Naxçıvanda xalq şairi Məmməd Arazın 80 illik yubileyi qeyd edilmişdir

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Arazın anadan olmasının 80 ili tamam olur. Oktyabrın 14-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında xalq şairi Məmməd Arazın 80 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Ali Məclisin Sədri Vasif Talıbov yubiley tədbirində iştirak etmişdir.

Ali Məclisin Sədri Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Məmməd Arazın 80 illik yubileyi münasibətilə tədbir iştirakçılarını, muxtar respublikanın yaradıcı ziyalılarını, xalqımızı təbrik edərək demişdir: Azərbaycan ədəbiyyatının inkişafında Məmməd Arazın müstəsna xidmətləri vardır. Onun təkrarolunmaz yaradıcılığı zəngin ənənələrə malik milli ədəbiyyatımızı yeni mərhələyə çıxarmış, Azərbaycan fəlsəfi və siyasi lirikası Məmməd Araz dühası hesabına daha da zənginləşmişdir. Görkəmli şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məmməd Arazın 80 illik yubileyi haqqında" sərəncam imzalamışdır. Bu sərəncam Azərbaycan ədəbiyyatının, bütövlükdə yaradıcı ziyalıların, o cümlədən Məmməd Araz sənətinin və şəxsiyyətinin böyük himayədarı, ulu öndər Heydər Əliyev ənənələrinin müasir şəraitdə uğurlu davamı kimi yüksək dəyərə malikdir. Xalq şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi barədə rəhbər göstərişinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.

Ali Məclisin Sədri demişdir: Azərbaycan poeziyasının milli iftixarı olan Məmməd Arazın 80 illik yubileyinə onun Vətənində də böyük hazırlıq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında" 2013-cü il 8 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən muxtar respublikamızın rayonlarında, elm, təhsil və mədəniyyət müəssisələrində, yaradıcılıq təşkilatlarında tədbirlər keçirilmiş, şairin əsərlərindən ibarət sərgilər təşkil edilmiş, Naxçıvan şəhərindəki küçələrdən birinə xalq şairi Məmməd Arazın adı verilmişdir. Bundan əlavə, Məmməd Arazın 80 illiyi ilə bağlı poçt markası buraxılmış, "Naxçıvan" jurnalının bir nömrəsi böyük şairin 80 illik yubileyinə həsr olunmuşdur. Məmməd Arazın yaradıcılığının öyrənilməsi və təbliği məqsədi ilə şairin doğulub boya-başa çatdığı Şahbuz rayonunun Nursu kəndində ev-muzeyinin yaradılması qərara alınmışdır.

Məmməd Araz böyük poetik ilhama malik olan sənətkardır. Ölkə Prezidentinin imzaladığı sərəncamda şairin yaradıcılığı yüksək qiymətləndirilərək qeyd edilir ki, "Məmməd Araz yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Şairin yüksək bədii-fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, lakonik deyim tərzinə malik dərin ictimai məzmunlu lirikası gücünü Vətən təbiətinin gözəlliklərindən, böyük tarixi keçmişindən və milli ədəbiyyatımızın tükənməz xəzinəsindən almışdır".

"Məmməd Araz poeziyası misilsiz istedadın və təkrarolunmaz yaradıcı ruhun məhsuludur. O, müasir dövr Azərbaycan lirikasının poetik zirvəsini fəth edən və bu zirvədə əbədi yaşamaq haqqı qazanan qüdrətli şair, publisist, filosof və sözün həqiqi mənasında, layiqli vətəndaşdır", - deyən Ali Məclisin Sədri bildirmişdir ki, sözün və sənətin Məmməd Araz zirvəsinə gedən yolu heç də həmişə hamar olmamışdır. Onun həyatı da sənəti kimi daşlı-qayalı yollardan keçmişdir. Böyük şair şeirlərindən birində deyirdi ki:

 

 

 

Məni şeirimdə gəz, bir insan kimi,

Qəlbimdə nə varsa, ona demişəm.

