Davamlı inkişafı təmin edəcək
müdrik seçim
Cənab İlham Əliyevin
Prezident seçilməsindən 10 il ötür
Çağdaş Azərbaycan tarixinin şanlı səhifəsinə çevrilmiş 2013-ci ilin 9 oktyabr seçkiləri tamamilə azad, ədalətli və şəffaf şəraitdə keçməklə müdrik xalqımızın siyasi iradəsini əks etdirmiş, mütərəqqi islahatlar kursunun davam etdirilməsində keyfiyyətcə yeni mərhələ açmış, demokratikləşmə və sosial-iqtisadi inkişaf prosesinə yeni nəfəs vermişdir. Dünəninə, bu gününə və sabahına biganə qalmayan Azərbaycan vətəndaşlarının yüksək mütəşəkkilliyi, siyasi fəallığı ilə müşayiət olunan son prezident seçkiləri, eyni zamanda, ölkədə həyata keçirilən milli siyasətin alternativsizliyinin əyani təcəssümü kimi yadda qalmışdır. Xalqın bu müdrik seçimi Heydər Əliyev siyasi kursunun Azərbaycanın yeganə nicat yeri olduğunu, milli inkişafda mühüm rol oynadığını növbəti dəfə təsdiqləmiş, hər bir vətəndaşın mənafeyi uca tutulmaqla həyata keçirilən siyasi kursun böyük ictimai etimada, dəstəyə malik olduğunu göstərmişdir.
Son 10 ildə Azərbaycanı davamlı inkişaf və tərəqqi yoluna çıxararaq təminatlı gələcəyə etibarlı zəmin yaradan mövcud siyasi kursun davam etdirilməsi cəmiyyətin həlledici çoxluğunun iradəsi kimi önə çıxmış, xalq birmənalı olaraq növbəti beşillikdə də öz taleyini cənab İlham Əliyevə etibar etmişdir. Bu dəyişməz seçim, eyni zamanda, Azərbaycan cəmiyyətinin öz layiqli liderinin fenomenal liderlik keyfiyyətlərinə, parlaq şəxsiyyətinə sarsılmaz inam və rəğbətinin əyani təcəssümü olmuşdur. Ölkə vətəndaşları alternativi olmayan bu siyasətin son 10 ildə həyatımıza gətirdiyi nailiyyətlərə, dövlətçilik əsasları bu uğurlarla möhkəmlənən, xoşbəxt sabahına doğru inamla irəliləyən, inkişaf edən qüdrətli Azərbaycana səs vermişlər. Mütləq əksəriyyət 9 oktyabrda populist və irreal vədləri deyil, əməli işi, konkret nəticəni, firavan sabahı seçdiyini nümayiş etdirmişdir.
Son prezident seçkilərinin nəticələri göstərdi ki, Azərbaycan cəmiyyəti Heydər Əliyev siyasi kursunu ölkənin davamlı inkişafının, bundan sonrakı uğurlarının, təminatlı gələcəyinin mühüm şərti hesab edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən dövlət başçısı İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi vədlərin böyük əksəriyyətini əməli işi ilə doğruldaraq hər bir vətəndaşın layiqli Prezidenti olduğunu sübuta yetirmişdir. Son 10 ildə respublikada uğurla həyata keçirilən siyasət, ilk növbədə, ölkədəki ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafı məqsədinə yönəlmişdir. Cənab İlham Əliyev ötən dövr ərzindəki fəaliyyəti ilə xalqın seçimini doğrultmağa qadir qətiyyətli, peşəkar və milli maraqlara bağlı rəhbər olduğunu nümayiş etdirmişdir. Yüksək siyasi iradəsi, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi, milli maraqlara sadiqliyi, praqmatizmi, təvazökarlığı və sadəliyi, ən əsası Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olması dövlət başçısının prezident seçkilərində xalq tərəfindən yüksək dəstək almasını birmənalı təmin etmişdir.
Hansısa siyasi qüvvənin seçkilərdə möhtəşəm qələbə qazanaraq hakimiyyət olimpinə yüksəlməsi onun konkret zaman intervalında həyata keçirdiyi siyasətin mahiyyətindən asılı olur. Son seçkilərdə uzun illərin sınağından çıxmış rasional siyasətin - ümumxalq mənafeyinə xidmət edən siyasi, hüquqi, sosial-iqtisadi və humanitar islahatların davamlılığının təmin edilməsi zərurəti mütləq çoxluğun qətiyyətli mövqeyi, yekun qənaəti kimi özünü göstərmişdir.
