasının baş
kapitanı Məmməd Araz olmuşdur. Şair
insan mənəviyyatını kəşf etməyi
böyük sənətin əsas qayəsi hesab etmişdir.
Poetik ənənə,
yaradıcı şəkildə faydalanma baxımından xalq
şairi Məmməd Arazın istinad etdiyi, öyrəndiyi
daha iki böyük məktəb vardır: Məhəmməd
Füzuli və Mirzə Ələkbər Sabir. Məmməd
Araz böyük Füzulidən sözün məsuliyyətini
dərindən dərk etməyi, bədii sənətin
qüdrətini yaşatmağı bacarmağı bir estafet
kimi qəbul etmişdir. Onun dahi Füzulinin "Nə
yanar kimsə mənə atəşi-dildən özgə, Nə
açar kimsə qapım badi-səbadan qeyri" beytinə
yazdığı "Səba yeli" şeirindəki
aşağıdakı səmimi etiraf söz
mülkünün sultanına böyük ehtiramı və əbədiyyət
qazanmağı ondan öyrənməyin zərurətini
qabarıq şəkildə dilə gətirir:
Sözün
sehrinə bax, qüdrətinə bax!
Bir heykələ
döndüm öz yerimdə mən;
Beləcə
bir misra yazaydım ancaq,
Yüz il yazacağım əsərimdə mən.
...Qəlbimdə
bir nəğmə dil açdı yenə,
Ay ellər,
bir sevda nəğməsidir o.
Açın
qapıları səba yelinə,
Açın,
Füzulinin nəfəsidir o...
Azərbaycan şeirinin Magellanı
adlandırdığı Mirzə Ələkbər Sabirin zəngin
və ötkəm şeirləri, ən böyük insan
haqları şeirnaməsi olan həmişəyaşar
satirası Məmməd Araz üçün sözün
geniş mənasında əvəzsiz vətəndaşlıq
məktəbidir. Beləliklə, ustad Məhəmməd Füzulinin
müdriklik və məsuliyyəti, Sabir sənətinin vətəndaşlıq
cəsarəti, Səməd Vurğun şeirinin yüksək
ilhamı özünəməxsus şəkildə Məmməd
Araz poeziyasında cəmləşmiş, yaradıcı
yanaşmaların sayəsində yeni keyfiyyətlərlə zənginləşmişdir.
Məmməd Araz adları çəkilən ustad
sənətkarlardan yaradıcılıqla öyrənmiş,
lakin onların heç birini təkrar etməmişdir. Nəticə etibarilə millilik və müasirlik, dərin
lirizm, fəal vətəndaşlıq mövqeyi və bəşərilik
Məmməd Araz şeirinin özünəməxsusluğunu
müəyyən edir. Buna görə də
Məmməd Araz sənəti XX əsrin birinci
yarısındakı Səməd Vurğun məktəbi ilə
sonrakı dövrün şeir üslubu və ənənələri
arasında çox etibarlı və möhkəm varislik
körpüsüdür. Poeziyamızın
artıq bir neçə nəsli böyük sənət
meydanına həmin poetik körpüdən keçərək
gəlmişdir.
İkinci
cahan müharibəsindən sonrakı Azərbaycan kəndi,
davadan qayıtmış kəndli kişilər, onların əsgərdən
də sədaqətli olan ömür-gün yoldaşları,
ana torpaq kimi halal, bulaq suyu qədər saf olan kənd
uşaqları, uzaq dağların arxasından geniş
üfüqlərə, daha işıqlı sabahlara dikilən
böyük ümidlər Məmməd Araz poeziyasının
poetik yükündə üstünlük təşkil edir. Yetmişinci illərdə ölkəmizdə təzədən
canlanan şəhər də, kənd də, Azərbaycanın
əkinçisi də, neftçisi də, xalq şairinin əsərlərində
özünəmünasib şəkildə poetik baxımdan
obrazlı şəkildə mənalandırılmışdır.
Tərəddüd etmədən demək olar ki,
ötən əsrin səksəninci illərinin sonlarından
başlanan milli azadlıq hərəkatını illərdən
bəri hazırlayan, formalaşdıran şairlərin cərgəsində
Məmməd Araz da ön sıralarda durur.
Millilik və müstəqillik, azadlıq
düşüncəsinin, ayıq, fəal vətəndaşlıq
mövqeyinin şeirdə bənzərsiz ifadəsi Məmməd
Araz sənətinin mayasını, cövhərini təşkil
edir. O,
sözün həqiqi mənasında böyük İstiqlal
şairidir. Yaxın və uzaq tariximizlə yanaşı, bu
günümüzün və hətta sabahımızın da
böyük, mühüm, ciddi həqiqətləri "Məmməd
Araz karandaşından" göyərir:
Son atəş
də, son zərbə də səninkidir,
Oğul əsgər, əsgər oğul - mərd
igiddir.