 

 

 

Bir çox istedadlı şairlər kimi, Məmməd Arazın da əsərləri onun ibrətamiz həyat dastanıdır. Bu dastanın ilk sətirləri 80 il bundan əvvəl yazılmışdır. 1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açan Məmməd İnfil oğlu İbrahimov - Məmməd Araz ilk təhsilini həmin kənddə almışdır. 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən böyük sənətkar 1961-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdur. Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, sonra isə baş redaktorun müavini, "Ulduz" jurnalında məsul katib, "Ədəbiyyat və incəsənət" qəzetində baş redaktorun müavini işləmişdir. 1971-1981-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edən Məmməd Araz 1974-cü ildən ömrünün sonunadək "Azərbaycan təbiəti" jurnalının baş redaktoru olmuşdur.

 

Qeyd olunmuşdur ki, harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, Məmməd Araz əslində bütün ömrü boyu bir vəzifəni icra etmişdir. O da poetik Azərbaycan dünyasına xidmət, Vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirməkdir. Vətəndaşlıq borcu duyğusu Məmməd Arazda çox erkən baş qaldırmışdır. O, hələ 1956-cı ildə qələmə aldığı "Bizim gənclik" şeirində özünü və sənətini "xalqın müqəddəs, mübariz çağırışı"na həsr edəcəyini bildirmiş, ədəbi fəaliyyətdəki missiyasını belə müəyyənləşdirmişdir: "Ürəyimsiz kəlmə yazan deyiləm". Bu fikrin səsləndiyi dövrdə "ürəyin hökmü ilə" ortaya əsər qoymaq böyük cəsarət tələb edirdi. Çünki zamanın və imperiyanın da öz hökmü vardı və bu hökm heç də həmişə Azərbaycanın xeyrinə işləmirdi. Belə bir dövrdə vətəndaş ləyaqəti göstərmək, ziyalı mövqeyindən çıxış etmək tələb olunurdu. Məmməd Araz bu tələbi ilk başa düşənlərdən, ədəbiyyat tariximizdə "60-cı illər nəsli" adlandırılan yaradıcı elitanın öndə gedənlərindən biri oldu. Onun bu dövrdə "Professor Gülə məktub" şeiri Sovetlər Birliyi mühitində şimşək kimi çaxaraq milli yaradıcı düşüncənin oyanışından xəbər verirdi. Həmin şeirində Məmməd Araz yazırdı:

 

 

 

Xəzər...

Sağılır qızıl inək kimi.

 

50-60-cı illərin Azərbaycan Sovet ədəbiyyatında bir qayda olaraq Xəzər mövzusundan danışılarkən neft buruqları, neftçi əməyi tərənnüm olunurdu. Bunun əksinə olaraq Məmməd Araz Xəzərin ekoloji problemlərini qabardır, milli sərvətimizin talan edilməsindən narahatçılıq keçirərək xalqı öz sərvətinin sahibi olmağa çağırırdı. Bu da faktdır ki, ötən əsrin 60-cı illərində "Məndən, səndən ötən zərbə, Vətən, Vətən, sənə dəydi" çağırışını Azərbaycan poeziyasının predmetinə çevirən ilk milli şair də Məmməd Araz olmuşdur.

Belə bir ifadə var: həyat hadisələrini bilmək azdır. Onu ədəbi düşüncənin, poeziyanın predmetinə çevirməyi bacarmaq lazımdır. Böyük istedadı və poetik bacarığı sayəsində Məmməd Araz Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir və Səməd Vurğun poeziyası ilə ona qədər gəlib çatan klassik şeir ənənəsini və üslubunu təkmilləşdirərək hamının gördüyü və bildiyi, lakin dilə gətirməyi bacarmadığı məsələləri ictimai düşüncənin məhsulu etmiş, Azərbaycanda vətəndaşlıq poeziyasının əsasını qoymuşdur. Gənc yaşlarından başlayaraq yarım əsrdən artıq davam edən Məmməd Araz yaradıcılığı mənsub olduğu xalqa layiqli şair - vətəndaş xidməti nümunəsidir. Onun şeirinin əvvəli də, axırı da Vətəndir. Məmməd Araza məxsus "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" məşhur misraları müasir dövrdə poeziyada və ictimai mühitdə vətəndaşlığın milli düsturu kimi qəbul olunur.

