Qurban bayramının fəzilətləri
Bu gün müsəlmanlar mübarək Qurban bayramını qeyd edirlər. Bu bayramın islam dünyasında xüsusi yeri var. Müsəlmanlar onu həmişə sonsuz sevinc hissi ilə qarşılayırlar.
Qurbankəsmə mərasiminin tarixi qədim dövrlərə gedib çıxır. Tarix boyu dünya xalqları bu ayini müxtəlif cür icra etmişlər. Hətta insanları qurban kəsmək, odda yandırmaq, suya atmaq kimi dəhşətli adətlər olmuşdur. Hər üç səmavi dində - iudaizm, xristianlıq və islamda bu və ya digər formada qurbankəsmə ayini var. İslamın bərqərar etdiyi Qurban bayramı isə bəşəriyyətin həyatında tamamilə yeni səhifə açdı, Allanın yaratdığı ən kamil məxluqa - insana bir vaxtlar bəslənmiş vəhşi münasibətə son qoydu.
Qurban bayramı İbrahim peyğəmbərin həyatında baş vermiş bir əhvalatla əlaqədardır. Həmin əhvalat Qurani-şərifdə əksini tapmışdır. Müqəddəs kitabımıza görə, İbrahim əleyhissəlam yuxusunda görür ki, Allah ondan oğlu İsmayılı qurban kəsməyi buyurur. İbrahim peyğəmbər gördüyü yuxudan çox kədərlənir, əhvalı pozulur. Bir ata kimi özü də qoca vaxtında Yaradanın bəxş etdiyi övlad payını itirmək istəmir. İbrahim peyğəmbər həmin yuxunu təkrar-təkrar görür və axırda dərk edir ki, sevimli oğlunu qurban kəsmək Allahın əmridir, Xaliqin buyruğu isə yerinə yetirilməlidir. İbrahim peyğəmbər sevimli oğlunu qurban kəsmək istəyəndə isə nə qədər cəhd etsə də, Allahın hökmü ilə bıçaq kəsmir. Elə bu məqamda səmadan səs gəlir: "Ey İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq" (Quran, Saffat, 104-105).
Uca Yaradan İsmayılı qurban kəsməyi əmr etməklə peyğəmbərlik üçün bəyənib seçdiyi bəndəsini - İbrahim əleyhissəlamı sınağa çəkirdi və onun bu sınaqdan mətanətlə çıxdığını görüb İsmayılın əvəzinə qurban kəsmək üçün qoç göndərir. İbrahim peyğəmbər qoçu qurban kəsib Allaha şükür edir...
Qurban bayramının əsasında duran bu hadisənin böyük mənası var. Bir tərəfdən, Allah-təala İbrahim peyğəmbərin səmimiliyini, Tanrıya sədaqətini və qəlbən bağlılığını, Onun buyruqlarına əməl etməyə hazır olduğunu sübut etdi. Digər tərəfdən, Allah-təala İbrahim peyğəmbər vasitəsilə öz bəndələrinə bildirdi ki, yalançı dinlərdə olduğu kimi, insanların qurban kəsilməsini istəmir. Allah qurban kəsmək üçün göydən qoç göndərməklə yalançı etiqadların puçluğunu, yaratdığı ən mükəmməl məxluqun - insanın hər şeydən uca olduğunu bəndələrinin nəzərinə çatdırdı.
Belə
bir məqamı vurğulamaq lazımdır ki, qurban kəsmək
Allaha xoş gələn əməllərdəndir. Müsəlman
qurban kəsməklə Yaradana
sədaqətini nümayiş etdirir. Elə "qurban"
sözünün hərfi mənası
("yaxınlıq", yəni Allaha
yaxınlıq) da buna
dəlalət edir. Müqəddəs
kitabımızda deyilir: "Biz qurbanlıq dəvələri də
Allahın nişanələrindən (Onun
haqq dininin əlamətlərindən)
etdik. Sizin üçün bu qurbanlarda (dini və
dünyəvi) xeyir vardır. Artıq
onları ayaq üstə durduqları (sol əli bağlı, sağ
əli və iki ayağı açıq
vəziyyətdə olduqları) halda kəsərkən
üstlərində Allahın adını çəkin (bismillah deyin). Onlar böyrü üstə
düşən (canları çıxdığı) zaman (ətindən) özünüz
də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə
etiraz etməyənə) və dilənçiyə
də yedirdin. Onları (qurbanlıq
heyvanları) sizə belə ram etdik ki, bəlkə, (nemətimizə)
şükr edəsiniz! Onların nə əti,
nə də qanı, əlbəttə, Allaha
çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən
etdiyiniz ibadətdir). Allah
sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini
göstərdiyi) üçün Onu (layiqincə) uca
tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey
Məhəmməd!) Ehsan edənlərə
(cənnətlə) müjdə ver!"
