İşğal vadisi

 

Birinci işğal aktından (Gülüstan, 12 oktyabr 1813-cü il) 200 il ötür

 

Kiçik çillə sərt başlamışdı. Lüt təpəliklərin arası ilə qıvrılaraq düzənliyə şığıyan külək yalquzaq səsi ilə ətrafa yayılır, özü ilə sazaq və vahimə gətirirdi. Sürətlə uçan qar dənələri tüfəng lüləsindən çıxan qırma kimi üzləri qarsırdı. Yerli sakinlər buna çolpanaq deyərdilər. Bu cür sərt qışın bir də on beş il əvvəl olduğunu və gətirdiyi fəsadları xatırlayanlar vardı. İndi isə bu qurd siqlətli çolpanağın uğultusu altında iki atlı dəstə görüş yerinə tələsirdi. Bu görüşün ünvanı Təbriz yaxınlığında qərar tutmuş Türkmançay qalaçası idi...

Görüş yerinə eyni vaxtda çatmışdılar. Müxtəlif səmtlərdən və müxtəlif uzaqlıqdan gəlsələr də, danışıq qaydasına dəqiq əməl etmişdilər. Lakin onlardan biri əvvəlcədən təyin olunmuş ünvana can atdığı halda, diğəri bu yerə könülsüz at çapmışdı...

Dəstələr qalaçanın qarşısında bir-birindən on addımlıq məsafədə atlarının yüyənini dartıb dayandılar. Ağızlarından köpük daşdanan, tərləmiş bədənlərindən buxar havalanan köhlənlər kişnəyərək şahə qalxdılar, dartılmış cilovun gücünü hiss edərək, yerlərində fırlanıb, dırnaqları ilə yer eşdilər. Hər iki dəstəni buraya gətirən köhlənlər Qarabağ cinsli döyüş atları olduğundan yallarını qabardaraq başlarını tərpətdilər, sanki bir-birini salamladılar. Köhlənlərin yəhərində oturanlar isə bir-birini qəzəb və nifrət hissi ilə süzürdülər.

Boz gül-gül kəhərin yəhərində şəstlə əyləşmiş, ağ mundirinin üstündən ağ planşet (yapıncı) taxmış, qışın soyuğuna məhəl qoymayan çallaşmış saçlarını küləyin darağına verən şəxsin baxışında istehza ilə yoğrulmuş təbəssüm vardı. O, qarşıdakı atlı dəstənin başdan-başa qara rəngə bürünməsini məğlubiyyətin nəticəsi olduğunu duyaraq, bundan həzz alırdı. Qara atlıların başçısını mühafizəçilərdən ayırmaq çətin idi. Lakin çolpanaqlı havada aralıdan belə görünürdü. Öndə dayanmış siyah rəngli köhlənin qaşqası qar kimi ağappaq idi. Üstündəki qara əbalı cüssəli şəxsin uzunsov əmmaməsinin qaşını Qacarlar sülaləsinin rəmzi olan iri zümrüd bəzəyirdi.

Ağ qiyafəli atlı əlini qaldıran kimi qalaçanın darvazası taybatay açıldı. Boz atlılar qabaqda, qaralar onların arxasınca içəri daxil oldular. Hər iki dəstənin mühafizəçiləri dərhal yəhərdən enib, atları bir kənara çəkdilər, qalaçanın kiçik həyətinin sağ və sol cinahında yerlərini tutdular. Tərəflərin barmaqları silahların tətiyində və qara əbaların qaldırılmış ətəyi altından görünən qılıncların dəstəyində qıfıllandı. Başçılar atdan enib öz yavərlərinin müşaiyəti ilə sütunlu eyvana, oradan da "şah xanəsi" deyilən görüş otağına doğru addımladılar. Yenə də öndə ağ qiyafəli adam addımlayırdı. 

Bu qala əslində şah nəslinin ovlaq sığınacağı idi. Təbrizdən Ərdəbil yamaclarınadək uzanan bu enişli-yoxuşlu, çaylı-meşəli düzlər kəklik, turac, qırqovul, hələ desən, əlik sürüləri ilə bol idi. Bu yerlərdə yalnız şah və onun oğlanları, yaxud şahın icazə verdiyi əyanlar ov edə bilərdilər. Ağaməhəmməd şah Qacar Qarabağda (Şuşa altında) qətlə yetirildikdən sonra taxt-taca sahib olan iyirmi beş yaşlı Fətəli şah cavanlığın bir ləzzətini də ovda dadırdı. Həddən artıq eyş-işrət və ov hərisi olan cavan şah bu seyrangahda tez-tez kef məclisləri qurdurardı. Bu məqsədlə də Türkmançay sahilində qərar tutmuş bir balıqçı komasını kiçik qalaya çevirərək onu şahlara layiq istirahət məkanına döndərmişdi. Bir vaxtlar buraya şah məclisinə dəvət olunan səlahiyyət sahibləri indi İran ordusunun təslim aktını imzalamağa gəlmişdilər...