Mərd
ölsə də mərdlik ölmür, hünər
ölmür;
Hünər ölmür, mərdlik ölmür, əsgər
ölmür.
Geri
dönmə sən qələbə xəttindəsən,
Son qələbə
həddindəsən, səddindəsən!
Xalq şairi Məmməd Araz poeziyasında Vətən
- ata ocağı, doğma yurd, el-oba, Kür-Araz deməkdir. İxtisasca
coğrafiya müəllimi olan Məmməd Araz ədəbiyyatda
bütöv Azərbaycanın ən kamil, bitkin, dolğun
poetik coğrafiyasını yaratmağa nail olmuşdur. Ədəbiyyatımızda Əhməd Cavaddan və
Səməd Vurğundan sonra müqəddəs Azərbaycan Vətənimiz
haqqında ən sanballı, yadda qalan, ilhamlı və təsirli
şeirləri Məmməd Araz yaratmışdır.
Ölkəmizdə Azərbaycan haqqında ən çox və
geniş yayılmış şeirlərdən biri - "Azərbaycan
- dünya mənim" şeiri Məmməd Araza məxsusdur:
Azərbaycan
- mayası nur, qayəsi nur ki...
Hər
daşından alov dilli ox ola bilər.
Azərbaycan
- deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
XX əsrin
doxsanıncı illərində yenicə dövlət müstəqilliyini
bərpa etmiş
Azərbaycan da sanki körpə uşaq kimi Məmməd
Arazın şeirlərində boy atmışdır. Xalq şairi Azərbaycanı düçar edildiyi bəlalardan
qorumaq, xilas etmək və yaşatmaq üçün
hamıdan qabaq Azərbaycanın özünü var
gücü ilə haraya və köməyə
çağırmışdır. Xalq şairi Məmməd
Arazın "Ayağa dur, Azərbaycan" şeiri ölkəmizin
müstəqillik uğrunda mübarizə marşı kimi səslənir:
Nə
yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa
dur, Azərbaycan, səninləyəm!
Səndən
qeyri biz hər şeyi bölə billik!
Səndən
qeyri biz hamımız ölə billik!
...Hanı
sənin tufan yıxan, gürşad boğan
Yurda oğul oğulların?!
Qara
Çoban, Dəli Domrul oğulların!
Çək
sinənə - qayaları yamaq elə,
Haqq yolunu
ayağına dolaq elə,
Bayrağını
Xəzər boyda bayraq elə,
Ayağa
dur, Azərbaycan!
Milli birlik, mənəvi bütövlük və
azadlıq Məmməd Araz şeirinin əsas ilham
qaynağıdır. Şair hələ 1956-cı ildə
yazdığı "Bizim gənclik" şeirində
özünü və sənətini "xalqımızın
müqəddəs, mübariz
çağırışına" həsr edəcəyini
bəyan etmişdir. Məmməd Araz sərt
ideoloji çərçivələr dövründə Azərbaycan
ədəbiyyatında hamıdan əvvəl "Məndən,
səndən ötən zərbə, Vətən, Vətən
- sənə dəydi" nidasını milli şeirin
böyük enerjisi ilə, var gücü ilə səsləndirə
bilmişdir. Vaxtilə Xəzərin
ekologiyası barədə ən kəskin poetik həyəcan
təbilini də Məmməd Araz səsləndirmişdir.
Keçən əsrin əvvəllərində böyük
Hop-hopun bağrından qopmuş "nişançı
özümüz, hədəf özümüz" kəlamını
ötən yüzilliyin sonunda bədii sənətin uzaqvuran
top lüləsinə qoyub yeni hədəflərə məharətlə,
sərrast atmağı bacaran da Məmməd Araz idi.
Müxtəlif
dövrlərin Azərbaycan gerçəkliyini mənalı və
münasib şəkildə əks etdirən "Vətən
mənə oğul desə", "Yenə Arazı
gördüm", "Dağlara
çağırış", "Dünya düzəlmir",
"Bu millətə nə verdik ki", "Əsgər
oğul", "Ağlama", "Kəlbəcər
qaçqınlarına", "Qalx ayağa, Azərbaycan"
kimi ittiham və səfərbərlik ruhlu şeirlər Məmməd
Arazın böyük ilhamından və istedadından
doğulmuşdur. Məhz Məmməd Araz hələ XX əsrin
yetmişinci illərində əsarətə və müstəmləkəçiliyə
etiraz səsini ucaldaraq yaza bilmişdi ki:
Bir ölkənin
caynağından ölkə saldırıb,
Neçə-neçə bölünənlə
bölünməliyəm.
