2013-cü il
oktyabrın 9-da keçirilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
101 saylı Göygöl-Daşkəsən seçki
dairəsinin 10 saylı seçki məntəqəsində
müşahidəçi olmuş Subatay Xıdır oğlu
Quluzadənin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil
olmuş 12 oktyabr 2013-cü il tarixli 17 saylı müraciətinə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 36/214
2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsinin 10 saylı seçki məntəqəsində müşahidəçi olmuş Subatay Xıdır oğlu Quluzadə 12 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına teleqramla müraciət edərək, səsvermə günü həmin məntəqədə bir müşahidəçi kimi hüquqlarının pozulduğunu, səsvermə zamanı seçicilər tərəfindən qanunvericilikdə nəzərdə tutulmayan şəxsiyyəti təsdiq edən sənədlərin təqdim edildiyini bildirmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində müraciətin Seçki Məcəlləsinin və müvafiq təlimatın aidiyyətə dair tələblərinin pozulması ilə daxil olması müəyyən edildiyindən o, araşdırılması üçün aidiyyəti üzrə səlahiyyətli dairə seçki komissiyasına göndərilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə və aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin 10 saylı seçki məntəqəsində müşahidəçi olmuş Subatay Xıdır oğlu Quluzadənin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 oktyabr 2013-cü il tarixli 17 saylı müraciəti aidiyyəti üzrə baxılması üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
13.10.2013
Azərbaycan.-2013.- 15 oktyabr.- S.7.