Qabaqda gedən ağ libaslı adam "şah xanəsinə" yaxınlaşarkən qapılar açıldı, içəridəkilər dərhal ayağa qalxaraq astanadan otağa daxil olan səlahiyyət sahibləri qarşısında təzim etdilər. İri otağın istisi və rahatlığı gələnlərin diqqətindən yayınmadı. Ağ libaslı adam bu rahatlıqdan məmnun olduğunu dərhal büruzə verdi, amma onun dedikləri buradakıların bəziləri üçün çox acı idi:

 

- Şah həzrətləri bilsəydi ki, bir gün bu xanəsində onun düşmənləri əyləşəcəklər, belə bir rahətxanə yaratmazdı... - dedi və ucadan güldü. Sonra ciddiləşərək özünü təqdim etdi:

- Mən, general-qubernator İvan Fyodoroviç Paskeviç Əlahəzrət İmperator Birinci Nikolay tərəfindən qüdrətli rus ordusunun İran ordusu üzərində qələbəsini təsbit edən müqaviləni imzalamaq üçün vəkil edilmişəm...

Sözünə ara verdi. Baxışları ilə otaqdakıları bir-bir süzdü, onları düşüncəsinin süzgəcindən keçirəndən sonra tanış sifətin üzərində dayandı. Amiranə səslə dedi:

- Saşa, qonaqları təqdim elə!

Generalın ərklə "Saşa" adlandırdığı şəxs İmperatorun əmri ilə İrana yenicə təyin olunmuş səlahiyyətli səfir Aleksandr Sergeyeviç Qriboyedov idi. Əslində onu səfir vəzifəsinə qoyduran general Paskeviç olmuşdu. Cəmi bir il əvvəl Aleksandrın ağlına gəlməzdi ki, onu həbsxanadan çıxarıb, İran kimi qüdrətli bir dövlətə səfir göndərəcəklər. Ancaq qəribə də görünsə belə olmuşdu. Məşhur "Dekabrist terror təşkilatı" ilə əlaqəsi faş olunan gənc Aleksandr həbs edilərək zindana salınmşdı. Onu digər "dekabristlər" kimi edam cəzası gözləyirdi. Elə bu zaman bəxt ulduzu parlamış, uzaq qohumluğu çatan kazak əsilli Paskeviçlər ailəsinin mərhəməti sayəsində dar ağacından xilas ola bilmişdi. Imperator Birinci Nikolay "Qafqaz qartalı" ayaması ilə məşhurlaşmış, ikinci Rusiya-İran müharibəsində qələbəni təmin etmiş ordu komandanı general Paskeviçin öz qohumu barədə xahişini rədd edə bilməmişdi. O, "üsyankar şairi, bəstəkarı və pianoçunu" nəinki əfv etmiş, həm də ona yüksək vəzifə vermişdi. Bununla Əlahəzrət İmperator sərt və inadkar Paskeviçin kəsərli silahı və hiyləgər cavan şairin ağıllı başı ilə Cənub siyasətini uğurla həyata keçirmək haqqında düşünmüşdü...

Aleksandr Qriboyedov General Paskeviçə doğru təzim edərək, otaqdakıları təqdim etdi. O, missiyasını:

- Cənab Ordu komandanı, - deyə generala müraciətlə başladı və ilk olaraq qara əbalı şəxsləri təqdim etdi: - İran hökmdarı Fətəli şah Qacar həzrətlərinin  səlahiyyətli nümayəndəsi, İran dövlətinin xarici siyasət naziri Mirzə Əbdül Həsən xan öz yavəri Hüseynəli bəylə birlikdə təslim aktını imzalamaq üçün hüzurunuza gəlib...

Gənc səfir bu təqdimatında bir qədər səhvə yol verirdi. Lakin bu yanlışlıq  onun məlumatsızlığı ucbatından deyildi. Əslində "yavər Hüseynəli bəy" adlandırılan şəxsin qara atlas əbası altında iki ayağını aralı qoyaraq dimdik dayanan ucaboylu, pəhləvan cüssəli bu adam Fətəli şahın doğmaca oğlu, Təbriz hakimi Abbas Mirzə Qacar idi. O, şahzadələrə məxsus libasını və Qacarların rəmzi olan zümrüd qaşlı uzunsov əmmaməsini adi mühafizəçi çalması ilə əvəzlədiyindən kim olduğunu müəyyənləşdirmək çətin idi. Vəliəhdin təslim görüşünə gəlişinin səbəbini isə özündən başqa heç kim bilmirdi. Ya Fətəli şah özünün siyasət nazirınə etibarını itirdiyindən oğlunu ona güdükçü təyin eləmiş, yaxud da intiqam hissi ilə qovrulan cəsur sərkərdəni buraya dartıb gətirən qəlbindəki qəzəb hissi olmuşdu. Şahzadə Abbas Mirzə bütövlüyü uğrunda vuruşduğu Azərbaycanın parçalanma aktını öz gözləri ilə görmək istəyirdi...