Ötən 10 ildə xalqa layiqli xidmət, vətəndaşa həssas münasibət məsələləri Prezident İlham Əliyevin yürütdüyü siyasətin ana xəttini, başlıca ideya istiqamətini təşkil etmişdir. Prezident İlham Əliyev seçkilərin ilkin nəticələri ilə bağlı xalqa müraciətində ona yüksək etimad göstərmiş ölkə vətəndaşlarına səmimi minnətdarlığını ifadə etmiş, Azərbaycanın davamlı inkişafı naminə həyata keçirilən islahatların bundan sonra da davam etdiriləcəyini vurğulamışdır: "Mən çox fəxr edirəm ki, son illər ərzində bütün təşəbbüslərim reallığa çevrilibdir. On il bundan əvvəl - 2003-cü ildə xalqa elan etmişdim və bəyan etmişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Son on il ərzində bu siyasətə sadiq qalaraq Azərbaycanın inkişafı, Azərbaycanın tərəqqisi üçün çox böyük işlər görülmüşdür. Müstəqilliyimiz dönməzdir, sarsılmazdır. Bu illər ərzində müstəqil siyasətimiz istənilən sahədə özünü göstərmişdir. Biz öz milli maraqlarımızı lazımi səviyyədə müdafiə edə bilərik, müdafiə edirik, edəcəyik. Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları ən birinci yerdədir. Bu maraqların müdafiə edilməsi üçün xalqla iqtidar arasındakı birlik əsas şərtdir. Mən bütün addımlarımda xalqın dəstəyini hiss edirdim, bu dəstəyə güvənirdim. Əgər bu dəstək olmasaydı, biz heç bir işi görə bilməzdik. Məhz xalqla iqtidar arasındakı birlik, vəhdət Azərbaycanı fərqləndirən amillərdən biridir".
Cənab İlham Əliyevin son 10 illik prezidentlik dövrü ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Ümumiləşdirilmiş tərzdə ifadə etsək, qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, eyni zamanda, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik, yoxsulluq problemlərinin tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi məsələləri ötən 10 ildə cənab İlham Əliyevin iqtisadi siyasətinin əsas qayəsini təşkil etmişdir. Avratlantik məkana inteqrasiya, demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi-siyasi mühitin formalaşdırılması, habelə ölkədə güclü insan kapitalının formalaşdırılmasına xidmət edən milli maarifçilik hərəkatının başlanması, cəmiyyətdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi və s. məsələlər də dövlət başçısının xüsusi diqqət mərkəzində olmuşdur.
İdarəetmə sisteminə novator düşüncə tərzi, dinamizm və müasirlik çalarları gətirən dövlət başçısı hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləndirməklə onların icra prosesini şəxsi nəzarətdə saxlamış, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər etmişdir. Bu nöqteyi-nəzərdən son 10 ildə regional inkişaf və qeyri-neft sektorunun inkişafı naminə həyata keçirilmiş tədbirləri xüsusi vurğulamaq olar. Bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər də cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas istiqamətlərindən biri kimi diqqəti çəkir.
2003-2013-cü illərdə Azərbaycanın bütün rayonlarına səfərlər edən, eləcə də Bakıətrafı kənd və qəsəbələrdə olan cənab İlham Əliyev insan amilinə necə yüksək dəyər verdiyini, bütün fəaliyyətində vətəndaşların maraq və mənafeyini, firavanlığını uca tutduğunu əməli olaraq təsdiqləmişdir. Dövlət başçısı Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında bu ali məqsədi bir daha bəyan etmişdir: "Azərbaycanda iqtisadi və sosial məsələlərin bir paketdə həll olunması bizi fərqləndirən cəhətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün güclü iqtisadi əsaslar olmalıdır və bu əsasları yaradırıq. Ölkə iqtisadiyyatını inkişaf etdiririk. Bütün təşəbbüslər - investisiyalarla bağlı olan təşəbbüslər, yeni sənaye komplekslərinin yaradılması ilə əlaqədar proqramlar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın".