Bir
ölkənin sağlığına badə qaldırıb,
Bir ölkənin göz yaşına bələnməliyəm.
Xalq
şairi Məmməd Araz milli mücadilə savaşında
lazım gələndə böyük cəsarətlə vətəndaş
"qələmini - hərbi nazirə", "yazı
masasını - paytaxta", "kağızını -
bayrağa", sevgisini, nifrətini "ən nizamlı
qoşuna" çevirməyi bacarmış qüdrətli sənətkardır.
Məmməd Araz şeiri yarım əsrdən
çox müqəddəs Vətən səngərində
mübariz keşikdə dayanmışdır. Bu şeirin atəş sədaları mənəviyyatımızdan
tutmuş, ictimai mühitimizə, hətta sərhəd xətləri
və cəbhə bölgələrimizə qədər hər
yerdə əks-səda tapmışdır. Bununla belə, Məmməd Arazın
yaradıcılığında millilik bəşəriliklə
vəhdət təşkil edir. Şairin
insan haqqındakı düşüncələrində milli və
bəşəri duyğular üz-üzədir. Bundan başqa, onun poetik rübabında dünya məsələlərinə,
bəşəriyyəti düşündürən vacib
problemlərə dair fikir və qayğılar da
sıx-sıx öz əksini tapır. Lakin
bütün məqamlarda Məmməd Araz özünün
elan etdiyi kimi, "Azərbaycan dünyasından baxır
dünyaya". Şairin sırf, xalis bəşəri-fəlsəfi
səpkidə qələmə alıb, yüksək bədii
səviyyədə təqdim etdiyi dünya mövzusu isə
ilk növbədə Vətən övladlarını "gəlimli-gedimli"
dünyanın bənzərsiz "ömür-gün
naxışı"nın mahiyyəti ətrafında
düşündürməyə yön alır:
Bu get-gəllər
bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi
dünya.
Əbədiyə
qəh-qəh çəkir əbədi dünya,
Dünya
sənin,
Dünya
mənim,
Dünya heç kimin.
Məmməd Araz - tale şairidir. Onun
yaradıcılığı ilk növbədə
özünüifadənin ümumiləşmiş poetik tərcümanıdır.
Məmməd Araz ürək şairidir. Ürək - şairin "söz süfrəsi"dir.
Onu "ayaqlara palaz kimi" atmaq olmaz. Ürəklə
yaşamaq, səmimi, kövrək, həssas və mərd
olmaq insan və şair kimi Məmməd Arazın taleyidir.
Buna görədir ki, şairin "qəlbinin
yükü" bir qatarın yükündən
ağırdır. Xalq şairi Məmməd Arazın
poeziyası bütövlükdə "ürək
imtahanından" keçib uğurla sınaqdan
çıxmış, necə deyərlər, yüksək
"keyfiyyət nişanı"na layiq
görülmüş kamil sənət nümunəsidir.
Şeir yaradıcılığında olduğu kimi,
poemaları ilə də Məmməd Araz bənzərsizdir. Azərbaycan ədəbiyyatında
poema janrı Məmməd Arazın poemaları ilə yeni mərhələyə
çatmışdır. İnsan mənəviyyatının
dərin qatlarının poetik kəşfi, fəal vətəndaşlıq
mövqeyi və müasirlik, milli taleyimizin əhatəli təqdimi
bu poemaların ana xəttini səciyyələndirir.
Məmməd Arazın "Üç oğul
anası" (1957) poeması xalq yazıçısı
İsa Hüseynovun psixoloji nəsrinin milli poeziyadakı yol
yoldaşıdır. Əsərdə İkinci cahan hərbində
üç oğlunu itirmiş Azərbaycan
qadınının - Ananın mərdanə bədii obrazı
uğurla canlandırılmışdır. "Araz axır" (1960) poemasında tarixi və
milli taleyimizlə bağlı zamanın sözü Məmməd
Arazın təqdimatı əsasında zamanı qabaqlayaraq
özünün yüksək bədii-fəlsəfi əksini
tapmışdır. "Araz axır"
poemasından təxminən əlli ildən çox bundan əvvəl
müharibə əleyhinə yazılmış poetik
çağırış bu gün də bütün
dünya üçün aktual səslənir.
Əridib
silahları
Biz marten
sobasında,
Körpü
yarada bildik
Yerlə
Mars arasında, -
Müharibə
olmasa!