 

Paskeviç İran şahının siyasət üzrə vəziri Mirzə Əbdül Həsən xanı başdan ayağa diqqətlə süzərək, istehza ilə dilləndi:

- Ağ bayrağınızı bir qədər də gec qaldırsaydınız, bu məclisi Tehranda keçirməli olacaqdıq...

 Dedi və qaliblərə məxsus əda ilə oturduğu yumşaq taxtda yayxandı. Birdən nəyisə xatırlamış kimi dikələrək soruşdu:

 - Kimdir tərcüməçi, mənim dediklərimi bu ağalara çatdıran varmı?

  A.Qriboyedov dərhal cavab verdi:

 - Var, Əlahəzrət... - Sonra bir tərəfdə əmrə müntəzir dayanan orta yaşlı, qaraşın çöhrəli, rus qiyafəli zabiti göstərib dedi: - Çar ordusunun sədaqətli zabiti, poruçik Abbasqulu ağa Bakıxanov cənabları bugünkü məclisdə tərcüman kimi iştirak edir. Cənab Bakıxanov azərbaycanlıdır, Qafqazda baş verən hadisələrin tarixini qələmə alır, həm də Qüdsi təxəllüsü ilə gözəl şeirlər yazır... Cənab Bakıxanov bir çox əcnəbi dilin, o cümlədən rus, fars, ərəb dillərinin bilicisidir...

Səfir onu da qeyd etdi ki, "cənab Bakıxanov iyirmi  beş yaşında ikən Qafqaz canişini general Yermolov tərəfindən Tiflisə dəvət olunaraq Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri üzrə tərcüman vəzifəsinə qəbul edilmişdir. Artıq on ilə yaxındır ki, bu sahədə çalışır və Əlahəzrət İmperatora sədaqətini şərəflə nümayiş etdirir".

Bu cür təfsilatlı təqdimat generalın xoşuna gəldi. Odur ki, təbəssümlü baxışını tərcümana tərəf yönəldib, iltifatlı sözlər söylədi:

- Əlbəttə, rus təbəəliyini qəbul edib, İmperiyaya sədaqətlə qulluq edən yerli ağalar böyük hörmətə layiqdirlər. Onlar daim Əlahəzrət İmperatorun hımayəsini hiss ediblər və edəcəklər... - Sonra amiranə dilləndi: - İndi isə cənab Bakıxanov, mənim dediklərimi şah nümayəndələrinə çatdırın.

Abbasqulu ağa beyninə həkk olunmuş acı sözləri saf-çürük edərək, bir qədər "yumşaldıb", fars dilində qara əbalılara çatdırmaq istədi. Lakin farsca ilk kəlməsini qurtarmamışdı ki, Şahın vəziri onun sözünü kəsdi və təmiz Azərbaycan dilində:

- Öz dilinizdə danışın, sizi başa düşərik, - dedi. - Gərək ki, bilməmiş deyilsiniz, biz də Azərbaycan türkləriyik...

Abbasqulu ağa Qacarlar nəslinin və onlara yaxın olan əyanların əksəriyyətinin Azərbaycan əsilli olduğunu yaxşı bilirdi. Lakin onu da yaxşı bilirdi ki, Rusiya- İran sülh danışığında əsas ünsiyyət vasitəsi rus və fars dilləri olmalıdır. Bununla belə o, Mirzə Əbdül Həsən xanın sözünü yerə salmadı, deyilənləri Azərbaycan dilində çatdırdı.

Tərcümanla iranlılar arasında gedən bu qısa mükalimə rus tərəfin diqqətini çəkmədi. Onlar nə farsı, nə də azərbaycancanı bilirdilər. Bir də ki, qalibin dediklərinin məğluba hansı dildə çatdırılmasının onlar üçün elə bir fərqi yox idi. Bu məclisdə isə hökmlə danışan qaliblər idi, məğlublar isə onları dinləməyə və başlarının hərəkəti ilə deyilənləri təsdiq etməyə məhkum idilər...

General Paskeviç yenidən üzünü Mirzə Əbdül Həsən xana tutdu.

- Gərək ki, on beş il əvvəlki təslim aktını da siz imzalamışdınız, - dedi. - O zaman Azərbaycanı iki yerə bölmək barədə Gülüstan müqaviləsini biz tərəfdən General Ratişev qollamışdı...

Sahın vəziri başını tərpətməklə "elədir" cavabını verdi. General Paskeviç isə istehza və zəhər dolu sözləri ilə qarşı tərəfi alçaltmaq niyyətini həyata keçirmək istəyirdi:

- Sizin əliniz yüngül imiş, Vəzir ağa... Birinci təslim aktını imzalayandan sonra bizim qələbələrin, sizin isə məğlubiyyətlərin sayı artmağa başladı. Müqavilənin şərtlərini pozduğunuz üçün burnunuz yaxşıca əzildi. Nəticə çöz qabağındadır, yenilməz rus qoşunları Təbriz ətrafında oturub, buradan isə İran taxt-tacına məsafə çox qısadır...

