Bu ovqat, bu dövran məni
yaşadır
Milyonların
inam və etimad ünvanı
Mən xalqıma gözaydınlığı verirəm. Bir daha öz müdrikliyini göstərərək düzgün seçimi etdi, haqq sözünü də Allah eşitdi. Nələr görməmişik, gəlin düz danışaq. Azərbaycanın indiki büsatını heç ağlımıza da gətirə bilməzdik. Bakı gündən-günə gözəlləşir. Bunu təkcə biz demirik. Şəhərimizə gələn qonaqlar böyük məmnuniyyətlə etiraf edirlər. Bu səbəbdən də dəfələrlə paytaxtda keçirilən tədbirlərə razılıqla qatılırlar. Təkcə Bakımı? Mənim ana vətənim Ağdaşı indi tanıya bilmirəm. Üzü Gədəbəyə sarı, cənub bölgəsinə, Muğana, Milə, Şirvana, paralanmış Qarabağa yolunuzu salın. Ən ucqar kəndin özündə belə görəcəyiniz quruculuq, abadlıq sizi həm heyrətləndirəcək, həm də sevindirəcək. Cəmi on ildə bu qədər iş görmək özü möcüzədir.
Yaşımın elə bir çağındayam ki, yalan danışmağa da, qərəzli münasibətə də nifrət edirəm. Mən gördüyümü, duyduğumu, hiss etdiyimi danışıram. Bir vaxt mənə elə gəlirdi ki, muğamatımız daha öldü, milli musiqimiz unudulacaq, ölkəni bürümüş qarışıqlıq iqtisadiyyatdan öncə mədəniyyəti məhv edəcək. Dağılan hər bir tikintini, mülkü, malikanəni yenidən qurmaq olar. Köhnələn paltarı təzələyə də bilirsən. Mənəviyyat və mədəniyyət məsələsi dağılarsa, onun yenidən bərpası çox müşkül işdir. Elə bir məqam yaranmışdır ki, mən kamançamda milli musiqi çaldığıma görə az qala danlaqla üzləşirdim. Allah Mehriban xanımın canını sağ eləsin. Muğamlarımıza yeni həyat gətirdi, onu dirçəltdi, istedadların üzə çıxarılması üçün müxtəlif tədbirlərin, layihələrin həyata keçməsinə start verildi.
Elə bir mədəniyyət xadimi, musiqiçi, rəssam, memar, yazıçı, şair yoxdur ki, dövlət ona diqqət göstərməmiş olsun. Allah rəhmət eləsin Heydər Əliyevə. Onun başladığı nəhəng işləri İlham Əliyev ləyaqətlə, qüdrətlə yerinə yetirir. Ağdaşda mənim adımı daşıyan musiqi məktəbi fəaliyyət göstərir. Hər dəfə ora yolum düşəndə insan ömrünün mənasını anlayıram. Bizim ölkəmizdə sənət də var, sənətə hörmət də, diqqət də. Hələ ilk dəfə prezident seçiləndə İlham Əliyev üzünü xalqımıza tutaraq demişdi ki, mən hər bir azərbaycanlının Prezidenti olacağam. Gördüyü geniş işlərlə, apardığı siyasətlə, həyata keçirdiyi nəhəng proqramlarla, imzaladığı sərəncamlarla dəfələrlə təsdiqlədi bu fikri. Mən heç kəsin xətrinə dəymək istəmirəm, amma elə həqiqətlər var ki, onu gərək yeri gələn kimi söyləyəsən. Prezidentliyə namizədlərin debatlardakı çıxışlarına qulaq asdım. Vallah xəcalət çəkirdim. Nə danışdıqlarını bilirdilər, nə özlərinə nəzarət edirdilər. Elə bil heç birinci sinifə də getməmişdilər. Heç bir etik hərəkəti gözləmirdilər. Şəxsi mənafe naminə nə qədər çamur atmaq, yalan danışmaq, böhtan söyləmək, "mənəm-mənəm" demək olar? Bu ağılla, bu səviyyə ilə xalqa rəhbərlik etmək olar? Ötən əsrin sonlarında biz bu "millət qəhrəmanlarının" sərgüzəştlərini gördük axı. Aldana-aldana getməli deyildik ki.
Şükürlər olsun ki, indi ağı qaradan yaxşı seçir Azərbaycan xalqı. Bu xalqın bir nümayəndəsi də mən. Açıq deyəcəyəm, mən cənab İlham Əliyevə inanıram, həmişə onu dəstəkləmişəm, indiki qələbəsini də ürəkdən alqışlayır və sevinirəm. Bu, böyük qələbədir, yalan üzərində, əyri üzərində qələbədir. Bu payız başlanan qələbə qoy uzunömürlü olsun. Cənab İlham Əliyev Azərbaycan tarixinə qələbələr Prezidenti, qalib Prezident kimi öz adını silinməz hərflərlə naxışlayır. O günün də olacağına inanıram ki, bizim üçrəngli bayrağımız Şuşada, Xandəndidə, Ağdamda E dalğalanacaq. Səhhətimlə əlaqədar bəzən çox sevdiyim kamandan ayrı düşürəm. Amma sizə söz verirəm. Həmin gün mən oz kamanımla ürəyimin can atdığı Cıdır düzündə Azərbaycan muğamlarını səsləndirəcəyəm. Nə qədər ki, bizim qüdrətli, enerjili, müdrik Prezidentimiz var, deməli, qarşıdan o müjdəli gün gəlir.
Bir daha xalqımızı və o cümlədən mədəniyyət sahəsinin işçilərini ürəkdən təbrik edirəm. Biz həqiqətən də vətəndaş olaraq bir seçici kimi ürəyimizin səsinə - sabit şəraitdə yaşamağa, sakitlik içində ömür sürməyə, işıqlı səhərlərə, bir sözlə, xoş gələcəyə səs verdik! Məni yaşadan da elə bu ovqat və dövrandır. Allah Sizi qorusun, cənab Prezident!
Habil ƏLİYEV,
"İstiqlal"
ordenli xalq artisti
Azərbaycan.-2013.- 15 oktyabr.- S.8.