Regionlara yüksək diqqət və qayğının bariz təcəssümü kimi 2004-cü il 11 fevral tarixdə imzalanmış Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı regionların tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yeniləşdirilməsi, bölgələrdə sahibkarlığın, özəl sektorun yüksəlişi, ölkə iqtisadiyyatının neft amilindən asılılığının aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirmişdir. Fundamental əhəmiyyətli bu sənədin ölkəmizin sosial-iqtisadi yüksəlişindəki müstəsnalığını hər kəsdən daha aydın şəkildə qiymətləndirən cənab İlham Əliyev Azərbaycanın ayrı-ayrı bölgələrinə ardıcıl səfərləri zamanı proqramın icrası vəziyyəti ilə yerində tanış olmuş, görülən işlərin səmərəliliyini artırmaq üçün icra strukturlarının rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Həmin proqramın davamı olaraq 2009-cu il 14 apreldə imzalanmış "Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" əsasında son 4 ildə yerlərdə sosial, mədəni, infrastruktur obyektlərinin istifadəyə verilməsi, kommunal xidmətlərin səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşması, infrastrukturun müasirləşdirilməsi bütövlükdə regionları 10 il əvvəlki simasından fərqləndirir. Bu proqram icra edildiyi 2009-2012-ci illərdə regionların inkişafına 14,5 milyard manat dövlət investisiyası yönəldilmişdir. 2013-cü ildə isə ölkə üzrə əsaslı vəsait qoyuluşunun 77 faizi civarında və ya 5,3 milyard manat vəsait ayrılmışdır. Ümumilikdə 10 il ərzində regional inkişafın təmini məqsədilə dövlət büdcəsindən 27 milyard manata yaxın vəsait ayrılması Prezident İlham Əliyevin "Mən hər bir vətəndaşın prezidenti olacağam" vədinə sadiqliyini bir daha sübuta yetirmişdir.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının ən uğurlu cəhətlərindən biri də son 10 ildə ölkədə 1 milyon 200 mindən çox yeni iş yerinin açılması olmuşdur. Nəticədə rayonlardan paytaxta və digər iri şəhərlərə axın prosesi səngimiş, rayonlarda insanların rahat, firavan yaşayışı üçün lazımi kommunal xidmətlər sistemi yaradılmışdır.
Regionların sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş uğurlu nəticələr, ilk növbədə, respublikanın nail olduğu makroiqtisadi göstəricilərdə tapır. 2003-cü ildə Azərbaycanda istehsal olunan ÜDM-in adambaşına düşən həcmi nominal ifadədə cəmi 873 manat təşkil edirdisə, hazırda bu rəqəm 8000 dollara yaxınlaşır. 2003-2013-cü illəri əhatə edən dövr ərzində ölkədə ÜDM istehsalı ildə orta hesabla 13,6 faiz artmışdır. 2012-ci ildə adambaşına düşən ÜDM-in həcmi 7490,5 ABŞ dolları təşkil etmişdir.
Son 10 ilin ən mühüm göstəricilərindən biri də Azərbaycanın dünyada ən az borcu olan ölkələr sırasında qərarlaşmasıdır. 2003-cü ildə Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 1,6 milyard ABŞ dollarına yaxın idisə, son 10 ildə ölkənin strateji valyuta ehtiyatları orta hesabla 3 dəfə artmışdır. Beynəlxalq maliyyə qurumlarının hesabatları göstərir ki, nəinki inkişaf etməkdə olan, hətta inkişaf etmiş bir çox dövlətlərin də xarici borcu idarəolunmaz həddə çatmışdır. Azərbaycanın strateji valyuta ehtiyatları 2013-cü ilin 9 ayında daha da artaraq 49,4 milyard ABŞ dollarına çatmışdır. Dövlət borcunun ÜDM-ə nisbətinin aşağı səviyyədə saxlanılması və 9 ayın nəticələrinə görə ölkəmizin məcmu valyuta ehtiyatları məbləğindən 10 dəfəyədək az olması milli iqtisadi inkişaf modelinin səmərəliliyini bir daha təsdiqləyir. Mərkəzi Bank hesab edir ki, strateji valyuta ehtiyatları respublikanın 3 illik əmtəə və xidmət idxalının maliyyələşməsinə kifayət edir. ÜDM-in təxminən 70 faizi həcmində strateji valyuta ehtiyatlarına malik olmaq respublikada makroiqtisadi vəziyyətin sabitliyini şərtləndirən əsas amilərdən sayılır.