Şahın vəziri onun və dövlətinin ünvanına deyilən alçaldıcı sözləri təmkinlə dinlədi. Lakin onunla çiyin-çiyinə dayanmış "yavəri" yerində qımıldandı, dişlərini qıcayaraq sağ əlini sol qurşağında bənd edilmiş qızıl qəbzəli xəncərinə uzatdı. Vəzir bunu hiss edərək dirsəyi ilə vəliəhdin qoluna toxundu, astadan pıçıldadı: "Mənim ağam, səbirli olun..."  Mirzə Əbdül Həsən xan Fətəli şah Qacar hakimiyyətə gəldiyi vaxtdan bəri, yəni iyirmi beş ildən artıq müddət ərzində sarayın baş məmurlarından biri olmuş, ordu sərkərdəliyindən şahın siyasət vəziri rütbəsinədək yüksəlmişdi. O, dünya hadisələrindən yaxşı baş çıxarır, əsrin əvvəlindən bəri səngiməyən müharibələri və baş verən olayları doğru-düzgün təhlil edə bilirdiı. Onu da yaxşı bilirdi ki, son iki onillikdə Rus İmperiyasının işğalçılıq iştahı birəbeş artıb və toplu-tüfəngli imperiya qoşunlarının qarşısında tab gətirmək çətindir. Belə getsə İran dövləti nəinki bütöv Azərbaycanı, hətta öz torpaqlarını da itirə bilərdi. Vəzir şimaldan gələn qasırğanın törədəcəyi fəsadları Fətəli şaha anlada bilmiş, onu təcili sülh danışığı aparmağa razı salmışdı. Şimali Azərbaycanı tamamilə itirməli olsalar da, vəzir bunu "uğurlu saziş" adlandırırdı. O, "ziyanın yarısından qayıtmaq da qoçaqlıqdır, heç olmasa Azərbaycanın yarısı bizdə qalar" deyə düşünürdü. Kef məclislərindən başı ayılmayan Fətəli şahın bu təslimçilik qərarına qarşı üsyankar mövqe tutan təkcə vəliəhd Abbas Mirzə Qacar idi...

Tərəflərin Türkmançay görüşü qısa zaman üçün nəzərdə tutulmuşdu. Çünki bağlanacaq sülh müqaviləsinin - Rusiya üçün qələbə, İran üçün məğlubiyyət aktı olan müqavilənin müddəaları əvvəlcədən hazırlanmış, tərəflərə təqdim olunmuş və imzalanmaq üçün razılıq əldə edilmişdi. Türkmənçay müqaviləsində Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi, İrandan erməni əhalisinin Rusiya imperiyasının yeni torpaqlarına (İrəvan, Naxçıvan, Qarabağ və s.) köçürülməsi, İranın Rusiyaya təzminat ödəməsi, Rusiya donanmasının Xəzərdə şəriksiz hakim olması və rus tacirlərinin İranda ticarət güzəştləri əldə etməsi barədə maddələr vardı...

Iran şahının nümayəndələri buraya yollanarkən təslim aktını dərhal imzalayıb, geri qayıdacaqlarını zənn etmişdilər. Lakin onlar üçün alçaldıcı olan bu görüş acı bağırsaq kimi uzanırdı. Adətən qaliblər qələbənin ləzzətini duymaq üçün belə anları mümkün qədər uzatmağa çalışırlar. Pişik də ovladığı siçanı dərhal udmur, onu oynadıb yorandan sonra əsas işini görür...

Türkmançay müqaviləsinin şərtlərində çoxlu sayda "xırdalıqlar", generalın tez-tez təkrar etdiyi "incə məqamlar" vardı. Məhz bu məqamları məğlub tərəfin beyninə həkk etmək istəyən general Paskeviç dil qəfəsə salmır, danışdıqca cuşa gəlirdi.

- Bundan sonra bir fars əsgəri də Arazı adlayıb Rusiyanın tabeliyinə keçmiş Azərbaycan torpaqlarına ayaq basmayacaq... - deyə şəhadət barmağı ilə qarşısındakıları hədələdi. - Əgər basarsa, bu dəfə qələbə bayrağımızı Şahın sarayı üzərinə sancacağıq... Onsuz da babamız Birinci Pyotrun vəsiyyətinə görə İstanbulu və Tehranı Rus İmperiyasının cənub paytaxtlarına çevirməliyik...

General son sözlərinin şirinliyindən qəşş edib güldü. Bu zaman vəzirin yavəri dişlərini qıcayaraq astadan dilləndi: "Bir onu görməyəcəksən, əbləh!"