"Paslı qılınc" (1964) poeması sanki
yazıldığı dövrün yeni tipli
"Aygün"üdür. Bu əsərlə,
poema Azərbaycan ədəbiyyatında bir janr kimi ümumi
pafoslu mövzulardan sadə, bir qədər də mürəkkəb
həyati mətləblərin ifadəsinə yön
almışdır. Məmməd Arazın
"Atamın kitabı" poeması isə Azərbaycan ədəbiyyatında
böyük Mirzə Cəlil Məmmədquluzadənin
"Anamın kitabı" əsərindən sonra milli
birlik, Vətən təəssübkeşliyi və mənəvi
ucalıq haqqında yazılmış ən kamil poetik
dastandır.
Böyük
Mirzə Ələkbər Sabirə həsr olunmuş "Mən
də insan oldum" (1962) poemasında Məmməd Araz o zamankı sərt rejimə baxmayaraq,
örtülü vasitələrlə mənsub olduğu
xalqın azadlığı və müstəqilliyi
haqqındakı arzularını da ifadə etmişdir. Adından göründüyü kimi, "Əsgər
qəbri haqqında ballada" poemasında isə lirik
başlanğıc aparıcıdır. Əslində,
bu əsər poema-monoloqdur. "Qayalara
yazılan səs" isə tam halda lirik-romantik poema
formasında düşünülmüşdür. "Qayalara yazılan səs" poemasında orijinal
təbiət mənzərələri
canlandırılmış, peyzaj lirikasının
yaddaşlara həkk olunan mükəmməl nümunələri
yaradılmışdır. Belə məqamlarda
Məmməd Araz mahir bir şair-rəssam kimi
çıxış edir.
Məmməd Arazın çoxcəhətli
yaradıcılığında publisistikanın da özünəməxsus
yeri var. Məmməd Arazın publisistikası şair qələmindən
çıxmış bədii publisistikadır. Şeirin
ölçülərinə sığmayan ciddi həyati mətləbləri,
aktual məsələləri Məmməd Araz publisistika
nümunələrində əks etdirmişdir. Bu publisist yazılarda XX əsrin 60-80-ci illərinin
Azərbaycanın əsas qayğıları, inkişafı və
problemləri ilə birlikdə öz əksini tapmışdır.
Məmməd Araz publisistika janrlarının
hüdudları daxilində canlı, dinamik, inkişaf edən
həyatın əsas, ana rənglərini, təbii, həyati
obrazlarını, xarakterlərini sadəcə qəzet
dünyasına deyil, geniş mənada ədəbiyyata gətirmişdir.
"Naxçıvan albomu", "Yer üzünün
Qarabağ düzü", "Kür qovuşur Salyana",
"Torpaqdan göyərən ucalıq",
"Arpaçayın aşıb-daşan nəğməsi",
"İyirmi üç ildən sonra yazılmış
cavab" və s. bu kimi publisist yazılar aradan illər
keçsə də, əhəmiyyətini və dəyərini
itirməyən sənət nümunələridir. Qədim
Naxçıvanın nadir təbiət abidəsi Narbənd
ağacı haqqındakı təsvirlər ixtisasca
coğrafiya müəllimi olan xalq şairi Məmməd
Arazın lirik ovqata malik obrazlı baxışlarının
publisistikadakı təqdimatıdır: "Narbənd
ağacına uzaqdan baxanda hündür, yaşıl göbələyə
oxşayır. Onun köksündə bir
sürü yata bilər. Sıx
yarpaqları arasından günəş şüaları
keçə bilmir. Onun altında
şıdırğı yağışdan da qorunmaq olur.
Ancaq qəribə taleyi var bu ağacın... Yer
üzündən nəsli kəsilib. Onu
babalarımız Naxçıvanda əkib yaşadıblar.
Naxçıvanın isti yayında çox
münasib kölgəsi var. Narbənd ağaclarına
baxdıqda ağıllı, zəhmətkeş babalar
yadıma düşür".
Bədii tərcümə sahəsində də Məmməd
Araz uğurla fəaliyyət göstərmişdir. Vaxtilə
Abbas Abdullanın yazdığı kimi o, "ürəyindən
keçənləri başqa millətdən olan sənət
dostlarının şeirlərində görəndə sevinən,
onları ana dilimizdə oxuculara çatdırmağı
özünə borc bilən şairdir". Buna görədir ki, onun tərcümələrinin
böyük əksəriyyəti Məmməd Arazın
şair ürəyindən qopan öz şeirləri kimi səmimi
və poetikdir. Xüsusən, şairin Mixail Lermontov,
Taras Şevçenko, Qaysın Quliyev, Mustay Kərim, Oljas
Süleymenov, Mixail Svetlov, Sergey Vasilyev, Oleq Şeştinski və
başqalarından etdiyi tərcümələr kamil sənət
nümunələridir.