Azərbaycan Dünya İqtisadi Forumunun bir müddət əvvəl dərc etdiyi qlobal rəqabətədavamlılıq hesabatında 39-cu yeri tutmaqla MDB-də ən rəqabətədavamlı iqtisadiyyata malik olduğunu sübut etmişdir. Hesabata görə, respublikamız dövlət borclarının həcminin azlığına görə dünya dövlətləri sırasında 13-cü yeri tutur.
Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının yekunları ilə bağlı keçirilmiş iclası Azərbaycanın keçdiyi fundamental inkişaf yolunun ümumi mənzərəsi ilə bağlı dolğun təsəvvür yaratmaqla yanaşı, hesabat dövrünün uğurlarını özündə əks etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin həmin iclasda vurğuladığı kimi, 2003-cü ildən respublikamızın büdcə xərcləri 20 dəfə artmışdır: "İyirmi dəfəyə yaxın artan büdcə imkan verdi ki, biz böyük işlərə nail olaq. Son on il ərzində bir milyon iki yüz mindən çox iş yeri açılmışdır ki, onlardan 910 mini daimi iş yeridir. Nəticə etibarilə işsizlik ilin sonuna qədər olan proqnoza görə, 4,8 faizə düşəcəkdir. Yoxsulluq on ildə təxminən on dəfə azalmışdır və 6 faizdən azdır. Azərbaycanda xarici dövlət borcu cəmi 7-8 faizdir. Son illərdə dəfələrlə pensiya, maaş artmışdır, - pensiya təxminən 10 dəfə, maaş təxminən 6 dəfə, müdafiə xərcləri 20 dəfədən çox... Son on il ərzində Azərbaycanda 2708 məktəb tikilib və təmir edilib, 500-ə yaxın tibb ocağı tikilib, ya təmir edilib, 35 Olimpiya İdman Kompleksi tikilib və indi onların ümumi sayı 40-a yaxındır".
Regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramları mahiyyət etibarilə son 10 ildə respublikada həyata keçirilən sosialyönümlü iqtisadi inkişaf strategiyasının tələblərinə maksimum dərəcədə cavab vermişdir. Həyata keçirilən iqtisadi siyasətin sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənmiş, Azərbaycan cəmiyyətinin sosial sifarişini, istəyini əks etdirmişdir. 2003-cü ildən davamlı olaraq vətəndaşların əmək pensiyaları, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların məvacibləri, digər sosial müavinətlər, təqaüdlər davamlı olaraq artırılmış, dövlət büdcəsində sosial xərclərə yönəldilən vəsaitlər ildən-ilə çoxalmışdır.
Prezident İlham Əliyev hələ 2003-cü ildə verdiyi bütün vədləri inamla həyata keçirmiş, ölkədə 1 milyondan çox iş yeri açılmış, çadır düşərgələri ləğv olunmuş, yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm uğurlar əldə olunmuşdur.
"Müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah" tezisi əsasında reallaşdırılan iqtisadi siyasət sivil və inkişaf etmiş cəmiyyət quruculuğu sahəsində mühüm uğurların əldə olunmasına imkan yaratmışdır. Ötən illərdə Azərbaycan "təqibedici artım" modelini uğurla həyata keçirərək keçid dövrünü başa vurmuş, ölkə modern inkişaf mərhələsinə adlamışdır. Hazırda Cənubi Qafqazda istehsal olunan ÜDM-in 75 faizi, strateji valyuta ehtiyatlarının 91 faizi Azərbaycanın payına düşür. Azərbaycanda ÜDM-in 1 faizlik nominal artımı təxminən 1,5 milyard dollar təşkil etdiyi halda, bu göstərici Gürcüstanda cəmi 160 milyon dollara, Ermənistanda 100 milyon dollara bərabərdir.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanın son illərdə əldə etdiyi bu uğurlarda sahibkarlar sinfinin rolu müstəsnadır. Ötən 10 il ərzində Azərbaycanda sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydaların əhəmiyyətli dərəcədə liberallaşdırılması, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmlərinin təkmilləşdirilməsi, ölkədə ixrac rüsumlarının ləğvi özəl sektorun yüksəliş tempini daha çevik etmişdir. Sadələşdirilmiş verginin ildə bir dəfə ödənilməsinin təmin edilməsi, elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılması, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün yanacaq, motor yağları və mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi, "Aqrolizinq" ASC tərəfindən ölkəyə gətirilən texnika və texnoloji avadanlıqların 10 illik lizinqlə verilməsi, buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə əlavə 80 manatın ödənilməsi, bəzi fəaliyyət növləri üzrə xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin aşağı salınması da sahibkarlar üçün yaradılan yüksək şəraitin mühüm göstəriciləri kimi çıxış edir.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli sərəncamı ilə yaradılmış İnvestisiya Şirkəti iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə fəal iş aparır. Paralel olaraq dövlət sahibkarların işgüzar əlaqələrinin inkişafı və ixrac imkanlarının dəstəklənməsi sahəsində müvafiq işlər görür. 2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması, xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə təsis olunmuş Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.