Tərcüman bu sözlərdən xeyli təəccübləndi və deyilənləri ruscaya çevirməkdə tərəddüd etdi. O, qalib tərəfin azğın danışığından məğlubların səbr kasasının dolduğunu,  məclisdəki ab-havanın sərtləşdiyini hiss edir, bunun pis sonluqla qurtara biləcəyindən ehtiyat edirdi. Yaxşı bilirdi ki, bu müqavilə illərdən bəri davam edən qanlı müharibələr, hər iki tərəfdən həlak olmuş  minlərlə insanın qanı, nəhayət Azərbaycan adlı cənnət diyarın işğalçıların tapdağı altında qalması bahasına başa gəlmişdir. Hər hansı məğlətə sayəsində müqavilə baş tutmazdısa, yenidən silahlar işə düşəcək, qan töküləcək, onsuz da dağılıb parçalanmış Azərbaycan torpaqları xarabaya çevriləcəkdi. Bunları yaxşı dərk edən Abbasqulu ağa alovlanan ocağa çırpı atmaq istəmirdi. Odur ki, yavərin dediklərini tərcümə etməkdən vaz keçmək istədi. Lakin  Şah nümayəndələrinin hər bir hərəkətini gözdən qoymayan general Paskeviç dərhal soruşdu:

- Vəzirin yavəri dodağının altında nə mızıldanır?

Abbasqulu ağa bu suala cavab verməyə bilməzdi. Odur ki, ağlına gələn sözləri dilinə gətirdi:

- Ağaye Vəzirin yavəri buyurdu ki, "ixtiyar sahıbisiniz, nə istəsəniz onu da edərsiniz..."

Ordu komandanı bu sözlərdən xoşhal oldu, yüngülcə qımışaraq dedi:

- Doğru deyir yavər, indi biz külli-ixtiyar sahibiyik, nə istəsək onu da edə bilərik... İstəsək lap Azərbaycanın sizə düşən hissəsinə də sahib ola bilərik...

Qarşı tərəfdə yenə də "qımıldanma" sezildi, ancaq bu narahatlıq danışıqsız biruzə verildiyindən tərcüməyə ehtiyac olmadı. General isə müqavilə şərtlərinin "incə məqamlarını" şərh etməkdən yorulmaq bilmirdi.

- Bundan sonra Azərbaycandakı xanlıqların hamısını ləğv edib, yerində qəzalar yaradacağıq, qəzaları rus canişinləri idarə edəcəklər... Günki Azərbaycanda xanlıq üsul-idarəsi özünü doğrultmadı. Yerli hakimlərin lovğalığı və bir araya gəlib birləşmək istəyində olmaması ucbatından Azərbaycanda vahid dövlət yaranmadı. Bu da əsrin əvvəlindən bəri Azərbaycana başlayan zəfər yürüşümüzü xeyli asanlaşdırdı. Hərçənd bəzi xanlıqlar rus ordusuna çox çətinliklə təslim oldular. Hətta Cəncə xanı Cavad xan Qacar höccətlik edərək təslim olmadı, nəticədə general Pavel Sisianov tərəfindən məhv edilərək, iki oğlu ilə birlikdə qala divarlarına hörüldü...

Mirzə Əbdül Həsən xan içərisində soruşdu: "Bəs Bakı hakimi Hüseynqulu xanın general Sissianaşvilinin başını kəsdiyini niyə demirsən?" Paskeviç isə sözünün davamını söyləyirdi:

- Əlbəttə, Cavad xanın ölümü bizim işğal planımızı xeyli ləngitdi. Bu qətldən sonra İran dövləti Rusiyaya qarşı rəsmi müharibə elan etdi. İran ordusu bir sıra döyüşlərdə qələbə çalsa da, son söz bizim oldu. Azərbaycan torpaqları uğrunda gedən doqquz illik müharibə İran dövləti üçün biabırçı Gülüstan müqaviləsi ilə başa çatdı... Lakin bu da son olmadı...

Mirzə Əbdül Həsən xan o illəri yaxşı xatırlayırdı. O dövrdə İran ordusuna başçılıq edirdi və hadisələrin axarında idi. Şah ordusunun dalbadal məğlubiyyətə uğradığının səbəbini də yaxşı bilirdi. Gülüstan müqaviləsindən bir il qabaq Çar Rusiyası ilə Osmanlı İmperiyası arasında Buxarest müqaviləsi imzalandı. Bununla da Osmanlı İmperiyası ruslar tərəfindən Qafqazın  işğalını tanıdı, bu torpaqlara iddiasından əl çəkdi. Elə bu zaman  Napoleonun başçılığı altında Fransa ordusunun Rusiyaya  hücumundan dəyərlənməyə çalışan İran vəliəhdi Abbas Mirzə Qacar  Azərbaycan xanlıqlarını birləşdirmək, işqalçılara qarşı vahid cəbhə yaratmaq qərarına gəldi. Lakin bunu bacarmadı. Azərbaycan xanlıqlarını bir bayraq altında birləşdirmək mümkün olmadı. Ruslar güclü idilər və bölgədə  hərbi-siyasi üstünlük qazanmışdılar. Bu hal İran dövlətinin müttəfiqi olan İngiltərəni bərk narahat edirdi. Məhz ingilislərin  təkidi ilə İran təcili olaraq Rusiya ilə müqavilə imzalamaq qərarına gəldi. Beləliklə, 1813-cü ilin 12 oktyabrda Gəncə yaxınlığındakı Gülüstan kəndində birinci Rusiya-İran müharibəsinin qurtarmasını bildirən müqavilə imzalandı. Bu müqavilənin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilirdi. İran tərəfdən həmin təslimçilik aktını imzalayan Mirzə Əbdül Həsən xan elə indiki kimi düşünmüşdü: "Ziyanın yarısından qayıtmaq da bir qoçaqlıqdır..." O, Azərbaycanın   İran Qacarlar Dövlətinin sonrakı aqibətini görürdü və fikrində yanılmamışdı. İndi, düz on beş ildən sonra Təbrizin Türkmançay qalaçasında  daha bir biabırçı təslim aktını imzalamaq məcburiyyətində qalmışdı...

