«Prezident İlham Əliyev və mədəniyyət.
2008-2013»
kitabının təqdimat mərasimi
keçirilmişdir
Oktyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) birgə layihəsi əsasında nəşr olunmuş "Prezident İlham Əliyev və mədəniyyət. 2008-2013" kitabının təqdimat mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, ikicildlikdə dövlət başçısının son 5 ildəki fəaliyyəti dövründə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşləri, söhbətləri, mədəniyyət məsələləri ilə bağlı nitqləri, çıxışları, səfərləri, müsahibələri, təbrikləri, bu sahəyə dair rəsmi materiallar, habelə qanun, fərman və sərəncamlar toplanmışdır.
Layihənin rəhbəri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, kitabın xalqın əbədi məhəbbətini qazanmış İlham Əliyevin yenidən Prezident seçilməsi ərəfəsində işıq üzü görməsi olduqca təqdirəlayiqdir.
Qeyd edilmişdir ki, yeni nəşrlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı Azərbaycan dövlətinin başçısı İlham Əliyevin 2008-2013-cü illəri əhatə edən ikinci Prezidentliyi dövründə ölkənin ictimai-siyasi və mədəni həyatında köklü dəyişikliklərin baş verməsi, böyük yüksəlişə nail olunması tam dolğunluğu ilə əksini tapmışdır. Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk gündən İlham Əliyev mədəniyyətin inkişafına böyük diqqət və qayğı göstərmiş, bu sahənin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən biri elan etmişdir.
Vurğulanmışdır ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə gördüyü işlərin böyük hissəsi məhz mədəniyyət sahəsinin inkişafı ilə bağlıdır. Bu gün çox böyük fəxrlə deyə bilərik ki, zəngin Azərbaycan mədəniyyəti dünyada yüksək səviyyədə, layiqincə təbliğ olunur və maraqla qarşılanır. Azərbaycan mədəniyyətinin çoxəsrlik tarixə malik incilərinin UNESCO-nun bəşəriyyətin nadir inciləri siyahısında yer alması da təsadüfi deyildir. Bütün bu uğurların əldə olunmasında Heydər Əliyev Fondunun reallaşdırdığı mədəni layihələrin müstəsna rolu vardır.
Nazir layihənin reallaşmasına layiqli töhfə vermiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına və Azərbaycan Dövlət Teleqraf Agentliyinə, eləcə də bu kitabın işıq üzü görməsində əməyi olan hər kəsə minnətdarlığını bildirmişdir.
Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, AzərTAc-ın Azərbaycan dilində informasiya baş redaksiyasının baş redaktoru Yaşar Quluzadə, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov çıxış edərək ölkənin mədəni həyatında mühüm hadisə olan ikicildliyin məziyyətlərindən danışmışlar.
Bildirilmişdir ki, poliqrafik baxımdan böyük zövqlə hazırlanmış bu dəyərli kitabı vərəqləyən hər kəs Azərbaycan mədəniyyətinin keçdiyi şərəfli tarixi yola bir daha nəzər salacaq, zəngin mədəni irsimizin dünya miqyasında tanınması və təbliği istiqamətində görülmüş böyük işlərin, həyata keçirilmiş layihələrin mahiyyətini dərk edəcəkdir.
Natiqlər Azərbaycanda mədəniyyət siyasətinin inkişafını və bu sahədə əldə edilmiş uğurları əks etdirən, Prezident İlham Əliyevin beynəlxalq tədbir və görüşlərdəki iştirak və tarixi çıxışlarını toplu halında oxucuya çatdıran, qazanılmış uğurları fotoşəkillərin "dili" ilə geniş auditoriya ilə bölüşən bu kitabı mədəniyyət tariximizin əvəzsiz salnaməsi adlandırmışlar.
Prezident İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edən natiqlər ona ölkə həyatının bütün sahələrinin, o cümlədən milli mədəniyyətimizin daha böyük sürətlə inkişafı naminə məqsədyönlü fəaliyyətində uğurlar arzulamışlar.
Vurğulanmışdır
ki, toplu Azərbaycanın mədəniyyət tarixini öyrənənlər
üçün zəngin məlumat mənbəyidir.
Azərbaycan.-2013.- 15 oktyabr.- S. 4.