Ali Məclisin Sədri bildirmişdir ki, bəzən şairlər "Vətən" sözünü tez-tez təkrar etməklə bu mövzuda yaxşı əsər yazdıqlarını düşünürlər. Aydın məsələdir ki, belə əsərlər hələ Vətən mövzusunda yaxşı əsərlər kimi qəbul oluna bilməz. Məmməd Araz bədii ədəbiyyatda Vətən mövzusuna özünün nəzəri baxışını əsaslandıraraq yazırdı: "Vətən torpağı fiziki cəhətdən daim dəyişdiyi, onun xarici mənzərəsi gözəçarpacaq dərəcədə yeni görkəm aldığı kimi, Vətənin vətəndaş oğlunun da münasibəti yaxşı mənada dəyişməlidir. Şair ucsuz-bucaqsız kainat axınında üzən bu Vətən gəmisini müxtəlif səmtlərdən görməli, onu tuta biləcək meteor yağışlarını duyub xəbər verməlidir. Bunlar, əlbəttə, astronomik, meteoroloji məkanda yox, beynəlxalq, siyasi, ictimai, mənəvi mənada başa düşülməlidir". Məmməd Arazın irəli sürdüyü bu fikirlər o dərəcədə ciddi mətləblərdən xəbər verirdi ki, onları tərənnüm şeiri ilə ifadə etmək mümkün deyildi. Ona görə də ötən əsrin 50-ci illərində Məmməd Arazın ilk qələm təcrübəsi olan tərənnüm poeziyası, şeirin fikir yükü artdıqca öz yerini düşüncə poeziyasına vermişdir. Bununla bərabər tərənnüm şeirlərinin müəllifi kimi Məmməd İbrahim təxəllüsü də düşüncə poeziyasının böyük ustadı Məmməd Arazla əvəzlənmişdir. Bu, sadəcə, təxəllüs dəyişikliyi deyildi. Məmməd Araz yaradıcılığından qırmızı xətlə keçən Araz mövzusu poeziyamıza vətəndaşlıq lirikasının ən yaxşı nümunələrini gətirmişdir. Ona görə ki, bu mövzu şairin ruhuna və təbiətinə uyğun idi. O, Arazla öz doğma dilində danışmağı bacarır, hətta şeirlərinin birində "Araz dili" ifadəsini işlədərək yazırdı:

 

 

Mən neçə yol danışmışam Arazla,

Araz dili, ürək dili, göz dili,

Torpaq dili, hava dili, göy dili.

 

 

Qeyd olunmuşdur ki, Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Onun "Vətən mənə oğul desə", "Məndən ötdü, qardaşıma dəydi", "Mənim Naxçıvanım", "Ata ocağı", "Ana yurdum, hər daşına üz qoyum" şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəri olmuşdur. Poeziyamızda Azərbaycan mövzusunda çox yazılmışdır. Azərbaycana çoxlu şeirlər ithaf olunmuşdur. Amma Məmməd Arazın "Azərbaycan - dünyam mənim" şeirinin bənzəri yaradılmamışdır. Bu şeirin bütün intonasiyası şair qəlbinin ağrılarından, fəal vətəndaş narahatlığından keçir. Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz təkrarsızdır. Onun "Üç oğul anası", "Araz axır", "Mən də insan oldum", "Paslı qılınc", "Əsgər qəbri", "Atamın kitabı" poemaları hər şeydən əvvəl insan mənəviyyatının mürəkkəbliyi, tarix və müasirlik, milli tale və tarixi yaddaşın bərpası kimi fundamental məsələlərə həsr olunmuşdur.