 

     General Paskeviç mətləbdən uzaqlaşdığını hıss edib Türkmançay müqaviləsinin üstünə qayıtdı:

- Müqavilənin əsas  müddəalarından biri erməni məsələsidir, - dedi. - Əlahəzrət İmperatorun tapşırığı ilə Azərbaycanın Naxçıvan və İrəvan xanlıqlarının ərazisində "erməni vilayəti" yaratmalıyıq. Bu ərazidə erməni əhalisinin azlığını nəzərə alaraq İranın dıgər ərazilərində yaşayan erməni ailələrini buraya köçürməliyik... Ümidvaram ki, gənc səfirimiz Qriboyedov cənabları bu işdə fəal yardımçımız olacaq...

Aleksandr Qriboyedov "bə-çeşm" edib dilləndi:

Qraf həzrətlərinə kömək etməkdən şərəf duyardım...

- Bu zaman xəyal Vəzirin "yavəri", Abbas Mirzə Qacarı ötən illərə çəkib aparmışdı. O, məşhur Üçkilsə döyüşündə rus ordusunu necə pərən-pərən saldığını xatırlayırdı. Onun rəhbərlik etdiyi türk tayfalarından ibarət ordu Azərbaycanla sərhədi keçərək Üçkilsə adlı yerdə ruslarla döyüşə girdi. Rusların texniki üstünlüyünə baxmayaraq azərbaycanlı döyüşçülərin cəsurluğu rusları geri çəkilməyə və müdafiə mövqeyində durmağa məcbur etdi. Qacar atlılarının ildırım sürətli hərəkətləri rus topçularına lazımi mövqeləri tutmağa imkan vermədi. Nəticədə topçuların dəstəyindən məhrum olan rus piyadaları köməksiz kütləyə çevrildi və onların məhv edilməsi qacar atlıları üçün xüsusi problem olmadı. Qazandığı uğurdan istifadə edən Abbas Mirzə ölkədə güclü mərkəzi hakimiyyətin olmamasından istifadə edən və ruslara arxalanaraq özbaşınalığa yol verən Məhəmməd xanın hakim olduğu İrəvan xanlığı üzərində nəzarəti  Azərbaycanın qanuni huququnu bərpa etdi...

Budur,  yeni müqavilə İrəvan xanlığını Azərbaycandan, o cümlədən Qacar Dövlətindən alıb Rusiyanın vassalına çevirmək siyasətini təsbit edirdi...

Şahzadə Abbas Mirzə öz adını eşidib xəyaldan ayrıldı. Qraf bu dəfə hündürdən və qəzəblə danışırdı:

- ...Gülüstan müqaviləsini pozan və rus ordusunun zəfər yürüşünü düz on beş il geri atan vəliəhd Abbas Mirzə Qacar oldu. Ağzından süd iyi gələn, hərb elmindən baş çıxarmayan bu dəliqanlı şahzadə özünü "Azərbaycanın xilaskarı" elan edərək yerli əhalidən ibarət qoşun yaratdı, rus mövqelərinə qəfləti hücumlar edərək, bizi çoxlu tələfata uğratdı... Amma bu yalançı azərbaycanlı sərkərdənin hiyləsi baş tutmadı...