Bundan başqa, daha bir ictimai qurum - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası öz nizamnamə məqsədlərinə uyğun olaraq müvafiq dövlət hakimiyyəti orqanları, bələdiyyə qurumları və digər təşkilatlar qarşısında sahibkarlıq subyektlərinin hüquqlarını, əmlak və digər qanuni mənafelərini müdafiə edir. Eyni zamanda, sahibkarlığın inkişafı ilə bağlı sosial-iqtisadi yönümlü müxtəlif sahə, regional və ölkə miqyaslı proqramların hazırlanmasına və həyata keçirilməsinə dəstək verir.
Müasir dövrdə Azərbaycanın iqtisadi cəhətdən inkişafında, yeni iş yerlərinin açılmasında, ölkənin ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığın azaldılmasında sənaye potensialının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Sənayenin innovasiyalar əsasında inkişafının təmin olunması, texnoparkların sənayeləşmədə əsas strateji layihələr kimi yer alması "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır. Yaxın gələcəkdə dövlət investisiya siyasətində əsas istiqamətlərdən biri də sənaye şəhərciyi infrastrukturunun formalaşdırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı olacaqdır.
"2009-cu ildə "Xüsusi iqtisadi zonalar haqqında" qanunun qəbulu sahibkarlıq fəaliyyətinin qanunverici əsaslarının təkmilləşdirilməsi tədbirlərinin davamı olaraq həm də sənayeləşmə prosesinə yeni təkan vermişdir.
Dövlət başçısı İlham Əliyev son 10 ildə Azərbaycanın bölgələri ilə yanaşı, paytaxt Bakının və digər iri şəhərlərin problemlərinin həllinə də həssaslıqla yanaşmış, eləcə də Azərbaycanın mühüm sənaye mərkəzlərindən olan Sumqayıt şəhərinin problemlərinin həlli üçün kompleks tədbirlər keçirmişdir. Tərəqqi və inkişafa təkan verən dövlət proqramları çərçivəsində xüsusən də son 2 ildə Sumqayıtda tikinti-quruculuq, abadlıq işləri daha ünvanlı, konkret və məqsədyönlü xarakter almışdır. Şəhərin yeni rəhbərliyi qısa müddətdə daxili resursları inkişaf məqsədilə səfərbər etmiş, çevik və mükəmməl idarəetmə sistemi yaratmaqla şəhərin inkişaf və tərəqqisinə xidmət edən mühüm layihələrin reallaşdırılmasını təmin etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin bu layihələrin reallaşdırılmasında şəhər rəhbərliyinə daimi dəstək verməsi, zəruri maliyyə vəsaitlərinin ayrılması qısa müddətdə görülən işlərin uğurlu nəticələr verməsinə, hər bir şəhər sakininin həyatında daha qabarıq hiss olunmasına imkan yaratmışdır.