Göründüyü kimi, xalq şairi Məmməd
Araz məsuliyyətli ömür yolu ilə, yarım əsrə
yaxın davam edən böyük sənəti ilə həmişə
Vətən səngərində mübariz keşikdə
dayanmışdır. XX əsr boyu fərqli, ideoloji sistemlərdə
yaşayıb-yaratmasına baxmayaraq, xalq şairi Məmməd
Araz ədəbiyyatda və ictimai həyatda həmişə
azərbaycançılıq mövqeyinin böyük
müdafiəçisi olmuşdur. Məmməd
Arazın vətəndaşlıq poeziyası indiki müstəqillik
mərhələsində də millət və milli dövlət
yolunda döyüş səngərindədir. Şeirimizin "Daş əsgəri" kimi ədəbiyyata
gələn sənətkarın "qaya-sərkərdə"
səviyyəsində əbədi yaşamaq səlahiyyəti
qazanması ömrün də, sənətin də
çoxillik və çətin imtahanlarından alınan
yekun qiymətidir. Yarım əsrlik çoxcəhətli
və mənalı yaradıcılığı ilə Məmməd
Araz bütövlükdə mənsub olduğu xalqın ürəyində,
düşüncəsində məskən saldığını,
əbədi yaşamaq haqqı qazandığını təsdiq
etmişdir:
...Bütün
keçilməzliyi Vətən,
adınla
keçdim...
Haqqın
var Məmməd Araz,
Haqqın
var yaşamağa!
Məmməd Araz rəsmi təltiflərini - xalq
şairi fəxri adını, "İstiqlal" ordenini, əməkdar
incəsənət xadimliyini, Dövlət
mükafatını Vətənə və xalqa məsuliyyətlə
xidmət edərək böyük halallıq və qürurla
qazanmışdır.
Böyük sənətkar müstəqil dövlətimizin
yüksək diqqət və qayğısı ilə də əhatə
olunmuşdur.
Xalqımızın və ədəbiyyatımızın
böyük qayğıkeşi, görkəmli dövlət
xadimi Heydər Əliyev xalq şairi Məmməd Arazın sənətinə
və şəxsiyyətinə böyük ehtiram bəsləmişdir.
Məmməd Arazın anadan olmasının 60 illik yubileyinin
ölkəmizdə dövlət səviyyəsində
geniş qeyd olunması, şairin yüksək
"İstiqlal" ordeni ilə təltif edilməsi, Almaniyaya
müalicəyə göndərilməsi tədbirləri Məmməd
Arazın bədii yaradıcılığının
inkişafına böyük təkan vermişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqındakı 27 sentyabr 2013-cü tarixli sərəncamı görkəmli sənətkarın böyük sənətinə dövlət səviyyəsində göstərilən yüksək diqqəti və qayğını dolğun şəkildə ifadə edir. Sərəncamda öz əksini tapmış aşağıdakı fikirlərdə Məmməd Arazın ölməz sənətinin ana xətləri ümumiləşdirilmiş şəkildə diqqət mərkəzinə çəkilmişdir: "Vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Şairin yüksək bədii-fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, lakonik deyim tərzinə malik dərin ictimai məzmunlu lirikası gücünü vətən təbiətinin gözəlliklərindən, böyük tarixi keçmişimizin və milli ədəbi fikrin tükənməz xəzinəsindən almışdır. Ana dilinin bütün incəliklərini özündə toplamış bu poetik irs gəncliyin milli-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir".
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun xalq şairi Məmməd Arazın 80 illiyinin qeyd olunması və böyük söz ustadının dünyaya gəldiyi Şahbuz rayonunun Nursu kəndində ev muzeyinin yaradılması haqqındakı sərəncamları, habelə həyata keçirilən əhəmiyyətli yubiley tədbirləri qədim diyarda görkəmli sənətkarın sənətinin ədəbiyaşarlığına verilən qiymətin əməli göstəricisidir.
Xalq
şairi Məmməd Arazın kamil, müdrik, mübariz sənəti
yaşayır və xalqımızın daha böyük
üfüqlərə doğru müasir inkişafına
uğurla xidmət edir.
İsa HƏBİBBƏYLİ,
AMEA-nın vitse-prezidenti,
Milli Məclisin deputatı,
Akademik
Azərbaycan.-2013.- 12 oktyabr.- S. 9.