Bu dəfə tərcüman içərisində etiraz etdi: "Yox general həzrətləri, şahzadə Abbas Mirzəni "yalançı azərbaycanlı ", yaxud "naşı sərkərdə" adlandırmaqda səhv edirsiniz..." Neçə ildən bəri Qafqazda baş verən müharibələrin tarixini və sərkərdələrin həyatını çözələyən Abbasqulu ağa Bakıxanov hələ Ağaməhəmməd Şah Qacar tərəfindən vəliəhd elan olunmuş, yeniyetmə yaşlarından silaha sarılıb odlu döyüşlərin qucağına atdanan Abbas Mirzə haqqında kifayət qədər məlumatlı idi. Əvvəla, Abbas Mirzənin damarlarında təmiz türk-azərbaycanlı qanı axırdı. Anası Asiyabəyim xanım Quba hakimi Fətəli xanın qızi idi. Abbas uşaqlığının bir hissəsini Qubada və Bakıda keçirmiş, Fətəli xanın himayəsi altında mükəmməl təhsil almışdı. Şah oğlu həm də mükəmməl hərb elminə yiyələnirdi. On yaşındaykən ən xam atları ram etmək, qılınc oynatmaq, odlu silahdan atəş açmaq,  uzaq məsafədən ox-kamanla və xəncər tullamaqla hədəfi dəqiq nişan almaq yarışlarında qalib gələrək, döyüş meydanlarına çıxmaq hüququ qazanmışdı. On iki yaşında isə paytaxtı Təbriz olan Azərbaycanın valisi təyin edilmişdi. Abbas Mirzə cəsur və şücaətli sərkərdə olmaqla yanaşı, həm də son dərəcə ədalətli və yenilikçi idi. O, vergiləri azaltmış, əsirlərə işgəncə verilməsini qadağan etmiş, Təbrizdə qərb texnologiyası ilə işləyən ilk mətbəə açdırmışdı. Bundan əlavə, gənc Abbas Mirzə Azərbaycanın etibarlı müdafiəsini təşkil etmək haqqında düşünürdü. O, ordunu müasir tələblərə uyğun qurmaq üçün xaricdən yeni silahlar alır, əsgərlərin döyüş bacarığını artırmaqdan ötrü əcnəbi mütəxəssislər-təlimatçılar dəvət edirdi. Bununla da kifayətlənməyib hərb və diplomatiya təhsili almaq üçün azərbaycanlı gəncləri xarici ölkələrə göndərirdi... Bütün bunlar Abbas Mirzəni Azərbaycan və azərbaycanlılarla canbir qəlbdə birləşdirmişdi. Onun bir əmri ilə bütün Azərbaycan ayağa qalxar, lazım gəlsə ölümə gedərdi. Hətta bir dəfə atası Fətəli Şah Qacar vəliəhdin taxt-taca sahib olmaq niyyətindən şübhələnərək onu Azərbaycan hakimliyindən uzaqlaşdırmaq istəyərkən Abbas Mirzədən belə cavab almışdı: "Ata, məni öldür, amma Azərbaycandan ayırma..." Ata-bala bu söhbətdən sonra bir daha həmin mövzuya qayıtmamışdılar.

Tarixçi, şair, tərcüman Abbasqulu ağa Bakıxanov bu anda heç ağlına gətirməzdi ki, bütün Qafqazda az qala əfsanəyə çevrilmiş vəliəhd Abbas Mirzə Qacarla yanaşı dayanmışdır. General-qubernator İvan Paskeviç isə "hərb elmindən baş çıxarmayan dəliqanlı sərkərdə" haqqında hədyan sözlərini yağdırmaqda davam edirdi:

- Öz qoçaqlığı ilə  "Qafqazın Suvorovu" ləqəbini qazanmış general Pyotr Stepanoviç Kotlyarevski bu iddialı uşağın burnunu yaxşıca əzişdirdi... Ordusunu darmadağın etdi, özünü də qandallayıb, çarın hüzuruna göndərdi...

 Tərcüman deyilənləri tərcümə edib qurtarmamışdı ki, qulağının dibində hayqırtiya bənzər səs eşitdi:

 - Yalandır!

Qəzəblə çığıran Vəzirin "yavəri" idi. Bu hərəkəti ilə otaqdakıların hamısını heyrətləndirdiyini hiss edirmiş kimi, cəld başının çalmasını və alnını örtən polad rübəndini kənara tulladı. Qara şəvə saqqalı ilə halələnmiş sifəti, ülgüclə təraş edilmiş başı açıqda qaldı. Tünd mavi gözləri sanki od saçırdı. Tərcüman onu tanıdı. Bu, şəkilləri, o cümlədən Peterburqun İmperator sarayında çəkilmiş şəkilləri əllərdə gəzən İran şahının oğlu, vəliəhd Abbas Mirzə Qacar idi. Səhv etmirdi. O özü idi. Lakin Abbasqulu ağanı daha çox heyrətləndirən başqa şey idi. "Vəliəhd niyə buraya gəlib? Məgər bilmirmi ki, rus komandanlığı onun qanına susayır?"  Bu suallara cavab axtararkən vəliəhdin  ona müraciətini eşitdi:

- Rica edirəm, mənim dediklərimi dəyişmədən qraf Paskeviçə çatdırın...

Dedi və şax dayanaraq, üzünü generala tərəf tutdu, şahlara məxsus təmkin və əzmlə danışdı:

- "Südəmər və hərb elmindən bixəbər dəliqanlı" adlandırdığınız Abbas Mirzə Qacar qarşınızda dayanıb. Mənim və azərbaycanlılardan ibarət yaratdığım ordu haqqında danışdıqlarınızın hamısı cəfəngiyatdır. Siz həddən artıq lovğa və yalançısınız. Mən heç zaman döyüş meydanından qaçmamışam və çarın hüzuruna da əsir , yaxud girov kimi yox, Qacarlar Dövlətinin elçisi kimi getmişəm. Onu da deyım ki, Əlahəzrət İmperator sizin kimi qaba, mədəniyyətsiz sərkərdəni Qafqaza göndərməkdə səhv edib. Siz bu yerləri işğal və talan etsəniz də xalqın ürəyini fəth edə bilməyəcəksiniz. Çoxlarınız general Sisianov kimi başınızı burada itirəcəksiniz...