Ümumilikdə son 2 ilin reallıqları göstərir ki, möhtərəm Prezident Sumqayıt şəhərinin məhz Bakı şəhərinin standartları əsasında inkişafına çalışır və bunu qarşıda mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Cənab İlham Əliyevin 2013-cü ilin oktyabrında Sumqayıta növbəti səfərini şəhər sakinləri hələ də yüksək əhvali-ruhiyyə və xoş təəssüratla xatırlayırlar. Əminliklə demək olar ki, bu səfər şəhərin qayğılarının, vətəndaşları narahat edən problemlərinin həllində keyfiyyətcə yeni mərhələ açmışdır. Dövlət başçısı İlham Əliyev Sumqayıtda bir sıra obyektlərin açılış mərasimində iştirak etmiş, park və xiyabanlarda, küçələrdə, o cümlədən dənizkənarı bulvarda başlanmış əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə yaxından tanış olmuş, bu işlərin zövqlə aparılması üçün dəyərli tövsiyələrini vermişdir. Bu səfərlər həm də göstərir ki, cənab İlham Əliyev Sumqayıt sakinlərinin hansı qayğılarla yaşadığını çox yaxşı bilir və onların tez bir zamanda aradan qaldırılmasını şəhərin yeni rəhbərliyi qarşısında vacib məsələlərdən biri kimi müəyyənləşdirmişdir. Ölkə Prezidentinin son səfəri zamanı Sumqayıt sakinləri ilə keçirdiyi görüşlər, şəhər infrastrukturunun və sənayesinin yeniləşməsi vacibliyi ilə bağlı söylədiyi dəyərli fikirlər deməyə əsas verir ki, bundan sonrakı mərhələdə Sumqayıtın inkişafı məqsədilə atılan addımlar daha sistemli, ünvanlı, ardıcıl xarakter daşıyacaqdır.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında Sumqayıt şəhərinin sənaye müəssisələrinin fəaliyyətinə də toxunub: "Sənayeləşdirmə ilə bağlı məsələlər öz həllini tapır. Mən giriş sözümdə qeyd etdim ki, Kimya Sənaye Parkının təməli qoyuldu. Bu, tarixi hadisədir. Ancaq indi elə etməliyik ki, biz bu parkı qısa müddət ərzində tam şəkildə işə sala bilək. Kimya Sənaye Parkının rezidentləri bu şirkətlər olmalıdırlar ki, onların fəaliyyəti ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır. Onların fəaliyyəti nəticəsində idxaldan asılılıq azalacaqdır və qoyacaqları investisiyalar böyük həcmlərlə ölçüləcəkdir. Beləliklə, biz qısa müddət ərzində, bax, indi bu, birinci mərhələ üçün ayrılan sahəni təmin edəcək və orada onlarca yeni müəssisə yaranacaqdır. Bu sənaye parkının və ondan əvvəl yaradılmış Sumqayıt texnoparkının fəaliyyəti nəticəsində biz çox böyük sənaye potensialına malik olacağıq".
Sumqayıtın tarixən mövcud olduğu sənaye potensialının bərpa edilməsi, şəhərdə mövcud olmuş bir sıra sənaye müəssisələrinin işə salınması bu baxımdan xüsusi vurğulanmalıdır. Ölkə iqtisadiyyatına layiqli töhfəsini verəcək belə layihələrdən biri də "Xəzər" Səhmdar Cəmiyyətinin şüşə sənayesini inkişaf etdirəcək "Azərşüşə" layihəsidir. Azərbaycanın hazırkı sosial-iqtisadi uğurları - tikinti-quruculuq, abadlıq və yenidənqurma işlərinin geniş vüsət alması, yeyinti, qida, tibb sənayelərinin inkişafı, habelə elmi-texniki tərəqqi sahəsindəki nailiyyətlər şüşə sənayesinin inkişafını aktual məsələ kimi gündəmə gətirmişdir.
"Əsl siyasət konkret real iş görməkdir" - deyən möhtərəm Prezident İlham Əliyev Heydər Əliyevin xilas edərək davamlı inkişaf yoluna çıxartdığı müstəqil Azərbaycanı son 10 ildə inamla irəliyə doğru aparmış, onun davamlı uğurlarına hesablanmış məqsədyönlü və uzaqgörən siyasət yürütmüşdür. Bu da təsadüfi deyildir ki, dövlət başçısı son seçkilərdə xalqın yüksək etimadını qazanmışdır. Bu tarixi seçim cəmiyyətdə mütləq əksəriyyətin istək və arzusunu özündə təcəssüm etdirməklə yanaşı, islahatlar kursunun qarşıdakı beş ildə də uğurlu davamına etibarlı təminat yaratmaq istəyindən irəli gəlir. İnanırıq ki, xalqımızın müdrik seçiminin nəticəsi olaraq Azərbaycan yaxın perspektivdə inkişaf etmiş ölkələr səviyyəsinə yüksələcəkdir.
Qüdrət
KƏRİMOV,
"Xəzər" Səhmdar Cəmiyyətinin
sədri, iqtisad elmləri doktoru
Azərbaycan.-2013.- 15 oktyabr.- S. 6.