(Həcc, 36-37) Başqa sözlə,
müsəlman qurban kəsərək
Tanrıya yaxınlığını, ona
sədaqətini bir daha
sübut edir.
Müsəlman üçün qurban kəsmək vacibdir. Amma qurbanı yalnız imkanlı şəxslər kəsməlidirlər. İmkanlıların qurban kəsməməsi məqbul olmadığı kimi, imkansızların da ailəsinin güzəranına ziyan vurmaqla, yaxud borc-xərc hesabına qurban kəsməsi məqbul deyil.
Qurban qoyun və keçidən, dəvə və inəkdən kəsilməlidir. Çöl heyvanlarından, eləcə də quşlardan qurban kəsilməz. Qurbanlıq heyvan sağlam, qüsursuz və cavan olmalıdır. Xəstə, arıq, çolaq, gözü kor, buynuzu sınmış, dişləri tökülmüş, qulağı, quyruğu kəsilmiş, hamilə heyvandan qurbanlıq olmaz. Qurban əti, adətən üç yerə bölünür: bir hissəni qurban kəsən özünə saxlayır, bir hissəsini qohum-əqrəbaya və dost-tanışa verir, bir hissəsini də ehtiyacı olanlara paylayır. Müsəlman istəsə, qurban ətinin hamısını kasıblara paylaya bilər. Həm də imkan daxilində bir yox, bir neçə qurban kəsib ehtiyacı olanlara paylamaq savabı artırar. Yeri gəlmişkən, peyğəmbərimiz Məhəmməd salavatullah Qurban bayramında çoxlu qurban kəsib kasıblara paylayarmış...
Qurbanlığın başqa
bir gözəl xüsusiyyəti də var. Belə ki, burada dini
ayrı-seçkiliyə yol
verilmir. Yəni başqa dinə
mənsub olan imkansız insan varlı müsəlmanın
imkanlarından bəhrələnib
adi günlərdə
əli çatmayan qurbanlıq ətindən yeyə bilər və bu onun
haqqıdır. Qurbanlığın məğzi də elə ondan ibarətdir ki, insanlar Tanrıya xoş gələn belə bir əməli
icra edirlər.
İmkanlı müsəlmanın qurban kəsib imkansızların
ehtiyaclarını, qismən
də olsa ödəməsi xeyirxahlığın
təzahürüdür. Allaha xoş
gələn bu əməl Qurban bayramında özünü
daha qabarıq şəkildə büruzə
verir. Qurban ətinin paylanması
insanların bir-birinə
kömək etməsinin
vacibliyinə dəlalət
edir.
Dinimizin təlqin etdiyi ədalət prinsipi də Qurban bayramında özünü
göstərir. Qurban ətinin paylanması
maddi sərvətlərin
ədalətli bölüşdürülməsi
mənasına gəlir.
Qurban bayramı müsəlman dünyasında əsl
təntənəyə çevrilir,
insanlara birlik, həmrəylik, şəfqət,
xeyirxahlıq duyğuları
aşılayır. Müsəlmanlar bir-birinə daha yaxın, daha məhrəm, daha mehriban olurlar.
Uca Tanrı kəsəcəyimiz
qurbanları qəbul eləsin! Gələn Qurban bayramını Qarabağda qeyd edək, inşallah!
Allahverdi MEHDİYEV,
Azərbaycan.-2013.- 15 oktyabr.- S.9.