O, danışdıqca coşur, dəstəyindən yapışdığı qızıl qəbzəli xəncər tez-tez qınına girib-çıxırdı. Bu anda o, xəncərini tolazlayaraq, generalın hulqumunu üzə bilərdi. Əbdül Həsən xan şahzadənin çılğınlığına yaxşı bələd idi. Gözləri qızanda heç nədən çəkinməzdi. Digər tərəfdən isə generalın yavəri də işini ehtiyatlı tutub, mauzerini ayaqda saxlamışdı. Məsələ bir qədər də qəlizləşsə hər iki tərəfdən qan axıdıla bilərdi. Odur ki, vəliəhdin qarşısına keçərək, bədənini ona sipər etdi. Həm də asta səslə onu sakitıləşdirməyə çalışdı:

- Sakit olun, ağa... Atanız Şah həzrətləri belə buyurmamışdı...

Abbas Mirzə onun sözünü kəsdi, amiranə dilləndi:

- Vəzir, sizə həvalə edilən missiyanı yernə yetirin, müqaviləni imzalayın... Biz buraya mənasız moizə dinləməyə gəlməmişik...

Vəzir vəliəhdin əmrinə tabe oldu, "baş üstə" deyib, üzərinə müqavilə sənədləri qoyulmuş kiçik masaya yaxınlaşdı. Rus və fars dillərində yazılmış vərəqlərin son səhifəsində İran dövlətinin möhürünü basdı, üzərində aydın hərflərlə yazdı: " İran dövlətinin xarici siyasət vəziri (naziri) Mirzə Əbdül Həsən xan, 12 fevral 1828-ci il (miladi)"

Vəziyyətin bu cür kəskin dəyişəcəyini gözləməyən General Paskeviç vəliəhdin qəflətən "peyda olmasından" və  aldığı söz zərbəsindən əvvəlcə bərk sarsılmış, lakin tədricən özünə gələrək, düşündüyü planı içərisində götür-qoy etməyə başlamışdı. İllərdən bəri ruslara qənim kəsilən bu şeytan balasını birdəfəlik aradan götürmək üçün yaxşı  məqam çatmışdı. Döyüş meydanlarında xülya kimi ələ keçməyən şahın sevimli oğlu indi öz ayağı ilə ölüm tələsinə düşmüşdü. Onu bir güllə ilə yerə sərmək, uzun illərin qisasını almaq olardı. Lakin... "Buna İmperator həzrətləri necə baxar? O zaman Rusiya ilə Qacarlar Dövləti arasında müharibə sonsuzluğa qədər uzanmazmı? Bir də ki, azərbaycanlıların sevimlisi olan  bu dəliqanlını öldürsək, onsuz da qaynar qazanı xatırladan Azərbaycanda necə duruş gətirə bilərik?...Amma məni, Rus İmperiyasının əzim sərkərdəsini belə təhqir edib alçaldan olmamışdı..."  Qalib sərkərdə bu fikirlərin pəncəsində çabalarkən Qacarların nümayəndələri məclisi tərk etməkdə idilər. Onlar qapıya çatar-çatmaz arxadan generalın səsini eşidib geri çevrildilər. Paskeviç ayağa qalxmış, qəzəbli gözlərini şahzadəyə zilləmişdi. Dediyi sözlər isə səsindən də qəzəbli idi:

- Fətəli şaha çatdırarsız ki, onun yelbeyin oğlu...

Bu zaman Abbas Mirzə rus yavərin ona tərəf tuşlanmış mauzerini gördü. Qızıl qəbzəli xəncərini qınından çıxarması ilə hədəfi vurması bir oldu. Xəncər yavərin sağ biləyini ilan kimi sancıb silahı yerə saldı. Açılan güllə tavana dəyib toz qaldırdı. Bütün bunlar bir anda baş verdiyindən hamı sükut içində donub qalmışdı. Bu sükutu yalnız vəliəhd Abbas Mirzənin şaqraq qəhqəhəsi və dediyi sözlər pozdu:

- Bu dəliqanlını yenə öldürə bilmədin, qraf... Sağlıq olsun, yenidən döyüş meydanında görüşərik...

Qara geyimlilər bir göz qırpımında atlanıb Türkmançay qalaçasını tərk etdilər. Çolpanaqlı qasırğanın ətrafı bürüyən qatı dumanı arxasında gözdən itdilər.

 

 

Yusif KƏRİMOV,

əməkdar jurnalist

Azərbaycan.-2013.-  12 oktyabr.- S. 10.