ATƏT Parlament Assambleyasının missiyasının üzvləri Azərbaycandakı president seçkiləri ilə bağlı sənədin hazırlanmasında iştirak etməyiblər

 

Bu barədə AzərTAc-a ATƏT PA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Bahar Muradova məlumat vermişdir

 

 

Oktyabrın 13-də Monteneqronun Budva şəhərində ATƏT-in Parlament Assambleyasının payız sessiyası çərçivəsində daimi komitənin iclasında oktyabrın 9-da Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində ATƏT PA-dan iştirak edən müşahidə missiyasının hesabatı dinlənilmişdir.

AzərTAc xəbər verir ki, müşahidə missiyasının rəhbəri, Almaniyadan olan deputat Doris Barnet seçki günü 59 seçki məntəqəsində müşahidə apardıqlarını bildirmişdir. O, seçkilərin yaxşı hazırlandığını, bir çox cəhətlərə görə Azərbaycandakı son seçkilərin Almaniyada keçirilən seçkilərdən fərqlənmədiyini diqqətə çatdırmışdır. D.Barnet seçkilər haqqında mənfi rəylərin bir sıra hallarda yalnız müəyyən QHT-lərin yoxlanılmamış məlumatlarına əsaslandığını təəssüflə qeyd etmiş və ümumiyyətlə, QHT-lər tərəfindən təqdim olunan bütün məlumatların ATƏT/DTİHB tərəfindən birmənalı olaraq qəbul edilməsinin düzgün olmadığını vurğulamışdır. Namizədlərin öz təbliğat fəaliyyətlərini həyata keçirməsi üçün 152 yer ayrıldığını, müşahidəçilərin isə həmin yerlərdən yalnız 52-sində olduğunubununla bağlı fikirlərini hesabata daxil etmədiklərini söyləmişdir. Həmçinin namizədlərdən birinə daha çox efir vaxtının ayrılması ilə bağlı irada münasibətində Almaniyada seçkilər ərəfəsində də Angela Merkelə onun gündəlik fəaliyyəti baxımından digərlərinə nisbətən daha artıq vaxt ayrıldığını vurğulamışdır. Seçki günü ancaq öz gördüklərimizə əsaslansaq, hər şey yaxşı hazırlanmışdı. Almaniyalı deputat, ümumiyyətlə, ATƏT/DTİHB-nin seçkiləri qiymətləndirmə metodologiyasına yenidən baxılmasının zəruriliyini bildirmişdir. ABŞ-la Azərbaycanda və ya Almaniya ilə Ukraynada keçirilən seçkilərə eyni meyarlarla yaxınlaşmağın doğru olmadığını bildirən D.Barnet demişdir: "Baş vermiş qüsurları isə pisləmək deyil, onların aradan qaldırılmasına yardımçı olmaq lazımdır".     

Azərbaycanda prezident seçkilərinin qısamüddətli müşahidə missiyasına ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin olunmuş xüsusi əlaqələndirici Mişel Vuazen məruzəsində Azərbaycana müşahidə missiyasının üzvü kimi dördüncü dəfə səfər etdiyini və ölkənin düzgün yolla irəliləməsinin şahidi olduğunu, bunu Avropa Parlamenti və AŞ PA-nın mövqeyininsübut etdiyini bildirmişdir. O demişdir: "Mən tam məsuliyyətlə bəyan edirəm ki, Azərbaycanda prezident seçkiləri düzgün, ədalətli, açıq və şəffaf keçirilmişdir. Seçkilər AP, AŞ PA və ATƏT PA-nın standartlarına uyğun keçirilmişdir.