"Məmməd Araz düşünən və düşündürən şairdir. Buna görədir ki, onun yaradıcılığında lirik-fəlsəfi üslub üstünlük təşkil edir. Azərbaycan aşıq poeziyasında, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Hüseyn Cavid sənətində formalaşan poetik fəlsəfə Məmməd Araz yaradıcılığında yeni mərhələyə qədəm qoymuşdur. Şairin ötən əsrin 70-ci illərindən başlayaraq ardıcıl davam etdirdiyi insan və dünya barədə fəlsəfi düşüncələri böyük tərbiyəvi əhəmiyyətə malikdir. Hikmət və müdriklik onun poeziyasının mahiyyətindədir", - deyən Ali Məclisin Sədri bildirmişdir ki, Məmməd Arazın "Dünya düzəlmir ki, düzəlmir, baba!" şeirlər toplusu ilk sətrindən son səhifəsinə qədər xalqımıza xas olan müdrikliyin məhsuludur. Azərbaycan xalqının hikmət və qəhrəmanlıq xəzinəsi olan "Kitabi-Dədə Qorqud"da dünya mövzusu "Gəlimli-gedimli dünya, bir ucu ölümlü dünya" kimi təqdim olunursa, Məmməd Arazın poetik aləmində "dünya" monumental obraz səviyyəsinə yüksəlir:

 

 

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin!

 

 

Məmməd Araz yaradıcılığının bəzəyi düşüncədir. O, oxucunu sözlər vasitəsilə düşündürür. Bu sözlərin isə hər birinin öz məna tutumu var. Sadəlik, poetik vüsət, ifadə özünəməxsusluğu - bütün bunlar Məmməd Araz yaradıcılığına fəlsəfi dəyər və hikmət gətirmişdir. Bu gün sözləri zərbi-məsələ, hikmətli sözlərə çevrilən az sayda şair var ki, onlardan biri də Məmməd Arazdır. Şairin aforizmə çevrilmiş bəzi fikirlərinə diqqət yetirək: "Nahaqqa tən olan haqq itər"; "Dərd asan əkilər, çətin biçilər"; "Od halal olmasa, ocaq alışmaz"; "Qeyrətdən güc alar gücü az ölkə"; "Bu dünyada qurmaq çətin, yıxmaq asan"; "Halal şöhrətlərə şöhrətdi zaman".

Ali Məclisin Sədri demişdir: Azərbaycan poeziya sənətinin zəngin ənənələrini müstəqillik dövründə də yaşadaraq davam etdirən Məmməd Arazın adı bu gün böyük ehtiramla anılır. Öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən Məmməd Araz poeziyasını Azərbaycan torpağından, tariximizdən ayrı təsəvvür etmək mümkün deyil. Azərbaycan dilinə dərindən bələdlik, doğma Vətənə bağlılıq, istiqlalçılıq, vətəndaş hisslərinin tərənnümü, fikir dərinliyi və sadəlik, poetik təfəkkürün genişliyi kimi yüksək yaradıcılıq keyfiyyətləri Məmməd Araz irsinə uzunömürlülük vermiş, onun geniş oxucu kütləsinin dərin rəğbətini qazanan əsərlərinə mahnılar bəstələnmişdir.