M.Vuazen demişdir: "ATƏT/DTİHB-nin bəzi məntəqələrdə baş verən kiçik qüsurlar əsasında ümumi seçki prosesinə qiymət verməsi düzgün metod deyildir. DTİHB-nin hazırladığı hesabatla mənim və ATƏT PA müşahidəçilərinin fikirləri üst-üstə düşmürdü. Amma onlar bizim fikirlərimizi dinləmək istəmirdilər. Nə qədər çalışsaq da, onlarla kompromis əldə edə bilmədik. Ona görə mən ATƏT/DTİHB-nin ilkin hesabatı açıqlandıqdan sonra ayrıca bəyanatla çıxış etmək məcburiyyətində qaldım. Çünki ilkin hesabatın mətni hazırlanarkən bizim mövqeyimiz nəzərə alınmamışdı. Seçkilərin qiymətləndirilməsində kontraktla işləyən müşahidəçilərlə xalqın seçdiyi millət vəkili olan müşahidəçilərin mövqelərində fərqlər var idi. DTİHB öz fəaliyyəti ilə ATƏT-ə ağılsız xidmət göstərmiş oldu. Ümumiyyətlə, seçkiləri müşahidə edən müşahidəçilərin "davranış kodeksi"nin hazırlanması yaxşı olardı". M.Vuazen ATƏT Parlament Assambleyasının üzvlərini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan ayrılmağa çağırmışdır.

Fikirlərini davam etdirən M.Vuazen demişdir: "Seçkilərin nəticəsi olaraq, namizədlərdən biri şəksiz qələbə qazanıb. Bunu "exit poll"ların nəticələri də göstərirdi. Amma ATƏT/DTİHB bizə bunları deməyə imkan vermək istəmirdi. Seçkilərdə vətəndaşların öz fikirlərini ifadə etməsi üçün tam şərait yaradılmışdı. Seçkilərin yaxşı təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığımı çatdırıram.

ATƏT PA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Bahar Muradova Azərbaycan xalqının siyasi sabitliyə, əmin-amanlığa, sosial-iqtisadi tərəqqiyə səs verdiyini, Azərbaycan Prezidentinə ünvanlanan təbrik məktublarında da seçkilərin azad və ədalətli keçirilməsinin, Azərbaycanın beynəlxalq öhdəliklərinə və standartlara cavab verməsinin əksini tapdığını vurğulamışdır. B.Muradova 1300 beynəlxalq müşahidəçinin izlədiyi seçkilərin ədalətli və şəffaf, yüksək seçici fəallığı şəraitində, Azərbaycan Respublikasının Konstitusiyası və Seçki Məcəlləsinin müddəalarına uyğun olaraq keçirildiyini diqqətə çatdırmışdır. O, beynəlxalq müşahidəçilərin mütləq əksəriyyətinin seçki prosesini yüksək qiymətləndirdiyini, seçkinin nəticələrinə kölgə sala biləcək hər hansı ciddi halın baş vermədiyini söyləmişdir. Nümayəndə heyətinin rəhbəri ATƏT/DTİHB-nin hesabatında seçki prosesinin müsbət tərəflərinin əksini tapmamasına görə öz haqlı etirazlarını və mövqelərini bəyan edən ATƏT PA-nın üzvləri M.Vuazenə və D.Barnetə minnətdarlığını ifadə etmişdir. B.Muradova ATƏT/DTİHB-nin ATƏT PA üzvlərini öz hazırladıqları ilkin hesabatın altında imza atmağa məcbur etmək cəhdlərinin ən azı təəssüf doğurduğunu vurğulayaraq demişdir: "Seçkilərdə qüsurların olduğunu heç kim inkar edə bilməz. Hər bir ölkədə keçirilən seçkilərdə nöqsanlar olur. Amma bu, heç cür əsas vermir ki, Azərbaycan xalqının azad şəkildə ifadə olunmuş iradəsi şübhə altına alınsın. "Exit poll"ların nəticələrini və İlham Əliyevin ölkədəki nüfuzunu nəzərə alaraqPrezident, nə onun rəhbərlik etdiyi partiya, nə də seçicilər heç bir formada hüquq pozuntularına yol verilməsi marağında olmamışlar. Baş vermiş pozuntularla bağlı isə müvafiq orqanlar zəruri tədbirlər görəcəklər".

 

Azərbaycan.-2013.-  15 oktyabr.- S. 4.