Məmməd Araz yaradıcılığında publisistikanın da özünəməxsus yeri olduğunu bildirən Ali Məclisin Sədri demişdir ki, Məmməd Araz publisistikası Azərbaycan bədii publisistikasının ən gözəl nümunələrindəndir. O yerdə ki, ciddi həyat mətləbləri şeirin ölçülərinə sığışmır, Məmməd Araz onları publisistika materialları kimi təqdim edir. Məmməd Arazın "Yer üzünün Qarabağ düzü", "Naxçıvan albomu", "Kür qovuşur Salyana", "Torpaqdan göyərən ucalıq", "Arpaçayın aşıb-daşan nəğməsi" kimi publisistik yazıları aradan uzun illər keçməsinə baxmayaraq, aktuallığını bu gün də itirməyən sənət nümunələridir. Əgər Naxçıvan torpağının yetirməsi rəssam Bəhruz Kəngərli ən yaxşı sənət nümunələrini "Naxçıvan yadigarı"nda toplamışdırsa, bu torpağın digər bir qüdrətli yetirməsi Məmməd Araz da doğulduğu torpaq barədə, onun gələcəyi haqqında düşündüklərini "Naxçıvan albomu"nda cəmləşdirib, nəsillərə yadigar qoymuşdur. Məmməd Arazın ən böyük yadigarı onun bitib-tükənməyən istedadının məhsulu olan əsərləri - şeir və poemaları, publisistika və tərcümə materiallarıdır. O, iki şeydən: ədəbi irsinin və Vətənin taleyindən narahat idi. Ədəbi irsinin yaşaması üçün öz oxucusuna müraciətlə "Yaşat məni" deyirdi. Azərbaycanımızın yaşaması üçün isə dahi rəhbərimizə müraciət edirdi. Bu müraciət şairin 1995-ci ildə qələmə aldığı "Sənə inanıram" şeirində öz poetik ifadəsini tapmışdır:

 

 

Başımın üstündə müqəddəs Quran,

Sənə inanıram, ölkə rəhbəri.

Sənə inanıram, keşikdə duran,

Ayıq Vətən oğlu, Vətən əsgəri!

 

 

Ümummilli liderimiz Heydər Əliyev xalq şairi, poeziyamızın istedadlı nümayəndəsi Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət vermişdir. Təsadüfi deyil ki, Məmməd Araz ilk yaradıcılığa ötən əsrin 50-ci illərindən başlasa da, onun təkrarsız istedadı 1970-ci illərdə, ulu öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə parlamışdır. Məmməd Araza böyük şöhrət gətirən "Atamın kitabı", "Həyatın və sözün rəngləri", "Oxucuya məktub", "Qanadlı qayalar", "Aylarım, illərim" kitabları məhz bu illərdə çap olunmuş, əsərləri xarici dillərə tərcümə edilərək geniş oxucu kütləsinin məhsuluna çevrilmişdir. 1975-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunan böyük şairə 1978-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilmiş, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyev xalq şairi Məmməd Arazı "İstiqlal" ordeni ilə təltif etmişdir. Ulu öndər Məmməd Araz sənətini yüksək dəyərləndirərək demişdir: "Bu gün bir daha Məmməd Arazın Azərbaycan xalqının mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələri gördük, eşitdik və bunların xalqımız üçün nə qədər faydalı olduğunu bir daha bildik, bir daha dərk etdik ki, Azərbaycan xalqının həyatında Məmməd Arazın yaradıcılığının nə qədər böyük əhəmiyyəti var". "Ümidvaram ki, Azərbaycan xalqı daim müstəqilliyini qoruyub saxlayacaq və müstəqil Azərbaycanın ilk "İstiqlal" ordeninə layiq görülmüş şəxsiyyətlərdən biri kimi Məmməd Araz, Azərbaycan xalqının tarixində indi olduğu kimi, gələcəkdə də öz yerini tutacaqdır."

Sonra Məmməd Arazın 80 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, ədibin şeirləri bədii qiraət olunmuş, müxtəlif dövrlərdə yazdığı publisistik məqalələr oxunmuşdur.  Naxçıvan Dövlət Filarmoniyasının solistləri Məmməd Arazın şeirlərinə yazılmış mahnıları ifa etmişlər.

 

Azərbaycan.-2013.- 15 oktyabr.- S.12.